AZE | RUS | ENG |

AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN DÖVRLƏŞDİRİLMƏSİNİN YENİ ELMİ KONSEPSİYASI

AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN DÖVRLƏŞDİRİLMƏSİNİN YENİ ELMİ KONSEPSİYASI
II yazı
 
Akademik İsa Həbibbəylinin "Poetika.izm” jurnalında (Bakı, "Elm və təhsil”, 2017, № 3, s. 3-18) "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi təsnifatı” adlı məqaləsi çap olunmuşdur. Beləliklə, alim elmi-ədəbi ictimaiyyətə Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyasını təqdim etmişdir. O, Azərbaycan ədəbiyyatının elmi-nəzəri cəhətdən dövrləşdirilməsinin zərurətini milli dövlət müstəqilliyinin nəticəsi hesab edir. Bildirir ki, Sovet dövrünün prinsipləri əsasında ədəbiyyatın dövrlər üzrə ideoloji olaraq tədqiq və təhlili tənqidə məruz qalmışdı. Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsində klassik format hələ də elmi dövriyyədən çıxmamışdır. Alim göstərir ki, Azərbaycan ədəbiyyatı tarixinin 7 cildliyindəki (2004-2011) icmallar və portret-oçerklər azərbaycançılıq məfkurəsinə əsaslanmış, bəşəri dəyərlərə istinad etmişdir. Çap olunmuş 4 cilddə xüsusi dövrləşdirmə aparılmamış, "çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixi əsrlər üzrə mərhələlərə ayrılaraq müəyyən elmi-nəzəri təhlil əsasında təqdim olunmuşdur” (s. 3). İsa Həbibbəyli çap edilmiş 4 cildin Azərbaycan şifahi xalq ədəbiyyatı (I c.), ən qədim dövr (II c.), yazılı ədəbiyyatın yaranmasından XIII əsrə qədərki dövr – qədim dövrün (III c.) və yeni dövrün – XIX əsrin (IV c.) mövcud elmi mənzərəsini göstərir və hesab edir ki, "Azərbaycan ədəbiyyatı tarixi müstəqillik dövründə yaranan, bəşəri dəyərləri də nəzərə almaqla milli ədəbiyyatın real inkişaf prosesinin əsasında yazılan akademik ədəbiyyat tarixidir” (s. 4). 
İ.Həbibbəyli qeyd edir ki, professor Yaşar Qarayev və professor Bədirxan Əhmədovun ədəbiyyat tarixinə aid kitablarında dövrləşmə məsələsi xüsusi məqsəd olmasa da, onların "XIX əsr və XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tarixi mərhələlərinin geniş və obyektiv elmi qiyməti verilmişdir” (s. 4). Qiymətləndirir ki, "Azərbaycan ədəbiyyatı tarixinin XIX əsr və XX əsrin əvvəlləri mərhələlərinin müəyyənləşdirilməsində və həmin dövrlərin ədəbi-tarixi proseslərinin obyektiv izahında bu nəşrlər əhəmiyyətli mənbələrdir” (s. 4).
İsa Həbibbəyli professor Baloğlan Şəfizadə və professor Elməddin Əlibəyzadənin "Azərbaycan ədəbiyyatı tarixi” kitablarını ədəbiyyat tarixinin qədim dövrlərinə işıq salan, az öyrənilmiş ən böyük tarixi mərhələni əsaslı və dərin tədqiqatlarla zənginləşdirən əsərlər kimi yüksək qiymətləndirir: "Bu tədqiqatlar Azərbaycan ədəbiyyatı tarixinin qədim dövrünün hüdudlarını müəyyən etmək və mahiyyətini açmaq baxımından özünəməxsus mühüm əhəmiyyətə malikdir” (s. 4-5). BDU-nun 2 cildlik "Müasir Azərbaycan ədəbiyyatı” dərsliyinin "milli ədəbiyyatın dövrlər üzrə verilməsində obyektiv meyarlardan, ədəbi-tarixi proseslərin reallıqlarından çıxış etmək meylini təqdir edir və ilk dəfə (Sovet dövrü ədəbiyyatı istilahını işlətdiyini) Azərbaycan Sovet ədəbiyyatının "Sovet dövrü ədəbiyyatı” kimi təqdim olunmasını əhəmiyyətli sayır. Dəyərləndirir ki, "ədəbiyyatın tam olaraq ideologiyaya tabe etdirmədən dəyərləndirilməsi müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin obyektiv elmi-nəzəri baxışlarından doğan real qiymətləndirmə hesab oluna bilər” (s. 5). İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”na da elmi-metodoloji dəyər verir. Hesab edir ki, 2 cildlik "həm nəzərdə tutulan tarixi mərhələni bütün yönləri ilə əhatə etmək baxımından, həm də ədəbiyyat tarixinin bu mərhələsi dövrləşmədə malik olduğu mahiyyəti dəqiq ifadə etmək cəhətdən mühüm əhəmiyyətə malikdir” (s. 5). 1990-2000 və 2001-ci ildən üzü bəri müstəqil milli ədəbiyyatımızı böyük zəhmətin, ciddi elmi araşdırmaların nəticəsi hesab edən akademik İsa Həbibbəyli dəyərləndirir ki, "Azərbaycançılıq, ümummilli oyanışa xidmət, milli qurtuluş ideyalarının bədii ifadəsi, yeni insanın obrazının yaradılması, ədəbiyyatda ölkənin qayğılarının və gələcəyinin təsvir və tərənnümü müstəqillik dövrü ədəbiyyatının ideya əsasını təşkil edir” (s. 5). 
Görkəmli alim professor Vəli Osmanlı, professor Alxan Bayramoğlu, professor Təyyar Salamoğlu və professor M.Ağayevanın dərslik və tədqiqat kitablarını da əhəmiyyətli elmi nəşrlər hesab edir, bildirir ki, "uzun dövr ərzində Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi üzrə müəyyən elmi təşəbbüslər və çağırışlar meydana çıxmışdır” (s. 7). Alim bu baxımdan "AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin XXI əsrin başlanğıcında irəli sürdüyü fikirləri Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi probleminin aktuallığını ifadə edən obyektiv çağırışlar” kimi yüksək qiymətləndirir. Göstərir ki, Azərbaycan ədəbiyyatı tarixçiliyinə sistemli elmi münasibət müstəqillik dövründə, XX əsrin 90-cı illərindən başlamışdır. Və əsaslı bilir ki, "XIX əsrin ərəfəsində milli bədii təfəkkürü həm növbəti epoxaya aparmaq, həm də müstəqillik mərhələsinin məsuliyyətli vəzifələrini həyata keçirmək üçün səfərbər etməli olan ədəbiyyatşünaslıq elmi mümkün olan bütün resurslardan istifadə etmək mənasında mövcud dayanıqlı ənənələrin enerjisini də prosesə cəlb etmək üçün "dövrləşmə” məsələsinə yenidən və bu dəfə əsaslı şəkildə qayıtmalı olmuşdur” (s. 7). İsa Həbibbəyli Sovet dövrünün 70-80-ci illərini milli mənafe, "Azərbaycanda aparılan dövlət siyasətinin ölkə maraqları və milli mənafelər üstündə köklənməsi ədəbiyyat haqqında elmin də ideoloji maneələri aşaraq, davamlı ənənələrin yaşadılmasına, problemin ümumdünya ədəbi-mədəni prosesləri səviyyəsində qiymətləndirilməsinə və milli maraqların ön mövqeyə çəkilməsinə geniş zəmin hazırlamışdır” (s. 7). Mövcud mərhələni bütün sahələr üzrə möhkəm təməllər hesab edən akademik ümumiləşdirir ki, "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi məsələsinə yenidən qayıdış da o illərin mədəni-mənəvi intibahının hazırladığı prosesdir” (s. 7). 
İ.Həbibbəyli XX əsrin 90-cı illərini Azərbaycan ədəbiyyatı tarixini yenidən formalaşdırmaq üçün konsepsiya axtarışları dövrü hesab edir. O, bu istiqamətdə professor Nazif Qəhrəmanlının "Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf və dövrləşdirmə problemləri” monoqrafiyasını yüksək qiymətləndirir. Müəllif yazır: Bu monoqrafiya "Azərbaycan ədəbiyyatşünaslığında milli ədəbiyyat tarixçiliyi ənənələrinə və müstəqillik dövrünün bu istiqamətdəki vəzifələrinə konseptual elmi-nəzəri baxışları əks etdirən ilk ümumiləşmiş tədqiqat əsəri kimi mühüm əhəmiyyət kəsb edir. Bu, ümumiyyətlə, Azərbaycan ədəbiyyatşünaslıq elmində milli ədəbiyyat tarixçiliyi probleminə həsr olunmuş birinci monoqrafik tədqiqatdır” (s. 8). İsa Həbibbəyli Nazif Qəhrəmanlının belə bir tezisini də xüsusi vurğulayır ki, o, Azərbaycan ədəbiyyatı tarixi və nəşrlərinin konsepsiyasını sırf tarixi konsepsiya hesab edir və onun meyar və ölçülərini tarixşünaslıqla bağlayır. Halbuki, "Ədəbiyyat tarixinə dair ədəbi-tarixi və ideya-estetik özüllər üzərində müstəqil konsepsiya qurulmalıdır” (s. 8). Alim professor N.Qəhrəmanlının təqdim etdiyi 7 model üzərində dayanır, onun problemə Qərb mövqeyindən yanaşdığını, Ümumşərq poetikası ilə əlaqədar diqqət yetirdiyini bildirir, halbuki, "milli ədəbiyyat tarixçiliyi” konsepsiyasında ümumdünya meyarları ilə müqayisədə milli maraqlar və ədəbi-tarixi reallıqlar daha üstün mövqedə olmalıdır” (s. 8). İ.Həbibbəyli hesab edir ki, N.Qəhrəmanlı ədəbi dövrləşdirmə məsələsində daha çox ümumi metodoloji prinsiplərə və tarixilik aspektinə istinad etmiş, müasir reallıqları ifadə edə bilməmiş, yekun qənaəti olan konkret model üzərində dayanmamışdır. Akademik yekunlaşdırır ki, "Nazif Qəhrəmanlının "Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf və dövrləşdirmə problemləri” monoqrafiyası ədəbiyyat tarixi anlayışının nəzəriyyəsinə, bu sahədə Azərbaycan təcrübəsinin şərhinə və perspektivlərinə, dövrləşmə konsepsiyasının zəruriliyinə həsr olunmuş qiymətli elmi mənbədir” (s. 9).
Akademik N.Cəfərovun irəli sürdüyü elmi konsepsiyanı da işin nəzəri əsasları, ədəbi-estetik, etnik-kulturoloji və ictimai-siyasi meyarları, konkret ədəbi dövrləşdirmə modeli müəyyənləşdirmək baxımından əhəmiyyətli hesab edir. O, Nizami Cəfərovun dövrləşdirməsində ideoloji baxışları deyil, onun ədəbi-estetik meyarları, nəticə etibarilə azərbaycançılıq dəyərlərini əsas tutduğunu üstün cəhət kimi qiymətləndirir.
İsa Həbibbəyli, xüsusilə, Nizami Cəfərovun orta əsrlər Azərbaycan ədəbiyyatının sərhədlərini XIII-XVI əsrləri göstərdiyini, XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafı tarixindəki fərqli yerini və əhəmiyyətini müəyyən etnik baxımından nəzəri qənaətlərinin əhəmiyyətini xüsusi qeyd edir. Yekunlaşdırır ki, əgər Nazif Qəhrəmanlı ədəbi dövrləşdirmə zərurətini elmi ideya olaraq irəli sürmüşdürsə, onu elmi-nəzəri cəhətdən əsaslandırmışdırsa, Nizami Cəfərov ədəbi dövrləşdirmənin konkret versiyasını formalaşdırmışdır. 
İsa Həbibbəyli 1990-2000-ci illəri Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi sahəsində konsepsiya axtarışlarının inkişaf göstəricisi kimi dəyərləndirir. O, Zaman və ədəbiyyat məsələlərinə ümumi diqqət yetirmiş, xüsusiləşdirmişdir ki, Zaman ədəbi prosesin inkişaf etməsində mühüm rol oynadığı kimi, ədəbiyyat da zamanın aparıcı ideallarını formalaşdırmaq və ictimai fikri həmin ideallar uğrunda mübarizəyə doğru yönləndirmək baxımından mühüm əhəmiyyət kəsb etmişdir. İsa Həbibbəyli davam edir: "Zamanın ictimai-siyasi xarakteri və ayrı-ayrı epoxalarda baş vermiş böyük tarixi-mədəni hadisələr ədəbi cərəyanları, mövzuları, janrları, üslubları, hətta qəhrəmanları meydana çıxarmışdır... Hər yeni zaman özünün yeni ədəbi axınlarını və ədəbiyyatını yaratmışdır... Böyük ədəbiyyat da öz növbəsində Zamanın yeniləşməsi, inkişafı və dəyişməsinə təkan vermişdir” (s. 11).
İsa Həbibbəyli vurğulayır ki, zaman anlayışı obyektiv ictimai-tarixi reallıqlara görə yox, ideoloji cəhətdən diqqətə çəkilmiş, Sovet dövrünün ədəbi dövrləşdirilməsi marksizm təliminə uyğunlaşdırılmışdır. Ədəbiyyatın formasiyalar üzrə dövrləşdirilməsi isə Azərbaycan ədəbiyyatının təcrübəsində heç də hər zaman obyektiv reallığı ifadə edə bilməmişdir. Bu mənada marksist təlim Azərbaycanın ədəbi-mədəni proseslərinin dialektikası üçün həmişə uyğun gəlmədiyindən təbii maneələr yaranmışdır. Bu ciddi səbəb də "Azərbaycanda çoxəsrlik ədəbiyyat tarixinin dövrləşdirilməsi probleminə yenidən qayıtmaq zərurətini elmi fikrin gündəminə gətirmişdir” (s. 12). "Ona görə də müstəqillik illərində Zamana və ədəbiyyata obyektiv ədəbi-tarixi baxış Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi üçün yeni konsepsiyanın müəyyən olunmasını tələb edir” (s. 12).
Akademik İsa Həbibbəyli yeni ədəbi dövrləşdirmənin elmi konsepsiyasının əsaslarını belə görür:
1. Azərbaycan ədəbiyyatı tarixinin keçmiş Sovet ideologiyası əsasında aparılmış dövrləşməsinin ədəbi-tarixi proseslərin reallıqlarını əks etdirməməsi, müstəqillik dövrünün prinsiplərinə, milli məfkurəyə uyğun gəlməməsi;
2. Ayrı-ayrı müəlliflərin və ya müəlliflər kollektivinin yazıb nəşr etdirdikləri Azərbaycan ədəbiyyatı tarixinə dair akademik nəşrlərdə, dərsliklərdə, monoqrafik tədqiqatlarda dövrləşdirilmədə keçmişdə müəyyən edilmiş mərhələlərdən uzaqlaşa bilməmək hallarının aşkar nəzərə çarpması;
3. Dövrləşmə meyarlarında və mərhələlərin müəyyən olunmasında pərakəndəliyin müşahidə olunması;
4. Dövlət müstəqilliyi ideallarının işığında Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin vahid sisteminin yaradılması zərurətinin meydana çıxması;
5. Dövrləşdirmədə dünyada gedən ədəbi-tarixi proseslərin nəzərə alınması zərurəti.
 
Ardı var
Əlizadə Əsgərli

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6355
GBP 1 İngilis funt sterlinqi 2.2393
TRY 1 Türk lirəsi 0.2990
KWD 1 Küveyt dinarı 5.6110
SEK 1 İsveç kronu 0.1905
EUR 1 Avro 1.9649
CHF 1 İsveçrə frankı 1.7146
USD 1 ABŞ dolları 1.7000