• çərşənbə axşamı, 19 mart, 11:02
  • Baku Bakı 8°C

Azərbaycan ədəbiyyatşünaslığına müasir baxış: problemlər, vəzifələr

20.05.19 14:00 2012
Azərbaycan ədəbiyyatşünaslığına müasir baxış: problemlər, vəzifələr
Görkəmli ədəbiyyatşünas "Ədəbiyyat məcmuəsi”nin gənc alimlər üçün xüsusi buraxılışında (Bakı, "Elm və təhsil”, 2014) "Böyük ədəbiyyatşünaslıq uğrunda” adlı analitik məqaləsini çap etdirib, aktual ədəbiyyatşünaslığın elmi-nəzəri təcrübəsini ümumiləşdirib və çağdaş problemlərinə diqqət yönləndirib. Akademik İsa Həbibbəyli bu görkəmli elm xadimlərinin əziz ruhlarına "Ədəbiyyatşünaslıq elminin məbədi/Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəkkülü və inkişaf mərhələləri/” (Bakı: "Ozan”, 2018, 484 s.) adlı qiymətli kitab yazıb (professor Asif Rüstəmli ilə birlikdə), filoloji elmimizin təşəkkül və təkamül tarixini izləyib, qurucularının elm yollarındakı fədakar əməyinə işıq tutub, onları minnətdarlıqla yad edib.
Alim milli elmimizin tarixinə ümumi nəzər yetirib, göstərib ki, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti (1923), Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (1929) bu elmin özəl təşkilat mərkəzi olub, Azərbaycan ədəbiyyatşünaslığı elmi istiqamətlər üzrə inkişafa başlayıb.
Akademik İsa Həbibbəyli Azərbaycan elminin təşkilatlanmasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin roluna üstünlük verib, Dil və Ədəbiyyat sektorlarının bazasında Dil-Ədəbiyyat İnstitutunun yaradılmasını Azərbaycan ədəbiyyatşünaslıq elminin ardıcıl, sistemli və mütəşəkkil inkişafının təməli hesab edib, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Mirzə İbrahimov, Feyzulla Qasımzadə, Mirzağa Quluzadə, Mir Cəlal, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Abbas Zamanov, Əli Sultanlı, Əziz Mirəhmədov, Məmmədhüseyn Təhmasib, Yaşar Qarayev, Azadə Rüstəmova, Əlyar Səfərli, Azad Nəbiyev, Teymur Kərimlini elmi məktəb yaradıcıları kimi dəyərləndirib. "Bu gün də ədəbiyyatşünaslıq elminin həmin sərkərdələrinin əsərləri və onların formalaşdırdıqları ənənələr yeni elmi nəslin və elmi-ədəbi proseslərin inkişafına öz təsirini göstərməkdədir”. (s.4).
XX əsrin əvvəllərini professional ədəbiyyatşünaslığın təşəkkül tarixi kimi qəbul edən akademik onun gəlişməsini orta əsrlərin təzkirə və cünglərindən, vəzn və qafiyə elmindən başlayıb, formalaşmasını isə XIX əsrə aid edib. Bu sahədə ilk nəzəri məlumatları XX əsrin əvvəllərində, Əliskəndər Cəfərzadənin "Kilidi-ədəbiyyat”, Hüseyn Cavid və Abdulla Şaiqin "Ədəbiyyat əsərləri”, daha sonra Mikayıl Rəfili, Cəfər Xəndan, Mir Cəlal Paşayev, Pənah Xəlilov, Abbas Hacıyev, Şəmistan Mikayılov və başqalarının məktəb dərsliklərində, Məmməd Cəfər Cəfərov, Mir Cəlal Paşayev, Yaşar Qarayev və Arif Hacıyevin elmi mühakimələrində görüb.
Akademik İsa Həbibbəyli dünya ədəbiyyatşünaslıq elminin əsaslarına varıb, yunan alimi Aristotelin "Poetika”sını xatırladıb, onu "dünya ədəbiyyatşünaslıq elminin mükəmməl proqramı, ədəbiyyatşünaslıq konsepsiyası” kimi dəyərləndirib. Fransız mütəfəkkiri, klassisizmin böyük nəzəriyyəçisi Bualonun mənsur "Poeziya sənəti”ni, orta əsrlər nəzəri fikrini, klassisizm haqqında yeni baxışlarını xatırladıb. Vissarion Qriqoryeviç Belinskinin elmi fəaliyyətini, onun "Ədəbiyyatın növlərə və şəkillərə bölünməsi” əsərini "dünya ədəbiyyatşünaslıq elmində yeni mərhələ” hesab edib. V.Q.Belinskinin ədəbiyyatşünaslıq təlimində Aristotelin və O.D.Bualonun nəzəri baxışlarının müəyyən sintezini görən alim V.Q.Belinskinin elmi irsində ideologiyanın deyil, nəzəri qavrayışın üstün olduğunu yəqinləşdirib. XIX-XX yüzillikləri Aristotel-Belinski məktəbləri zəminində formalaşmış Azərbaycan ədəbiyyatşünaslığı, milli ədəbiyyatşünaslıq məktəblərinin yaranması dövrü kimi xarakterizə edib.
Akademik İsa Həbibbəyli ədəbiyyatşünaslığa milli və bəşəri hüdudlarda qiymət verib. Dünya ədəbiyyatşünaslığının ədəbiyyat tarixi, nəzəriyyəsi və tənqidi sahələrini xatırladan alim həm də mövcud problemə gündəm verib: mətnşünaslıq ədəbiyyat tarixi, yoxsa nəzəriyyəsi sahəsində görünməlidir? Mətnşünaslıq ədəbiyyatşünaslığın müstəqil şöbəsi olmalıdır, yoxsa? Alim mübahisələrin həllini elmin təkamülü prosesi ilə izah edib. Hesab edib ki, ədəbiyyat nəzəriyyəsində mübahisəli elmi fikir yox dərəcəsindədir. "Hamı bu fikirdədir ki, ədəbiyyat nəzəriyyəsi bədii yaradıcılıq proseslərini, ədəbiyyatın inkişaf qanunauyğunluqlarını, sənətkarlıq xüsusiyyətlərini, ədəbi cərəyanları öyrənməklə məşğuldur”.(s.7). Mübahisəli məqamı bunda görüb, – yenə bir problem: Poetika ədəbiyyatşünaslığın ayrı, ədəbiyyat nəzəriyyəsinin müstəqil sahəsidir, yoxsa? Akademik mülahizə və izahları Aristotelin "Poetika”sı ilə bağlayıb. Alimə görə "Poetika” əsəri geniş mənada ədəbiyyat, ədəbi növlər və janrlar haqqında baxışlar sistemidir, ədəbiyyatşünaslığı bütöv halda əhatə edən elmi əsərdir. Poetika ədəbiyyat nəzəriyyəsinin nüvəsidir. Fikrimizcə, poetikanı ədəbiyyat nəzəriyyəsindən ayrılıqda təsəvvür etmək doğru sayıla bilməz.
Akademik bir problemi, polemik məqamı da ədəbi tənqidə münasibətdə görüb: "Ciddi elmi-nəzəri yanaşmalardan çıxış edənlər ədəbi tənqidi ədəbiyyatşünaslığın üzvi tərkib hissəsi olaraq qəbul edir və ona elmi istiqamət kimi baxırlar. "Ədəbi tənqid müasir ədəbiyyatşünaslıq elminin ədəbi prosesi öyrənən, izləyib araşdıran, ümumiləşdirib proqnozlar verən konkret bir sahəsidir. Buna baxmayaraq, ədəbi tənqidi elm deyil, bədii yaradıcılıq sahəsi sayanlar, hətta bəzən publisistika ilə eyniləşdirənlər də vardır”.(s.7). Alimin fikir mövqeyi belədir: "Bizə görə ədəbi tənqidə belə yanaşma daha çox yazıçı tənqidinə aid edilə bilər. Yazıçı tənqidində elmi təhlillərdən çox ümumi yanaşmalar, zamanla səsləşmələr, müəyən təsvir və mülahizələr öz əksini tapır. Ədəbi tənqid elmində isə konkret bədii təsvirlər, yaxud da ədəbi proses müasir həyatın və sənətin, hətta, sənətkar fərdiyyətinin işığında təhlil edilib sistemli şəkildə ümumiləşdirilir, nöqsanlar, çatışmazlıqlar müəyyən olunur, yazıçıya çıxış yolları da göstərilir”.( s.7).
Akademik İsa Həbibbəyli ədəbi tənqid üçün meyarları bunda bilib: Ədəbi tənqidin, tənqidçinin əsas işi bədii əsərin üstünlüyü, özəlliyini aşkar edib dəyərləndirmək, nöqsanlarını müəyyən edib, aradan qaldırılmaqdan ibarətdir. Alimin fikrincə, bədii əsərin özəlliyini, novatorluğunu elmi şəkildə müəyyən etmək onun nöqsanlarını göstərməkdən çətindir. Əsl tənqidçi bədii əsərə yanaşmada hər iki cəhətə eyni səviyyədə diqqət yetirməlidir. Bu məqamda ədəbi tənqid elmdir.
Görkəmli alim ədəbiyyatşünaslıq elmini təkamül prosesində qiymətləndirib. "Ona görə də ədəbiyyatşünaslıq elminin şöbələrinin, istiqamətlərinin təsnifləndirilməsinə də yenidən baxmaq” qənaətini bildirib. Alimin problem-vəzifə hesab etdiyi bir xüsusi məqam da indiki şəraitdə "folklorşünaslığın ədəbiyyatşünaslıq elminin müstəqil sahəsinə çevrilməsi ilə bağlıdır”. (s.8). Ənənəvi cəhətləri xatırladıb: "Hələ ki, folklor irsi, şifahi xalq ədəbiyyatı ədəbiyyatşünaslıq elminin ədəbiyyat tarixi istiqamətinin qaydaları ilə tədqiq olunur”. (s.8). Halbuki yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının oxşarlıqları ilə yanaşı, fərqli xüsusiyyətləri də elmi yanaşma tələb edir, folkloru ədəbiyyatşünaslıqdan tədricən ayıran səbəbləri göstərir: şifahi xalq ədəbiyyatının toplanması və nəşrindəki uğurlar, kitablar, kitabxanalar, folklor abidələri, tədqiqatlar məxsusi bir bucaqdan elmi təhlil və dəyərləndirilmə meyarları meydana çıxarır. Bu səbəbdən folklorşünaslıq ədəbiyyatşünaslığın xüsusi bir istiqamətinə, şöbəsinə çevrilib.
Alim bu qənaətdədir ki, ədəbiyyatşünaslıq elmi dəyişmədə, inkişafdadır, "sadəcə elmin bu sahəsinin konkret problem üzrə yenidən araşdırılması haqqında düşünmək meyli az olmuşdur”, "ədəbiyyatşünaslıq elminin şöbələrinin təsnif edilməsinə dünya ədəbiyyatşünaslıq elmindəki yeni baxışların təzahürləri bizim mülahizələrimizə də meydan açır. Heç istisna deyil ki, böyük ədəbiyyata daha masştablı baxış ədəbiyyatşünaslığın bir elm sahəsi kimi strukturunun da yenidən qurulması ətrafında başqa fikirləri də meydana çıxaracaqdır”. (s.8).
Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının təcrübəsinə: təqdim etdiyi XX əsrin əvvəlləri; II Dünya müharibəsi dövrü; Sovet dövrü və Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığının mərhələlərinə xüsusi diqqət yetirib. Birinci mərhələni sovet dövrünün ərəfəsi və bu dövrdə yetişmiş ədəbi-elmi nəsilə aid edib, Firudin bəy Köçərli irsini elmin təməli, Əmin Abid, Hənəfi Zeynallı, Salman Mümtaz, Bəkir Çobanzadə, Vəli Xuluflu, Əli Nazim, Mustafa Quliyev, Məmmədkazım Ələkbərli, Mikayıl Rəfili, Cəfər Xəndan, Həbibulla Səmədzadəni bu mərhələnin aparıcı simaları bilib. Feyzulla Qasımzadə, Abbas Zamanov, Mir Cəlal Paşayev, Mikayıl Rəfili, Cəfər Xəndan isə gənc olduqlarına görə sonrakı mərhələyə keçib və "bu görkəmli elm xadimləri böyük ədəbiyyatşünaslıq sarayının möhkəm qala bürclərinə çevriliblər”. (s.10).
Ədəbiyyatşünas-alimin səsləndirdiyi daha bir problem – vəzifə: ədəbi dövrləşdirilmə baxımından XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına yenidən diqqət yetirilməlidir. Alimin fikrincə, "XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı anlayışı XIX əsrin axırlarından başlanan tənqidi-realist meyllərin qanunauyğun məntiqi davamı olub, keçən yüzilliyin əvvəllərində xüsusi böyük inkişaf dövrünü yaşayan və nəhayət, 1937-ci ilin repressiyaları ilə tamamlanan konkret bir prosesi ifadə edir”.(s.10).
İkinci Dünya müharibəsi dövrü Azərbaycan ədəbiyyatşünaslığını "döyüşçü-ədəbiyyatşünas formatında ədəbiyyatşünaslıq” kimi qiymətləndirən akademik İsa Həbibbəyli onun davamını 1953-cü illə hüdudlandırıb. "Böyük Vətən müharibəsindən sonra da ədəbiyyatşünaslıq bir müddət İkinci Cahan savaşında sovet xalqına qələbə qazandıran lideri vəsf edən ədəbiyyata haqq qazandırmaq vəzifəsini yerinə yetirməli olmuşdur. Əslində, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatşünaslığı da əsas nümayəndələrinin taleyi repressiya hadisələri ilə faciəli şəkildə bitsə də, ideoloji baxımdan 1953-cü ildə sona çatmışdır”.(s.10). Akademik İsa Həbibbəyli milli sovet ədəbiyyatşünaslığını konkret öyrənmək tərəfdarı olub, onu müharibə dövrünün ədəbiyyatşünaslığından ayırıb xüsusi öyrənməyə önəm verib. Hesab edib ki, istisnalar nəzərə alınmazsa (sosializm ideologiyası, sosialist realizmi ədəbiyyatının yaranması), fundamental Azərbaycan sovet ədəbiyyatşünaslığı XX əsrin 50-ci illərindən sonra inkişaf tapıb, ədəbiyyatşünaslıq ədəbi prosesə daha çox müdaxilə edib, monoqrafik tədqiqatlar daha çox meydana çıxıb.
Alim dəyərləndirib ki, 1960-cı illərdən ədəbiyyatşünaslıqda ideoloji tələblərlə yanaşı, xəlqilik, millilik meyilləri başlanıb, onun yüksək inkişaf mərhələsi 70-80-ci illərdə olub. Nəticədə mükəmməl ədəbiyyatşünaslıq məktəbi formalaşıb. "Tərəddüd etmədən demək olar ki, XX əsrin 70-80-ci illəri Azərbaycan ədəbiyyatşünaslıq elminin qızıl dövrüdür. Beləliklə, Azərbaycan sovet ədəbiyyatşünaslığı kimi başlanan proseslər milliləşmə, elmilik istiqamətində inkişaf edərək sovet dövrü Azərbaycan ədəbiyyatşünaslığının formalaşması ilə nəticələnmişdir”.(s.11).
Tədqiqatçı 1960-70-ci illərin bir neçə elm xadimi üzərində xüsusi dayanıb, elmi-nəzəri dərinlik və əhatəlik baxımından Məmməd Cəfər Cəfərovu ən uca zirvə bilib: Akademik dəyərləndirib ki, onun elmi irsində ədəbi-tənqidi fikir ideoloji baxışlardan çox üstün olub. "M.C.Cəfərovun elmi əsərlərində bədii ədəbiyyatın, ədəbi prosesin daxili məntiqi təkamülü əsasında təhlillərin, müqayisələrin aparılması, ümumiləşdirmələrin formalaşdırılması əksər məqamlarda baş tutub”.(s.12). "M.C.Cəfərovun özünəməxsus ədəbiyyatşünaslıq konsepsiyası vardır. Bu görkəmli alim Azərbaycan romantizmşünaslığının banisidir”. (s.12).
Akademik İsa Həbibbəyli Həmid Araslını klassik ədəbiyyatın tədqiqi sahəsində məktəb, akademiyanın müxbir üzvü Əlyar Səfərli, akademik Teymur Kərimli və professor Xəlil Yusiflini bu məktəbin yetirmələri kimi qiymətləndirib.
Ədəbiyyatşünas-alim Məmməd Arif Dadaşzadənin XX əsr Azərbaycan ədəbiyyatı üzrə tədqiqatlarını, Cəfər Cabbarlı və Səməd Vurğun haqqında sanballı monoqrafiyalarını əhəmiyyətli elmi hadisə hesab edib, Mikayıl Rəfili, Mir Cəlal Paşayev və Cəfər Xəndanın tədqiqatlarına ədəbiyyat nəzəriyyəsi üzrə elmin möhkəm bünövrəsi kimi dəyər verib, Məhəmmədhüseyn Təhmasibə Azərbaycan folklorşünaslığının Jirmunskisi, Əli Sultanlıya antik ədəbiyyatın tədqiqatçısı və təbliğatçısı, Feyzulla Qasımzadə, Abbas Zamanov və Əziz Mirəhmədova Firudin bəy Köçərlinin ədəbiyyat tarixçiliyi məktəbinin davamçısı, Kamal Talıbzadəyə tənqid tarixi, Əziz Mirəhmədova Azərbaycan mətnşünaslıq məktəbinin yaradıcısı səviyyəsindən nəzər yetirib, M.C.Cəfərov məktəbində yetişmiş Yaşar Qarayevin özünü də bir ədəbi məktəb bilib. "Yaşar Qarayevin Məmməd Cəfər Cəfərova həsr etdiyi elmi-fəlsəfi esse mütəfəkkir, ustad ədəbiyyatşünas-alim haqqında, hətta bəlkə d,ə bütövlükdə ədəbiyyatşünaslıq elmi haqqında uverturadır”.(s.13). Alim ümumiləşdirib ki, "Məmməd Cəfər Cəfərov – Yaşar Qarayev münasibətləri Azərbaycan ədəbiyyatşünas-lığında ustad – davamçı – ustad modelinin nadir və əhəmiyyətli nümayəndələrindən biridir. M.C.Cəfərov – Yaşar Qarayev ustad-davamçı münasibətləri bir çox yeni elmi nəsillərin formalaşdırılması, hazırlanması baxımından hər iki tərəf üçün nümunəvi, ibrətamiz bir model kimi qəbul olunmağa layiqdir”.(s.13). Müəllif ”Ədəbi-tarixi yaddaş və müasirlik” kitabında bütün bunların təfərrüatlarına varıb.
Akademik İsa Həbibbəyli Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünas­lığı və onun yaradıclıq metodu problemlərinə də xüsusi yer ayırıb. Problemlərdən biri budur ki, alim sovet ideologiyasının təsirləri, tədqiqat üsulları və təhlil metodlarından xilas olmağı, milliləşmə prosesini genişləndirməyi Azərbaycan ədəbiyyatşünaslığının həlli vacib vəzifələrindən hesab edib. Haqlı olaraq qeyd edib ki, bu mərhələdə ədəbiyyatşünaslıq publisistikaya meyillənib, vətəndaşlıq məsuliyyətini ifadə edib, "elmi publisistika bədii publisistikanı üstələmiş, ədəbiyyatşünaslığın da bir çox funksiyalarını əhatə etmişdir. Ədəbiyyatşünaslıq ədəbiyyatda milli idealların və ictimai proseslərin qiymətləndirilməsinə, araşdırılıb ümumiləşdirilməsinə daha çox diqqət yetirmişdir”. (s.13).
Alim Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığının təşəkkülünü XX əsrin 80-ci illəri ilə bağlayıb, azərbaycançılığa, millilik, xəlqilik və vətəndaşlıq qayələrinə yüksək dəyər verib. Hesab edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün elmi ədəbiyyatı zaman məhdudluğu, milli proseslərin xaotik xarakterinə görə xüsusi mərhələyə çevrilə bilməyib, "Azərbaycan ədəbiyyatşünaslığı elmində keçən yüzilliyin 80-ci illərindən başlanan milliləşmə prosesləri, vətəndaşlıq pafosu 90-cı illərin axırlarına qədər özünün keçid dövrünü yaşayıb”. (s.14). Müəyyən geriləmə nəzərə alınmaqla "XXI əsrin başlanğıcından sonra müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında irəliləyiş və inkişaf qaçılmaz bir prosesə çevrilib”.(s.14). nMüəllif qiymətləndirib ki, müstəqillik dövrünün ədəbiyyatşünaslığı əslində azərbaycanşünaslığın tərkib hissəsi olub, vətən, millət, torpaq, tarixi yaddaş, soykökə qayıdış, milli-mənəvi özünüdərk, milli birlik və dirçəliş proseslərinin problem-mövzuları onu zənginləşdirib. "Eyni zamanda çoxəsrlik milli ədəbi ənənələrin yenidən dəyərləndirilməsi əsasında tədqiqatların meydana çıxması da müstəqillik mərhələsi ədəbiyyatşünaslığının ana xəttini təşkil edir”. (s.14).
Ədəbiyyatşünas-alim bunu da uğurlu hesab edib ki, müstəqillik dövrünün Azərbaycan ədəbiyyatşünaslığı dünya elminə inteqrasiyada ideoloji prinsipləri yox, real əlaqələrin tədqiqini diqqətdə saxlayıb. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda açılmış yeni şöbələr: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı, Nizamişünaslıq, Ədəbi tənqid, Mətbuat tarixi və publisistika, Füzulişünaslıq sektoru, Elmi nəşrlər və proqnozlaşdırma şöbələri, habelə, "Ədəbi əlaqələr” ("Azərbaycan ədəbiyyatşünaslığı”), "Poetika.İzm” dərgiləri, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi həm də bu vəzifəyə xidmət edib.
Akademik İsa Həbibbəylinin irəli sürdüyü problemlərdən biri də müstəqillik dövrü Azərbaycan ədəbiyyatında (habelə, ədəbiyyatşünaslığında – Ə.Ə.) yaradıcılıq metodu məsələsidir. Problem-sual belə qoyulur: Yeni dövr Azərbaycan ədəbiyyatının yaradıcılıq metodu necə olmalıdır? Alim bir yaradıcılıq müşavirəsi keçirməyi və ya bir monoqrafik tədqiqatın aparılmasını vacib bilir. Alimin fikrincə "... Müstəqil və demokratik Azərbaycan cəmiyyətinin ədəbiyyatında vahid yaradıcılıq metodu yox, ədəbi prosesdə baş verən bir neçə əsas istiqaməti əks etdirən yaradıclıq metodları olmalıdır. Artıq ədəbi prosesdə realizmin davamlı ənənələri ilə yanaşı, tənqidi realizm, sürrealizm, neorealizm kimi yeni təzahürləri də müşahidə olunur. Postmodernist baxış da ədəbi prosesdə müvazinətini saxlayaraq yaradıcılıq metoduna çevrilmək imkanı qazana bilər. Romantizm və sentimentalizm də Azərbaycanın yeni dövr ədəbiyyatında görünməkdədir. Eksperimental izmlərə də rast gəlmək mümkündür”.(s.15). "Ədəbiyyatşünaslıq elmi həmin yeniləşmənin mahiyyətini izah etməlidir”. (s.16). Bu baxımdan alimin ədəbi dövrləşdirmənin yeni elmi konsepsiyası tarixi-nəzəri əhəmiyyətə malikdir. (Bax. "Azərbaycan ədəbiyyatı tarixi”. 10 cilddə. Birinci cild. Bakı: "Elm”, 2018).
Alimin qənaəti belədir ki, "davamlı yaradıcılıq metodları yeni ədəbi cərəyanları doğurmalıdır. Realizm və romantizm Azərbaycan ədəbiyyatında doğma, oturaqlı olduğu üçün öz yoldaşlığını bir qədər yeniləşmə ilə davam etdirir. Amma hələ bu ənənəvi metodlar, yaxud cərəyanlar da konkret tarixi şəraitdə yeni mərhələyə çevrilə bilməyiblər”.(s.16). Akademik məntiqi mühakimələrində bir suala cavab arayıb: "Məsələn, XX əsrin əvvəllərində meydana çıxan tənqidi realizm XVIII əsrdə M.P.Vaqifdən, sonra M.F.Axundzadədən keçib gələn realizmin yeni inkişaf mərhələsi idi. Bu mənada indiki Azərbaycan realizmi, yaxud da digər izmlərdən hər hansı biri yeni mərhələ səviyyəsinə gəlib çatmışdırmı?” (s.16). Fikir müəllifi hesab edib ki, müstəqillik dövrünün ədəbiyyatında bu problem aktualdır, həllini gözləyir. Ədəbiyyatşünasın qənaəti belədir ki, postmodernizmin, sentimentalizmin (və başqa izmlərin – Ə.Ə.) ədəbi cərəyan olması üçün bir neçə yazıçının, sənətkar qrupunun olması, yazıb-yaratması, yaradıcılıq birliyi vacibdir. Hazırda konkret "izm” ətrafında cəbhə zəifdir. Ədəbi cərəyan zamanın göstəricisidir. Alim bildirib ki, magik realizm İsa Hüseynov yaradıcılığında metod kimi müşahidə olunub. Dünya ədəbiyyatında Q.Q.Markesin simasında qəbul edilmişdi. Azərbaycanda isə böyük siyasi-tarixi proseslərin fonunda yeni düşüncələr, yeni yanaşma üsulları doğulur. Akademik İsa Həbibbəyli tarixin ədəbi təcrübəsini görmək istəyir: "Bütün bunlarla bərabər, magik realizmin Azərbaycan ədəbiyyatında ədəbi cərəyana çevrilməsi üçün mollanəsrəddinçilər, yaxud füyuzatçılar kimi konkret zaman çərçivəsində, eyni dövrdə bu istiqamətdə yazıb-yaradan yazıçı və şairlərin yaradıcılıq birliyi prosesi baş verməlidir”. (s.17). Fakt isə göstərir ki, yaradıcılıq birliyi, məfkurəvi ədəbi cəbhə zəifdir, magik realizmin ədəbi cərəyan şansı azdır. "Çünki eyni ədəbi ideya və üsullar ətrafında cəmləşmək üçün konkret ədəbiyyat liderini müəyyən ideya əsasında təsəvvür etməklə, əsasən, ənənəni yaşatmaq mümkün olur ki, bu da ədəbi cərəyan yox, ədəbi məktəb yaratmaq üçün daha yetərlidir”. (s.17). Təsadüfi deyil ki, alim ”Azərbaycan ədəbiyyatı tarixi”nin dövrləşdirilməsinin yeni elmi konsepsiyasında xeyli tezis, mühüm elmi müddəa irəli sürüb.
"Ədəbiyyatşünaslıq elminin yeni nəsli” bölməsində akademik İsa Həbibbəyli yeni elmi kadrların hazırlanmasının vacibliyindən danışıb. Yazıb ki: "Milli azadlıq uğrunda gedən mübarizələrin, dövlət müstəqilliyinin möhkəmləndirilməsi yollarında baş verən hadisələrin, yaşanan ictimai-tarixi proseslərin şahidi, iştirakçısı, bir çox hallarda qurucularından olan yeni elmi nəsil üçün Azərbaycan elminin inkişaf etdirilməsi geniş mənada doğma ölkə, müstəqil dövlət qarşısında qəbul olunmuş öhdəlikdir”. (s.17). Şübhəsiz ki, bu məqsəd və vəzifə ölkə başçısının elm sahəsində irəli sürdüyü siyasətin tələblərindən irəli gəlib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla və məqsədyönlü şəkildə həyata keçirdiyi gənclər siyasəti cəmiyyətin digər sahələri ilə birlikdə elm sahəsində, ədəbiyyatşünaslıq istiqamətində də yeni nəsillərə diqqəti, qayğını və tələbkarlığı daha da artırmağı tələb edir”. (s.18). Alim davam edib: "Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə gənc alimlərin inkişafına həsr edilmiş proqramların ardıcıllıqla həyata keçirilməsi, elmin gələcəyi ilə bağlı kompleks vəzifələrin həllinə inamla baxmağa əsas verir. Milli Elmlər Akademiyasında Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması, gənc alimlərin dünyanın əsas elmi mərkəzinə təcrübəyə göndərilməsinin təmin edilməsi, yeni elmi nəsil üçün xüsusi jurnalın təsis olunması, gənclərin sosial problemlərinin həll edilməsi sahəsində başlanan canlanma elmdə gəncliyin sabahına ümidlə baxmağa inam yaradır”. (s.18).
Görkəmli ədəbiyyatşünas "2013 – Ədəbi proses” yaradıcılıq müşavirəsində gənc-lərin fəallıq və işgüzarlığını xüsusi qeyd edib, Rahid Ulusel, Şəmil Sadıqov, Eşqanə Babayeva, Elnarə Akimova, Salidə Şərifova, Maral Yaqubova, Aygün Bağırlı, Günay Qarayeva, Nərgiz Cabbarlı, Aynur Xəlilova, Səadət Vahabova, Aynurə Mustafayeva, Mehman Həsənov, Cavidə Məmmədovanın adlarını çəkib, "Ədəbiyyat məcmuəsi”nin onlar üçün xüsusi buraxılışını çap etdirib. Alim əlavə edib: "Dünya ədəbiyyatşünaslıq elmində baş verən prosesləri də öyrənmək inkişaf üçün əsas məsələlərdəndir. Bunun üçün xarici dilləri öyrənməyə çalışmaq lazımdır. Eyni zamanda, yeni nəsil Azərbaycan ədəbiyyatşünaslığının müasir informasiya texnologiyalarını nəinki mükəmməl bilmələrinə, bütövlükdə virtual məkanda mövcud olan elektron ədəbiyyatdan və ədəbiyyatşünaslıq əsərlərindən yaradıcı şəkildə faydalanmalarına da ehtiyac vardır”. (s.20).
Akademik İsa Həbibbəyli dəyərləndirib ki, orta nəsil milli ədəbiyyatşünaslıq elmində ön mövqedədir, təcrübəlidir, yeni elmi gəncliyə qayğı göstərir, kömək edir. Alim hesab edir ki, "yeni ədəbiyyatşünaslar nəslinin sıralarında böyük ədəbiyyatşünaslıq miqyasında düşünə bilən, sərrast yazmağı və danışmağı bacaran, mütaliəsi ilə seçilən istedadlı gənclik vardır. Vəzifə onlara yalnız tələbkar olmaqla bitmir. Yeni elmi nəslə həm də meydan açmaq və dəstək vermək də zəruridir”. (s.20). Akademik İsa Həbibbəyli 10 cilddə və 7 cilddə Azərbaycan ədəbiyyatı tarixlərinin hazırlanmasında cavan ədəbiyyatşünasların müəyyən rolunu da xüsusi diqqətə çatdırıb. Təsadüfi deyil ki, akademik İsa Həbibbəylinin baş redaktor olduğu "Ədəbiyyat məcmuəsi”nin (hazırda "Azərbaycan ədəbiyyatşünaslığı”) XXIV cild xüsusi buraxılışında Ədəbiyyat İnstitutunun qurucuları, habelə, milli ədəbiyyatşünaslığın görkəmli şəxsiyyətləri haqqında yazılmış məqalələrin də müəyyən qismi yeni nəslin, elmi gəncliyin üzərinə düşüb.
Biz Elm günü münasibətilə ölkəmizin elm-təhsil ictimaiyyətini, habelə, Akademiyamızın, müqəddəs elm məbədimizin rəhbəri, akademik, çox hörmətli Akif Əlizadəni, onun komandasını, vitse-prezident, institutumuzun direktoru, akademik, çox hörmətli İsa Həbibbəylini, ümumən akademiyamızın hər bir əməkdaşını ürəkdən təbrik edir və onlara elmi-təşkilati fəaliyyətində yeni uğurlar arzulayırıq.
Əlizadə Əsgərli
banner

Oxşar Xəbərlər