“Azərbaycan dövlətinin yanında olmağa ilahi inancımızla borcluyuq”
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca "Mənəvi
dəyərlərin təbliği: necə və nə etməli?" adlı silsilə tədbirlərini uğurla davam
etdirir.
Birlikdən verilən məlumata görə, bu gün növbəti tədbir Şamaxı şəhərində keçirilib.
Tədbirdə çıxış edən "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai
Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, ictimai birlik yarandığı gündən
ölkəmizdə milli və mənəvi dəyərlərimizin təbliği və mühafizəsi yolundadayanmadan mücadilə verməkdədir: "Bizim silsilə tədbirlərimizin əsas
məqsədi ölkə vətəndaşlarına xüsusilə gənclərimizə milli vətənpərvərlik ruhunun
aşılanmasını, mənəvi dirçəlişimizin yüksəlişini ən əsas və müqəddəs prinsip
kimi təqdim etməkdir. Milli mənəvi dəyərlər, eləcə də adət və ənənələr daima
insan münasibətlərinin tənzimləyicisi vəistiqamətverici qüvvəsi olub. Məhz buna görə də övladlarımızı hələ
uşaq yaşlarından bu ruhda tərbiyə etməliyik. Unutmamalıyıq ki, bu həm də
mükəmməl bir müsəlman üçün iman məsələsi olmalıdır”.
Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək söyləyib ki, mənəvi dəyərlərə
bağlılıq, milli irsimizə sahib çıxmaq və bu müqəddəs dəyərləri gələcək
nəsillərə ötürmək missiyası bu gün bizlərin üzərinə düşür: "Çox təəssüflər
olsun ki, bəzi dairələr İslam adı altında gənclərimizin dini duyğularını istismar
edərək öz radikal düşüncələrini onlara aşılamağa cəhd edirlər. Belə radikal qüvvələrin
ölkəmizdə birlik və bərabərliyimizin pozulmasına yönələn bütün addımlarının zərərləşdirilməsi
naminə hər birimiz Azərbaycan dövlətinin yanında olmağa ilahi inancımızla borcluyuq.
Azərbaycanda milli və mədəni irsimizə dövlətin göstərdiyi diqqət və qayğının
şahidiyik. Bu mənada hesab edirəm ki, məhz milli və mənəvi irsimizin həqiqi
himayəçisi Prezident İlham Əliyevdir”.
Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Babaqədir
Qədirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavid Əhmədov
və rayonun nüfuzlu din adamları, ziyalılar mövzu ətrafında çıxış ediblər.
Qeyd edək ki, tədbirdə çoxlu sayda ictimaiyyət nümayəndələri və
rayonun fəal gəncləri iştirak edib.