• cümə, 19 Aprel, 22:39
  • Baku Bakı 24°C

Azərbaycan estetik yaradıcılığının Berlindəki ünvanı

29.07.15 12:28 2856
Azərbaycan estetik yaradıcılığının Berlindəki ünvanı
8 ildir ki, fəaliyyət göstərən Berlin-Bakı Qalereyası Azərbaycan mədəniyyət nümunələrinin dünyada tanıdılmasında xüsusi rol oynayır

Berlinin mərkəzi küçələrindən birində - GroBgörschenstrasse 7-də yerləşən Berlin-Bakı Qalereyasını rəsm və heykəltəraşlıq əsərlərinin sərgi salonu kimi yaxşı tanıyırlar. Qalereyanı Berlində Azərbaycan-Alman əlaqələrinin inkişafında mühüm körpü də adlandırırlar. “Almaniyanın heç bir yerində Azərbaycan rəssamlığı və heykəltəraşlığı bu tərzdə təqdim edilmir”- deyə qeyd edirlər. 700-dən artıq rəsm qalereyasının fəaliyyət göstərdiyi ölkədə Berlin-Bakı Qalereyası ən tanınmış mədəniyyət ocaqlarından sayılır.
İki ölkə arasında ən mühüm mədəniyyət vasitəçilərindən biri sayılan qalereya artıq 8 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində də sübut edib ki, bəşəriyyətə əsasən mədəniyyət vasitəsilə xalqlar və ölkələr arasında mənəvi körpüləri qurmaq və bir-birinə qarşılıqlı etimadı inkişaf etdirmək müyəssər olur.
İlhamverici platforma
Berlin-Bakı Qalereyası Azərbaycan Rəssamlar İttifaqı, Rəssamlıq Akademiyası və s. mədəniyyət və incəsənət ocaqları ilə sıx əməkdaşlıq şəraitində işləyir.
Qalereyanın otaqlarında Azərbaycan rəssamlarının əsərləri sərgilənir, burada müxtəlif sərgilər və gecələr keçirilir. İlk baxışdan o qədər də böyük görünməyən otaqlarda əslində Azərbaycanın mədəni həyatına aid maraqlı incəsənət əsərləri nümayiş etdirilir. Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə aid nəşrlər, broşürlər və dərgilər otaqlardakı ayrı-ayrı kitab rəflərində sıralanıb.
Berlində qalereyanın rəhbəri İbrahim Əhrari, Bakıda isə həmtəsisçi Emin Məmmədovdur. Onlar qalereyanın qurulması və sərgilərin keçirilməsi ilə alman ziyarətçilərində Azərbaycan tarixinə, ənənələrinə maraqlı bir baxış yaranmasına nail olublar. Çoxşaxəli sərgilər və tədbirlərlə qalereya Azərbaycan və alman sənətkarlarına eyni tərzdə öz əsərlərinin təqdimatı üçün ilhamverici platforma hesab edilir. «Almaniya və Azərbaycandan olan qalereya ziyarətçilərinin müsbət fikirləri buna sübutdur» - deyə qalereyanı ziyarət edərkən İbrahim Əhrari dedi: «Qalereya fəaliyyət göstərdiyi müddətdə bu iki ölkədən bir çox sənətkarlar Berlinə gəliblər. Amma bu, əsla hamı demək deyil, çünki estetik yaradıcılıq ölkə sərhədlərində ayaq saxlayıb qala bilməz. Əksinə, o, bütün mövcud maneələri aşaraq insanları birləşdirir. O, nəinki ayırıcı siyasi xətləri aradan qaldırır və yaxud onları ən azından keçilə biləcək edir, hətta, onları mədəni və iqtisadi tərəfə yönəldir». İ.Əhrarinin sözlərinə görə, qalereyanın işi əsasən təsviri incəsənət sahəsində və təbii ki, bu sahənin mümkün qədər geniş əhatə dairəsində qurulub. Bernard Nürenberq, Ted Verens, Çank-Ok-Banemanın heykəltəraşlıq işlərinin sərgisi, Ömər Eldarov, İsa Məmmədov, Əli Abdullayev, Həsən Hüseyn Deveçi və Yoaxim Quçenin rəsm əsərləri bu əhatə dairəsinə daxil edilib. «Biz Heydər Əliyevin, Nobel qardaşlarının və Leyla Axundzadənin foto işlərini nümayiş etdirmişik, eləcə də film axşamları təşkil etmişik. Buna misal olaraq almanların Azərbaycandakı həyatına həsr edilən və anti-müharibə çərçivəsində təqdim edilən digər filmi göstərə bilərik».
İ.Əhrari bildirdi ki, Almaniyanın Bakdakı Səfirliyi və Bakı İncəsənət Akademiyası ilə birlikdə Qalereya 2008-ci ildən bəri Bakı Rəssamlıq Akademiyasının 3 tələbəsini hər il Azərbaycandan Berlinə dəvət edir və onlara bu şəhər, onun muzeyləri, atelyeləri və qalereyalarını gəzərək yaradıcılıq ruhu almalarına imkan yaradır. Bunun müqabilində berlinli sənətkarlar da Bakıya gedir və Bakı Rəssamlıq Akademiyasında təşkil olunan kurslarda öz bacarıq və biliklərini tələbələrlə bölüşərək onlara master dərsləri verirlər. İ.Əhrarinin sözlərinə görə, qalereyanın işi təsviri incəsənətlə bitmir. Qalereya həm də Azərbaycan nağıllarının, həmçinin Abdulla Şaiqin təmsillərinin və digər əsərlərin oxunuşundan ibarət ədəbi axşamlar da təşkil edir: «Bu sahədə də biz məzmun və estetik meyarlardan çıxış etmişik, çünki biz Haynrix Böllün dediyi kimi, estetika və əxlaqın bir-birindən ayrılmaz olduğuna inanırıq».
İ.Əhrariyə görə, rəsm əsərlərinin mübadiləsi, onları yaradanların dialoqu xalqlar arasındakı anlaşmanın, sülhün, qarşılıqlı tanınma və insanlar arasındakı həmrəyliyin möhkəmlənməsi üçün ən gözəl vasitədir.
Ölkələr arasındakı körpü
Bakıdakı «Qız qalası» qalereyası ilə əlaqədə işləyən qalereya mübadilə şəklində Azərbaycan rəssamlarının əsərlərini Berlində, alman rəssamlarının əsərlərini isə Bakıda sərgiləyir.
Həmçinin Almaniyanın ayrı-ayrı şəhərlərində, o cümlədən Avropa ölkələrində də sərgilər qurulur: «Biz inanırıq ki, ən böyük siyasət mədəniyyətdir. Biz siyasətlə məşğul olmuruq, ancaq ölkələr arasındakı körpü mədəni siyasətdir. Bu yolla insanlar bir-birini tanıyır, başqa xalqların mədəniyyətinə bələd olur və onların arasında səmimiyyət yaranır. Mənə elə gəlir ki, müharibənin ən böyük düşməni insanların bir-birini tanımasıdır. Müharibə o zaman baş verir ki, insanlar bir-birlərini tanımır, başqa ölkələrin mədəniyyətinə bələd olmurlar”.
Əməkdaşlıq davam edəcək
İ.Əhrarinin sözlərinə görə, qalereyada çoxlu azərbaycanlı rəssamların əsərləri sərgilənib. Heykəltəraş Arif Əsgərov, Müseyib Əmirov, Rəna Əmrahova, Akif Əsgərov, Eldar Babazadə, Ceyhun Abdullayev, Leyla Axundzadə, Məryəm Ələkbərli, Arif Hüseynov, Əli Abdullayev, Orxan Hüseynov, Məhəmməd Orucov və s. rəssamlarla qalereyanın müqaviləsi var. Qalereya rəhbəri həmçinin azərbaycanlı rəssamların əsərlərini alman həmkarları ilə müqayisədə daha yaxşı satıldığını da bildirdi.
Daha çox sosial məsələlərdən bəhs edən mərhum rəssam Şamonun işləri daha çox satılıb. İl ərzində qalareyada 10 sərgi qurulur. Hər sərginin açılışında 200-300 nəfər iştirak edir: «Sərgiyə gələnlərin əksəriyyəti almanlar və başqa millətlərin nümayəndələridir. Berlində yaşayan azərbaycanlılar və türklər isə sərgiyə o qədər maraq göstərmirlər».
İ.Əhrarinin sözlərinə görə, azərbaycanlı rəssamların əsərlərini başqa bir ölkə rəssamının əsərləri ilə birgə - sintez şəklində sərgiləyirlər: «Çünki bizim ölkəmizdə fərqli millətlər, fərqli dillərdə və dinlərdə olan insanlar yaşayırlar. Bu qalereya Azərbaycandakı insanların yaşayışından, həyat tərzindən xəbər verir. Məqsədimiz Azərbaycanı burada yaşayan insanlara tanıtmaq və ölkəmizlə Almaniya arasında dostluq yaratmaqdır». İ.Əhrarinin sözlərinə görə, ayda bir dəfə qalereyada sərgilər keçirilir. Heykəltəraşlıq, rəngkarlıq və foto sərgiləri təşkil olunur. Bundan əlavə, qalereyada Azərbaycanın tarixi günləri, yaşadığı faciəvi günlərlə bağlı sərgilər də keçirilir. Məsələn, 20 Yanvar, Mart soyqırımı, Xocalı faciəsi və s. Faciəvi günlərlə bağlı sərgilənən rəsm əsərlərini seyr etmək üçün qalereyaya çox sayda insan gəlir: «İstər-istəməz sərgiyə gələnlər əsərləri seyr etdikcə ölkəmizlə yaxından maraqlanırlar. Sərgi çərçivəsində onlar Azərbaycanın başına gətirilən bəlalardan, faciəvi günlərdən, həmçinin ölkəmizin uğurlarından xəbər tuturlar”.
İ.Əhrari Azərbaycanın Almaniyadakı Səfirliyinin də qalereyanın fəaliyyətinə dəstək olduğunu bildirdi. Səfir Pərviz Şahbazov daim qalereyada təşkil olunan sərgilərdə iştirak edir və alman siyasətçiləri də sərgiyə qatılırlar.
İ.Əhrari qalereyanın Almaniyadan və Azərbaycandan olan gənc sənətkarlara öz əsərlərini sərgiləmək üçün imkan yaratmaq istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirdi:«Bizim səyimiz və işimiz şirazlı şair Sədinin min il bundan əvvəl yazdığı və indi Nyu-Yorkda BMT-nin şüar kimi qəbul edərək baş binasının zalına yazılan
«Sənə başqalarının müsibəti iztirab vermirsə,
Onda «insan» adı səndən yan keçir» - beytinə uyğun olaraq qurulub və bu cür də davam edəcək”.
Təranə Məhərrəmova
Berlin
Bu məqalə Bakcell şirkərinin dəstəyi ilə hazırlanıb

banner

Oxşar Xəbərlər