• cümə, 19 Aprel, 14:04
  • Baku Bakı 25°C

“Azərbaycan dünyaya əsl humanizmin necə olduğunu göstərir”

04.10.16 11:30 2109
“Azərbaycan dünyaya əsl humanizmin necə olduğunu göstərir”
Azərbaycan paytaxtı Bakı sayca beşinci dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edib. Humanitar Forumun gündəliyini "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, "Davamlı inkişaf və ekoloji sivilizasiya”, "Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” kimi mövzular təşkil edib. Bundan əlavə, "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu da ekspertlər tərəfindən müzakirəyə çıxarılıb. Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoq, fikir mübadilələri və müzakirələr meydanı olan bu Forum barədə "Kaspi”nin suallarını Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü, deputat Məlahət (Həsənova) İbrahimqızı cavablandırıb.
- Məlahət xanım, artıq beşinci dəfədir ki, Azərbaycan Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. Belə forumların paytaxt Bakıda keçirilməsinin ölkəmiz üçün hansı əhəmiyyətə malikdir?
- Beşinci dəfədir ki, ölkəmizdə keçirilən bu tədbir olduqca tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin dili ilə desək, bu tədbirlər dünyada həll olunmaz səviyyəyə çatan humanitar fəlakətlərin, problemlərin həlli üçün çözüm ünvanına çevrilib. Azərbaycan bu gün sadəcə təmsil olunduğu bölgənin deyil, dünyanın humanitar mərkəzinə çevrilib. Bu da Azərbaycan dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin düzgünlüyünü bir daha təsdiq edən amillərdəndir. Dövlət başçısı İlham Əliyev həyata keçirdiyi müstəqil siyasətlə, atdığı addımlarla Azərbaycan xalqının mahiyyətini, yəni, tarix boyu multikultural dəyərləri özündə yaşadan, bəlkə də ən tolerant xalq olduğunu nümayiş etdirir. Azərbaycan xalqının daim dünya xalqlarına, başqa dinin təmsilçilərinə hörmət və diqqətlə, sevgi və qayğı ilə yanaşdığını ortaya qoyur. Bu kimi həyat tərzi ilə Azərbaycan dünyaya əsl humanizmin necə olduğunu göstərir. Bu forumlarda siyasətçilər, diplomatlar, Nobel mükafatçıları, müxtəlif təbəqədən olan tanınmış simalar iştirak edirlər. İldən-ilə Bakıda keçirilən humanitar foruma diqqət daha da artır. Hətta Latın Amerikasından, Avstraliyadan belə, Forumda çox tanınmış şəxslər iştirak edirlər. Bu da Bakıda keçirilən forumun əhəmiyyətinin hansı səviyyədə olduğunu, dünya dövlətlərinin maraq-diqqətini çəkdiyini göstərir.
- Belə forumlarda aparılan müzakirələr, gəlinən qənaətlər bəşəriyyətdə müsbət mənada nəyəsə təsir edirmi?
- Əlbəttə! Belə forumlarda müzakirə edilən məsələlər, gəlinən qənaət beynəlxalq ictimaiyyətə çox ciddi təsir edir. Biz bu gün qeyd edirik ki, hər bir cəmiyyətdə ictimai qınaq olduqca önəmlidir. Belə qınaqlar dünya üçün də keçərlidir. Budəfəki forumda 10-dan artıq Nobel sülh mükafatı almış şəxs iştirak edirdi. Onların hər biri öz sahəsi üzrə dünyada tanınmış, nüfuzlu söz sahibidirlər. Onlar beynəlxalq ictimai rəyə təsir edəcək insanlardır. Onların Bakıdakı forumda iştirakı, müzakirəyə çıxarılan məsələlərlə bağlı fikir bildirmələri, beynəlxalq ictimaiyyətə yönəlik müraciətlər qəbul etmələri bəşəriyyəti gözləyən fəlakətlərin qarşısının alınmasına, mövcud təhlükələrin nisbətən səngiməsinə təsir edir. Eyni zamanda, onların çağırışları dünyada öz maraqlarını güdən və yalnız bu maraqlara uyğun siyasət həyata keçirən beynəlxalq güclər üçün sərt təpkidir. Bu baxımdan, Bakı forumu böyük əhəmiyyətə malikdir. Ona görə də düşünürəm ki, belə Forumlarda nə qədər çox tanınmış insanlar, o cümlədən siyasətçilər, prezidentlər, diplomatlar və sair iştirak edərlərsə, bəşəriyyət üçün bir o qədər xeyirli qərarlar qəbul olunar, dünyaya faydası toxunar.
- Bir az konkretləşdirsək, V Bakı Humanitar Forumu dünyaya hansı mesajı verdi?
- Bu suala cavab olaraq bir neçə məqamı vurğulamaq istərdim. Əvvəla bu Forumla Azərbaycan dünyaya daha yaxından tanıdılır. Vaxtilə humanitar fəlakəti yaşayan, bu gün də ərazi bütövlüyü pozulmuş, 20 faiz torpağı işğal altında saxlanılan Azərbaycan mövcud humanitar böhranın aradan qaldırılması istiqamətində dialoq aparılması üçün mühüm məkana çevrilir, bu böhrandan çıxış yolları araşdırılır, dünyaya çatdırılır. Azərbaycan xalqının hansı dəyərlərə malik olduğu, mənəvi baxımdan dünyanı qucaqlayacaq bir xalq olduğu bəşəriyyətə təqdim olunur. Bu forum dünyaya mesaj verir ki, Azərbaycan xalqının məhəbbəti sərhəd tanımır. Bu gün Azərbaycan mədəniyyəti, incəsənəti Avropada nümayiş olunur, diqqət və maraq cəzb edir. Hətta əcnəbilər də Azərbaycan muğamının sehrinə düşür, bu mədəniyyət nümunəsini sevərək dinləyir. Bu da ümumən Azərbaycanı dünyaya tanıdır. Halbuki, vaxtilə Azərbaycana qarşı geniş informasiya blokadası mövcud idi. Təcavüzkar Ermənistan, eləcə də dünyadakı erməni lobbisi Azərbaycan xalqının, dövlətinin imicini korlamaq üçün bütün imkanlardan maksimum yararlanır, yalanı da doğru kimi xarici ölkələrdə təqdim edirdilər. Bakıda keçirilən humanitar forumlar belə yalanların ifşası baxımından da əhəmiyyətli hadisədir. Belə tədbirlərdə iştirak edən əcnəbi şəxs ona təqdim edilən real faktlar əsasında Azərbaycanı yaxından tanıyır, ölkəmizin Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan etibarlı tərəfdaş olduğunu görür. Bakıda keçirilən forumlar Azərbaycanın sülh tərəfdarı olması barədə də dünyaya mesaj verir. 20 ildən artıq bir müddətdə ərazilərimiz Ermənistan tərəfindən işğal altında saxlanılır. Baxmayaraq ki, Azərbaycan demoqrafik göstəricisinə görə Ermənistandan iki dəfədən çox, hərbi, iqtisadi vəziyyətinə görə isə dəfələrlə çox üstünlüyə malikdir, ölkəmiz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə maraq göstərir. Baxmayaraq ki, Azərbaycanın hərbi gücü işğal altındakı əraziləri qısa zamanda tamamilə işğal etməyə qadirdir, dövlət başçımız və onu dəstəkləyən xalqımız münaqişənin danışıqlar yolu ilə həllinə sadiqliyini nümayiş etdirir. Biz yaxşı başa düşürük ki, müharibə insan itkisinə səbəb ola, regionun sabitliyinə, inkişafına mənfi təsir edə bilər. Onun üçün də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri vasitəsilə aparılan sülh danışıqlarının nəticə verəcəyinə ümidimizi itirmirik. Bu gün bu mövqeyi ilə, bu həqiqətlərin, o cümlədən Ermənistanın qeyri-konstruktiv mövqeyinin dünya dövlətləri təmsilçilərinə bir daha çatdırmaq ilə regiondakı sülhpərvərliyimizi nümayiş etdirir, dünyaya da sülh mesajı veririk. Bundan başqa, Bakı Forumu bəşəriyyətin inkişafını qəlbən istəyən tərəqqipərvər, sülhpərvər insanlar üçün bir çağırışdır.
- Forumun davam etdiyi günlərdə bu tədbirin iştirakçısı olan xarici ölkə vətəndaşları Qubadakı Soyqırımı abidəsi, eləcə də bir sıra muzeylər və tarixi abidələrlə tanış edildiyinin şahidi olduq. Siz bu kimi addımları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından necə dəyərləndirirsiniz?
- Azərbaycanı onsuz da dünyada tanıyırlar. Çünki, Azərbaycan 1990-cı illərin əvvəlindəki zəif ölkə deyil. Ümummilli lider Heydər Əliyevin, eləcə də onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kurs nəticəsində bu gün Azərbaycan inkişaf edib, regionun lider dövlətinə çevrilib. Bu inkişaf və tərəqqi ölkəmizdə bütün sahələrdə, o cümlədən təbliğat sahəsində də hiss olunmaqdadır. Misal üçün, Ermənistandan azərbaycanlıları deportasiya edənlər, Sumqayıtda daşnakların siyasətini təqdir etməyən erməni əhalisinə qarşı düşünülmüş qətliam həyata keçirənlər, Xocalıda soyqırımı törədənlər əsl faktları təhrif edərək dünyaya car çəkirdilər ki, guya azərbaycanlılar "məzlum” erməni xalqını qırır, məhv edir. Elə indinin özündə də Türkiyəyə qarşı ermənilər qondarma soyqırımı iddiası ilə çıxış etməkdədirlər. Halbuki, erməni diasporu və lobbisinin təsiri altında məqsədli soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirən Ermənistan siyasi hakimiyyəti, dövləti olub. Bu məqsəd üçün "ASALA” terror təşkilatı kimi onlarla silahlı cinayətkar dəstələr də yaradıblar. Bakı Forumuna gələn qonaqların Qubadakı soyqırımı məzarlığına aparılması ermənilərin dünyadakı antiazərbaycan, antitürk təbliğatının ifşa olunması baxımından olduqca əhəmiyyətlidir. Bundan başqa, mən əminəm ki, Qubada olan forum iştirakçıları bu rayonun Qırmızı qəsəbə adlanan yaşayış məntəqəsində də olub, orada yaşayan yəhudi əsilli yerli əhalinin həyat şəraiti ilə də tanış olublar. Yaxud İsmayıllıda, Gədəbəydə rusların kompakt şəkildə yaşadıqları İvanovka, Saratovka və sair kimi yaşayış məntəqələrində əhalinin həyat tərzi ilə maraqlanıblar. Yaxud Bakının mərkəzindəki erməni kilsəsinə də baxış keçiriblər. Forum iştirakçıları görəndə ki, Ermənistan tərəfindən işğala məruz qalan, düşmən tapdağındakı torpaqlarında maddi-mədəni abidələri vəhşiliklə dağıdılan Azərbaycan öz erməni əhalisinə qarşı heç bir təsir, təzyiq siyasəti aparmır, ayrı-seçkilik salmır, hətta onların dini ibadətgah evini təmir etdirir, o zaman onlarda ölkəmizin, xalqımızın multikultural, tolerant, sülhpərvər dəyərlərin daşıyıcısı olması barədə aydın təsəvvür formalaşır. Bununla yanaşı, buradakı tanışlıqlar ermənilərin illərdir apardıqları yalan təbliğatı da puç edir. Belə nümunələri çox sadalamaq olar.
- Sizcə, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, orada əhalimizə və tarixi abidələrimizə qarşı soyqırımı siyasəti aparması barədə həqiqətlərin Forumda diqqətə çatdırılması bu beynəlxalq tədbir iştirakçılarının düşüncəsində hər hansı dəyişikliyə səbəb olacaqmı?
- Əminəm ki, onların düşüncəsində Azərbaycanın xeyrinə müsbət dəyişikliklər mütləq olacaq. Onlar Azərbaycan xalqını, dövlətini görür, reallıqlarla tanış olur, Prezidentin həyata keçirdiyi siyasətlə tanış olurlar. Bu forumlarda iştirak edənlər dünyanın savadlı, tanınmış fikir sahibləridirlər. Onlar bilirlər ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə 4 qətnaməsi heç bir halda əsassız ola bilməz. Beynəlxalq hüququ, beynəlxalq sənədlər, beynəlxalq təşkilatlar, eyni zamanda dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ona hörmətlə yanaşır. Bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanınır. Forumda iştirakçı olan tanınmış adamlar həm bu sənədləri görür, bilirlər, həm də Azərbaycana gəlib buradakı xalqı, onun yaşam tərzini görür, reallıqları qiymətləndirirlər. Belə olan halda əlbəttə ki, forum iştirakçılarının hər birində Azərbaycanla bağlı real təsəvvürlər formalaşır, eyni zamanda, onlar ölkəmizin dostuna, təbliğatçısına, xoşməramlı səfirinə də çevrilirlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər