• çərşənbə axşamı, 19 mart, 09:04
  • Baku Bakı 8°C

Azərbaycan ədəbiyyatında modernizm cərəyanı olubmu?

11.02.19 15:00 3322
Azərbaycan ədəbiyyatında modernizm cərəyanı olubmu?
4 fevral 2019-cu ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Aktual ədəbiyyatşünaslıq” diskussiya klubunun keçirdiyi ilk seminar belə adlanıb. Məlumat üçün deyim ki, klub institutut Elmi Şurasının 18 yanvar 2019-cu il tarixli iclasının qərarı ilə yaradılıb. İşin layihə rəhbəri və təşkilatçısı institutun direktoru, akademik İsa Həbibbəylidir. Alim giriş sözü söyləyib, klubun məqsəd və vəzifələrini göstərib, bildirib ki, məqsəd müasir aktual ədəbiyyatşünaslığın metodoloji problemlərini, onun inikas üsullarını elmi-təşkilati cəhətdən hazırlamaqdır, vəzifə Azərbaycan ədəbiyyatşünaslığının öncül təcrübəsi, ənənə və novatorluq keyfiyyətini, Şərq və Qərb ədəbi-nəzəri fikrinin dəyərlərini auditoriyaya çatdırmaqdır, institut kadrlarının nəzəri hazırlığını milli-dünyəvi elmin tələbləri səviyyəsinə qaldırmaq və elmi gəncliyi ədəbiyyatşünaslığın tarixi və metodologiyası ilə dərindən məşğul etməkdir, onlarda elmi-nəzəri dünyagörüşü formalaşdırmaq və yeni təfəkkür istiqaməti müəyyənləşdirməkdir.
Akademik İsa Həbibbəyli bildirib ki, mövcud milli ədəbiyyatşünaslıq sovet dövrü ədəbiyyatşünaslığının nəzəri-metodoloji səpkisi və inikas üsullarından tamamilə ayrılmayıb, mövcud stereotiplər müəyyən dərəcədə davam etməkdədir. Bu səbəbdən institut nəzdində belə bir klubun yaradılmasına ehtiyac yaranıb. Məsələnin qoyuluşu belədir: yeni elmi-nəzəri fikrə baxış dərinləşdirilməli, Şərq və Avropa (Qərb) ədəbi-nəzəri fikrinin çağdaş təcrübəsi dərindən öyrənilməli, koordinasiya olunmalı, ədəbiyyat tarixi, nəzəriyyəsi və tənqidi, nəzəri və təcrübi poetika, ədəbi məktəb və cərəyanlar, bədii metod və üslub, növ və janr, ədəbi əlaqə və tərcümə məsələlərinə çağdaş münasibət olmalı, mübahisə doğuran, diskussiyalara yol açan problemlərə yer verməli, onlar məruzə mövzusuna çevrilməlidir.
Bu gün mübahisəli problemlərdən biri modernizm və postmodernizm konsepsiyası ilə bağlı olduğundan akademik İsa Həbibbəyli də bu mövzunu ilk məşğələ predmeti olaraq klubun diskussiyasına çıxarıb. Doğurdan da, düşünürük: Azərbaycan ədəbiyyatında mdoernizm cərəyanı olubmu, yoxsa?.. Problemin qoyuluşu belədir.
Yeri gəlmişkən, qeyd edim ki, akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası 10 cilddə Azərbaycan ədəbiyyatı tarixinin I cildinə ön söz olub, bütün nəşrlər üçün əlaqələndirmə funksiyası daşıyır. Konsepsiyanın bir bölməsini İsa müəllim "Milli-mənəvi özünüdərkə qayıdış və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm” adlandırıb. Akademik seminar zamanı "Azərbaycan ədəbiyyatında modernizm cərəyanı olubmu” sualı ilə bağlı uzunmüddətli müşahidə, ədəbi-nəzəri təcrübə və tədqiqatlarının mühüm elmi müddəalarını, tezis və nəticələrini auditoriyaya çatdırıb. Buradan başlayıb: iki mühüm istiqaməti ayırıb − milli-mənəvi dərkə qayıdış və milli istiqlalı. Bunlar ədəbi-tarixi və ideya-məzmunca vahid mərhələdən keçib, xalqın oyanışı və istiqlalı uğrunda mübarizə aparıb, ölkəni dövlət müstəqilliyinə hazırlayıb, bir-birini tamamlayıb.
Akademik İsa Həbibbəyli hesab edir ki, milli-mənəvi özünəqayıdış 1960-cı illərdən Azərbaycan sovet ədəbiyyatının içərisində yetişib formalaşıb. Həmin tarixi mərhələnin yaranmasında sovet cəmiyyətinin siyasi-ideoloji proseslərinin xüsusi rolu olub. İ.Stalin vəfat edib, N.Xruşşov hakimiyyətə gəlib, şəxsiyyətə pərəstiş aradan qaldırılıb, cəmiyyətdə siyasi iqlim yumşaldılıb. Bu, modernizmi şərtləndirən ilkin siyasi-tarixi şərait olub.
Alim göstərir ki, sosialist realizmi yaradıcılıq metoduna qarşı təftişçi baxış 1960-cı illərə aiddir. Keçirilmiş realizm ədəbi cərəyanı müşavirələrində sosialist realizminin inkişaf mərhələləri yenidən təhlil edilib, dəyərləndirilməsinə dair mülahizələr irəli sürülüb. Sovet alimlərinin nəzəri fikirlərində sosialist realizminin tərkibində sosialist tənqidi realizmi və sosialist romantizmi kimi yeni müstəqil yaradıcılıq metodlarının yetişib formalaşması özünə yer alıb, yazıçıların həmin istiqamətlər üzrə qruplaşdırılması da məntiqi mənada sosialist realiziminin vahid yaradıcılıq metodu olmasına dair prinsipin dağılmaqda olduğunu göstərməkdə idi.
Akademik İsa Həbibbəyli də bu fikirdədir ki, sosialist realizmi yaradıcılıq metodu siyasiləşdikcə (cəmiyyətin doqmalarını ifadə etmək, partiyalılıq, hakim ideoloji mövqe) rolu azalıb, stalinizmin aradan qaldırılması ilə tənəzzülü başlayıb.
Alim fikir mövqeyində arqumentlidir. Doğrudan da, ulu öndər hakimiyyətə gələndən sonra milli-mənəvi özünüdərk və istiqlal mübarizəsi güclənib, dönməz şəkil alıb. O, 1969-cu ildən milli mədəniyyəti, elmi-ictimai fikri və ədəbiyyatı diqqətdə saxlayıb, inkişafına hər cür qayğı göstərib və ədəbi şəxsiyyətləri qoruyub. Məhz Heydər Əliyev epoxası Azərbaycan ədəbiyyatı və ictimai fikrində milli-mənəvi özünüdərkə qayıdış prosesinin xüsusi mərhələyə çevrilməsinə çalışıb. Heydər Əliyev epoxasının formalaşdırdığı ümummilli siyasi-ideoloji mühit azərbaycançı ədəbiyyatı ictimai həyatın ön cərgəsinə çıxarıb.
Akademik İsa Həbibbəyli ədəbi proses olaraq 1950-ci illərin Bəxtiyar Vahabzadə, İsa Hüseynov, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Məmməd Araz, Nəbi Xəzri, Hüseyn Arif, İslam Səfərli, Zeynal Xəlil, Hüseyn İbrahimov və Tofiq Bayram yaradıcılığındakı milli-mənəvi özünüdərk və istiqlalçılıq dəyərlərini xüsusi qiymətləndirib.
60-cıları: Anar, Elçin, Fikrət Qoca, Əli Kərim, Sabir Əhmədli, Yusif və Vaqif Səmədoğlular, İsi Məlikzadə, Fikrət Sadıq, Musa Yaqub və Fərman Kərimzadəni, 70-ciləri: Mövlud Süleymanlı, Kamal Abdulla, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Çingiz Abdullayev, Hidayət, Vahid Əziz, Hüseynbala Mirələmov, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli və Azər Abdullanı yeni tarixi-mənəvi şəraitdə xalqın gerçək həyatı və arzularına müdaxilə etdiklərinə görə fərqləndirib, qiymətləndirib ki, XX əsrin 70-ci illərindəki gerçəkliyin yeri və payı mövcud ideologiyanı üstələyə bilib. Həmin mərhələdə Azərbaycan ədəbiyyatında nəinki azərbaycançlıq ideyası, hətta milli istiqlal ideyaları genişlənib.
Alim çıxışında bir sıra tezisləri də səsləndirib:– Ədəbiyyat və incəsənətin bütün sahələrində milliləşmə prosesləri, xalqın milli-mənəvi özünüdərki və soykökə qayıdış;
1960-80-ci illərin milli ədəbiyyatda xüsusi mərhələyə çevrilməsi;
Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz və Sabir Rüstəmxanlının bu sahədə ədəbi-tarixi xidmətləri;
60-cı illər nəslinin gəlməsi ilə sosialist realizmi ədəbiyyatının xarakterinin dəyişməsi. Onların Cəlil Məmmədquluzadəni özlərinə ideal seçməsi, onun sənət ənənələrini öyrənməsi və müasirləşdirməsi;
60-cıların yetişməsində Çingiz Aytmatov və İsa Hüseynovun müstəsna xidmətləri;
60-cıların ədəbiyyatın bütün sahələrində təmsil olunması: nəsrdə Anar, Elçin, Sabir Əhmədov, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, İsi Məlikzadə, Fərman Kərimzadə, şeirdə Fikrət Qoca, Əli Kərim, Fikrət Sadıq, Vaqif Səmədoğlu, dramaturgiyada Firuz Mustafa, Əli Əmirli, Ramiq Muxtar və s.
"Qobustan” incəsənət toplusunun xalqın tarixi taleyinə, ümummilli dəyərlərə, gündəlik həyata ideoloji deyil, milli baxımdan yanaşması;
Akademikə görə 60-cılar sosialist realizmini tənqid və inkar etməyib, yeni bədii metod axtarmayıb, insana və gerçəkliyə sədaqətli qalıb. Lakin mövcud sosializm cəmiyyətinə tənqidi münasibəti alleqorik olub.
60-cıların elmi nəsli də yetişib: Yaşar Qarayev, Arif Hacıyev, Aydın Məmmədov, Akif Hüseynov, Şamil Salmanov, Asif Əfəndiyev, Arif Abdullazadə, Arif Səfiyev, Əflatun Məmmədov, Vəli Osmanlı və başqaları fərqli üslubla çıxış edib, elmi-ictimai mühitdə nüfuz qazanıb. Bu da onu göstərir ki, yalnız bədii ədəbiyyatda yox, həm də elmi-nəzəri fikirdə sosialist realizminin vahid yaradıcılıq metodu haqqındakı mif dağıdılıb, ideoloji buz əriməyə başlayıb.
1970-ci illərdə ölkəmizdə Azərbaycançılıq uğrunda mübarizə doğulub, dahi rəhbər Heydər Əliyevin timsalında milli-mənəvi dəyərlər inkişaf etdirilib, soykökə və tarixə ciddi dönüş başlanıb, milli ədəbiyyat və mədəniyyət dövlət səviyyəsində müdafiə olunub. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, İsmayıl Şıxlı, Abbas Zamanov, Ziya Bünyadov, Xudu Məmmədov və Sabir Rüstəmxanlı kimi vətəndaş-sənətkar və alimlərin fəaliyyətinə mərdanə şərait yaradılıb, onlar milli ədəbi-ictimai fikri sosializm çərçivəsindən kənara çıxarıb.Xalqın dövlət müstəqilliyinə hazırlanmasında milli ədəbiyyat və ictimai-elmi fikir mühüm rol oynayıb, – alim bu fikirdədir.
Akademik İsa Həbibbəyli çıxışında milli-mənəvi özünəqayıdışın tarixi kimi, milli istiqlal ədəbiyyatının da yaranma illəri göstərib, onu XX əsrin 80-ci illərinə, daha konkret, 1987-1991-ci illərə aid edib. Milli azadlıq ideyaları meydana gəlib, milli azadlıq hərəkatı ədəbiyyatın vətəndaşlıq kəsərini artırıb, Bəxtiyar Vahabzadənin "Şəhidlər”, Məmməd Arazın "Qalx ayağa, Azərbaycan”, Xəlil Rza Ulutürkün Lefortovo zindanında, Sabir Rüstəmxanlının "Ömür kitabı”, Rüstəm Behrudinin "Dar ağacı”, Məmməd Aslanın "Ağla, qərənfil, ağla” əsərləri meydanlarda milli azadlıq himnləri kimi səsləndirilib.
Alim milli-mənəvi özünəqayıdış və istiqlalı Cənubi Azərbaycan ədəbiyyatından da sərf-nəzər etməyib. Məhəmməd Biriya, Balaş Azəroğlu, Söhrab Tahir, Əli Tudə, Mədinə Gülgün, Hökumə Bülluri, Əbülfəz Hüseyninin mücadiləsi, Azərbaycan Yazıçılar Birliyində Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması, Məhəmmədhüseyn Şəhriyarla Süleyman Rüstəm və Məmməd Rahimin məktublaşması, Nəbi Xəzri və Bəxtiyar Vahabzadənin telefon danışıqları və s.
Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqə Cəmiyyəti ("Vətən”) mühacirət ədəbiyyatına müəyyən işıq salıb, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda I Beynəlxalq Simpozium keçirilib.
Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının milli-mənəvi özünüdərk və istiqlalçılıq mərhələsini müəyyən şərtiliklərlə modernizm mərhələsi hesab edir. Modernist hərəkatın təşəkkülünü XIX əsr maarifçiliyindən, Mirzə Fətəli Axundzadədən, Cəmaləddin Əfqaninin milli (dini) vəhdət fəlsəfəsindən başlayır. Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilik hərəkatını mühüm modernizm hadisəsi sayır, davamını 1960-cı illərdə görür.
Alimə görə modernizm – ədəbiyyatda yeniləşmə və dəyişmə, mövzularda, janr və bədii üslubda da fərqli yanaşma hadisəsi olub, hətta onu fərqli təsvir üsullarına görə realizmin əksi olan ədəbi cərəyan hesab ediblər.
Beləliklə, akademik İsa Həbibbəyli modernizmin meydana gəlməsini Birinci Dünya müharibəsinin nəticəsi hesab edir, lakin onun Azərbaycan ədəbiyyatında təzahürünü 1960-cı illərlə bağlayır və onu bir sıra ədəbi cərəyanın bəhrəsi bilir (ekzistensializm, sürrealizm, futurizm, dekadentizm və s.), postmodernizmin doğuşunu da (II Dünya müharibəsi faktını da istisna etmir) bununla – 1991-ci il Azərbaycan müstəqilliyi ilə bağlı izah edir və onların xüsusi tədqiqata ehtiyacı olduğunu bildirir. Akademik İsa Həbibbəyli modernizmə yeni təfəkkür reallığı kimi baxmaqla bərabər, onu ədəbi cərəyan adlandırmağın reallıqlarından da söz açıb, arqumentlər sadalayıb. Alim faydalı polemikaya zəmin yaradıb, geniş diskussiyalara yol açıb, bu sahədə xüsusi tədqiqat əsəri yazmağın vacib olduğunu bəlgələyib.
Seminarın işində, mövzu-problem ətrafında professor Şirindil Alışanlı, professor Bədirxan Əhmədov, professor İslam Qəribli, professor Nikbur Cabbarlı, dosent Mehman Həsənli, dosent Aynur Xəlilova və başqaları fikir mühakimələrində olub, modernizmin səciyyəvi xüsusiyyətlərindən danışıb, akademik İsa Həbibbəylinin elmi-nəzəri yanaşmalarına, analitik təhlil mövqeyinə münasibət bildirib. Natiqlərin bir qrupu modernizmi bədii düşüncə yeniliyi kimi dəyərləndirib, ədəbi cərəyan olmadığı qənaətində olub, milli ədəbiyyatımızda yalnız əlamətləri olduğundan danışıb, başqa bir qrupu isə ədəbi cərəyan olduğunu bildirib, akademik İsa Həbibbəylinin fikir mövqeyini müdafiə edib. Onlar rus-Avropa ədəbiyyatından faktlar, dəlillər gətirib, elmi-nəzəri fikrə münasibət bildirib. Tarixi şəraiti, rus-Avropa ədəbi-nəzəri təcrübəsini, məqalə və konsepsiyaları, dissertasiya və monoqrafiyaları, manifestləri, əsərlərin ideya-bədii xüsusiyyətləri və ədəbi şəxsiyyətləri əsas götürməklə pozitiv elmi qənaətdə olub. Tədbirin sonunda akademik İsa Həbibbəyli dinləyicilərə təşəkkürünü bildirib və seminarın işinə uğurlar arzulayıb. Növbəti məşğələ fevral ayının axırlarında nəzərdə tutulub. Tənqidçi-ədəbiyyatşünas Cavanşir Yusiflinin "Ədəbiyyat tarixi mətnlərarası virtual əlaqələr kontekstində” mövzusunda məruzəsi dinləniləcək, məşğələ institutun elektron akt zalında keçiriləcəkdir. Diskussiya klubuna işində böyük uğurlar arzulayıram.

Əlizadə Əsgərli


banner

Oxşar Xəbərlər