Azərbaycan əqli mülkiyyətin qorunması üzrə MDB-də liderdir

Azərbaycan əqli mülkiyyətin qorunması üzrə MDB-də liderdir

Təfsilat
11 Oktyabr 2019, 14:07 101
Azərbaycanda bilik və innovasiya tutumlu iqtisadi inkişafı nail olmaq yöndə həyata keçirilən kompleks tədbirlər öz müsbət nəticəsini verməkdədir. Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ildə təsdiq etdiyi "Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin uğurlu icrası bu sahədə böyük irəliləyişə nail olmağımıza səbəb olub. Məhz Strateji Yol Xəritələrində kiçik və orta sahibkarlığın innovasiya və bilik tutumlu fəaliyyəti ilə əlaqədar konkret strateji məqsədlər və hədəflər yer alıb. Bundan əlavə, ölkəmizdə intellektual məhsulların, ixtiraların və onların qorunmasını tənzimləyən institut olaraq Əqli Mülkiyyət Agentliyi yaradılıb. Bu institutun yaradılmasından sonra ölkəmizdə innovativ və intellektual məhsulların ixtirası və istehsalı istiqamətində əhəmiyyətli artımlar müşahidə olunmağa başlayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Trend-ə bildirib ki, qeyd olunan nailiyyətlərə beynəlxalq iqtisadi indekslərdə adekvat reaksiya verilib, bu istiqamətdə Azərbaycanın apardığı islahatlar müsbət qiymətləndirilib: "Davos İqtisadi Forumu tərəfindən nəşr edilən "Qlobal Rəqabətlilik İndeksi”ndə ölkəmiz 11 pillə irəliləyib və ölkəmizdə innovasiya potensialı və intellektual məhsulların ixtirası və qorunması sahəsində görülən işlər bu müsbət nəticənin alınmasına töhfə verib. Belə ki, Azərbaycan həm Cənubi Qafqazda, həm də MDB ölkələri arasında əqli mülkiyyətin qorunması üzrə mütləq liderdir. Həmçinin intellektual mülkiyyətin qorunması sub-indeksi üzrə Azərbaycan 70,4 bal toplayaraq dünyanın 141 ölkəsi arasında altı pillə irəliləyərək 30-cu mövqedə qərarlaşıb. Reytinqdə Tacikistan MDB üzrə ikinci yerdədir və bu mövqedə Azərbaycandan 31 pillə geridə qalır. Bundan əlavə, adıçəkilən göstərici üzrə Azərbaycan Mərkəzi və Şərqi Avropa ölkələrinin mütləq əksəriyyətini qabaqlayır.
N.Hacızadə əlavə edib ki, Qlobal Rəqabətlilik hesabatının metodologiyasında 1-7 bal şkala ilə qiymətləndirilir: Azərbaycan ötən hesabatla müqayisədə əqli mülkiyyətin ölkədə hansı dərəcədə qorunmasını özündə əks etdirən indeks üzrə 0,4 bal irəliləyərək 5,4 bal alıb. Məlumat üçün bildirim ki, bu sub-indeks üzrə 1 bal qiymət almaq ölkədə əqli mülkiyyətin qorunmasının mövcud olmamasını, 7 bal isə tam qorunması kimi dəyərləndirlir. Hesabatın yanaşması bu mülkiyyətin artımına deyil, birbaşa hüququna yönəlib. Hüquqların qorunduğu bütün sahələrdə olduğu kimi, bu sahənin də artımı birbaşa etimada bağlıdır. İndeks üzrə elmi-nəşrlər, patent müraciətləri, tədqiqat və inkişaf (R&D) xərcləmələrini özündə əks etdirən müvafiq sub-indikatorların mövqelərində artım müşahidə edilir. Bu üç sub-indikatorun artımı ilə əqli mülkiyyətin artımının paralel olması məntiqli yanaşmanı özündə əks etdirir. Beynəlxalq təcrübəni də araşdırdıqda, bu göstəricilərin artımının birbaşa intellektual mülkiyyətin hüququnun cari vəziyyətindən asılı olduğu müşahidə edilir”.
Bundan əlavə, Qlobal Rəqabətlilik İndeksinin müsbət nəticələri Qlobal İnnovasiyalar İndeksində də ölkəmizin mövqeyinin yaxşlaşmasına təsir edəcəkdir. Çünki Qlobal İnnovasiyalar İndeksi istinad mənbəyi kimi Qlobal Rəqabətlilik İndeksindən istifadə edir.