• cümə axşamı, 18 aprel, 08:32
  • Baku Bakı 12°C

Azərbaycan dövlətinin inkişafı xalqın öz əlindədir - Fotolar

28.07.17 21:07 3868
Azərbaycan dövlətinin inkişafı xalqın öz əlindədir - Fotolar
Müstəqilliyinin 25 ilini geridə qoyan Azərbaycan ötən müddət ərzində böyük inkişaf yolu keçib. Xüsusən də ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizin bütün sahələrində mühüm islahatlara start verilib. Qısa zamanda ictimai-siyasi, sosial-iqtisadi, humanitar sahələrdə, ordu quruculuğunda böyük işlər görülüb, uğurlu layihələrə imza atılıb. Böyük uzaqgörənliklə həyata keçirilən neft strategiyası, "Əsrin müqaviləsi”nin imzalanması, "Bakı-Tbilisi-Ceyhan” layihəsinin işə düşməsi ilə ölkəyə valyuta axını başlayıb, iqtisadiyyata yatırılan daxili və xarici sərmayələrin həcmi ilbəil artıb. Bu da Azərbaycan iqtisadiyyatının güclənməsi ilə müşayiət olunub.

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, cənab İlham Əliyevin Prezident kimi ölkəyə rəhbərlik etdiyi vaxtdan etibarən isə qara qızılın insan kapitalına çevrilməsi prosesinə start verilib. Bununla yanaşı, neftdən əldə edilən gəlirlərin bir qismi uzun illər yığılıb qalmış bəzi sosial problemlərin həllinə, müasir dövrün tələbləri ilə səsləşən irihəcmli layihələrin həyata keçirilməsinə yönəldilib.
Yoxsulluq probleminin həlli
Misal üçün, Azərbaycanda sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” təsdiq edilib. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilib. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artıb və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil edib. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını, habelə bununla bağlı BMT-nin qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri”ndən irəli gələn vəzifələrin ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilməsini təmin etmək məqsədi ilə ölkə başçısı tərəfindən 15 sentyabr 2008-ci il tarixdə imzalanan sərəncamla "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” da təsdiq edilib.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi
Qeyd edək ki, yoxsulluğu yaradan əsas amillərdən birinin işsizlik olduğu nəzərə alınaraq, yoxsulluqla mübarizədə ölkədə əməkqabiliyyətli əhalinin məşğulluğunun təmin olunması sahəsində tədbirlərin həyata keçirilməsinə önəmli yer verilib. Belə ki, ölkənin əməkqabiliyyətli əhalisinin məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Prezidentinin 15 may 2007-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)" təsdiq edilib. Proqram çərçivəsində əmək bazarının təkmilləşdirilməsi, onun institusional inkişafı, məşğulluq sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri həyata keçirilib. Sözügedən Proqramın davamı olaraq Azərbaycan Prezidentinin 15 noyabr 2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Proqram çərçivəsində əmək bazarının tənzimlənməsinin təkmilləşdirilməsi, işçi qüvvəsinə olan tələbatın stimullaşdırılması və insan kapitalının inkişaf etdirilməsi, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun inkişafı, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib.
Regional inkişaf proqramları
Onu da diqqətə çatdıraq ki, yoxsulluğun azaldılmasında təhsil, səhiyyə, ətraf mühitin qorunması, həmçinin digər sosial sahələrdə həyata keçirilən proqramlar da mühüm yer tutub. Bu baxımdan 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən və hazırda icrası uğurla davam etdirilən regional inkişaf proqramları xüsusi diqqət çəkir. 2014-cü ilə qədər dövlət proqramlarının icra olunduğu 10 il ərzində ölkədə ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Bu günə olan statistik rəqəmlərə görə isə, son 14 ildə Azərbaycanda işsizlik və yoxsulluq 5 faizə düşüb, 1.5 milyondan artıq yeni iş yeri açılıb, 3 mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilib, şəhər və rayonlarda Heydər Əliyev Mərkəzi, Gənclər Evi, Tarix Diyarşünaslıq Muzeyi, digər çoxsaylı sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib, yeni parklar, istirahət mərkəzləri yaradılıb və sair tədbirlər həyata keçirilib.
Müharibə şəraitində inkişaf
Bu yerdə onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan müstəqilliyinin ilk illərindən qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalıb, ərazisinin 20 faizi işğal olunub. Ermənistan siyasi rəhbərliyinin yürütdüyü deportasiya, soyqırımı, işğal siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. 1994-cü ildə atəşkəs barədə razılıq əldə olunmasına rəğmən, faktiki olaraq indiyə qədər də Azərbaycan müharibə şəraitində yaşayıb, daim işğalçı Ermənistanın hərbi təxribatları ilə üzləşib. Belə bir şəraitdə Azərbaycan bütün ölkə vətəndaşlarının, o cümlədən qaçqın və məcburi köçkünlərin də sosial problemlərinin həllini diqqət mərkəzində saxlayıb. Misal üçün, 2003-cü ilə qədər Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 18 şəhər və rayonda bütün zəruri sosial-texniki infrastruktura malik 32 qəsəbə, 400 min kvadrat metr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi,3174 yerlik 18 məktəb, 6 musiqi məktəbi, 576 yerlik 18 uşaq bağçası, 2 xəstəxana, 10 klub, 11 rabitə evi, 14 inzibati bina, 16 tibb məntəqəsi tikilib, 197 kilometr uzunluğunda asfalt yol, 170 km su xətti, 350 km hava elektrik xətti, 22 artezian quyusu, 133 km irriqasiya sistemi, 73 su anbarı və sair sosial obyektlər istifadəyə verilib. Nəticədə 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin, ümumilikdə 32 min nəfərin mənzil şəraiti yaxşılaşdırılıb. Beləliklə də ölkəmizdə mövcud olan 12 çadır düşərgəsindən Biləsuvar rayonundakı 5-i 2003-cü ildə ləğv edilib.
Qaçqın və məcburi köçkünlərə qayğı
Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmətlə təmin edilməsi üçün 2004-cü ildə Dövlət Proqramı qəbul olunub, 2007 və 2011-ci illərdə bu proqrama əlavələr təsdiqlənib. Dövlət Proqramına uyğunolaraq, qaçqın və məcburi köçkünlərin sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan bütün lazımi tədbirlər mərhələlərlə həyata keçirilib. Ümumiyyətlə, bu istiqamətdə tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait ayrılıb. Nəticədə, Azərbaycandakı son çadır şəhərciyi də 2007-ci ildə ləğv olunub. Çadır şəhərciklərində ağır şəraitdə yaşayan insanlar qaçqın və məcburi köçkün ailələri üçün inşa olunmuş 100-dək müasir yaşayış qəsəbəsinə köçürülüblər. Bununla da ümumilikdə 50 min ailə, 250 mindən çox insanın yaşayış şəraiti yaxşılaşdırılıb, onlar yeni mənzillə təmin olunublar. Eyni zamanda, salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunub. Son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkün yeni iş yeri ilə təmin olunub.
Qəzalı binalardan yeni mənzillərə
2017-ci ildə də Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda məskunlaşan qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi üçün müvafiq tədbirlər görülüb. Birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlərplanı hazırlanıb. Həmin plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 binanın inşa olunmasına başlanılıb. Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün 5 binanın tikintisi başlayıb və digər 5 binanın inşası üçün də yer ayrılıb. Bununla yanaşı, Qaradağ rayonundakı 6 hektardan çox ərazidə yeni yaşayış kompleksinin yaradılması, ümumilikdə 1026 ailə üçün 9 mərtəbəli 11 binanın inşasına başlanılıb. Ən geci bir il ərzində başa çatdırılacaq bütün bu işlər nəticəsində qəsəbənin bütün lazımi infrastrukturu olacaq, o cümlədən 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası da tikiləcək.
Sosial evlərin inşası
Onu da əlavə edək ki, vətəndaşların sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar yalnız qaçqın və məcburi köçkünləri deyil, digər kateqoriyadan olan insanlarımızı da əhatə edib. Buna misal olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçiləri, alimlər, yazıçılar, mədəniyyət nümayəndələri, hərbçilər, idmançılar, jurnalistlər, müharibə veteranları, əlillər və şəhid ailələrinin müxtəlif illərdə dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsini göstərmək olar.

Ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına da başlanılıb və bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilib. Bütün bunlarla bərabər, ötən illər ərzində sovet dövründən qalmış əmanətlər əhaliyə qaytarılıb, ölkə əhalisinin bütün kommunal problemləri həllini tapıb, 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilməklə Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edilib, qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə qalxıb, 11 min kilometrdən çox avtomobil yolu tikilib, regionlardan Bakıya yeni su xətti çəkilməklə paytaxtın fasiləsiz su təminatı 80 faizə çatdırılıb. Həmçinin regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılaraq, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Sahibkarlara 2 milyard manatdan artıq güzəştli kredit
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi layihələr nəticəsində kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər də görülüb, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılıb, Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilib. Ölkədə pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunub. Ötən müddət ərzində Azərbaycan sahibkarlarına ümumilikdə 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilib ki, bunun da hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri yaradılıb. Azərbaycanda turizmin inkişaf etdirilməsi məqsədilə çoxlu sayda 5 ulduzlu otellər də daxil olmaqla 300-dən çox mehmanxana, eyni zamanda bölgələrdə 6 hava limanı tikilib, Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminalı istifadəyə verilib. Görülən bütün bu işlərlə paralel olaraq, bu illər ərzində maaşlar, pensiyalar və digər sosial ödənişlər də dəfələrlə artırılıb.
Sosial problemlərin həlli prioritetdir
Sadalanan bütün bu faktlar onu göstərir ki, dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Prezident İlham Əliyevin təəbirincə desək, Azərbaycan bundan sonra da iqtisadi və siyasi inkişaf yolu ilə getməlidir və gedəcək. Çünki Azərbaycan dövlətinin inkişafı Azərbaycan xalqının əlindədir, ölkəmiz Azərbaycan xalqının iradəsi ilə idarə olunur. Məhz buna görə də Azərbaycan böyük iqtisadi inkişafa nail olub, böyük meqalayihələri icra edib. Əldə edilmiş bütün bu uğurların təməlində Azərbaycan iqtidarının düşünülmüş siyasəti, demokratik cəmiyyətin formalaşması, xalq-iqtidar birliyi dayanır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər