• cümə, 29 Mart, 14:58
  • Baku Bakı 14°C

“Azərbaycan dünya nizamını necə dəyişir?”

29.10.19 18:13 2502
“Azərbaycan dünya nizamını necə dəyişir?”
"Moskva-Baku” portalının "Diqqət mərkəzində” proqramında aparıcı Andrey Şlyapnikov Azərbaycanda baş verən son hadisələr, Bakıda keçirilən beynəlxalq tədbir və s. məsələlər barədə danışıb. Müəllif xüsusi qeyd edir ki, Bakı yaxın üç ildə heç bir mübaliğə olmadan dünya paytaxtı statusunu daşıyacaq. Belə ki, 120 ölkənin daxil olduğu Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Bu təşkilata üzvlük üçün əsas şərt hərbi bloklara qoşulmamaqdır. Qoşulmama Hərəkatı rəsmən 1961-ci ildə Belqrad konfransında yaradılıb. O zaman soyuq müharibədən sonra bir çox ölkələr heç bir hərbi qurumda təmsil olunmaq istəməyərək belə bir qurum yaratdılar. Və ölkəmiz də 2011-ci ildən bu hərəkatın aktiv üzvüdür. Bu müddət ərzində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə tam əməl edib. 2016-cı ildə üzv dövlətlərin sammitində növbəti sammitin Bakıda keçirilməsi barədə qərar qəbul edildi. Müəllif daha sonra diqqəti sammitdə prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə yönəldib. Məqalədə daha sonra vurğulanır ki, simvolik haldır ki, Belqrad sammitindən 30 il sonra Avropa qitəsi Azərbaycanın timsalında növbəti dəfə dünya dövlətlərinin prezidentlərini və baş nazirlərini qəbul edir. Azərbaycanın əsas hədəflərindən biri yaxın üç il ərzində hərəkatın beynəlxalq siyasətdə nüfuzunu artırmaqdır. Müəllif qeyd edir ki, prezident İlham Əliyev bu yaxınlarda "Valday” beynəlxalq forumunda BMT-ni tənqid edərək, bu təşkilatın daxilində islahatlar aparılmasının zəruriliyini bildirib. Lakin Azərbaycan BMT daxilində proseslərə təsir etmək imkanında deyil. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan yeni tarix yazacaq. "Əminəm ki, bu gün Azərbaycan təşkilata sədrliyi uğurla həyata keçirmək üçün zəruri keyfiyyətlərə malikdir. Eyni zamanda əminəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilata yeni nəfəs, fəaliyyətinə yeni ölçülər verəcək”, - deyə politoloq P. Klaçkov bildirib. Ekspert xüsusi olaraq qeyd edir ki, tarixdə elə hal olmayıb ki, bir həftə ərzində müxtəlif qitələri əhatə edən və Qərb dövləti olmayan onlarla dövlət öz aralarında ünsiyyət qurub, müzakirələr aparıblar. "Azərbaycanın nüfuzu, bütün geosiyasi güclərlə münasibətlər qurmaq bacarığı Qoşulmama Hərəkatını yeni səviyyəyə qaldıra bilər. Şübhə etmirəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu gündəmdə olan əhəmiyyətli problemlərin həllini qarşıya məqsəd qoyacaq”, - deyə P.Klaçkov bildirib.
Yeri gəlmişkən, proqramda Azərbaycanda İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən ən irimiqyaslı kadr islahatlarına da yer ayrılıb. Qeyd olunur ki, Novruz Məmmədovun baş nazir postundan istefası və onun yerinə Əli Əsədovun təyinatı heç də təsadüfi olmayıb. Bu yerdəyişmə ilə İlham Əliyev irimiqyaslı kadr islahatına start vermiş oldu. Məqsəd də sosial və iqtisadi dəyişikliklərə yeni tsikl vermək olub. "Biz başa düşməliyik ki, 70 yaşında insan nə qədər təcrübəli olsa da, artıq işçi deyil”, - deyə politoloq Dmitri Verxoturov bildirib. Bu istefalar bir daha təsdiq etdi ki, Azərbaycanda kadr siyasətinin fəlsəfəsi dəyişib. Ölkə qarşısında qoyulan məsələlər dəyişir, onlar başqa bir yanaşma tələb edir. Bu isə o deməkdir ki, komanda yüksəkliklərinə peşəkar, yüksək peşəkarlığa malik, novator fikirli insanlar gəlməlidir. Bir çox hallarda onlar yeni nəsli təmsil edirlər. "Həyata keçirilən bütün kadr yerdəyişmələri göstərir ki, böyük idarəçilik məktəbi keçmiş peşəkar kadrlar onlara etibar edilən sahələrə məsuliyyətlə yanaşırlar”, - deyə politoloq İ.Korotçenko bildirib.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz, Ural və Volqaboyunın Tədqiqi Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin də Azərbaycandakı son kadr islahatlarını şərh edib. Onun qənaətincə, əvvəlki hakimiyyət modeli ölkədə makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan verirdi: "Lakin indi biz görürük ki, yenilənmə trendi, yeni inkişaf nöqtələrinin yaradılması gərəkdir. İş elə gətirib ki, son onilliklər ərzində Azərbaycanda ölkə rəhbərliyində ciddi dəyişikliklər baş verməyib. İnsanlar rəhbər postları uzun illər daşıyıblar. Bu da sabitliyi təmin edib. Bu, xüsusən də hakimiyyətin Heydər Əliyevdən İlham Əliyevə tranziti üçün zəruri idi. Bütövlükdə hakimiyyət quruluşu üçün bu model özünü doğruldub. Neft istehsalında pik dövrlər arxada qaldığından artıq yeni inkişaf drayverləri tapmaq gərəkdir. İqtisadiyyat bütövlükdə inkişaf edir və bunu da statistik göstəricilərdə müşahidə etmək mümkündür. İqtisadiyyatda neft qaz sektorunun dominant mövqeyi hələ də qalır. Lakin əhali artır və deməli sosial sabitlik çağırışları da artır. Yeni iş yerləri yaratmaq gərəkdir”.
Ekspert bildirir ki, "Bakı bu gün meqalayihələrin, tranzit xətlərin iştirakçısı və sponsorudur. "Bunlar Şimal-Cənub” nəqliyyat dəhlizi, "Cənub Qaz Dəhlizi”, Bakı-Qars dəmir yolu xətti, Ələt limanında yeni Bakı limanı kimi böük layihələri misal göstərmək olar. Bütün bu layihələr iqtisadiyyatın alternativ diversifikasiyalaşdırılmış xətlərini yaratmağa imkan verir. Lakin tranzit hər zaman xarici oyunçulardan asılılıq yaradır. Burada isə heç də həmişə maliyyə gözləntisi baş vermir. Məhz bu səbəbdən də hökumət qarşısında rəqabətədavamlı iqtisadiyyat, açıq işgüzar dairə qurmaq tələbi durur. Bununla yanaşı, dünyanı yüksək texnologiyalar da dəyişir. Yeni texnoloji biznes modellərinə və dövlət idarəçiliyinə keçmək vaxtıdır”.
Yeri gəlmişkən, proqramda daha sonra Azərbaycanla Ermənistan arasında paralellər aparılıb. Hər iki ölkədə gedən dəyişikliklər şərh edilib. Qeyd olunur ki, əgər Azərbaycanda kadr islahatı aparılırsa, Ermənistanda kadr təmizlənmələri baş verir. Baş nazir Nikol Paşinyan Dövlət mühafizə Xidmətinin rəhbərini heç bir səbəb göstərmədən işdən qovub. KİV-də yayılan xəbərlərə görə, bu şəxsin işdən qovulması o qədər məxfidir ki, uzun müddət açılmamış qalacaq. Bəzi məlumatlara görə, Paşinyan onu eks-prezident Robert Koçaryana qarşı ifadə vermədiyinə görə işdən qovub.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər