• şənbə, 20 Aprel, 15:02
  • Baku Bakı 23°C

Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu müzakirə olundu

06.10.17 19:34 8621
Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu müzakirə olundu
"Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya orqanlarından yüksəkdə dayanır. Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşdirilməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək müstəqil dövlətçiliyimizin milli-mənəvi, səfərbəredici dayaqlarından biri olan dövlət dilinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik”. Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə «Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu» mövzusunda keçirilən konfransda səslənən bu fikirlər ana dilimizlə bağlı KİV-də mövcud olan problemlərin aktuallığını yada saldı.

Azərbaycançılıq məsələsi

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransın birbaşa ölkə prezidentinin tapşırığı ilə keçirildiyini qeyd etdi: "Məqsəd qapımızı döyən qloballaşma, transmilliləşmə və digər bu kimi proseslərdə ana dilimizin qorunub-saxlanılması, onun inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsindən ibarətdir. Hər bir xalqın dili təkcə həmin xalqa mənsub insanlar arasında ünsiyyət vasitəsi deyil, həm də daha çox onun tarixi yaddaşı, təfəkkür tərzi, dünyagörüşü, mədəniyyəti və psixologiyasının zənginləşməsi xəzinəsidir. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişaf etdirilməsi və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir». Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatındakı rolunu dəyərləndirən «Millətin milliliyini ən birinci təsdiq edən onun ana dilidir» fikirlərini xatırladan şöbə müdiri "Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətimizdir” deyə bildirdi: "Bu, təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir. Azərbaycan dili dövlətimizin əsas atributlarından olmaqla yanaşı, Azərbaycançılıq ideologiyasının mühüm elementi, siyasi və mədəni dayağıdır. Azərbaycan dili ölkəmizdə, eyni zamanda, dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın əsas ünsiyyət vasitəsi olmaqla, onların mənəvi doğmalığının əsasını təşkil edir”.
PA rəsmisi vurğuladı ki, ana dili, həmçinin ölkəmizdə bərqərar olan multikulturalizmin vəhdətini təmin edir: "Məhz bu amillər bizdən dövlət dilinin ifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir. Azərbaycan dili özünün hazırki səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib”. Ə.Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərin xüsusilə əlamətdar olduğunu xatırladı: "Ulu öndərin prinsipial mövqeyi sayəsində, Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSRİ-nin 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsdiq edilib. 1995-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edildi”. Prezidentin köməkçi 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsinin Heydər Əliyevin sərəncamı əsasında baş tutduğunu bildirdi. Ulu öndərin imzaladığı digər bir sərəncamla avqustun 1-i "Azərbaycan əlifbası və Azərbaycan dili” Günü kimi elan edilib. Növbəti addım 2002-ci ilin sentyabrında Azərbaycan Respublikasında "Dövlət dili haqqında” qanunun qüvvəyə minməsi olub. Bu qanun Konstitusiyaya uyğun olaraq ölkəmizdə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib.
Prezidentin köməkçisi diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün ölkə prezidenti İlham Əliyev ardıcıl olaraq davam etdirir: "Cənab prezident 2015-ci ilin noyabrında AMEA-nın 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğuladı, lüzumsuz yerə dilimizdə yad sözlərin işlənməsinin əleyhinə olduğunu bildirdi. Ölkə prezidenti dövlət dilinin tətbiqi dairəsinin genişlənməsi üçün çoxsaylı tədbirlər həyata keçirib. 2004-cü il yanvarın 12-də ölkə başçısının imzaladığı «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında», 2004-cü il yanvarın 14-də «Azərbaycan Ensiklopediyasının nəşri haqqında», eləcə də 2007-ci il 30 dekabrda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin «Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının nəşr edilməsi haqqında” sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb.
Əli Həsənov müasir dövrdə geniş vüsət alan qloballaşma prosesinin dövlət dilinin istifadəsi sahəsindən yan keçmədiyini qeyd etdi: "Fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemləri, texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi, maneəsiz informasiya mübadiləsi imkanlarının artması dövlət dilini zənginləşdirməklə yanaşı, eyni zamanda, neqativ təsirlərə də məruz qoyub. Bu hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan kütləvi informasiya vasitələrində özünü qabarıq şəkildə büruzə verir. Təəssüf ki, tez-tez KİV-də, o cümlədən elektron vasitələrdə dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsi müşahidə olunur. Bu amilləri nəzərə alaraq prezident İlham Əliyev 2012-ci ilin mayında «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” xüsusi sərəncam imzalayıb. Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-də işlənməsinin fonetik, sintaktik və semantik normalarında ciddi yayınmaların olduğu vurğulanıb. Sənəddə qeyd edilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir. Yerli-yersiz yad ünsürlər dilimizə gəlir. Aidiyyatı qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub nəticələr ümumiləşdirilmir”.
PA rəsmisi prezidentin sərəncamında göstərilən məsələlərlə bağlı qüsurların bu gün də aradan qaldırılmadığına təəssüfünü gizlətmədi: "Ona görə də ölkə başçısı dövlət dilinin KİV-də istifadəsi sahəsində problemlərin bir daha müzakirə edilib, vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə xüsusi tapşırıq verib”.

Şablon ifadələrin yer aldığı məkan

Hər bir xalqın formalaşmasında və təşəkkül tapmasında ana dilinin müstəsna yeri olduğunu deyən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli rəhbərlik etdiyi qurumun 15 illik fəaliyyəti dövründə ana dilimizin televiziya və radio məkanında istifadəsi ilə bağlı məsələləri həmişə diqqətdə saxladığını qeyd etdi: "Monitorinqlər zamanı Azərbaycan dilli verilişlərin həcminin 50 faizdən az olduğunu görərək bu sahədə qəti addımlar atmağa başladıq. 2003-cü ildə qurum televiziya və radio yayımı, dövlət dilindən istifadə ilə bağlı xüsusi qaydalar qəbul etdi. Bununla da televiziya kanalları və radio rəhbərləri qarşısında ciddi tələblər qoyuldu. Beləcə, Azərbaycan dilində olan verilişlərin həcmi 75 faizə çatdırıldı”. N.Məhərrəmlinin sözlərinə görə, 2008-ci ilin yanvar ayından kiçik istisnalarla teleradio məkanında bütün verilişlər Azərbaycan dilində aparılmalı olduğundan, Azərbaycan dövləti ana dilimizin tətbiq sahəsini daha da genişləndirib: "Yaşadığımız dövrdə baş verən dəyişikliklər ana dilimizin inkişafına, eyni zamanda ədəbi dil normalarının pozulmasına böyük təsir göstərir”.
Şura sədri bildirdi ki, dilçi alimlərin apardığı monitorinqlər məişət danışıq dilinin ədəbi dilin şifahi forması ilə ümumiləşdirilməsini üzə çıxarıb. Yəni efirdə televiziya dili yox, məişət dili hakimdr: "Televiziya artıq dialektlərin, ləhcələrin, şablon ifadələrin yer aldığı bir məkana çevrilir”. Qurum rəhbəri Azərbaycan dilinə yad sözlərin daxil olmasını da narahatedici məqam kimi qeyd etdi: "Aparıcılar bəzən lüzumsuz yerə xarici sözlərdən istifadə edirlər. Özlərini daha müasir və savadlı göstərmək istəyirlər. Bu isə əks effekt doğurur. Aparıcılar vurğu məsələsinə diqqət yetirmirlər, sürətli danışırlar. Bu, xüsusən xəbər aparıcılarına aiddir”. N.Məhərrəmli, həmçinin reklam dilində və düblyaj redaksiyalarında problemlərin mövcudluğunu diqqətə çatdırdı. Onu da qeyd etdi ki, telekanallarda bədii şuraların yaradılması ideyası gündəmə gəlsə də, təəssüf ki, bu məsələ də kağız üzərində qalıb.

Cərimələr olsa…

Mətbuat Şurasının fəaliyyətə başladığı gündən mediada ana dilinin qorunması ilə bağlı monitorinqlər həyata keçirdiyini deyən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov dil normalarının pozulmasını, həmçinin dövlət qanununun pozulması kimi dəyərləndirdi: «Mətbuatda baş verən pozuntu halları diqqəti daha çox cəlb edir. Monitorinqlərin nəticələri göstərir ki, mediada dilin qaydalarının bütün sahələrində pozulma halları on minlərlədir”. MŞ sədrinin sözlərinə görə, ənənəvi mediada dilin qaydalarının pozulması halları elektron mediadan daha azdır. M.Amaşov dil qaydalarının pozulmasının səbəbini dilimizə müxtəlif alınma sözlərin daxil olması, o cümlədən media orqanlarında ixtisaslaşmanın olmaması ilə əlaqələndirdi: «İqtisadi terminləri bilməyənlər iqtisadiyyatdan, müalicə və müayinəni bilməyənlər tibbdən, ədəbi janrları bilməyənlər ədəbiyyatdan, təlim və tədrisi bilməyənlər təhsildən yazır».
M.Amaşov korrektə səhvləri, durğu işarələrinin yerində işlənməməsi, xüsusən lazımsız yerə vergül işarəsindən istifadə məsələləinə də toxundu: «Ədəbi dil qüsurlarının aradan qaldırılması üçün ictimai aktivliyin artırılmasına ehtiyac var. Media təmsilçilərinin peşə hazırlığının yüksəldilməsi, nitq mədəniyyətinin formalaşdırılması, təhsildə təkmilləşmə lazımdır”.

Peşəkar olmayan jurnalistlər

Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov hazırda efirdə ən çox gözəçarpan səhvlərin fonetik səhvlər olduğunu qeyd etdi: "Yazılı mətbuatımızın səviyyəsi yüksəkdir. Yalnız bilməməkdən irəli gələn səhvlər var. Mətbuat kütləvi vasitə olduğundan, burda bütün işçiləri yüksək peşəkar səviyyəyə qaldırmaq mümkün deyil”. N.Cəfərov efirlərdə müğənnilərin aparıcılıq etməsini mənfi hal kimi dəyərləndirdi: "Teleradio sahəsinə ana dilini yaxşı bilən insanlar cəlb olunmalıdır. Dil mədəniyyəti birbaşa təfəkkürlə bağlıdır».
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov da telekanallara daha çox istedadlı aparıcıların cəlb olunmasının tərəfdarı kimi çıxış etdi: "İstedadlı jurnalistləri arxası, imkanı olan jurnalistlərin ayağına verməsək, bu problemlərin çoxu həll olunacaq. Hər hansı vəzifəyə istedadsız jurnalist gətirilməməlidir. Dilin qaydalarını pozanlar da daha çox peşəkar olmayan adamlardır».
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Mövsüm Nağısoylu telekanallarda "Azərbaycan dili” verilişinin olmamasını təəssüflə qeyd etdi: "Düşünürəm ki, həmin verilişin bərpa olunması bu sahədəki nöqsanların aradan qaldırılmasına kömək edə bilər”. M.Nağısoylu qəzetlərdə korrektə işinin bərbad vəziyyətdə olmasını da qeyd etdi.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla dilçi alimlərin potensialından istifadə etməklə, aparıcılar üçün aylıq seminarlar, eyni zamanda xarici dil kursları təşkil etməyin tərəfdarı olduğunu bildirdi.
«Ədəbi və bədii dilimiz üçün elə də böyük təhlükə yoxdur, ancaq onun gözəlliyini qorumaq vacibdir” deyə müzakirələrə qatılan Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı telekanallara dəvət olunan aparıcıların şəxsiyyətinin, intellektinin nəzərə alınmasının vacibliyini vurğuladı, yazışma, dəftərxana mədəniyyətinin aşağı səviyyədə olduğunu dedi: "Dil qurumu bu sahədə müxtəlif monitorinqlər keçirib. Dilin idarələrdə, küçədə, reklamlarda işlənməsinə diqqət yetirilməlidir”.
Müzakirələrdə telekanallarda "Azərbaycan dili” verilişinin, AzTV və İTV-də televiziya akademiyasının yaradılması, diktorlar, aparıcılar üçün treninqlərin, kursların təşkili, vəsaitlərin çap olunması və digər təkliflər səsləndirildi.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər