AZE | RUS | ENG |


Dövlətin bir neçə prioritet istiqamətdə hədəflərini müəyyənləşdirən qurum

Dövlətin bir neçə prioritet istiqamətdə hədəflərini müəyyənləşdirən qurum
İqtisadçı ekspertlər “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyətini belə dəyərləndirirlər

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə dünyadakı vəziyyəti ətraflı təhlil edərək, siyasi səbəblər üzündən neftin qiymətinin kəskin ucuzlaşmasını, bundan irəli gələrək yeni iqtisadi böhranın yaranmasını diqqətə çatdırdı. Elə həmin toplantıda ölkə başçısı yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən etdi. Birmənalı olaraq qeyd etdi ki, ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək bu siyasət, bir sıra islahatları özündə əks etdirməklə, qeyri-neft sektorunun, eləcə də insanların sosial rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Beləliklə də qarşıdakı 2016-cı ilin ciddi iqtisadi islahatlar ili olacağı, qarşıdakı aylar ərzində həyata keçiriləcək tədbirlər nəticəsində Azərbaycanın dayanıqlı iqtisadi tərəqqisinin təmin olunacağı bəyan edildi. 2016-cı ilin ilk aylarında isə iqtisadi islahatların daha sürətlə aparılması üçün dövlət başçısı tərəfindən bir çox sərəncamlar, qanunlar imzalandı, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, ölkənin ixrac potensialının artırılması, xarici sərmayənin cəlb edilməsi, yerli istehsalın artırılması üçün çox mühüm qərarlar qəbul edildi. Bu çərçivədə atılan addımlardan biri də həmin ilin aprel ayında "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması haqqında sərəncam imzalaması oldu. 

ASC-nin yaradılması kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi daşıyırdı. Artıq qeyd olunan sərəncamın imzalanmasından və sözügedən ASC-nin yaradılmasından bir ilə yaxın vaxt keçir. Bu müddət ərzində ASC bölgələrdə nümayəndəliklərini yaradıb, dövlət başçısı İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün zəruri addımlar atıb. İqtisadçı ekspertlər də "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyəti barədə fikirlərini bizimlə bölüşərkən, sözügedən qurumun əhəmiyyətini, məhz zərurətdən irəli gələrək zamanında yaradıldığını vurğulayıblar.
 
 
 
Kəndli-fermer təsərrüfatlarının problemləri necə həll edilir? 
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov "Kaspi”yə açıqlamasında vaxtilə qəbul edilən Ərzaq Təhlükəsizliyi Proqramını xatırladaraq, bu proqram çərçivəsində qarşıya qoyulan əsas vəzifələrdən birinin də bazarın yerli məhsullarla təmin olunması, kənd təsərrüfatının inkişaf etdirilməsi, daxili bazarın qorunması olduğunu söyləyib. Millət vəkili deyib ki, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC də bu kimi tədbirlərin davamı, eyni zamanda post neft dövründə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsi kimi yaradılıb: "Bu cəmiyyət yarandığı dövrdən qapalı müəssisələrin, o cümlədən məktəblərin, uşaq bağçalarının, hərbi hissələrin, xəstəxanaların və sair dövlət qurumlarının ərzaqla təminatına başlayıb. Qısa zamanda bu istiqamətdə atılan addımlar yüksək effektlə özünü göstərdi. Deputat seçildiyim rayondakı dövlət müəssisələrində tez-tez tədbirlərdə, görüşlərdə oluram. Apardığım müşahidələr, eyni zamanda apardığım söhbətlər onu deməyə əsas verir ki, həmin qurumlar, eləcə də sadə vətəndaşlar tərəfindən "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyəti razılıqla qarşılanır. Dövlət müəssisələri vaxtında keyfiyyətli ərzaq növləri ilə təmin edilir. Onu da yaddan çıxarmaq olmaz ki, səhmdar cəmiyyətin funksiyası sadəcə, müəssisələri ərzaqla təmin etmək deyil. Bu qurum paralel olaraq kənd təsərrüfatı məhsullarının tədarük edilməsini də həyata keçirir. Yəni, əvvəlcədən fermerlərə, kəndlilərə sifarişlər edilir, sonra isə istehsal edilən, əkib-becərilən həmin məhsullar təhvil alınır”. 

Millət vəkili A.Hüseynovun sözlərinə görə, ən önəmlisi və təsərrüfatçı üçün stimul yaradan məqam burasıdır ki, səhmdar cəmiyyət bağlanılan müqavilə üzrə sifariş etdiyi məhsulun ümumi həcminin 25 faizi qismində avans verir: "Loru dildə desək, yeni yaradılan qurum kəndlidən alacağı məhsulun ümumi həcminin 25 faizinin pulunu bəri başdan ödəyir. Bu, olduqca vacib məqamdır. Çünki, bu vaxta qədər kəndli, fermer əkib-becərdiyi məhsulun əlində qalmasından, bazara çıxara bilməməsindən, nəticədə isə ziyana düşməsindən şikayət edirdi. Yaxud, kəndlinin öz məhsulunu bazara çıxardığı zaman təklif edilən qiymət həmin məhsulun maya dəyərini ödəmirdi. Bu da kənd təsərrüfatına ziyan vurur, kəndlinin əkin-biçindən əlini soyudurdu. Ancaq yeni yaradılan cəmiyyət tərəfindən tədarükün aparılması, sifarişlərin və öncədən avansların verilməsi kəndli-fermer təsərrüfatlarının bir qədər əvvəl qeyd edilən problemlərini həll edəcək. Bu da həm kənd təsərrüfatının inkişafına, həm də daxili bazarın qorunmasına, kənd təsərrüfatı malları və ərzaqla təminatda xaricdən asılılığın aradan qaldırılmasına xidmət edəcək. Bundan başqa, yeni yaradılan cəmiyyət ölkə daxilində istehsal edilən kənd təsərrüfatı və ərzaq məhsullarının xaricə çıxarılmasına da təmin edir. Bu isə bir qədər öncə sadaladığım müsbət məqamlardan əlavə, ölkəyə əlavə valyutanın daxil olmasına da şərait yaradacaq”.
 
 
 
"İstehsalçılar arasında müəyyən maarifləndirmə işləri aparılmalıdır” 
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Tahir Mirkişili isə deyib ki, makroiqtisadi tənzimləmədə dövlət alışlarının və dövlətin keyfiyyət standartlarının çox böyük rolu var. Onun sözlərinə görə, bazarda ən böyük alıcılardan biri kimi dövlət orqanlarının tələbi milli istehsalçıların təklifini və onun strukturunu formalaşdırır. İqtisadçı deputat bizimlə söhbətində bildirib ki, bu istiqamətdə effektliyə nail olmağın ən mühüm yolu dövlət alışlarını mərkəzləşdirmək və bundan milli istehsalın inkişafında səmərəli istifadə etməkdir. T.Mirkişilinin qənaətinə görə, məhz "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaranması da bu zərurətdən irəli gəlib. Millət vəkili bildirib ki, bu, həm milli istehsalın inkişafına, həm də ərzaq məhsullarının keyfiyyətinin artırılmasına ciddi dəstək olacaq. 
 
 

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı da hesab edir ki, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yeni qurum sayılsa da, artıq bir sıra addımlar atıb. Onun sözlərinə görə, ASC istehsalçılarla müqavilə bağlayaraq, müqavilə dəyərinin yüzdə iyirmi beş faizi həcmində onlara avans verir. İqtisadçı qəzetimizə açıqlamasında bildirib ki, ASC tərəfindən gerçəkləşdirilən bu kimi tədbirlər mühüm əhəmiyyətə malikdir: "Bu addımı dəstəkləsəm də, istehsalçılar arasında müəyyən maarifləndirmə işlərinin aparılmasına, hüquqi yardımın göstərilməsinə də ehtiyac duyuram. Əksəriyyət istehsalçı geniş məlumata sahib deyil. Ona görə də müqavilənin, şərtlərin müəyyən edilməsi, yarana biləcək mübahisələrin həlli və sair məsələlər istehsalçıya ətraflı izah edilməlidir. Təqdirəlayiq haldır ki, artıq ASC ölkənin müxtəlif ərazilərində 12 regional ofisini, tədarük anbarlarını yaradıb. Bu da yaxşı haldır. Arzu ediləndir ki, istehsalçılar gələcəkdə haqsız rəqabətlə qarşılaşmasınlar deyə, onlar arasında bərabərhüquqlu imkanlar yaradılsın. Hesab edirəm ki, ortaya daha səmərəli iş çıxarmaq üçün yeni ASC həm aqrosənaye qurumları, həm də fövqəladə hallar nazirliyi və digər dövlət təşkilatları ilə sistemli şəkildə hərəkət etməlidir. Hətta biznes planların hazırlanması istiqamətində ASC-nin istehsalçılara yardım etməsi də faydalı olar. Ən nəhayət, qurumun fəaliyyətinə dair hesabatların davamlı şəkildə geniş ictimaiyyətə təqdim edilməsi onun şəffaflığını tam ortaya qoyar”. 
 
 

"Ən vacib məqam idxaldan asılılığın aradan qaldırılmasıdır”
 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov da "Kaspi”yə açıqlamasında "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılmasının zərurətdən irəli gəldiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, belə bir qurumun yaradılması ilə Azərbaycan dövləti bir neçə prioritet istiqamətdə öz hədəflərini müəyyənləşdirib: "Bu hədəflərdən birincisi ərzaq təhlükəsizliyinin qorunması və vətəndaşların fasiləsiz olaraq ərzaqla təmin edilməsi, eyni zamanda ərzaq və kənd təsərrüfatı məhsullarının çıxış imkanlarının artırılmasıdır. İkinci hədəf dövlət müəssisələrində ərzaq və kənd təsərrüfatına olan tələbatının yerli istehsal sayəsində ödənilməsidir. Nəticə etibarilə bu, rəqabətli şəkildə, uyğun qiymətə dövlət mülkiyyətində olan müəssisələrin, dövlət qurumlarının ərzaq təminatının həyata keçirilməsinə səbəb oldu. Üçüncüsü, bu ASC-nin yaradılması ölkədə fermer təsərrüfatının inkişafı baxımından da vacib idi. Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC fermer təsərrüfatçıları üçün yeni bazar və ya alıcı deməkdir. Fermer təsərrüfatı sahibləri öz məhsullarının realizasiyasında xeyli imkanlar əldə etdilər. Bu isə həmin təsərrüfatların daha da inkişafına təkan verir. Sözügedən ASC-nin yaradılmasında ən vacib məqam idxaldan asılılığın aradan qaldırılmasıdır. İdxaldan asılılığın azaldılması ölkədə valyutanın qalmasına, Azərbaycanın ərzaq məhsullarına olan tələbatının ödənməsində xaricdən asılılığın aradan qaldırılmasına xidmət edir. Artıq onu deyə bilərik ki, yaradılan yeni ASC-nin hesabına dövlət qurumlarının ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənir. Bu baxımdan ASC-nin öz fəaliyyətini tədricən qurduğunu, belə qurumların yaradılması ilə hədəflərin postneft dövrünün yeni tələblərinə uyğunlaşdırıldığını söyləmək olar. Bunun kimi instutsional dəyişikliklər imkan verəcək ki, qarşıya qoyulan bütün hədəflərə çatmaq mümkün olsun”.

Sonda qeyd edək ki, Azərbaycanda 2016-cı ilin əvvəlindən başlayaraq bir sıra islahatların həyata keçirilməsi, o cümlədən "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması ölkəmizdə qeyri-neft sektorunun sürətlə inkişafına töhfə verəcək. Belə tədbirlər gələcəkdə qeyri-neft sektorunun ixrac strukturunda da böyük çəkiyə malik olması ilə nəticələnəcək. Bütün bunlar isə Cənubi Qafqazın lider dövləti Azərbaycanın hərtərəfli tərəqqisinə səbəb olmaqla bərabər, vətəndaşlarımızın sosial rifahını daha da yaxşılaşdıracaqdır.

Rufik İSMAYILOV

Yazı "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202