• cümə axşamı, 28 mart, 15:13
  • Baku Bakı 16°C

Azərbaycan dövləti koronavirusa qarşı bütün lazımi tədbirləri görür

11.07.20 12:45 485
Azərbaycan dövləti koronavirusa qarşı bütün lazımi tədbirləri görür
Azərbaycanda həyata keçirilən siyasət strateji xarakter daşıyır və ölkəmiz istənilən gözlənilməz hal üçün hər an hazırdır.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.
Deputat qeyd edib ki, müəllifi ulu öndər Heydər Əliyev olan "Əsrin müqaviləsi” bağlanan dövrdən keçən vaxt ərzində Azərbaycanda geniş quruculuq işləri aparıldı, ölkəmizin sanki yenidən inşa olunmasına başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə bu işlər davam etməklə yanaşı, yeni mərhələyə qədəm qoydu.
"Hazırda dünya qlobal pandemiya ilə üz-üzədir. COVID-19 ölkəmizdən də yan keçmədi. Virusa qarşı qısa vaxt ərzində lazımi infrastruktur optimallaşdırıldı, modul tipli xəstəxanalar yaradıldı. 800 çarpayılıq xəstəxanalar artıq istifadəyə verilib, yaxın vaxtlarda daha 1300 çarpayılıq xəstəxanalar hazırlanacaq. Eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, hazırda ölkə ərazisində yerləşən 45 xəstəxanada koronavirus xəstələri müalicə alırlar ki, bu tibb ocaqlarının 36-sı məhz Prezident İlham Əliyevin sərəncamları ilə son dövrlər inşa olunub. Ölkəmiz koronavirusun istənilən pessimist ssenarisinə hazırlıqlarını davam etdirir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, əsas məsələ Azərbaycan xalqının sağlamlığıdır. Azərbaycan dövləti koronavirusa qarşı bütün lazımi tədbirləri görür lakin xüsusi qeyd olunmalıdır ki, bu işin digər tərəfi var, o da vətəndaş məsuliyyətidir. Hər birimiz operativ qərargah tərəfindən verilən tapşırıqlara ciddi əməl etməliyik. Nə qədər bu qaydalara ciddi şəkildə əməl edəriksə, bir o qədər koronavirus pandemiyasından tez yaxa qurtararıq”, - deyə deputat vurğulayıb.
Azərbaycanın koronavirusla mübarizə məqsədilə əksər beynəlxalq təşkilatlarla, o cümlədən ÜST-lə əməkdaşlığını davam etdirdiyini söyləyən Şahin İsmayılov bildirib: "Koronavirusun dünyadakı iqtisadi proseslərə mənfi təsiri hər birimizə məlumdur. Bu proses Azərbaycan iqtisadiyyatından da yan keçməyib. Lakin müqayisədə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı az zərər çəkən iqtisadiyyatlardandır. Prezident İlham Əliyevin iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına verdiyi müsahibə zamanı dediyi kimi, Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə, cəmi 1,7 faiz tənəzzülə uğrayıb. Bu da Azərbaycan iqtisadiyyatının güclü əsaslar üzərində qurulması ilə bağlıdır. İqtisadiyyatdakı nisbi geriləməyə baxmayaraq, ölkədə heç bir sosial layihə təxirə salınmayıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Güclü Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını qorumaqla yanaşı, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün da fəaliyyətini davam etdirir. Prezident yerli kanallara müsahibə zamanı həm də neftin qiymətindəki dalğalanmarla da bağlı vacib fikirlərini bildirib. Qeyd edib ki, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik. Bu, bir daha Azərbaycan dövlətinin və onun iqtisadiyyatının gücünün göstəricisidir. Pandemiya zamanı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərməyimiz bu faktın bir daha təsdiq edir”.
banner

Oxşar Xəbərlər