• cümə, 29 Mart, 02:36
  • Baku Bakı 7°C

Azərbaycan elminin inkişafında yeni üfüqlər açılacaq

15.02.19 18:47 1218
Azərbaycan elminin inkişafında yeni üfüqlər açılacaq
Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasəti istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə milli quruculuq strategiyasının əsas istiqamətlərindən birini təşkil edib. Ulu öndər sovetlər birliyi dönəmində azərbaycanlı gənclərin təhsil alması, elmi biliklərə yiyələnməsi, ölkənin ümumi inkişafında mühüm rol oynaması üçün mühüm tədbirlər həyata keçirib. Məhz o, hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin də əsasını qoyub. O dövrdə hər il 800 tələbə olmaqla, ümumilikdə SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 15 minə yaxın azərbaycanlı gənc təhsil almaq üçün göndərilib. Hansı ki, məhz həmin gənclər sonradan Azərbaycanın güclənməsində, inkişafında əvəzsiz xidmətlər göstəriblər. Ulu öndər Heydər Əliyev müstəqillik illərində də daima gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. O, hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayıb, onların milli və vətənpərvər ruhda tərbiyəsinə, nüfuzlu xarici ali təhsil ocaqlarında yüksək təhsil almasına xüsusi önəm verib.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu istiqamətdə həyata keçirilən çoxsaylı tədbirlərlə yanaşı, dövlət başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” xüsusi vurğulanmalıdır. Bu Dövlət Proqramının əsas məqsədi Azərbaycanda rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsindən, gənclərin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılmasından ibarət idi. Eyni zamanda, Dövlət Proqramının əsas hədəfi istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılması idi. Sevindirici haldır ki, icrası 2007-2015-ci illəri əhatə edən, 5 min nəfər gəncin xaricdə təhsil almasını hədəfləyən Dövlət Proqramında qarşıya qoyulan bütün vəzifələr uğurla icra olundu. Bu proqram çərçivəsində xaricdə yüksək səviyyəli ali təhsil alan gənclərin əksəriyyəti müasir Azərbaycanın inkişafına öz töhfələrini verməkdədirlər.

Azərbaycan Prezidentinin elmə, təhsilə diqqət yetirməsinə, ölkə gənclərinin sabahın kamil vətəndaşı kimi yetişməsinə önəm verməsinə daha bir nümunə olaraq, peşə, orta ixtisas və ali təhsil alan gənclərin tələbə təqaüdlərinin miqdarının müxtəlif vaxtlarda artırılmasını da göstərə bilərik. Ölkə başçısı İlham Əliyevin müxtəlif illərdə imzaladığı sərəncamlarla təqaüdün miqdarı davamlı şəkildə artırılıb. Bununla bərabər, qəbul imtahanlarında yüksək nəticə göstərən, tələbə adını qazanan gənclərə Prezident təqaüdləri verilib. Ötən gün isə Prezident İlham Əliyev "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” daha iki sərəncam və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb. Bununla da ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılıb. Təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması barədə qərar qəbul edilib. Həmçinin, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə təqaüdlər artırılıb.

Əlbəttə ki, bütün bunlar Azərbaycan Prezidentinin ölkə gənclərinə, xüsusən də təhsil alan tələbələrə xüsusi diqqət və qayğısının daha bir nümunəsidir. Azərbaycan Prezidenti hər zaman çalışır ki, ölkə gəncləri savadlı, bilikli olsun, onların sosial təminatları daha da yaxşılaşsın. Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri gününə həsr olunmuş respublika toplantısında çıxış edən Prezident İlham Əliyev bununla bağlı fikirlərini bu cür ifadə edib: "Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar”.

Azərbaycanda həyata keçirilən təhsil siyasəti, ölkə başçısının tələbə təqaüdlərinin artırılması ilə əlaqədar imzaladığı sənədlərin əhəmiyyəti barədə danışan təhsil naziri Ceyhun Bayramov bildirib ki, təqaüd sisteminin təkmilləşdirilməsi ölkə rəhbərinin təhsilə qayğısının bariz nümunəsidir. Onun sözlərinə görə, bu, ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Nazir qeyd edib ki, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, qəbul göstəriciləri yuxarı olan gələcəyin müəllimlərinə təqaüdlərin verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərman 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdlərinin orta hesabla 20 faiz artmasına səbəb olacaq. Nazir deyib ki, "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 30 faiz artacaq. Onun fikrincə, bu, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısını artıracaq və müvəffəqiyyət göstəriciləri nümayiş etdirmiş tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradacaq. Nazir bildirib ki, 2016-cı ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, təqaüdlərin ödənilməsi yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda, ümumi orta müvəffəqiyyət göstəricisi və fənlər üzrə akademik nailiyyətləri nəzərə alınmaqla ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edilib.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, təqaüdlərin artırılması barədə sərəncam Azərbaycan gəncliyinə qayğının növbəti təzahürü kimi qiymətləndirilməlidir. O bildirib ki, bu, ilk növbədə tələbələrin və elmlə məşğul olmaq istəyən gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması kimi başa düşülür və kifayət qədər düzgün məntiqə əsaslanır: "Ancaq məsələnin mahiyyəti şübhəsiz ki, yalnız bununla məhdudlaşmır. Hazırda dünya yeni, 4-cü sənaye inqilabı ərəfəsindədir və xalqların intellektual müstəvidə mübarizəsi keyfiyyətcə yeni və daha amansız bir mərhələyə qədəm qoyur. Gələcəkdə dünyada söz sahibinə çevriləcək xalqlar da elə bu mübarizənin qalibləri olacaq. Ona görə də bu mühüm tarixi prosesdə geridə qalmamaq üçün Azərbaycan gəncliyi öz intellektual potensialını daima səfərbər etməli, milli inkişafımızın gələcəyini təmin etməlidir. Bu mənada təqaüdlərin artırılması ölkəmizdə elmin inkişafını motivasiya etməklə Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq”.

Millət vəkili deyib ki, bu prosesdə davamlı və fasiləsiz təhsil mühüm əhəmiyyət kəsb edir: "Bir müddət əvvəl magistrlərə hərbi xidmətdən möhlət hüququ verildi, daha sonra alimlərin mənzil-məişət problemlərinin həlli istiqamətində addımlar atıldı, təhsilin bütün pillələrində yeni metodologiyaya əsaslanan islahatlara start verildi və nəhayət, təqaüdlərin artırılması ilə bağlı mühüm qərar qəbul edildi. Göründüyü kimi, bu addımlar bir-birini tamamlayan və bu sahədə ardıcıllığı təmin edən kompleks xarakterli addımlardır və hədəf Azərbaycanda elmin inkişafını təmin etməkdir. Ümid edirik ki, qəbul edilən bu strateji qərarlar elm sahəsində inkişafı təmin etməklə intellektual əmək sahəsində məhsuldarlığın artmasına da gətirib çıxaracaq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər