• cümə, 19 Aprel, 22:34
  • Baku Bakı 24°C

“Azərbaycan elə bir ölkədir ki, burada əcnəbilər yad olduqlarını hiss etmirlər” - Əcnəbi

17.11.18 12:30 1791
“Azərbaycan elə bir ölkədir ki, burada əcnəbilər yad olduqlarını hiss etmirlər” - Əcnəbi
Çin vətəndaşıdır. Artıq dörd ildir ki, ölkəmizdə yaşayır və təhsil alır. Deyir ki, Azərbaycan ona çox doğma gəlir. Buranı ikinci vətəni kimi qəbul edir. Burada qaldığı müddət ərzində milli mətbəximizin müxtəlif növ yeməklərini bişirməyi də öyrənib. Həmsöhbətim təhsilini bitirdikdən sonra da Azərbaycanda qalmaq niyyətindədir.

Müsahibimölkəmizə təhsil almaq üçün gələn Çin vətəndaşı Pai Pudur. O, hazırda Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə təhsil alır.

Müsahibim deyir ki, təhsil üçün Azərbaycanı seçməsi heç də təsadüf olmayıb: "Mənim dayım burada təhsil alıb. O, artıq 13 ildir ki, Azərbaycanda yaşayır. Mənə Azərbaycana gəlməyi və təhsilimi burada davam etdirməyimi o məsləhət bildi. Ailəmlə belə qərara gəldik ki, burada oxuyum. Dörd ildir ki, Azərbaycandayam. Burada dayımgildə yaşayıram. Demək olar ki, Azərbaycanda yaşamağa öyrəşmişəm. Özümü çox rahat hiss edirəm və burada olmaq mənim xoşuma gəlir. Azərbaycan mənim ikinci vətənim kimidir. İnsanlarınız qonaqpərvər, mehribandır. Çətinliyin olduğu zaman, onlar öz işlərini bir kənara qoyub, sənə kömək etməyə çalışırlar. Bu, mənim çox xoşuma gəlir. Çünki yad bir ölkədə insanların sənə olan qayğısını duymaq çox vacibdir”.


Buraya gələndən sonra bir müddət hazırlıq pilləsində dil öyrənən Pai Pu deyir ki, qısa müddət ərzində özünə dost qazana bilib: "Hamı kimi mənim də ilk vaxtlar dil ilə bağlı problemim oldu. İnsanlarla ünsiyyət qurmaq üçün dili mütləq öyrənməlisən. Təhsil aldığım universitetdə hazırlıq dönəmində qısa müddət ərzində bizə rus dilini öyrətdilər. Bizə dərs keçən müəllimlər sayəsində tez bir zamanda qrup yoldaşlarımla ünsiyyət qurmağa başladım. Beləliklə, hər şey axarına düşməyə başladı. Hazırlıq mərhələsindən sonra isə hazırda təhsil aldığım beynəlxalq münasibətlər fakültəsinə qəbul oldum. İxtisasım regionşünaslıqdır. İmtahanlar indi də çox çətindir. Amma təhsilin ilk illərində adama daha çətin gələ bilir. Anacaq müəyyən müddət sonra öyrəşirsən. Tələbə yoldaşlarım mənə həmin vaxt çox kömək etdilər. Artıq hər şey qaydasındadır. İmtahanlarımı da sərbəst şəkildə verə bilirəm”.

Uzaq Çindən ölkəmizə təşrif buyuran xanım deyir ki, Azərbaycan elə bir ölkədir ki, burada əcnəbilər yad olduqlarını hiss etmirlər: "Dediyim kimi, ölkəniz çox xoşuma gəlir. İlk dəfə buraya gələndə nəyi necə edəcəyimi bilmirdim. Buna görə də, çox həyəcanlı idim. Zaman keçdikcə hər şey yavaş-yavaş qaydasına düşməyə başladı. Bir də baxdım ki, artıq azərbaycanlı dostlarım var. Bu, təkcə mənə qarşı belə deyil. Azərbaycanlılar buraya gələn bütün xarici vətəndaşlara qarşı səmimi, mehriban və dürüstdürlər. Çinlə Azərbaycanın bir sıra oxşar və fərqli adət-ənənələri var. Həmçinin, qrup yoldaşlarımla münasibətim çox yaxşıdır. Onlar mənə qarşı hər zaman dürüst olublar. Qısa zaman ərzində dostlaşdıq. Biz artıq dörd ildir ki, bir yerdəyik. Demək olar ki, onlarla bir ailə kimiyik. Dərsdən sonra əylənməyi, bir yerdə vaxt keçirməyi sevirik. Yəni bir-birimizə öyrəşməyimiz uzun çəkmədi. Çünki azərbaycanlılar çox qonaqpərvər xalqdır. İnsan burada çətinlik çəkmir”.


Digər əcnəbilər kimi, Pai Pu da milli mətbəximizin yeməklərini çox sevdiyini söylədi: "Başqa ölkəyə getdiyin zaman, adətən, yemək problemi yaşayırsan. Amma burada belə bir problemim olmadı. Çünki yeməklərinizin dadı çox xoşuma gəlir. Dolma, aş ən sevdiyim yeməklərdi. Müxtəlif növ şorbalarınızın dadına baxmışam. Mərci şorbasını çox sevdiyimi söyləyə bilərəm. Dolmanı artıq özüm də bişirə bilirəm. Bütövlükdə götürdükdə, asiyalı xalqlar düyüdən çox istifadə edirlər. Çin mətbəxində də düyü əvəzsiz qidalardandır. Plovunuzun dadına baxdım və çox xoşuma gəldi”.

İki ölkə arasında fərqlərdən danışan həmsöhbətim deyir ki, oxşar və fərqliliklər çoxdur: "Hər iki ölkə öz adət-ənənələrinə xüsusi diqqət göstərir. Sizdə də bizim kimi qədim adətlər bu günə qədər qorunub. Buna, sizin bayramlarınızda, şənliklərinizdə şahid olmuşam. Toy adətlərimiz isə bir-birindən fərqlənir”.

Həmsöhbətim deyir ki, gələcəkdə ölkəmizdə qalıb işləmək niyyəti var: "Hələlik dəqiq olmasa da, çox güman ki, gələcəkdə burada qalacağam. Buna, universiteti bitirdikdən sonra dəqiq qərar verəcəyəm. Çünki dayım burada yaşayır. Mən ona işlərində kömək edirəm. Bundan başqa, bayaq da dediyim kimi, Azərbaycan mənim ikinci vətənim sayılır. Burada qalmaq və işləmək istəyərəm. Hələlik Azərbaycan dilini yaxşı bilmirəm. Amma az-çox anlayışım var. Zamanla dilinizi öyrənməyə çalışacağam”.
Şəbnəm Mehdizadə





banner

Oxşar Xəbərlər