• cümə, 19 Aprel, 17:01
  • Baku Bakı 25°C

Azərbaycan əleyhinə gülünc təxribat cəhdi

16.02.18 12:00 1210
Azərbaycan əleyhinə gülünc təxribat cəhdi
Hər zaman ağa qara deməyi özünə peşə seçən radikal müxalifət, eləcə də xarici dairələrin əlində alətə çevrilən bəzi sapı özümüzdən olan baltalar prezident seçkilərinin 6 ay önə çəkilməsində müəyyən "səbəblər” axtarmağa çalışırlar. Azərbaycanın uğurlarına sevinməyən beynəlxalq güclər, ermənipərəst dairələr də bu fürsətdən yararlanaraq onlara dəstək verir, müxtəlif bəhanələrlə xaricə sığınan, özlərini "müxalifətçi” hesab edən belə şəxslərdən əleyhimizə istifadə edirlər. www.ipetition.com saytında xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiyanın yaradılması da bu qəbildəndir.

Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan "Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədovdur. Təbii ki, petisiya tərtibçilərinin bu addımı gülüncdür. Çünki, seçkilərin vaxtının dəyişdirilməsi Azərbaycan qanunlarına tam uyğundur. Buna qarşı çıxmaq, yaxud qanundankənar hesab etmək özü belə, bu işin təşkilatçılarının hüquqi savadının, dünyagörüşünün məhdudluğunu göstərir. Avropa və müasir dünya dəyərlərindən danışan sözügedən şəxslərin bu cür addımları ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına, eləcə də sivil yaşam qaydalarına zidd olan bir hərəkətdir.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov bildirib ki, ölkəmizdəki prezident seçkilərinə kölgə salmağa çalışanlar Azərbaycanın müstəqilliyini istəməyən, dövlətimizin siyasi nüfuzunu, iqtisadi gücünü gözü götürməyən mərkəzlərin, erməni lobbisinin maraqlarına xidmət edən dairələrin təsirinə düşən və onların maliyyəsinə göz dikən təşkilatlardır. Onun sözlərinə görə, Azərbaycanda seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait var və istənilən şəxs öz namizədliyini irəli sürə bilər. Deputat qeyd edib ki, heç bir arqumentə əsaslanmayan, məsələnin mahiyyətinə varmayan petisiya təşkilatçıları və onlara dəstək verən dairələrin başlıca məqsədi ölkəmizə iftira atmaqdır. A.Hüseynov vurğulayıb ki, prezident seçkilərinin elan olunması Azərbaycan Konstitusiyasına tam uyğundur və Prezident İlham Əliyev Konstitusiyaya istinad edərək ölkədə prezident seçkilərinin 11 apreldə keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı bu kimi təxribatlar hər zaman olub. Onun fikrincə, xüsusən də seçkilərin, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi ərəfədə, həssas məqamlarda Azərbaycanın uğurlarına sevinməyən qüvvələr bu kimi yollara əl atır, ölkəmiz əleyhinə çirkin kampaniyaya başlayırlar: "Təəssüf ki, özlərini siyasi mühacir kimi qələmə verərək Avropaya sığınan bəzi azərbaycanlılar da bu sırada yer alırlar. Həmin şəxslər yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya oluna bilmədikləri üçün bu kimi çirkin kampaniyalarda rol alırlar. Özlərini haqq-ədalət carçısı, demokrat, hüquq müdafiəçisi kimi göstərməyə çalışan bu şəxslər əsil həqiqətdə bəlli dairələrin maşalarıdır. Çünki Azərbaycan üçün mühüm məsələlərlə bağlı beynəlxalq təşkilatlarda, platformalarda, hətta yaşadıqları ölkələrdə hər hansı iş görməyən, milli-dövlətçilik naminə heç bir yaxşı əmələ imza atmayan bu şəxslər bütün enerji və resurslarını anti-Azərbaycan təbliğata yönəldiblər. Bu da onların Avropa ölkələrində yaşamasını təmin edən, həmçinin onlara maddi ödənişlər edən donor təşkilatların, hətta ermənipərəst qurumların tələblərindən irəli gəlir. Onların planları hər zaman olduğu kimi, bu dəfə də iflasa uğrayacaqdır. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, iqtisadi-siyasi müstəqilliyi olan, milli-dövlətçilik maraqlarına köklənən müstəqil siyasət yürüdən Azərbaycanla heç kim şərtlə, diktə ilə danışa bilməz, heç bir qüvvə ölkəmizi öz yolundan döndərə bilməz”.

Hüquq müdafiəçisi Sahib Məmmədov antimilli ünsürlər tərəfindən təşkil olunan bu petisiyanın təşkilatçılarının savadsızlığına diqqət çəkib: "Mətn çox savadsız tərtib olunub. Üstəlik, beynəlxalq təşkilatlardan tələb edirlər ki, Azərbaycanda seçki keçirsin və sair. Bundan əvvəl də absurd iddialar səsləndirirdilər ki, Azərbaycanda seçkiləri BMT keçirsin və daha nələr. Azərbaycanın 100 illik dövlət ənənəsi var. Hətta SSRİ dönəmində də Azərbaycanın dövlət atributları qorunub saxlanıb. O dövlətlərdə seçkini başqaları keçirir ki, orada dövlət ənənələri olmur. Ona görə də qeyd edilən petisiya sadəcə gülüş doğurur, təşkilatçıları da gülünc vəziyyətinə qoyur. Digər tərəfdən, referendum yolu ilə Azərbaycan Konstitusiyasına dəyişikliklərdən sonra hazırda petisiyanı təşkil edənlər, həmçinin onlarla eyni mövqedə dayananlar da proqnozlaşdırırdılar ki, tezliklə prezident seçkiləri olacaq. Yəni, bu, gözlənilən idi. Şəxsən mənim üçün maraqlıdır, prezident seçkilərinin 2 ay sonra, yaxud 6 ay sonra keçirilməsi nəyi dəyişəcək? Cavab sadədir, antimilli ünsürlərin də yer aldığı anti-Azərbaycan təbliğat maşını hansısa qüvvələrdən təlimat almağı gözləyirdi, bütün fəaliyyətlərini oktyabr ayına hesablayırdılar. Lakin seçkinin iki ay sonraya təyin edilməsi bir növ onları hazırlıqsız yaxalayıb... Onların özünə bəllidir ki, bu petisiya Azərbaycandakı seçkilərə hər hansı formada təsir etməyəcək”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər