• cümə axşamı, 18 aprel, 10:45
  • Baku Bakı 12°C

“Azərbaycan əsgəri qəhrəmandır” - Yenilənib

05.04.16 16:03 2529
“Azərbaycan əsgəri qəhrəmandır” - Yenilənib
Azərbaycan prezidenti: “Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var"

“Əsgərlərimiz sübut ediblər ki, Azərbaycanın dəyərli vətəndaşlarıdırlar".
APA-nın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bu cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, həmin əsgərlər layiqli vətəndaş kimi Azərbaycanda özlərinə layiqli həyat qurmalıdırlar və quracaqlar: “Biz o əsgərlərlə, onları böyüdən valideynlərlə fəxr edirik. Həkimlər yaralı əsgərlərin hamısının sağalacağını bildirdilər. Sağlamlıqları tam bərpa olunmalıdır, bərpa olunacaq. Bunun üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər. Mən bu gün onlara və sizə öz təşəkkürümü bildirmək üçün gəlmişəm ”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik. Azərbaycan bu gün bir daha bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır. Amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da atəşi dayandırsınlar, olduqları yerlərdə qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq, başqasının torpağında gözümüz yoxdur, heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də, ordusu da güclüdür. Bu gün müalicə alan əsgərlərimiz bunun ən gözəl sübutudur”.
----------
15:58

“Biz öz torpaqlarımızı qoruyuruq, bizim işimiz haqq işidir. Azərbaycan ordusu bu dəfə də düşmənə öz yerini göstərdi, yerinə oturtdu”.
APA-nın məlumatına görə, bu sözləri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında yaralı və şəhid hərbçilərin ailə üzvləri ilə görüşündə Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan ordusu təmas xəttində tam üstünlüyə nail olub: “Buna baxmayaraq, biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə ki, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik, istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu çətin prosesdir. Ancaq bilin ki, bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Azərbaycanın mövqeyini, həqiqəti əks etdirən qərar və qətnamələr qəbul ediblər. Düzdür, hələ ki bu qərarlar nəticəyə gətirib çıxarmayıb, ancaq bu qərar və qətnamələr məsələnin həlli üçün hüquqi əsasdır”.
Prezident qeyd edib ki, Azərbaycan bölgədə iqtisadi və siyasi cəhətdən Ermənistanla müqayisədə xeyli dərəcədə irəli gedib: “Baxmayaraq ki, danışıqlar nəticə vermir, biz yenə də danışıqlar prosesinə hazırıq. Erməni tərəfi bu təxribatı ona görə törədib ki, beynəlxalq ictimaiyyət, bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlər artır. Artıq vəziyyətin nədən ibarət olduğu heç kimə sirr deyil, kim işğalçı, kim işğalın qurbanıdır, məlumdur. Ona görə də danışıqlar prosesini pozmaq üçün bu təxribata əl atdılar. Bu təxribat nəticəsində şəhidlərimiz olub, yaralılarımız var. Ancaq onu da bilməlisiniz ki, düşmənə çox böyük sarsıdıcı zərbə vurulub. Bunun günahkarı onlar özləridir. Bu gün yaralı əsgərlərimizlə görüşdüm, onlara Azərbaycan xalqı adından təşəkkürümü bildirdim. Ali Baş Komandan, prezident kimi onlarla fəxr edirik. Sizə də minnətdarlıq etmək istəyirəm ki, belə gözəl, vətənpərvər, cəsarətli övladlar yetişdirmisiniz. Yaralı olsalar da, deyirlər ki, tezliklə sağalıb döyüş bölgələrinə getmək istəyirlər. Bu, Azərbaycan xalqının ucalığıdır. Bu, xalqımızın nə dərəcədə mətin, vətənpərvər olduğunu göstərir. Bu əsgərlər Azərbaycanın müstəqilliyi dövründə formalaşıblar, müstəqil Azərbaycan bayrağı altında böyüyüblər, onlarda mili qurur, ləyaqət hissi çox yüksəkdir. Mən həmişə demişəm ki, gənclərimiz vətənpərvər olmalıdır. Sizin övladlarınız, yaxınlarınız o gənclərdəndir ”.
---------
15:46

“Aprelin 2-də erməni silahlıları Azərbaycana qarşı növbəti təxribat törədib, hərbi mövqelərimizə hücum çəkib, əhalini, kəndləri atəşə tutublar. Qəhrəman Azərbaycan ordusu, əsgərlərimiz düşmənin təxribatının qarşısını aldı, layiqli cavabını verdi”.
APA-nın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev söyləyib.
Dövlət başçısı deyib ki, Azərbaycan ordusu təmas xəttində öz üstünlüyünü daha da möhkəmləndirib: “Erməni işğalçılarının bu təxribatlara əl atması birinci dəfə deyil. Mən dəfələrlə demişəm ki, onlar işğal olunmuş torpaqları daim öz nəzarətlərində saxlamaq istəyirlər, sülh istəmirlər, danışıqlar prosesində özlərini qeyri-səmimi aparırlar. Bütün beynəlxalq, əxlaqi normaları pozublar, mülki əhaliyə atəş açırlar. Bu hadisələrdən bir neçə gün əvvəl Ermənistan-Azərbaycan sərhədində, Qazax istiqamətində təxribat törədiblər və hərbçilərimiz həlak olub. Bu hadisələr zamanı daima bizim kəndlərimizi atəşə tuturlar, mülki əhalidən həlak olanlar var. 300-ə yaxın evə ziyan vurulub. Onların hərəkətləri budur. Azərbaycan ordusu, əsgərləri heç vaxt mülki əhaliyə qarşı vuruşmayıb, vuruşmur və vuruşmayacaq".
----------
15: 30

“Siz Vətən uğrunda döyüşmüsünüz, yaralanmısınız. Vətən bunu yüksək qiymətləndirir, Azərbaycan xalqı sizinlə fəxr edir”.
APA-nın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib. Dövlət başçısı Ali Baş Komandan kimi yaralı əsgərlərə minnətdarlıq edib: “Siz döyüşlərdə yaralanmısınız, ancaq qələbə qazanmısınız. Azərbaycan ordusu düşmən ordusuna layiqli cavab verdi, düşmən təxribatının qarşısını aldı. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğurdan da Azərbaycan ordusu, Azərbaycan zabiti, Azərbaycan əsgəri qəhrəmandır. Ərazi bütövlüyümüzün bərpası hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Sizin kimi övladlar Vətənin şöhrətini ucaldırlar. Sizin apardığınız hərbi əməliyyatlar gələcəkdə hərbi kitablarda əksini tapacaq”.
-----------
14:44

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.

Dövlətimizin başçısı cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşdü.
Müdafiə naziri Zakir Həsənov bildirdi ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib. Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər.
Sonra Prezident İlham Əliyev şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşdü.
banner

Oxşar Xəbərlər