• cümə axşamı, 28 mart, 20:05
  • Baku Bakı 13°C

Azərbaycan dünyanın yeni çağırışlarına uyğun idarəetmə sistemi qurur

25.10.19 20:56 1762
Azərbaycan dünyanın yeni çağırışlarına uyğun idarəetmə sistemi qurur
Prezident İlham Əliyevin yanında keçirilən son iqtisadi müşavirədə dövlət başçısı qarşıda duran əsas vəzifənin iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirmək olduğunu bəyan edib. O, bütövlükdə ölkədə iqtisadi sahədə islahatların uğurla getdiyini xatırladaraq, beynəlxalq aparıcı maliyyə qurumları tərəfindən bu sahədəki fəaliyyətin yüksək qiymətləndirildiyini vurğulayıb. Azərbaycan Prezidenti bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatının dərc edilməsinə də diqqət çəkib. Deyib ki, bu hesabat Azərbaycanda aparılan islahatların ardıcıl xarakter daşıdığını bir daha sübut edib. Ölkə başçısının bir neçə gün bundan öncə imzaladığı sərəncamlarla Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi, indiyə qədər Vergilər Naziri olan Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin olunması da bu islahatların davamı sayıla bilər. Oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafının bundan sonra qeyri-neft sektoru hesabına davam etdirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə nazirə tapşırıqlar verib.

Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Kaspi” qəzetinə açıqlama verərək bildirib ki, Azərbaycan İlham Əliyevlə yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasındadır. Onun fikrincə, reallıq bundan ibarətdir ki, Azərbaycan zəngin bir ölkəyə çevrilmək mərhələsinə daxil olub, yeni iqtisadi idarəetmənin və şəffaf iqtisadiyyatın qurulması ölkənin yüksək inkişafa və keyfiyyətli həyat şəraitinə çatmasına imkan yaradıb. Millət vəkili deyib ki, ölkəmizdə qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanı yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi tanıdacaq: "Qarşıdakı illərdə demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin yeni müstəvidə və modern mərhələdə gücləndirilməsi, neft gəlirlərinin məqsədyönlü idarə olunması və birbaşa insan amilinə, yəni intellektual kapitala yönəlməsi, qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi, kiberinformasiya cəmiyyətinin formalaşdırılması, ən yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi Prezident İlham Əliyevin hədəflədiyi sahələrdir. Prezident İlham Əliyev son təyinatlar, həyata keçirdiyi struktur islahatlar, qəbul etdiyi məmurlara verdiyi tapşırıqlarda çox açıq mesajlar verib. Bildirib ki, ötən il keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında Azərbaycanda başlanılan yeni islahatların əsas istiqamətlər üzrə hədəfləri elan olunub. İslahatların əsas hədəflərindən biri dövlət qurumlarının fəaliyyətinin yeni dövrə, çağırışlara uyğun qurulmasıdır. Yeni çağırışlar, yeni hədəflər isə bürokratik idarəetmədən uzaqlaşmaq, şəffaflıq, köhnə məmurçuluqdan əl çəkmək, vətəndaşa xidmət etmək, yeniliyə uyğunlaşmaqdır”.


Milli Məclisin deputatı Azər Badamov Azərbaycanda aparılan iqtisadi islahatların həm də sosial islahatlarla dərinləşdiyini, sosial islahatların isə ölkəmizdə idarəetmə sisteminin yenidən qurulması, struktur islahatların həyata keçirilməsi ilə şərtləndiyini bildirib. Qeyd edib ki, Azərbaycan müstəqil dövlət olaraq dünyanın çağırışlarına uyğun idarəetmə sistemi qurur, dünyada baş verən proseslərlə ayaqlaşaraq paralel inkişaf edir: "Bu paralel inkişafdan geri qalmamaq üçün yeni təfəkkürlü, kreativ düşüncəli kadrların dövlət idarəetmə sistemində təmsil olunmasına ehtiyac duyulur. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar da məhz buna xidmət edir. Baş nazirin dəyişilməsi, keçmiş iqtisadiyyat naziri Şahin Mustafayevin baş nazirin müavini vəzifəsinə təyin edilməsi, yenidən struktur islahatların həyata keçirilməsi ilə bir neçə qurumun birləşdirilməsi və Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin olunması artıq Azərbaycanın yeni idarəetmə sisteminə qədəm qoyduğunu deməyə imkan verir. Azərbaycanda daha operativ, məqsədyönlü, çevik idarəetmə sisteminin yaradılması istiqamətində işlər görülür. Yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov bundan əvvəl çalışdığı digər nazirliklərdə uğurlu fəaliyyətini qurub, iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm addımlar atıb”.

Millət vəkili Eldəniz Səlimov son günlər həyata keçirilən kadr və struktur islahatlarını 2018-ci ildə prezident seçkilərindən sonra dövlət başçısı tərəfindən verilən anonsun əməldə reallaşması kimi dəyərləndirib. O bildirib ki, atılan addımlar Azərbaycan dövlətinin, onun uzaqgörən və müdrik lideri İlham Əliyevin iradəsi əsasında baş verir: "Son günlər istefa verən və dövlət başçısının sərəncamları ilə işlərindən azad edən şəxslərin hər biri tanınmış insanlar, Azərbaycan dövləti və cəmiyyətinin həyatında, inkişafında, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində xidmətləri, əməkləri olan kadrlardır. Onların hər biri ötən müddət ərzində üzərlərinə düşən missiyaları tam yerinə yetiriblər və özləri artıq könüllü şəkildə vəzifələrindən getmək, yerlərini, estafeti cavanlara, gənclərə ötürmək qərarını veriblər. Onların bu addımları təqdirlə, minnətdarlıqla, ehtiramla qarşılanıb. Dövlət başçısı tərəfindən onların fəaliyyəti, xidmətləri müsbət dəyərləndirilib, minnətdarlıq ifadə olunub, uğurlar arzulanıb. Bunun özü Azərbaycan reallığının, Azərbaycan siyasi mədəniyyətinin yeni bir təzahürü, yeni bir nümunəsidir. Azərbaycan, dövlət başçısı bu məsələdə bir çoxlarına nümunə, örnək ola bilər. Vəzifəsi dəyişdirilən və ya yeni təyinat alan şəxslərə gəlincə, onların da hər biri işinin peşəkarı, Azərbaycan dövlətinə və dövlət başçısına sədaqəti olan layiqli insanlar, layiqli mütəxəssislərdir. İnanıram və qəti şəkildə əminəm ki, onlar bundan sonra da üzərlərinə düşən işlərin öhdəsindən uğurla gələ biləcək, göstərilən etimadı tam doğruldacaqlar. Azərbaycanda bütün sahələrdə islahatlar, o cümlədən də kadr və struktur islahatları ehtiyac, zərurət olacağı təqdirdə, bundan sonra da davam etdiriləcək”.

Alpər TURAN
banner

Oxşar Xəbərlər