• cümə axşamı, 25 aprel, 15:30
  • Baku Bakı 23°C

Azərbaycan dövləti həkimlərin əməyini və fədakarlığı daim yüksək qiymətləndirir

17.06.20 15:45 631
Azərbaycan dövləti həkimlərin əməyini və fədakarlığı daim yüksək qiymətləndirir
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Həmin Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi müdrik dövlət rəhbərinin həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə verdiyi dəyərin ifadəsi idi. Hər dəfə bu əlamətdar gün ərəfəsində həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tibb işçilərinin təltif edilməsi barədə sərəncamlar imzalayıblar. Elə bu il də Prezident İlham Əliyevin Sərəncamı ilə 18 nəfər "Əməkdar həkim”, 2 nəfər "Əməkdar tibb işçisi”, 16 nəfər isə "Tərəqqi” medalı ilə təltif edilib. Bu, ondan irəli gəlir ki, dövlət həkimlərin əməyini və fədakarlığı daim yüksək qiymətləndirir.
BunuAZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, ölkəmizdə müasir tələblərə cavab verən tibb ocaqları tikilir, köhnə səhiyyə müəssisələri bərpa olunaraq yeni avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmət səviyyəsinin yüksəlməsinə imkan yaradır. "Ölkəmizdə 650-dək yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Statistikaya görə, hazırda Azərbaycanda 33 minədək həkim, 54 minə qədər tibb işçisi əhalinin sağlamlığının keşiyində dayanıb. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Eyni zamanda, Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı, onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması istiqamətində gördüyü işlər də böyük razılıq və rəğbət doğurur. Eləcə də gələn ildən icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Bununla da ölkə miqyasında əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, xidmət keyfiyyətinin daha da yüksəldilməsi və səhiyyə sisteminin maliyyə potensialınının daha da güclənməsi təmin ediləcək”, deyə deputat bildirib.
"Koronavirus pandemiyası dövründə Azərbaycanın səhiyyə sisteminin dayanıqlılığı və həkimlərimizin qabiliyyəti, bacarığı və fədakarlığı bir daha isbatlandı” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, pandemiya ilə mübarizədə böyük məsuliyyət həm də həkimlərin üzərinə düşür. O bildirib: "Həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlardan istifadə edirlər. Elə həkimlər var ki, 70 gündür evə getmirlər. Məsuliyyətsizlik, yaxud immunitetin zəifliyi səbəbindən bu virusa yoluxan xəstələri sağlam şəkildə həyata qaytarmaq üçün həkimlərimiz gecə-gündüz çalışırlar. Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı, sözün əsl mənasında, xalqımızın koronavirus pandemiyasının ağır sınaqlarından uğurla çıxmasında mühüm rol oynayır. Həkimlər pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana biliblər. Eyni zamanda, dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin göstərişi ilə həkimlərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirir”.
Deputat Sədaqət Vəliyeva bir həkim olaraq tibb işçilərinin koronavirus pandemiyası ilə mübarizədə göstərdikləri fədakarlığın hər kəs üçün nümunə olduğunu diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər