• cümə, 29 Mart, 00:35
  • Baku Bakı 7°C

Azərbaycan elektrik enerjisinin istehsalında külək, günəş və biokütlənin payını artıracaq

19.02.20 11:51 1879
Azərbaycan elektrik enerjisinin istehsalında külək, günəş və biokütlənin payını artıracaq
Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin istehsalında külək, günəş və biokütlənin payının artırılmasını hədəfləyib.
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, hazırda ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə, iri su elektrik stansiyaları da daxil olmaqla, bərpa olunan enerji mənbələrinin payı 17%-dir: "Bu göstəricidə külək, günəş və biokütlənin payı cəmi 141 MVt-dır, böyük hissəsi isə su elektrik stansiyaların payına düşür".
Nazir müavini onu da əlavə edib ki, hədəf – ümumi bərpa olunan mənbələrin qoyuluş gücündə külək, günəş və biokütlədən əldə olunan enerjinin payını artırmaqdır. Bununla yanaşı, əsas hədəf 2030-cu ilədək ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaqdır.
"Bu istiqamətdə ilk uğurlu addım "ACWA Power" və "Masdaq" şirkətləri ilə 440 MVt gücündə külək və günəş enerjisi üzrə layihələrin reallaşdırılmasıdır. Bu layihələr ölkədəki mövcud tarifləri əks etdirməklə yanaşı, heç bir dövlət subsidiyasını nəzərdə tutmur", - deyə E. Soltanov bildirib.
Xatırladaq ki, bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.
Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Cameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
banner

Oxşar Xəbərlər