• şənbə, 20 Aprel, 05:11
  • Baku Bakı 15°C

Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib

28.05.18 14:00 1539
Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib
Tokio Universitetinin professoru, Yaponiya Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru Akira Matsunaqa Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədarAZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinin suallarını cavablandırıb. Həmin müsahibəni sizə tədim edirik.
- Cənab professor, bildiyimiz kimi bu il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və bununla əlaqədar yalnız Azərbaycanda deyil, eyni zamanda dünyanın bir çox ölkələrində çoxsaylı tədbirlər keçirilir. Azərbaycan tarixi və ədəbiyyatı ilə yaxından tanış olan bir tədqiqatçı kimi, müasir Azərbaycan dövlətinin formalaşmasında Azərbaycan Xalq Cümhuriyyətinin rolunu necə qiymətləndirərdiniz? Bu respublikanın Şərqdə və ümumulikdə müsəlman dünyasında demokratik ənənələrin formalaşmasında rolu barədə nə deyə bilərsiniz?
- Əvvəlcə bütün Azərbaycan xalqını dövlətçilik tarixinizdə, Azərbaycanda demokratik ənənələrin yaranmasında və formalaşmasında mühüm rola malik olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbrik edirəm. Bir tarixçi olaraq Azərbaycan xalqının qədim və zəngin tarixə, böyük dövlətçilik ənənələrinə malik olduğunu xüsusi qeyd etmək istəyirəm. Hazırda dünyanın hər yerində yaranmasının 100-cü ildönümü təntənəli şəkildə qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti yalnız xalqınızın deyil, eyni zamanda bütün islam dünyasının tarixində mühüm rola malik olub və onun tarixi əhəmiyyətini yüksək qiymətləndirmək lazımdır. Əgər onun yarandığı dövrü və coğrafi məkanı təhlil etsək görərik ki, bu dövlət Çar imperiyasının məhv edildiyi bir dövlətin ərazisində, ətrafında şah və imperator rejimlərinin hökm sürdüyü bir vaxtda yaranmasına baxmayaraq, özündə məhz xalq hakimiyyətinin demokratik dəyərlərini, parlament üsul-idarəsini əks etdirirdi. Həmin parlamentdə, demək olar ki, Azərbaycanda yaşayan bütün xalqların və mövcud siyasi partiyaların nümayəndələri təmsil edilmişdi. Bu dövlətdə yalnız müsəlman dünyasından deyil, eyni zamanda, bir çox Avropa dövlətlərindən də əvvəl qadınlara səsvermə hüququ verilmişdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət, demək olar ki, cəmiyyətin bütün sahələrində mühüm irəliləyişə yol açan addımlar atmışdı. İslam ölkələri arasında ilk olaraq gender bərabərliyinə hüquqi əsas verən dünyəvi və milli dövlət kimi AXC-nin əhəmiyyətini mütləq qeyd etmək lazımdır. Bu baxımdan islam dünyasında Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi rolu olub. Təəssüflər olsun ki, bu Cümhuriyyət qısa bir müddətdən sonra Bakının işğalı ilə süquta uğradı.Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Şərq tarixində böyük iz buraxdı. Dünyəvi dövlət olan AXC parlament təşkil edərək, burada tərəqqipərvər qanunlar qəbul edərək qadın-kişi bərabərliyini təmin etdi.
- Müasir müstəqil Azərbaycan AXC-nin siyasi-hüquqi varisidir. Bəs müasir Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasına AXC nə kimi təsir göstərib?
- 1991-ci ildə Sovetlər birliyinin dağılması ilə Azərbaycan Respublikası öz müstəqillini bərpa edib. Düşünürəm ki, müasir Azərbaycan 100 il öncəki müstəqillik ideyaları və məqsədləri əsasında formalaşıb və həmin ideyaları özündə əks etdirir. Azərbaycanda "Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı ilə qəbul edilən üçrəngli bayraq 100 il əvvəl olduğu kimi bu gün də Azərbaycanın əsas simvoludur. Yəni 100 il əvvəl formalaşan dövlətçilik ənənələri bu gün də yaşayır və Azərbaycanın inkişafına xidmət edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi müasir Azərbaycanda həmin vaxt formalaşan dövlətçilik ənənələrinə bu gün göstərilən xüsusi diqqətin ən bariz nümunəsidir.100 il öncəki AXC bugünkü Azərbaycanın varlığı üçün əhəmiyyətli məna daşıyır. Sovet imperiyasının tərkibindən çıxdıqdan sonra ulu öndər Heydər Əliyevin yürütdüyü siyasət və strategiya əsasında Azərbaycan mükəmməl dövlətə çevrilib. Xüsusilə, Xəzər dənizindən hasil olunan neftdən əldə edilən sərmayələrin müdrik şəkildə istifadəsi nəticəsində Azərbaycan müasir səviyyədə inkişaf edərək regionun lider dövləti olub.
- Dəfələrlə Azərbaycana səfərlər etmiş bir tədqiqatçı kimi müasir Azərbaycan dövlətini necə xarakterizə edərdiniz? Müasir Azərbaycanın sosial-iqtisadi inkişafı barədə fikirlərinizi də bilmək maraqlı olardı. Müasir Azərbaycan Yaponiyadan necə görünür?
- 1995-ci ildən başlayaraq mən müntəzəm şəkildə Azərbaycana, Bakıya səfərlər edirəm. Hər səfərimdə ölkənizin dinamik inkişafının, sürətlə dəyişməsinin şahidi oluram. Bu gün Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq, görünməmiş şəkildə inkişaf edir. Yaponiya isə Azərbaycana artıq yardıma ehtiyacı olan bir ölkə kimi yox, əksinə etibarlı və bərabər səviyyəli tərəfdaş kimi baxır. Yaponiya şirkətləri böyük məmnuniyyətlə Azərbaycanın iştirakı ilə təşkil edilən nəhəng beynəlxalq layihələrə qoşulurlar. Sevindirici haldır ki, bu gün yalnız yapon şirkətləri deyil, eyni zamanda Yaponiyanın regionları da Azərbaycanın regionları ilə əməkdaşlığa can atırlar. İki ölkə arasında yalnız siyasi-iqtisadi əməkdaşlıq deyil, həmçinin regional əlaqələr də inkişaf edir.Hazırda Yaponiya ilə Azərbaycan arasında münasibətlər Prezident İlham Əliyevin mükəmməl və müdrik siyasəti nəticəsində yüksək səviyyədə davam etməkdədir.Azərbaycanda olduğum zaman mən yalnız paytaxt Bakının deyil, regionlarınızın da inkişafının şahidi olmuşam. Sevinirəm ki, bu inkişaf hələ də davam edir və əminəm ki, gələcəkdə də davam edəcək. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən böyük şücaətlə, ustalıqla davam etdirilir və nəticədə Azərbaycanda mükəmməl dövlət formalaşıb.Müstəqilliyin bərpasının ilk dövrlərindəki siyasi-iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan uğurlu xarici siyasət nəticəsində həm qonşu Rusiya, İran və Türkiyə kimi dövlətlərlə, həm də beynəlxalq aləmlə sıx münasibətlər quraraq, müasir dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Bu məni Azərbaycanın bir dostu olaraq çox sevindirir. Bir daha Azərbaycan xalqını böyük bayram münasibətilə təbrik edir, xalqınıza daim tərəqqi və inkişaf arzulayıram.
banner

Oxşar Xəbərlər