• çərşənbə, 24 Aprel, 01:00
  • Baku Bakı 14°C

Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir

31.01.15 05:35 3933
Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitq söyləyib.
Prezident nitqində ilk növbədə dünyada baş verən gərginliklərdən bəhs edib və bütün bunların fonunda ölkəmizin sabit inkişafının əhəmiyyətini önə çəkib: “Bir il ərzində dünyada müxtəlif hadisələr baş vermişdir, müxtəlif proseslər getmişdir. Dünyada gərginlik artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlamışdır. Azərbaycanda isə keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır”.
Bunun səbəbi isə sirr deyil ki, Azərbaycanda xalqla iqtidar arasında olan birlik və hakimiyyətin bütün təşəbbüslərinin xalq tərəfindən dəstəklənməsi ilə bağlıdır. Çünki xalq atılan bütün addımların Azərbaycanın inkişafına xidmət etdiyini açıq-aydın hiss edir, görür. İnsanlar ölkədə ictimai, siyasi vəziyyətin sabitliyini, iqtisadiyyata qoyulan böyük həcmdə investisiyaları və ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan önəmli addımları yüksək dəyərləndirir.
Bütün bu addımlar, aparılan siyasət nəticəsində bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada ona olan maraq artır. Bu yaxınlarda keçirilmiş Davos Dünya İqtisadi Forumu çərçivəsində baş tutan çoxsaylı görüşlər, orada səslənən fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelinin yüksək qiymətləndirildiyini sübut edir. Digər tərəfdən, müasir dünyanın çağırışlarının artdığı bir dövrdə, qonşu regionlarda baş verən qarşıdurmaların şiddətləndiyi, neftin qiymətinin kəskin surətdə düşməsi durumunda Azərbaycanın bu günkü stabil inkişafı həqiqətən də qürurvericidir.
Prezident nitqində son 11 ilə nəzər salaraq Azərbaycanın öz inkişafına görə bu dövrdə dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olduğunu bəyan edib: “Bütün göstəricilər bunu təsdiq edir. Sadəcə olaraq bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq”.
Ölkənin son illərdəki investisiya proqramları genişmiqyaslı olsa da, valyuta ehtiyatlarını ildən-ilə artırmaq mümkün olub. Bu isə ilk növbədə istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Həmçinin bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Neftin qiyməti düşsə də, böyük valyuta ehtiyatları, düşünülmüş makroiqtisadi siyasət sayəsində Azərbaycan vətəndaşları böhranı hiss etmirlər.
Dövlət başçısı nitqində ölkəmizin əldə etdiyi nailiyyətləri heç kimin yardımı olmadan əldə etdiyini və buna görə də heç kimin Azərbaycanla diktə dili ilə danışa bilməyəcəyini xüsusi vurğulayıb: “İndi dünyanın hətta inkişaf etmiş ölkələri xarici yardımdan bəhrələnmək istəyirlər. Xarici yardım olmadan o iqtisadiyyatlar çökür, defolt vəziyyətinə düşür. Qapı-qapı gəzirlər, yalvarırlar ki, onlara vəsait ayırsınlar. İndi yəqin ki, özlərini bir növ o qədər də rahat hiss etmirlər. Amma Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıbdır. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Bizi bunu da bilirik. Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq. Ona görə iqtisadi güc bizə, bax, bu imkanları yaradır. Ona görə xatırlayıram, hələ 2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, bizim siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Bu gün biz ətrafdakı ölkələrin vəziyyətini görürük”.
Dövlət başçısı ölkənin bu gün dünyada layiqli yer tutmasında aparılmış uğurlu regional infrastruktur layihələrinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Prezident bu işlərin vaxtında icra edilməsinin əhəmiyyətini vurğulayaraq həm də bunun hazırkı böhranlı situasiyada bir sıra dövlətlərdən fərqli olaraq Azərbaycanın çətinlik çəkməməsinə xidmət etdiyini söyləyib: “Vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik”.
Məlum olduğu kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi - bu layihələr dövlət başçısının da qeyd etdiyi kimi, regionun, Avropanın enerji xəritəsini dəyişir və hər biri nadir tarixi layihədir. O da vurğulanmalıdır ki, bu layihələr son 9 il ərzində icra edilib. Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə istifadəyə verilməklə dəhliz yaradıldı. O dəhliz yeni layihələrin ortaya çıxmasına şərait yaradır. Bu isə Azərbaycanın liderliyi ilə baş tutub. Prezident İlham Əliyev nitqində bildirib ki, əgər Azərbaycan liderlik göstərməsəydi, heç vaxt “Cənub” qaz dəhlizi icra edilməyəcəkdi: “Mən vaxtilə şəxsən Nabukko layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etmişəm. Yəni, orada müzakirədən başqa heç nə yox idi. Bəyanatlar, çıxışlar, qətnamələrin qəbul edilməsi, vəssalam. Ondan sonra hamı dağılır gedir, iş də qalır kənarda. Mən minimum on tədbirdə iştirak etmişəm. Hər dəfə də demişəm ki, burada liderlik olmalıdır. Bu layihəni necə icra etmək lazımdır? Bunun əsas elementləri nədən ibarətdir? Bu o qədər də çətin məsələ deyil. Amma elə mən deyirdim, mən eşidirdim. Daha sonra gördük ki, artıq bu layihə yerində sayır. Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq “Cənub” qaz dəhlizi üçün yol açıldı”.
Prezidentin nitqindən də göründüyü kimi, Azərbaycan bu gün sürətli inkişafı ilə dünya miqyasında seçilən dövlətlərdən biridir. Bu isə ölkəmizə öz mövqeyini müdafiə etməyə, öz haqlı sözünü istənilən tribunadan səsləndirməyə imkan verir. Ölkədə aparılan uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan regionun lider dövlətinə çevrilib və regionda baş verən bütün proseslər, iri layihələr onun iştirakı olmadan mümkün deyil. Hazırda ölkəmizin nüfuzu Avropada da hiss edilməkdədir. Belə ki, Avropanın enerji təchizatında mühüm paya sahib olması Azərbaycanla bu region təmsilçilərinin də hesablaşmasını zəruri edir. Digər tərəfdən, ölkəmiz beynəlxalq təhlükəsizliyə verdiyi töhfə baxımından da əhəmiyyətli mövqe qazanıb.
Ümumilkdə aparılan uğurlu daxili və xarici siyasət sayəsində bu gün Azərbaycan dünyada hazırda müstəqil siyasət yeridən, heç kimdən asılı olmayan az sayda tam mənası ilə müstəqil dövlətlərdən biridir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər