AZE | RUS | ENG |

Azərbaycan dövlətinin qazandığı uğurlar məhz Heydər Əliyev siyasətinin təntənəsidir

Azərbaycan dövlətinin qazandığı uğurlar məhz Heydər Əliyev siyasətinin təntənəsidir
Akademik İsmayıl Hacıyev: Heydər Əliyevin hakimiyyəti dövrü tariximizə böyük inkişaf və quruculuq illəri kimi daxil olub

Azərbaycan tarixində 14 iyul gününün xüsusi mənası və əhəmiyyəti var. Belə ki, 1969-cu il 14 iyulunda xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev respublikamızda siyasi hakimiyyətə gəldi. Bununla da cəmiyyət həyatının bütün sahələrində yeni dövr başladı.

Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev səsləndirib.

"Yaşlı nəslin nümayəndələri çox yaxşı xatırlayır ki, XX əsrin 60-cı illərində respublikamız ittifaq respublikaları arasında axırıncı yerlərdən birini tuturdu. Əslində, belə olmamalı idi. Çünki respublikamızın yerləşdiyi coğrafi ərazinin əlverişliliyinə, yeraltı və yerüstü sərvətlərinin kifayət qədər zəngin olmasına və burada əməksevər, işgüzar insanların yaşadığına görə respublikamız bütün sahələrdə inkişaf etməli və uğurlar qazanmalı idi. Lakin idarəetmənin zəifliyi iqtisadiyyatın da geri qalmasına səbəb olmuşdu”, - deyən akademik qeyd edib ki, bu baxımdan, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsi də tamamilə qanunauyğun idi. Çünki Heydər Əliyev əvvəlki vəzifələrində özünü kifayət qədər səriştəli, bacarıqlı, işgüzar, idarəetmənin kamil bilicisi kimi göstərə bilmişdi. Ulu Öndər öz idarəetmə bacarığı, işgüzarlığı ilə artıq ittifaq miqyasında da tanınırdı. Lakin həmin dövrdə belə təcrübə yox idi ki, hüquq-mühafizə orqanlarından birinin başçısı respublika rəhbəri seçilsin. Dahi şəxsiyyət Heydər Əliyev bu ənənəni qırdı və Azərbaycan rəhbərliyinə gətirildi.

İsmayıl Hacıyev vurğulayıb ki, Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən qısa vaxt sonra ölkəmizdə inkişaf və tərəqqi özünü göstərməyə başladı. Ulu Öndərin respublikamızın problemlərini dərindən bilməsi, onların həlli yollarını müəyyənləşdirməsi, ən başlıcası isə bütün xalqı vahid məqsəd ətrafında birləşdirməsi gələcək uğurlar və inkişaf üçün əsas oldu. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində (1969-1982) Azərbaycanı geridə qalmış aqrar ölkədən inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevirdi. Aqrar sahəsindəki uğurlar, xüsusilə üzümçülük və pambıqçılıq rekord səviyyədə inkişaf etdirildi. Respublikamız iqtisadi artım sürətinə görə orta ittifaq səviyyəsini üstələdi. Bu illərdə Azərbaycanda istehsal olunan milli gəlirin həcmi 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 2,3 dəfə artdı. Respublikamızda istehsal edilən 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edildi. Bakı Dərin Dəniz Özülləri zavodu, Bakı Məişət Kondisionerləri zavodu, "Azon” zavodu, Sumqayıt kompressorlar zavodu və digər yeni sənaye müəssisələri istifadəyə verildi. Ümumiyyətlə, bu dövrdə 250 zavod və fabrik tikildi, yaxud yenidən quruldu.

Orta və ali məktəblərin şəbəkəsi genişləndirildi, yüksək ixtisaslı kadr hazırlığına diqqət artırıldı, azərbaycanlı gənclər keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı, gənclərin hərbi ixtisaslara yiyələnməsi təmin edildi. Mədəniyyətin inkişafına diqqət artırıldı, elm və mədəniyyət xadimlərinə yüksək fəxri adlar verildi. Azərbaycan Respublikasının xalq təsərrüfatının hərtərəfli inkişafı üçün ittifaq hökumətinin beş qərar verməsinə nail olundu.

Akademik deyib: Ümummilli Lider hakimiyyətinin ikinci mərhələsində də respublikamızı üzləşdiyi hərtərəfli böhrandan xilas etdi. 1993-cü ildə respublikamız çətin sınaqlarla üz-üzə qalanda xalqımız yeganə xilaskar hesab etdiyi Heydər Əliyevi yenidən rəhbərlikdə görmək istəyirdi. Çünki xalqımız bilirdi ki, ölkəni fəlakət və qarşıdurmadan yalnız Ulu Öndər xilas edə bilər. Hətta dünyanın bir sıra nüfuzlu siyasət, elm, mədəniyyət xadimləri deyirdi ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olsaydı, respublika bu vəziyyətlə qarşılaşmaz, xain qonşularımız cəsarət edib Azərbaycana qarşı belə mövqe tuta bilməzdi. Heydər Əliyev hakimiyyətin ikinci mərhələsində də müdrikliyi və qəti mövqeyi ilə ölkəmizi məhv olmaqdan xilas etdi, müstəqilliyimizi qoruya bildi, atəşkəsə nail oldu, "Əsrin müqaviləsi” bağlanıldı. Ulu Öndər Azərbaycan Respublikasını dünya dövlətləri içərisində lider ölkə səviyyəsinə qaldıra bildi, onun hərtərəfli inkişafını təmin etdi, gələcək inkişafı üçün strateji xətti müəyyənləşdirdi.

Ulu Öndərin Azərbaycan Respublikasının ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasının inkişafı üçün bütün imkanlarından istifadə etdiyini xatırladan AMEA Naxçıvan Bölməsinin sədri bildirib ki, dahi şəxsiyyət 1990-1993-cü illərdə Naxçıvanda yaşadığı və Ali Məclisə Sədrlik etdiyi dövrdə bir sıra tarixi qərarların qəbul edilməsinə nail oldu. Rus qoşunlarının silah-sursatı və hərbi texnikanı yaranmaqda olan yerli orduya təhvil verməsi, özəlləşdirmənin həyata keçirilməsi, SSRİ-nin saxlanılmasına dair referendumun Naxçıvanda baş tutmaması, üçrəngli bayrağın, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qəbul edilməsi, Naxçıvan MSSR-nin adından "Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan Ali Sovetinin Ali Məclis adlandırılması, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi və bu kimi digər mühüm qərarların qəbulu Heydər Əliyev qətiyyətinin, uzaqgörənliyinin nəticəsi idi. Hələ XX əsrin 70-80-ci illərindən Naxçıvanın inkişafı üçün davamlı iş aparılması, yeni sənaye obyektlərinin yaradılması, sosial obyektlərin tikilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bir neçə mikrorayonun salınması Heydər Əliyevin qayğısı sayəsində mümkün olmuşdu.

"Bütövlükdə Heydər Əliyev dövrü, yəni ötən 50 il tariximizin ən şərəfli, böyük inkişaf və möhtəşəm quruculuq illəridir. Bu illər Azərbaycan Respublikasını tənəzzüldən intibaha yüksəltdi”, - deyən akademik İsmayıl Hacıyev vurğulayıb ki, Ümummilli Liderin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyası bu gün onun layiqli varisi – Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan dövlətinin qazandığı uğurlar məhz Heydər Əliyev siyasətinin təntənəsidir.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056