• cümə, 29 Mart, 03:40
  • Baku Bakı 7°C

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi problemi

16.01.18 17:00 4722
Azərbaycan ədəbiyyatı tarixinin  dövrləşdirilməsi problemi
Azərbaycan Respublikasının dövlət müstəqilliyi şəraitində milli ədəbiyyatın elmi-nəzəri cəhətdən dövrləşdirilməsi məsələsi gündəmə gəldi. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni elmi konsepsiyasını ictimaiyyətə təqdim etdi. Akademik yazır: "XX əsrin ərəfəsində milli bədii təfəkkürü həm növbəti epoxaya aparmaq, həm də müstəqillik mərhələsinin məsuliyyətli vəzifələrini həyata keçirmək üçün səfərbər etməli olan ədəbiyyatşünaslıq elmi? mümkün olan bütün resurslardan istifadə etmək mənasında mövcud dayanıqlı ənənələrin enerjisini də prosesə cəlb etmək üçün "dövrləşmə” məsələsinə yenidən və bu dəfə əsaslı şəkildə qayıtmalı olmuşdur.”
Professor Nazif Qəhrəmanlı Azərbaycan ədəbiyyatı tarixi və dövrləşdirmə problemindən sistemli bəhs edib və göstərib ki, sovet ədəbiyyatşünaslığında dövrləşdirmə əsasən sosioloji prinsipə görə aparılıb, ictimai-iqtisadi formasiyalar ədəbi dövrləşdirmənin tarixi-sosial əsasları kimi götürülüb. Alim ədəbi dövrləşdirmənin yolları və prinsiplərindən: əlifba (kataloq), dil, din, etnos, coğrafi, sülalə prinsipi (Samanilər, Qəznəvilər, Səlcuqilər, Teymurilər, Səfəvilər və s.), habelə, qarışıq prinsiplərdən danışıb.
Professor N.Qəhrəmanlı göstərib ki, 1930-cu illərin ədəbi dövrləşdirilməsi etnik (Bəkir Çobanzadə, Əmin Abid, Atababa Musaxanlı və başqalarının bölgüsü), tarixi-mədəni (M.Rəfilinin bölgüsü) və ideoloji-sosioloji (Mustafa Quliyevin bölgüsü) prinsiplərə əsaslanıb: "Azərbaycan ədəbiyyatını dövrləşdirmə məsələsində tədqiqatçılar bir çox xüsusiyyət və xarakterik amillərə diqqət yetirmişlər. Bunlardan ədəbiyyatı haradan və nə vaxtdan başlamaq, dövrləri açıqlarkən əlamətdar, tarixi-ədəbi cizgilər axtarmaq, xüsusən, metodoloji təməl kimi sosial sxemdən (ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm, sosializm), tarixin spesifik bölgüsündən (əsrlər üzrə), renessans, romantizm və realizm kimi ədəbi-mədəni hadisə, hərəkat və cərəyanlardan istifadə etmək və s. kimi cəhətləri saymaq olar”. Alim hesab edib ki, "dövrləşdirmənin mükəmməlliyi təkcə tarixşünaslardan və ədəbiyyatşünaslardan deyil, Azərbaycan mədəniyyəti üzrə kompleks tədqiqatlardan, ümumi kulturoloji yanaşmanın obyektivliyindən əhəmiyyətli dərəcədə asılıdır. 1920-30-cu illərdə bu məsələlərlə Əmin Abid, Əli Nazim, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Mustafa Quliyev, İsmayıl Hikmət, Atababa Musaxanlı, Cabbar Əfəndizadə, Abdulla Şaiq və başqaları məşğul olub. F.Köçərli, Y.V.Çəmənzəminli, A.Sur, Seyid Hüseyn və S. Mümtazın ədəbiyyat tarixçiliyi sahəsində təşəbbüslərindən sonra XX əsr Azərbaycan ədəbiyyatşünaslığının təşəkkülü və nəzəri-tarixi inkişafı başlayıb, milli ədəbiyyat tarixinin dövrləşdirilməsi konsepsiyası gündəmə gəlib.
Ə.Abid, H.Zeynallı, M.Quliyev, İ.Hikmət, C.Əfəndizadə və A.Şaiq konkret bölgü təqdim etməyib. Əli Nazimin ədəbi dövrləşdirməsi belə olub:
I dövr – XV əsrin sonu, XVI əsrin əvvəlləri.
II dövr – XVIII əsr feodal ədəbiyyatı dövrü.
III dövr – XIX əsr rus iqtisadi və burjua ziyalılığı-maarifçilik dövrü.
IV dövr – XX əsr ədəbiyyatı.
Ə.Nazim bu dövrü üç mərhələyə ayırıb:
1. Demokratik xalqçı-maarifçi qrup. "Molla Nəsrəddin” jurnalı.
2. "Füyuzat” ədəbi məktəbi.
3. Aralıq qrupu (Ə.Müznib, A.Səhhət, A.Şaiq)
V dövr – Sovet ədəbiyyatı.
Professor N.Şəmsizadə hesab edib ki, ədəbi dövrləşdirmədə tarixilik prinsipi, ədəbi cərəyan və məktəblər, bədii yaradıcılıq metodu və dövlət-formasiya tipi əsas götürülüb və bir çox halda ictimai-iqtisadi formasiyalar mexaniki surətdə bədii yaradıcılığa tətbiq olunub.
Professor Bəkir Çobanzadə milli ədəbiyyatın dövrləşdirilməsində, əsasən, türkdilli ədəbiyyatların ədəbi-tarixi mərhələlərini əsas götürüb, dil, adət-ənənə və təfəkkür ümumiliyi, habelə, iqtisadi inkişaf amilini vacib bilib və konkret bölgü təqdim edib. Bu isə daha çox Məhəmməd Fuad Köprülüzadənin bölgü sisteminə yaxın olub. O, ədəbiyyatın tarixi təsnifatını islama qədər, islamdan sonra və yeni dövr ədəbiyyatı kimi göstərib. Onun bölgüsündə "Yeni dövr ədəbiyyatı” 1905-ci ildən götürülüb və üç mərhələyə bölünüb: 1) 1905-1917; 2) 1917-1922; 3) 1922-1927-ci illər. Alim bu zaman inqilabların (burjua-demokratik, sosialist) doğurduğu mədəni dəyişiklikləri və sonrakı beşillikləri, mərhələləri əsas tutaraq təsnifat aparıb. Professor B.Çobanzadə daha çox ümumiliyi (ümumtürk amilini) əsas götürüb.
A.Musaxanlı isə ədəbi dövrləşdirmədə mühit (coğrafi), zaman (tarixi) və ictimai-mədəni amillərə istinad edib. O, ədəbi-tarixi inkişafı dörd dövrə ayırıb:
1. Feodalizmdən əvvəlki dövr (ibtidai cəmiyyət, əşirət cəmiyyəti, qövmi cəmiyyət mərhələləri).
2. Feodalizm dövrü: təşəkkül, inkişaf və kamal mərhələləri.
3. Kapitalizm dövrü: ticarət, sənaye və maliyyə kapitalizmi mərhələləri.
4. İnqilabi -- yeni dövr. Sovet ədəbiyyatı, sovet cəmiyyəti mərhələsi.
Müstəqillik illərində akademik Bəkir Nəbiyev və professor Şamil Salmanov ədəbi dövrləşmənin XX əsr mərhələsindən danışıb və "Əsrin ədəbiyyatı” məqaləsində ədəbi əsri üç mərhələdə təsnif edib: əsrin əvvəlləri; 1920-ci illərdən sonrakı sovet dövrü; 1990-cı illər milli müstəqillik dövrü.
AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayev XX əsr ədəbiyyatının tarixi mərhələlərini iki cür: 1920-1950, 1960-1990-cı illər kimi göstərib. O, I mərhələni sosializmin tam qələbəsi zəminindən konkretləşdirib, II mərhələyə isə milli şüurun özünüdərki və müstəqillik dövrünə qədər gəlişi boyunca baxıb.
Professor Arif Hacıyev XX əsri ədəbi dövrləşmənin IV mərhələsinə daxil edib, bunu 1917-1980-ci illər Azərbaycan ədəbiyyatının sosializm epoxası kimi dəyərləndirib. Professor Həsən Quliyev Azərbaycan ədəbiyyatı tarixini ictimai-iqtisadi formasiyanın işığında təsnifləyib. Professor Elməddin Əlibəyzadə Azərbaycan ədəbiyyatının ilkin qaynağı hesab edərək, "Avesta”, "Kitabi-Dədə Qorqud”, Qədim türk abidələri və Nizami kimi dörd başlanğıcı müdafiə edib. Professor Füzuli Gözəlov Azərbaycan ədəbiyyatını iki hissəyə bölüb: ümumtürk dövrü (VI-XV əsrlər), milli Azərbaycan ədəbiyyatı dövrü (XVI-XX əsrlər). Professor Siracəddin Hacı isə hesab edib ki, Azərbaycan ədəbiyyatı tarixi konsepsiyasının yazılması türkçülük ideologiyasının deyil, türkologiyanın problemidir. Professor Zaman Əsgərli Azərbaycan ədəbiyyatı tarixini üç dövrə – qədim dövr, orta əsrlər, yeni dövrə bölüb. İlk dövrə bizim eradan əvvəldən islama qədərki əsrləri, ikinci dövrə VIII – XVIII yüzillikləri, üçüncü dövrə isə XVIII – XIX yüzillikləri daxil edib. Ədəbi XX əsri 1905-1930; 1930-cu illərin ortaları (1934) – 1950-ci illərin sonları; 1950-ci illərdən üzü bəri olan mərhələlər kimi dövrləşdirib. Xalıq Koroğlu isə türk ədəbiyyatını dövrləşdirərkən ümumtürk amili ilə yanaşı, ictimai-iqtisadi formasiya prinsipini əsas götürüb. Göründüyü kimi, ümumən ədəbi dövrləşdirməyə daha çox "quruluş əsri” və ümumtürk mövqeyindən yanaşılıb.
AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov Azərbaycan ədəbiyyatının ədəbi-estetik, etnik-kulturoloji və ictimai-siyasi proseslərinə əsaslanan ümumi ədəbi dövrləşdirmə bölgüsü təqdim edib:
1. V-XII əsrlər Azərbaycan ədəbiyyatı, yaxud Azərbaycan ədəbiyyatı tarixinin qədim dövrü.
2. XIII-XVI əsrlər Azərbaycan ədəbiyyatı, yaxud Azərbaycan ədəbiyyatının orta dövrü.
3. XVII əsrdən XX əsrin əvvəllərinə qədərki Azərbaycan ədəbiyyatı, yaxud Azərbaycan ədəbiyyatının yeni dövrü.
4. XX əsrin əvvəllərindən sonrakı Azərbaycan ədəbiyyatı, yaxud Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrü.
Göründüyü kimi, akademik Nizami Cəfərov Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsini xronoloji olaraq qədim, orta, yeni və müasir mərhələlərdən keçirib. O, göstərdiyi prinsiplər daxilində dəyişmənin doğurduğu etnik-kultroloji, ictimai-siyasi prosesləri (şərait və nəticəni) əsas bilib və ədəbi-estetik proseslərə mövzu, ideya-məzmun və poetik forma baxımından yanaşıb.
Alimin bölgü prinsipində qədim dövr V-XII əsrlərə aid edilib. Onu da əlavə edib ki, "birinci dövr əsasən epos, ikinci dövr isə lirika dövrüdür”.
Professor Nizami Cəfərov qədim dövrü mifalogiyadan, folklordan yox, V əsrdən, yeni dövrü XIX əsrdən yox, XVII əsrdən başlayıb və qədim dövr üçün eposu, Azərbaycan intibahının təşəkkülü üçün xalq ədəbiyyatının yazılı ədəbiyyata etnokulturoloji təsiri, realizmin bədii-estetik düşüncənin əsasında dayanması, Azərbaycan ədəbiyyatı, coğrafiyası və insanının milli ədəbiyyatın predmetinə çevrilməsi, Azərbaycan ədəbiyyatının differensiasiyasının başa çatması kimi amilləri səciyyəvi bilib. Və daha çox Məhəmməd Fuad Köprülü və Bəkir Çobanzadəyə əsaslanıb.
Lakin akademik N.Cəfərov, akademik T.Kərimli, professor Z.Əsgərli və A.Bakıxanovanın müəllif olduğu X sinif üçün Ədəbiyyat dərsliyində Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi bu cür göstərilib:
1. Qədim dövr (ən qədim zamanlardan XIII əsrə qədər)
2. Orta dövr (XIII əsrdən XVII əsrə qədər)
3. Yeni dövr (XVII – XX əsrin əvvəllərinə qədər)
4. Ən yeni dövr (XX əsrin əvvəllərindən bu günə qədər)
Akademik Nizami Cəfərov müasir dövr ədəbiyyatını XX əsrin əvvəllərindən sonra gələn zaman olaraq hüdudlandırıb və onu əsasən sovet dövrünə aid edib. Hazırda Təhsil Nazirliyinin təhsil standartlarına uyğun olaraq, ali məktəblərin proqramlarında özünə yer alan müasir ədəbiyyat mərhələsi sovet dövrü Azərbaycan ədəbiyyatı kimi tədris edilir. Mövcud proqramlar da əsasən bu cür qəbul olunub.
XI sinfin ədəbiyyat dərsliyində XX əsrin əvvəllərindən sonraya aid olan dövr (yeni dövr) belə təsnif edilib:
I mərhələ - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 50-ci illərə qədər.
II mərhələ - XX əsrin 50-ci illərindən bu günə qədər.
Dərslikdə sovet dövrü Azərbaycan ədəbiyyatı üç mərhələdən keçib:
1. Təşəkkül mərhələsi (20-ci illərin ortalarından 30-cu illərin əvvəllərinə qədər).
2. Təkamül mərhələsi (30-cu illərin əvvəllərindən 50-ci illərin ortalarına qədər).
3. Süqut mərhələsi (50-ci illərin ortalarından 80-ci illərə qədər).
Göründüyü kimi, müəlliflər XX əsr epoxası üçün sosial başlanğıcı, quruluş amilini əsas götürüb, tarixi-ədəbi dövrü ADR və sosializmin qələbəsi, milli azadlıq hərəkatının başlanması reallıqları ilə (ədəbi-estetik, etnik-kultroloji və ictimai-siyasi prosesləri nəzərdə saxlamaqla) hüdudlandırıb. Professor Alxan Bayramoğlu da XIX və XX əsrlərin ədəbi dövrləşdirilməsində Cümhuriyyət dövrünü məxsusi nəzərə alıb. O, hesab edib ki, irs – varislik olaraq bu dövr nəinki XX əsrin 20-30-cu illərinin ərəfəsi, XIX əsrin 90-cı illər ədəbi-fəlsəfi ideya və ənənələrinin yetirməsidir.
Professor Nizaməddin Şəmsizadə 1920-30-cu illər ədəbiyyatşünaslığının qənaətlərinə əsaslanaraq, belə bir bölgü təqdim edib:
1. Folklordan ayrılma (sinkretizmin pozulması, fərdin həlledici mövqeyə keçməsi) dövrü.
2. Orxon-Yenisey dövrü (VI-VII).
3. Farsdilli ədəbiyyat dövrü (X-XII).
4. Anadilli ədəbiyyatın təşəkkülü (XIII-XVI).
5. Xalq-aşıq ədəbiyyatı və realizmin dirçəlişi dövrü (XVI-XVIII).
6. Realizm və romantizmin yeni təşəkkülü dövrü (XIX-XX əsrin əvvəlləri).
7. Proletar (sovet) ədəbiyyatı dövrü.
Professor N.Şəmsizadə müxtəlif prinsipləri, ədəbi-tarixi prosesin ictimai-tarixi, ədəbi-bədii inkişaf məntiqini əsas götürüb.
Ədəbi dövrləşdirmənin formasiya amilinə professor Şirindil Alışanlı və professor Tehran Əlişanoğlu məqsədəuyğun baxmayıb. Professor Ş.Alışanlı qeyd edib ki, XX əsr Azərbaycan ədəbiyyatının, XX əsrin əvvəlləri, sovet dövrü və müstəqillik dövrü mərhələlərinə ayrılması ictimai təfəkkürü mexaniki olaraq bədii fikrə tətbiq etməkdir. Bu prinsip ciddi elmi meyarlardan məhrumdur.
Professor Tehran Əlişanoğlu "XX əsr ədəbiyyatı – tarixi-tipoloji vahid kimi” məqaləsində "XX əsr Azərbaycan ədəbiyyatını tarixi-tipoloji vahid və sovet (dövrü) ədəbiyyatını isə bunun tərkibi kimi” götürüb, dünya ədəbi-elmi fikrinin təcrübəsinə istinad edib və XX əsr ədəbi təsnifatına bu baxımdan yanaşmaya üstünlük verib.
Azərbaycan ədəbiyyatı tarixi çoxcildliyi (6 cilddə) nəşrə hazırlanarkən demək olar ki, ənənəvi ədəbi dövrləşdirilmə prinsipi redaksiya heyəti tərəfindən saxlanılıb, birinci cild folklor, ikinci cild III-V əsrlərdən XIII əsrə qədərki dövrü, üçüncü cild XIII-XVIII əsrləri, dördüncü cild isə XIX əsri əhatə edib. V, VI cildlər çapa hazırlıq mərhələsindədir.
Ümumən, ədəbi dövrləşdirmə barəsində demək olar ki, az düşünülüb. Bu baxımdan akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinə dair elmi konsepsiyası təqdir olunandır...
Əlizadə Əsgərli,
AMEA Nizami Gəncəvi adınaƏdəbiyyat İnstitutunun direktor müavini,
filologiya üzrə elmlər doktoru
banner

Oxşar Xəbərlər