• cümə axşamı, 28 mart, 21:39
  • Baku Bakı 13°C

Azərbaycan dövlətinin uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb

01.06.13 08:38 4406
Azərbaycan dövlətinin uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb
- Hicran xanım, məlumdur, 1 iyun tarixi bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu baxımdan, ölkəmizdə uşaq hüquqlarının təminatı istiqamətində həyata keçirilən siyasət haqqında nə deyə bilərsiniz?
- Gələcəyimiz olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycanın sürətli iqtisadi inkişafı sosial problemlərin həlli üçün etibarlı zəmin yaradır. Elə bu baxımdan, son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılmaqdadır. Hələ neçə il əvvəl dünyada başlamış qlobal iqtisadi böhran fonunda 2009-cu il Azərbaycanda möhtərəm Prezidentimizin Sərəncamı ilə «Uşaq ili» elan edilmişdi. Bu, uşaq siyasəti istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinə geniş imkanlar açmış, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin bir daha uşaqların problemlərinə cəlb etmək baxımından böyük əhəmiyyət kəsb etmişdir.
“Uşaq ili” çərçivəsində uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmışdır. Son illər uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılmış, bu istiqamətdə mühüm tədbirlər reallaşdırılır.
Bu siyasətin davamı kimi Azərbaycanın Birinci Xanımı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olmuşdur. Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların yüksək standartlara cavab verən təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində önəmli layihələr həyata keçirməkdədir.
Hazırda uşaqların dövlət qayğısı ilə təmin edilməsi, hüquqlarının müdafiəsi daim diqqət tələb edən sahələrdir. Bundan əlavə, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, yüksək səviyyəli ümumi orta təhsilin təmin edilməsi və təhsil sisteminə nəzarətin həyata keçirilməsi də diqqət mərkəzindədir. Məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır.
- Uşaq məsələləri ilə bağlı Azərbaycan hansı beynəlxalq sənədlərə qoşulub? Eyni zamanda, ölkəmizdə uşaq hüquqları ilə bağlı qanunvericilik bazası hansı səviyyədədir?
- Ölkəmiz 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə (3 avqust) Konvensiyanın 2 Əlavə Protokoluna qoşulmuşdur. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu qəbul olunmuşdur. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilmişdir.
Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlmişdir.
Uşaq sahəsində mövcud problemlərdən ən aktualı hesab edilən erkən nikah probleminin həlli məqsədilə 2011-ci ildə Milli Məclisdə Ailə Məcəlləsinə əlavə və dəyişiklik edilərək qızların nikah yaşının 17-dən 18-ə qaldırılması məsələsi gündəliyə daxil edilmiş və ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın diqqəti sayəsində bu məsələ öz həllini tapmışdır.
Eyni zamanda, Cinayət Məcəlləsinə 176-1. maddə əlavə edilmişdir ki, nikah yaşına çatmayan şəxs nikaha daxil olmağa məcbur etməyə gərə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
2010-cu ildə Komitənin təklifi və yaxından iştirakı ilə Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanunda məişət zorakılığından əziyyət çəkən yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsi ilə bağlı müəyyən müddəalar mövcuddur.
2012-ci ilin mayında isə ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası təsdiq edilmişdir. Qaydalar uşaq sahəsində nəzarətin gücləndirilməsi, müvafiq dövlət orqanlarının uşaq sahəsində fəaliyyətinin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
“Uşaq Hüquqları Konvensiyası” uşaqların hərtərəfli qorunması və müdafiəsini əhatə edən beynəlxalq sənəddir. Məhz bu Konvensiyaya qoşulan ölkələr uşaqların müdafiəsi istiqamətində mütəmadi olaraq BMT-nin uşaq hüquqları Komitəsinə hesabat təqdim edir və mütəmadi olaraq Komitə iştirakçı dövlətlərə hesabatlarla bağlı tövsiyələrini verir.
BMT-nin Uşaq Hüquqları Komitəsinin 59-cu sessiyasında Azərbaycan hökumətinin BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının icra vəziyyəti ilə bağlı dördüncü, Konvensiyanın “Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına dair” və “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair” Fakültativ Protokollarının icra vəziyyəti ilə bağlı ilkin hesabatlarının müzakirəsi keçirilmişdir. Müzakirələrin nəticəsi olaraq BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan hökumətinə qarşıdakı 5 il üçün uşaq sahəsində tövsiyələrini təqdim etmişdir. Tövsiyələrdə ötən müddət ərzində hökumət tərəfindən uşaq sahəsində görülmüş işlər, xüsusi olaraq ölkədə uşaq sahəsində həyata keçirilmiş qanunvericilik islahatları, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı atılmış addımlar nailiyyət olaraq qiymətləndirilmişdir.
- Sizin Komitə bu günlə bağlı hansı tədbirlər həyata keçirir? Bu sahədə hansı təşkilatlarla əməkdaşlıq edilir?
- Komitəmiz mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlər, layihələr ən müxtəlif istiqamətləri əhatə edir. Ailələrdə və dövlət uşaq müəssisələrində yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək, insanların əlillik probleminə olan diqqətini artırmaq məqsədilə ümumrespublika tədbirləri təşkil olunur.
Hökumət uşaqların problemlərini həmişə diqqət mərkəzində saxlayır, onların hüquqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçiririk. 2011-ci ilin noyabrında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və UNİSEF-in birgə təşkilatçılığı ilə Azərbaycan uşaqlarının II Forumu keçirildi. Forumda ölkənin bütün regionlarından 350 uşaq iştirak edirdi. 7 işçi qrupunda aparılan müzakirələrdə uşaqların suallarını dövlət qurumlarının nümayəndələri cavablandırdılar. Müzakirə olunan problemlər Forumun sonunda qəbul olunmuş Bəyannamədə öz əksini tapdı. Bu böyük tədbirin əhəmiyyəti o idi ki, ölkənin azyaşlı sakinlərinin uşaq problemlərinə olan münasibəti öyrənildi, ictimaiyyətin diqqəti bir daha uşaqların həyatına yönəldi.
Son günlər isə Qobustan Milli muzeyində qaçqın-köçkün uşaqların ekskursiyası və eyni zamanda istirahətinin təşkili, Daun sindromlu uşaqlar üçün Qala Dövlət Tarix-Etnoqrafiya muzeyinə ekskursiya, Naxçıvanski adına hərbi liseyin kursantları və dövlət müəssisələrində tərbiyə alan uşaqların görüşü və şahmat yarışının təşkili, eləcə də 1 İyun gününə həsr olunmuş Azərbaycanın hər rayonunu təmsil edən ölkə və beynəlxalq miqyasda uğur qazanmış uşaqların iştirakı ilə möhtəşəm tədbir keçirilib.
Eyni zamanda, Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi çərçivəsində Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində, dövlət uşaq müəssisələrində QHT-lərlə birgə uşaqların ixtisasa yiyələnməsi məqsədilə mütəmadi olaraq görüşlər keçirilir, uşaqların maraq və ehtiyaclarına uyğun kurslar təşkil olunur.
Bütün bunlar göstərir ki, uşaq hüquqlarının təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir və aidiyyəti dövlət qurumları tərəfindən bir sıra addımlar atılır.
- Hicran xanım, sizcə, ölkəmizdə uşaqların sağlam ruhda böyüməsi və tərbiyə olunması, layiqli vətəndaş kimi yetişməsi üçün cəmiyyətin üzərinə nə kimi vəzifələr düşür?
- Azərbaycan xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması, uşaqlar tərəfindən qanun pozuntularının profilaktikası və digər sahələrdə önəmli dövlət proqramları qəbul edilmişdir. Bütün bunlarla yanaşı, uşaq hüquqlarının hərtərəfli təmin edilməsi, uşaq problemlərinin həlli bu istiqamətdə ardıcıl surətdə kompleks tədbirlərin reallaşdırılmasını şərtləndirir.
Həmçinin, uşaq problemlərinin ayrı-ayrı aspektləri, o cümlədən uşaqların sağlamlığının qorunması, uşaqların keyfiyyətli təhsil almaq imkanlarının artırılması, inklyuziv təhsilin inkişaf etdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların tələbatına yönəlmiş infrastrukturun yaradılması, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin, uşaq baxımsızlığının və uşaq əməyinin istismarının, onlara münasibətdə zorakılığın, uşaqlar arasında hüquq pozuntularının qarşısının alınması, cəmiyyətin uşaq hüquqları və uşaq problemləri ilə bağlı geniş maarifləndirilməsi istiqamətində dövlət orqanlarının fəaliyyətinin daha da gücləndirilməsinə, bəzi məsələlər üzrə əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.
Uşaq problemləri sahəsində digər məsələlərin həllinə ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələrinin, habelə beynəlxalq təşkilatların cəlb edilməsi birinci növbəli vəzifələrdəndir.
Regionlarda sağlam həyat tərzinin təbliği, qızların təhsildən yayınmasının və erkən nikah hallarının qarşısının alınması, valideyn himayəsindən məhrum olan uşaqlara diqqətin artırılması istiqamətində uşaqlarla, valideynlərlə, aidiyyəti dövlət və qeyri-dövlət orqanlarının əməkdaşlarının iştirakı ilə geniş maarifləndirmə kampaniyaları aparılır.
Əlillik uşaq və ailələrin üzləşdiyi ən ağır mənəvi və fiziki problemlərdən biridir. Tədqiqatlar göstərir ki, bu problem ailələrin dağılması və uşaqların internat müəssisələrinə düşməsinin əsas səbəblərindən birini təşkil edir. Bu gün Azərbaycanda rəsmi qeydiyyatda olan 61293 uşaq müxtəlif formalı xəstəlik və onların ağır nəticələri üzündən əlilliyə məruz qalmışdır.
BMT-nin “Əlilliyi Olan İnsanların Hüquqları Haqqında Konvensiya”sı 2008-ci ildə Azərbaycan Hökuməti tərəfindən ratifikasiya edilmişdir.
Bu Konvensiyanın ratifikasiya edilməsi əlilliyi olan insanlar üçün daha geniş imkanların yaranmasına, bərabər imkanların təmin olunmasına təkan verəcəkdir.
Hökumətin diqqətində olan əhəmiyyətli məsələlərdən biri də yuvenal ədliyyə sahəsində islahatlardır. Bu məqsədlə “Yuvenal ədliyyə haqqında” Qanun layihəsi hazırlanaraq geniş ictimai müzakirələrə çıxarılmışdır. Bu istiqamətdə məhkəmə və hüquq-mühafizə sisteminin əsas işçilərinin bacarıqlarının artırılması, cinayət törətmiş yeniyetmələrə qarşı həbs cəzasına alternativ olan cəzaların tətbiq edilməsi üzrə modellərin tərtib edilməsinə əlverişli şəraitin yaradılması, cinayət qurbanları və şahidləri olan yeniyetmələrin müdafiəsi üçün xüsusi tədbirlərin görülməsi, eləcə də Yuvenal ədliyyə sisteminin yaradılması üçün tələb olunan struktur təşkilatlanma və hüquqi dəyişikliklərin müəyyən edilməsi və dəstəklənməsi işləri həyata keçirilir.
Sonda mən bütün uşaqlara ən xoş arzularımı bildirir, onlara xoşbəxt uşaqlıq yaşamağı arzu edirəm.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər