• cümə axşamı, 28 mart, 16:49
  • Baku Bakı 16°C

Azərbaycan diplomatlarının attestasiyasının keçirilməsi qaydası müəyyənləşib

21.11.17 13:15 1474
Azərbaycan diplomatlarının attestasiyasının keçirilməsi qaydası müəyyənləşib
Nazirlər Kabineti"Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası”nı təsdiqləyib.
APA-nın məlumatına görə, Qaydaya əsasən, diplomatik orqan əməkdaşının attestasiyasının keçirilməsinin əsas məqsədləri diplomatik orqan əməkdaşının tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, diplomatik orqan əməkdaşının potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, xidmətdə yüksəlişə və ya aşağı vəzifəyə və yaxud fərqli əmək funksiyalarına malik vəzifəyə təyin edilməsi zərurətinin müəyyən edilməsi və diplomatik orqan əməkdaşının əlavə təhsilinə zərurət dərəcəsinin müəyyənləşdirilməsidir.
Yalnız müvafiq vəzifələrdə azı bir il xidmət keçən diplomatik orqan əməkdaşlarının attestasiyası keçirilə bilər. Diplomatik orqan əməkdaşlarının attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir. Diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin olunmuş diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xidməti attestasiyanı Azərbaycan Respublikasına qayıtdıqdan sonra keçirlər.
Aşağıdakı diplomatik orqan əməkdaşları attestasiyadan keçirilmirlər:
- diplomatik nümayəndəlikdən və ya konsulluqdan geri çağırıldıqdan sonra bir ildən az müddətdə Azərbaycan RespublikasınınXarici İşlər Nazirliyində müvafiq vəzifəni tutanlar;
- staj və sınaq dövründən sonra daimi qulluqda bir ildən az müddətdə xidmət keçənlər;
- vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) alanlar və əlil olanlar;
- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlara layiq görülənlər;
- bir vəzifədə beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;
- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifəni tutan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- eyni vəzifədə azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilənlər.
Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı xarici işlər naziri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci bir ay qalmış attestasiyadan keçirilən diplomatik orqan əməkdaşlarının nəzərinə çatdırılır. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. AttestasiyaXarici İşlər Nazirliyinin təcrübəli və yüksək peşəkar məsul əməkdaşlarından ibarət tərkibdə yaradılmış, üzvlərinin sayı beş nəfərdən az olmayan attestasiya komissiyası tərəfindən kollegial və obyektiv surətdə keçirilir. Komissiyanın tərkibi (sədr, katib və azı üç üzv) və səlahiyyət müddəti xarici işlər naziri tərəfindən təsdiq olunur. Komissiyanın üzvləri tərəfindən diplomatik orqan əməkdaşına yalnız tutduğu vəzifənin funksiyaları, ixtisası, icra etdiyi işlər və onların nəticələri, xidmət funksiyalarına aid məsələlər, habelə dövlət qulluqçusunun əsas vəzifələri, hüquqları və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər barədə suallar verilir. Attestasiyadan keçirilən əməkdaşın xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi və şəxsi dəyərlərinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş diplomatik orqan əməkdaşı attestasiyadan keçirildikdə, Azərbaycan RespublikasıXarici İşlər Nazirliyinin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
Attestasiyadan keçməli olan hər bir diplomatik orqan əməkdaşına attestasiyanın başlanmasına azı iki həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin əməkdaş ona verilən xasiyyətnamə ilə tanış olur. Xasiyyətnamədə diplomatik orqan əməkdaşının xidməti fəaliyyətinə obyektiv və əsaslandırılmış şəkildə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki xidmətinin nəticələri göstərilir. Diplomatik orqan əməkdaşı attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilir. Komissiya attestasiyadan keçirilən diplomatik orqan əməkdaşının fəaliyyəti haqqında onun çıxışını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir. Diplomatik orqan əməkdaşı üzrlü səbəbdən və ya üzrlü səbəb olmadan komissiyanın iclasına gəlmədikdə attestasiyadan keçməmiş hesab edilir və həmin diplomatik orqan əməkdaşı növbəti attestasiyadan keçirilməlidir. Üzrlü səbəb olmadan komissiyanın iclasına gəlməyən diplomatik orqan əməkdaşı barəsində intizam tənbeh tədbirləri tətbiq edilə bilər.
Diplomatik orqan əməkdaşının attestasiyasının nəticələri əsasında komissiya tərəfindən aşağıdakı qiymətlərdən biri verilir:
- tutduğu vəzifəyə uyğun gəlir;
- xidməti fəaliyyətini yaxşılaşdırarsa və komissiyanın tövsiyələrini yerinə yetirərsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə, tutduğu vəzifəyə uyğun gəlir;
- tutduğu vəzifəyə uyğun gəlmir.
Komissiya attestasiyanın nəticələri əsasında verilən qiymətlərlə yanaşı, attestasiya olunan əməkdaşın həvəsləndirilməsi, əlavə təhsilə cəlb edilməsi, xidməti fəaliyyətinin yaxşılaşdırılması və ya xidmətə münasibətdə məsuliyyətinin artırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi barədə tövsiyələr (səbəbləri göstərilməklə) verə bilər. Komissiyanın verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiyadan keçirilən əməkdaş haqqında qərar xarici işlər naziri tərəfindən qəbul olunur. Qərar diplomatik orqan əməkdaşının attestasiyadan keçirildiyi gündən sonra ən geci iki ay müddətində qəbul edilir. Bu müddətə diplomatik orqan əməkdaşının üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt daxil edilmir. İki ay keçdikdən sonra attestasiyanın nəticələri əsasında diplomatik orqan əməkdaşının aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərar qəbul edilə bilməz.
banner

Oxşar Xəbərlər