• cümə axşamı, 28 mart, 15:49
  • Baku Bakı 16°C

Azərbaycan “Eurovision 2014”ün nəticəsindən narazı qalıb

15.05.14 09:28 1184
Azərbaycan “Eurovision 2014”ün nəticəsindən narazı qalıb
Avropa Yayım Birliyi mayın 10-da Danimarkanın Kopenhagen şəhərində baş tutan “Eurovision”un finalında səsvermənin nəticələrini açıqlayıb.
Bu barədə APA-ya İTV-nin “Böyük səhnə” verilişinin PR meneceri Nərminə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, münsiflərin və tamaşaçıların verdiyi xalar ayrı-ayrılıqda göstərilib ki, bu da rəylərdə olan fərqi görməyə və yekun nəticələrin hesablanma məntiqini şübhə altına qoymağa imkan verir: “37 ölkənin hörmətli peşəkar münsifləri Azərbaycan təmsilçisini Dilarə Kazımovanı çox yüksək dəyərləndirib və onu 8-ci yerə layiq görüb, nəticədə isə o, 22-ci yeri tutdu. “Eurovision 2014”-də həqiqətdə nə baş verib? Dilarənin mahnısı «Start a Fire» müsabiqə başlamamışdan əvvəl jurnalistlər, fanlar və bukmeykerlər tərəfindən yaxşı qarşılanmışdı. Finala qədər Dilarə və onun kompozisiyası bukmeykerlərin proqnozlarına görə TOP-12-də, Eurovision saytlarına əsasən isə TOP-5-də yer alırdı. Finalda isə Azərbaycan son dərəcə uğursuz üçüncü nömrə altında çıxış edirdi və görünür ki, bu da səsverməyə öz təsirini göstərdi. 2013-cü ildən ifaçıların çıxış etmə nömrəsini yerli müsabiqə təşkilatçıları müəyyən edir, halbuki hələ Bakıda keçirilən “Eurovision” 2012-də təmsilçilər püşk atma ilə finaldakı çıxış nömrəsini və öz aqibətlərini müəyyən edirdilər. Münsiflər Dilarəni layiqli 8-ci yerdə qərarlaşdırdılar, lakin tamaşaçılar onu 21-ci yerə qoydular. Sonra isə inanılmaz bir şey baş verdi - münsiflərdən 8-ci, tamaşaçılardan isə 21-ci yerə layiq görülmüş Dilarə Kazımova nəyəsə görə 22-ci yerdə oldu. Bununla yanaşı, 21-ci yerdə Dilarə qədər xal toplayan İtaliya təmsilçisi qərarlaşıb”.
N.Məmmədova qeyd edib ki, Azərbaycan yeni sistemin tətbiqindən zərər görən yeganə dövlət deyil: “Polşa təmsilçiləri Donatan & Cleo Böyük Britaniya tamaşaçıları tərəfindən birinci yerə layiq görülmüşdü, münsiflər isə onu axırıncı yerdə gördülər. Nəticədə isə yeni qaydalara uyğun olaraq, Polşa Böyük Britaniyadan bircə xal da görmədi. Belə çıxır ki, tamaşaçıların rəyinə laqeyd yanaşıldı. Başqa bir anlaşmazlıq Norveçlə bağlı oldu. Bu ölkənin təmsilçisi tamaşaçıların səsverməsinə görə 17-ci yerdə, münsiflərin verdiyi xalara əsasən isə 9-cu yerdə, Dilarə Kazımovadan bir pillə aşağıda qərarlaşmışdı. Yekun cədvəldə o, 8-ci yerdə oldu”.
banner

Oxşar Xəbərlər