• çərşənbə axşamı, 19 mart, 09:26
  • Baku Bakı 8°C

Azərbaycan ədəbiyyatı tarixinin I cildinə xülasə

14.01.19 12:45 1743
Azərbaycan ədəbiyyatı tarixinin I cildinə xülasə
Azərbaycan Respublikasının dövlət müstəqilliyi şəraitində milli-mədəni irsin yenidən öyrənilməsi, təbliği və nəşri sahəsində vəzifələr göstərilmiş, Azərbaycan ədəbiyyatı tarixi oncildliyinin akademik nəşri qərara alınmışdır. Bu baxımdan Azərbaycan ədəbiyyatı tarixinin elmi-nəzəri və ədəbi-metodoloji təcrübəsi ümumiləşdirilmiş və aktual problemlərin prioritet istiqamətləri müəyyənləş­dirilmişdir.
Hazırda aktual vəzifə Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi, onun elmi-nəzəri prinsipləri və metodologiyası ilə bağlıdır. Bu məqsədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda problemin elmi-təşkilatı və nəzəri-metodoloji əsasları, vahid ədəbi konsepsiya hazırlanmış, elm və tədris sahəsində praktikaya tətbiqi nəzərdə tutulmuşdur.
Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə elmi- pedaqoji ictimaiyyətə təqdim edilmiş ədəbi dövrləşdirmə konsepsiyasının təsnifat prinspilərinə uyğun olaraq on cildlik Azərbaycan ədəbiyyatı tarixinin birinci cildində onun zəngin qədim dövrü – şifahi xalq yaradıcılığının mifoloji ənənələri: dünyanın və şüurun (bədii dərkin) mifik başlanğıcı, ilkin şeir və epos yaddaşı, ortaq türk abidələrindən milli bütövlüyə keçidlərin obrazlı təfəkkür müəyyənliyi, zəngin folklor qaynaqları: lirik, epik və dramatik qavrayışın janr təcrübəsi, onların təşəkkülü, təkamülü və nadir sənətkarlıq dəyərləri, bədii dil-üslub və forma xüsusiyyətləri, "Kitabi-Dədə Qorqud” və "Koroğlu” dastanlarının Azərbaycan, Şərq və Avropa (dünya) sivilizasiyasında yeri, milli kimlik dərkinin zəngin obrazlı təfəkkürdə təcəssümü ümumtürk kontekstində, milli-bəşəri dəyərlər zəminində sistemli ifadəsini tapmışdır.
Oncildlik Azərbaycan ədəbiyyatı tarixinin birinci nəşri ədəbi dövrləşdirilmə konsepsiyasında sivilizasiya, ədəbi-tarixi proseslərin reallıqları, ədəbi cərəyanlar, maarifçilik hərəkatı, milli ədəbiyyat tarixçiliyinin inkişaf qanunauyğunluqları, habelə, azərbaycançılıq məfkurəsinə uyğun olaraq şifahi xalq ədəbiyyatından başlanılmışdır. Azərbaycan ədəbiyyatının tarixi tarixilik prinsipinə uyğun olaraq folklordan başlamış və bu mənəvi irs kifayət qədər zəngin olmuşdur. Bu baxımdan müstəqillik dövründə çoxcildlik milli ədəbiyyat tarixinin bütün aspektləri ilə nəşrə hazırlanması imkan verir ki, şifahi xalq ədəbiyyatına daha geniş yer verilsin.
Şifahi xalq ədəbiyyatı eramızdan əvvəl mövcud olan obrazlı təfəkkürdən, xalqın mifik yaddaşından, epos müəyyənliyindən başlamış, mövcud bədii-estetik və ədəbi-tarixi yaradıcılığı özündə ehtiva etmişdir.
Birinci cilddə Azərbaycan şifahi xalq ədəbiyyatının təsnifat prinsipləri, onun növ və janr tipologiyası, mövzu, ideya-məzmun və süjet-kompozisiya xüsusiyyətləri, eləcə də, toplanması, tədqiqi və nəşri məsələsi, habelə, ədəbi-tarixi əhəmiyyəti göstərilmişdir. Azərbaycan ədəbiyyatı tarixinin birinci cildində xalqın tarixi-etnoqrafik yaşayış tərzi, onun bədii-estetik, əxlaqi-fəlsəfi və mənəvi-psixoloji fikir aləmi, poetik təfəkkür və idrakının (hissi və məntiqi) şüur yanğısı və bədii düşüncə enerjisinin hüdudsuz potensialı ümumiləşdirilmişdir.
Azərbaycan şifahi xalq ədəbiyyatı təbii ki, təşəkkül dövrünü ümumtürk məcrasında, mifoloji müəyyənlikdə təhazür etdirmişdir. Mifologiya – bəşər tarixinin ilkin şüur qatı, obrazlı təfəkkür fəaliyyətinin nəticəsidir. Bu baxımdan kitabda şifahi yaradıcılığın ən qədim çağlardakı pərakəndə vəziyyətinə bərpaedici yanaşma, mifin mahiyyəti, yaranma-törəmə funksiyaları, onun folklorla oxşar və fərqli xüsusiyyətləri, elm, fəlsəfə və dinlə kəsişən məqamları, vahid mifoloji modelin bərpasında mifşünaslığın qarşısında duran vəzifələr ifadəsini tapmışdır.
Vahid mifoloji dünya modelinə yaxınlaşmada milli-mifoloji özüllər protodil dövründən formalaşmağa başlamış, ilk tarixi mərhələlərdə sistemləşdirilmış və klassik etnonimlərlə adlandırılmışdır: məsələn, ümumtürk mifologiyası, german mifologiyası, slavyan mifologiyası və sair. Bütün bunların etnodil, ümumi qanunauyğunluq cəhətdən təsbit edilməsi, semantik məzmun qatlarının aşkarlanması və bütöv tərkib hissəsinin müəyyənləşdirilməsi düzgün elmi metod üçün vacib vəzifədir.
Bu baxımdan birinci cilddə ümumtürk mifologiyasının şifahi və yazılı qaynaqlarının əski çağlarla, arxeoloji və etnoqrafik materiallarla bağlılığı diqqətdə saxlanılmışdır. Türk mifologiyasının təməl və məzmununda monoteizm, tanrıçılıq dünyagörüşü dayanır. Göstərilir ki, türklərin ilk inanışları öz reallıqlarını qayaüstü rəsmlərdən, şumer dönəmlərindən, mixi yazı və arxeoloji-etnoqrafik mənbələrdən almış, universal dini-mifoloji sistem olmuşdur.
Tanrıçılıq (kainatın ilkin, universal başlanğıcı) türk mifologiyasının mahiyyət və strukturunda dayanır. Bu baxımdan o, ümumtürk mifologiyasının maddi və mənəvi mədəniyyətinin bütün sahələri ilə yaxından bağlıdır.
Mifologiya folkloru genetik, semantik və struktur cəhətdən öz içinə alır. Folklorla bağlı olduğu mətnlərdə mifologiyanın dərin izləri vardır.
Folklor janrları mifoloji köklərə malikdir. Bunlar dünya mifoloji modelinin bərpası üçün zəngin qaynaq verir. Bütün mifoloji mətnlər (ümumtürk mətnləri) tipoloji baxımdan kosmoqonik (Tanrı, yeraltı dünya, yer üzü, göy), etnoqonik (genealoji, insanın və xalqların yaranması) və təqvim (zamanın vahidlərə bölgüsü) mifləri əhatə edir ki, bütün bunların zəminində türk-Azərbaycan mifologiyasının da qaynaqları vardır. Kitabda bu barədə əhatəli biliklər verilmişdir.
Birinci cilddə arxaik folklor janrlarından: sınamalar, ovsunlar, fallar, andlar və duaların mahiyyəti, struktur xüsusiyyətləri, onların mifoloji-estetik, fəlsəfi-psixoloji keyfiyyətləri nümunələr əsasında izah və şərhini tapmış, bütün bunlar mifik qavrayışlarla bağlı olmuşdur.
Kitabda mərasim folklorunun janrları, onların səciyyəvi xüsusiyyətləri geniş təhlil olunmuş, Azərbaycan folklor janrlarının tərkib hissəsi kimi qiymətini almışdır.
Birinci cilddə əmək nəğmələri (ovçuluq, əkinçilik və maldarlıq mərasimləri), bayatılar (mənşəyi, janr təsnifatı, poetik xüsusiyyətləri, dil və üslubu), əfsanələr, rəvayətlər, nağıllar, lətifələr, atalar sözləri və məsəllər, tapmacalar, xalq dramları və meydan tamaşalarına xüsusi yer verilmişdir ki, bunlar da lirik, epik və dramatik növlərin janrları kimi səciyyələndirilmişdir. Bu janrların məna və mahiyyəti, bədii strukturu, mövzu, ideya-məzmun və üslub xüsusiyyətləri, onların toplanması, tədqiqi və nəşri haqqında geniş informasiya verilmiş, ədəbi-metodoloji əsasları və ideoloji-mənəvi əhəmiyyəti göstərilmişdir.
Əfsanələr həm yazılı mənbələr, salnamə, xronika, cüng və əlyazma vasitəsilə, həm də şifahi surətdə yaddaşlarda dolaşaraq günümüzə gəlib çatmışdır. Cilddəki məqalədə onların bitkilər, quşlar və heyvanların insan cizgilərilə səciyyələndirilmiş əlamətlərinə (kosmoqonik əfsanələr) diqqət yetirilmişdir. Dini əfsanələr də çoxdur ki, onların bir qismi Qurani-Kərimdə, habelə, başqa dini kitablarda təzahür etmişdir.
Rəvayətlərdə (etimologiyası, mövzusu, süjet və quruluşu, toplanması və nəşri, habelə, təsnifatına (etimoloji, izahlı, tarixi xüsusiyyətlərlə bağlı rəvayətlər) görə konkret səciyyəsini almışdır.
Oncildliyin birinci nəşrində epik forma kimi nağıl janrına da geniş yer ayrılmışdır. Nağıllarda xalq həyatı, tarixi və məişəti ilə bağlı adət-ənənə və etiqadlar dərin ifadəsini tapmışdır. Onun təsnifat prinsipləri (sehrli, heyvanlar və məişətlə bağlı), geniş mövzu, ideya-məzmun xüsusiyyətləri, təsvir-ifadə vasitələri ətraflı təhlillərini almışdır.
Həssas yumor, hikmətli fikir, güclü ironiya ilə fərqlənən xalq lətifələri məzmun və formasına görə fərqlənir. Kitabda onların mənşəyi, formalaşma yolları, növləri, toplanması, yazıya alınması, tədqiqi, nəşri və inkişaf mərhələləri ifadəsini tapmışdır.
Epik folklor janrlarının nümunəsi kimi tapmacalar əşya və hadisənin metaforik yolla ifadəsində düşündürücü sualların yaranması, vacib əlamət və keyfiyyətlərin göstərilməsi, zehni qabiliyyət, fəhm və təxəyyülün üzə çıxarılmasına şərait, uşaqların zehni düşüncə inkişafına kömək etmək baxımından təfəkkür fəallığı ilə seçilmişdir. Bayatı-bağlama, qıfılbənd və müəmma kimi janrlar tapmacaların poetik və struktur zəmini əsasında yaranmışdır.
Birinci cildə lirik və epik növün janrları ilə bərabər, dramatik növün də janrları daxil edilmişdir. Bu baxımdan xalq dramları və meydan tamaşalarının təşəkkül və təkamül xüsusiyyətləri, onların tədqiqi və nəşri məsələləri yazılmış oçerklərin özülünü təşkil edir.
Xalq dramı tamaşaya qoyulmaq, xalq teatrında oynanılmaq məqsədilə yaradılmış folklor nümunəsidir, "məzhəkələrdən, nağıl, dastan, qaravəlli, lətifə və rəvayətlər əsasında yaradılan pyeslərdən, sosial və məişət dramlarından, eləcə də dini məzmunlu faciələrdən ibarətdir”. Xalq teatrları xalq dramının mövzu və forma-məzmun xüsusiyyətlərinin zənginləşdirilməsinə təsir etmişdir. Xalq dramları satirik məzmuna, komik situasiyaya malikdir. Onun bədii əsasları xalq teatrının tarixi köklərinə bağlıdır. Xalq dramının ilk rüşeymləri təbiətin oyanması, yeni ilin başlanması, toy, ailə həyatının yaranması, doğum və ölüm günlərinə bağlı olmuş, əfsanə və rəvayətlər onu canlandırmışdır.
Xalq dramının təşəkkülü ov və ev heyvanlarının şəklini (onların dərisinə bürünmə, cildə girmə) alıb oyun göstərməklə başlanmışdır ki, bu da müstəqil ifa edilən ovçu, maldar, əkinçi, toxucu rəqslərinə aid olmuş, əmək prosesindən ayrılmış şəkildə icra edilmişdir.
Birinci cilddə janrın təşəkkülü, inkişaf mərhələləri, onun mövzu, ideya-məzmun və janr xüsusiyyətləri, toplaması, nəşri və təbliği, nağıl, dastan, qaravəlli və lətifə əsasında yaranan dramlar (kilimarası, alleqorik nağıllar, qaravəlli tamaşaları, qəhrəmanlıq, vətənpərvərlik və məhəbbət mövzuları); dini-tarixi motivli faciələr, yuğ-şəbihlər, ailə-məişət dramları – bütün bunlar akademik nəşrdə əhatəli ifadəsini tapmışdır. Meydan tamaşaları da nəşrdə (adamları asudə vaxtlarda, bayramlarda, mərasimlərdə əyləndirmək məqsədi) bütün etnoqrafik cizgilərilə şərh olunmuşdur.
Uşaq folkloru şifahi xalq ədəbiyyatının böyüklər və uşaqlar tərəfindən yaradılmış nümunələr olub uşaqların məişətini, oyunlarını, əyləncələrini, istirahətini, məşğuliyyətini və təkliflərini özündə əks etdirir. Uşaq folkloru nağıl, tapmaca, layla və oxşamalar, habelə, dolamalar, acıtmalar, ögəşmələr və oyun nəğmələri baxımından cilalanmışdır. Dünyaya övlad gətirmək, ona ad vermək, körpənin dişinin çıxması, dilinin açılması, yeriməsi ilə bağlı mərasimlər keçirilmişdir ki, bu zaman tilsim, əfsun və dualardan geniş istifadə olunmuşdur.
Uşaq folklorunun təşəkkülü ilkin etiqad və təsəvvürlərlə bağlı olmuş, ovçuluq, əkinçilik, maldarlıq və toxuculuq peşələrinin sirlərini öyrənmək ehtiyacı ilə yaranmışdır. Uşaq folklorunun əmələgəlmə yolları üç istiqamətdə: böyüklərin uşaqlar üçün xüsusi folklor nümunələri düzüb-qoşmaları, yamsılama, təqlid yolu ilə uşaqların yaradıcılıq qabiliyyətinin formalaşması ilə bağlı olmuşdur. Uşaq folkloru uşaqların yaş səviyyəsinin göstəricisidir. Cilddə uşaq folklorunun təşəkkülü, inkişaf istiqamətləri ilə bərabər, onun janr formaları da göstərilmişdir (layla, oxşama, dilaçma, öyrətmə, uşaq nəğmələri, tapmaca, yanıltmac, uşaq nağılları, uşaq oyun və tamaşaları).
Akademik nəşrdə öünə yer almış əhəmiyyətli mövzulardan biri də Qam-şamançılıqla bağlıdır. "Qam-şaman kompleksi» məqaləsində deyilir: "Musiqi-söz-rəqs magiyasının əsas ifaçı və təmsilçisi olan Qam-şaman qəbilənin müşkülünü həll edən, dolaşığa düşmüş, çətin işini asana çevirən, gələcəkdən xəbər verən, mənsub olduğu ocağı (etnosu) bəd ruhlardan, qorxu və bəlalardan qoruyan, şadlıq yığıncağını təşkil edən, xəstələrə şəfa verən bilici – yol göstərici, idarəedici ruhani xadim idi”. Məqalədə şamançılığın təşəkkülü, onun yayılma coğrafiyası və çağdaş vəziyyəti izah və şərhini tapmışdır. "Qam-şaman hadisəsi geniş anlamda götürülərsə, o, mifoloji mərasimlər, ilkin-ibtidai sənətlər, arxaik etnoloji proseslər toplusunu əhatə edən, onları əlaqəli şəkildə özündə cəmləşdirən, vahid bir kompleks halına gətirən mədəni-tarixi sistemdir, etnosun başlanğıc mərhələsindəki mənəviyyat mərkəzidir”.
Oncildliyin birinci nəşrinin geniş sahələrindən biri dastan yaradıcılığını əhatə edir. Bu baxımdan dastanın qədim çağlardan başlayaraq zəmanəmizə qədər gəlib çıxan təkamül prosesləri, onun ədəbi-tarixi mərhələləri: qədim türk eposu, oğuz-qopuz ənənələri, "Kitabi-Dədə Qorqud» dastanları və aşıq yaradıcılığının mühitləri, ustad və yaradıcı aşıqlar (Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Abdalgülablı Valeh, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli, Aşıq Hüseyn Bozalqanlı, Molla Cüma) haqqında bilgilər birinci cilddə özünə yer almış, həm dastanlar, həm də "Koroğlu” eposu barəsində geniş informasiya verilmişdir.
Qədim türk eposu (müxtəlif dastanlar, süjetlər, motivlər, türk qövümlərinin sosial-estetik təfəkkürünün potensiyası, mənəvi enerjisi) vahid türk qövmləri ədəbiyyatının kökündə dayanan eposu, ideya-estetik, poetexnoloji, linqvopoetik və başqa potensiyaları özündə ehtiva edir.
Oçerkdə türk eposunun mənşəyi (e.ə. əsasən, I minilliyin ortalarına qədərki dövr), onun tanrıçılıq dünyagörüşü, mifologiyasının zəmini, IX-XI yüzillər şəraitində türk etnik-kulturoloji regionlarının formalaşması, ümumtürk eposundan ayrılmaları (Sibir-Türküstan, Ural- Volqaboyu, Şərqi Avropa, Qafqaz- Kiçik Asiya), türk-etnik mədəni sistemində kosmoqonik, etnoqonik və təqvim-mövsüm süjetləri (miflər), bu sistemdə Azərbaycan mifologiyasının yeri, "Yaradılış”, "Alp ər Tonqa”, "Oğuz Kağan”, "Ərgənəkon”, "Boz Qurd”, "Siyenpi”, "Törəyiş və "Köç” dastanlarının formalaşması, Oğuznamələr kimi ədəbi-tarixi qaynaqların ümumtürk kontekstində təhlili verilmişdir. Akademik nəşrdə Ozan-qopuz ənənəsi – ilkin ibtidai çağlarda ozanların ruhani, təbib, musiqiçi, ağsaqqal və məsləhətçi olmaq funksiyası, qopuzun ruhlar dünyası, ilahi aləmlə bağlı mənşəyi, magik gücü, qədim türk qopuzlarının quruluşu, tipləri və etimologiyası xarakterizə olunmuşdur.
Birinci cilddə "Kitabi-Dədə Qorqud” dastanlarına geniş yer verilmişdir. Epos Azərbaycan oğuznaməsi olub dünya qəhrəmanlıq dastanlarının salnaməçilik, elmilik və tarixilik müəyyənliyini özündə ehtiva edən orta çağ türk ədəbiyyatının yeganə yazılı eposudur. Cilddə dastanın təşəkkülü, öyrənilməsi tarixi, bədiiliyi, qəhrəmanları, hər bir boyun təşəkkülü, mahiyyət və ideya-məzmunu, bədii dil və üslubu əhatəli izahını tapmışdır.
Azərbaycan ədəbiyyatı tarixinin birinci cildində aşıq sənəti ilkin mifik qaynaqlardan tutmuş, sonrakı inkişafına qədər təkamüldə verilmiş və qopuz-ozan sənəti ilə münasibətləri ifadə olunmuşdur. Aşıq sənəti əski çağların mifik qaynaqlarına bağlıdır. Erkən orta çağdan başlamış, yüzillərlə davam edən sosial-siyasi, fəlsəfi-irfani və mədəni-estetik hadisədir. Kitabda onun təşəkkül prosesi, etimoloji mənası, fəlsəfi-irfani əsasları, təsəvvüflə bağları, inkişaf mərhələləri (aşiqlik, ilahi eşq ideyası), sufi-dərviş sisteminin təşəkkülü (IX-XI əsrlər); ideyanın təkkələrdən çıxaraq xalq arasına yayılmaları (XIII-XV əsrlər), musiqiçi-folklor sənətkarlığı (XV-XVI əsrlər), ozan-aşıq keçidləri (erkən orta çağdan XVI əsrin ortalarına qədər), habelə, fəaliyyət istiqamətləri (etnoqrafik, hərbi-siyasi və təkkə-təriqət mərasimləri) təhlil edilmişdir.
Aşıq sənətinin mövcud olduğu aşıq mühitlərinə də birinci cilddə geniş yer verilmişdir. Onun tarixi təşəkkülündən sonra Qafqaz, İran və Anadoludakı inkişaf istiqamətləri və Azərbaycan aşıq mühitinin regionları (Kəlbəcər, Borçalı, Göyçə, Dərələyəz, İrəvan, Çıldır, Şirvan, Dərbənd, Qarabağ, Naxçıvan, Qaradağ-Təbriz, Urmiya, Zəncan, Xorasan, Savə, Qaşqay) və sənətkarları haqqında əhatəli elmi məlumat verilmişdir.
Ustad aşıqlar kimi Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Abdalgülablı Valeh, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli, Aşıq Hüseyn Bozalqanlı və Molla
Cümaya portret-oçerklər həsr edilmişdir. Eləcə də «Koroğlu» və Qaçaq dastanları ilə bağlı informasiya-bilgilər də geniş və əhatəlidir. Kitabda dastanların təşəkkülü, tədqiqi tarixi, onların səciyyəvi xüsusiyyətləri, tədqiq və nəşri məsələləri də ətraflı işıqlandırılmışdır.
Hesab edirik ki, çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin şifahi xalq ədəbiyyatına aid olan birinci cildi elmi-pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanacaq, yeni ədəbi dövrləşdirmə konsepsiyasının praktik nümunəsi kimi əhəmiyyətli olacaqdır.

Əlizadə ƏSGƏRLİ

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru





banner

Oxşar Xəbərlər