• cümə, 19 Aprel, 16:02
  • Baku Bakı 25°C

“Azərbaycan diplomatiya tarixinin şərəfli səhifəsi”

28.06.14 08:39 1219
“Azərbaycan diplomatiya tarixinin şərəfli səhifəsi”
Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsinə sədrlik etməsi səbəbilə AŞ Parlament Assambleyasının (PA) iyunun 27-ə kimi davam edən yay sessiyasının ikinci günündə Prezident İlham Əliyev çıxış edib. Dövlət başçısımızın öz çıxışında müasir dünyanın çağırışlarını təhlil edib ölkəmizin milli maraqlarını ön plana çəkməsi avropalı parlamentarilərdə də dərin təəssürat yaradıb. Dəmir məntiqə söykənən mühakimələr uzun illərdir erməni lobbisinin, habelə onların havadarlıq etdiyi “beşinci kolon” ünsürlərinin təxribat cəhdlərini alt-üst edib, Azərbaycan həqiqətlərini bir daha yüksək kürsüdən səsləndirilməsi ilə yadda qalıb. Prezident dövlətin maraqları və milli mənafe məsələsində əsla geri çəkilməyin, kompramisə getməyin mümkün olmadığını nümayiş etdirməklə ölkəmizin haqqında qeyri-obyektiv mənbələrin formalaşdırdığı rəylərin qətiyyən reallıqla səsləşmədiyini arqumentlərlə sübut edib.
Azərbaycan Prezidentinin AŞPA sessiyasındakı çıxışı geniş ictimaiyyət tərəfindən də müsbət qarşılanıb. Prezident İlham Əliyevin AŞPA-dakı çıxışı yüksək qiymətləndirib və Azərbaycanın xarici siyasətində böyük uğur hesab edilib. Hətta Milli Məclisin dünənki iclasında millət vəkilləri dövlət başçısının fikirlərini dəstəkləyiblər. Spiker Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-da dərin məzmunlu çıxşı ilə qarşıda dayanan məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı dəyərli fikirlər söylədiyini bildirib. Qeyd edib ki, dövlət başçısı suallara cavab verərkən Azərbaycanı layiqincə təmsil edib və bir daha sübut eləyib ki, ölkəmizin beynəlxalq təşkilatlar qarşısında alnı açıqdır və Azərbaycan müstəqil dövlətdir. Prezidenti bu çıxışa görə təbrik edən spiker onu da deyib ki, Azərbaycan xalqı haqlı olaraq öz Prezidenti ilə fəxr edir.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da O.Əsədovun fikirlərini dəstəkləyərək, əlavə edib ki, yüksək intellekt, vətənpərvərlik, böyük siyasi təfəkkür nümayiş etdirərək, Azərbaycan AŞPA ilə münasibətlərini yüksək səviyyədə ortaya qoyan, konkret faktlarla Azərbaycan həqiqətlərini Avropa Şurasına çatdıran Azərbaycan Prezidenti eyni zamanda Dağlıq Qarabağ problemini çox açıq və ciddi şəkildə önə çəkib. Onun sözlərinə görə, dövlət başçısı suallara cavab verərkən çox qətiyyətli şəkildə, faktlarla fikirlərini ifadə edib, cənab Prezidentin timsalında Azərbaycana qarşı atılan böhtanların, iftiraların qarşısında Azərbaycan xalqının iradəsi görünüb.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Prezident İlham Əliyevin AŞPA-dakı çıxışından sonra Azərbaycan xalqının fəxarət hissi keçirdiyini dilə gətirib. Bununla yanaşı o, bəzi siyasi qüvvələr aid bir sıra istisnalardan da danışıb. Bildirib ki, onlar erməni lobbisinə xidmət edən müəyyən Avropa deputatları, ermənilər, yaxud da ermənidən daha çox Azərbaycana ziyan verən, adını azərbaycanlı qoyub, lakin ölkəmizin əleyhinə işləyən bəzi ünsürlərdir: “Biz bunun hamısının şahidi olduq ki, Prezident Azərbaycanla, dünyada gedən proseslərlə bağlı fikirlər səsləndirdi. Burada Avropa deputatlarının ölkə başçısına verdikləri suallar bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu barədə, regiondakı münaqişələrin həlli yolları barədə deyil, erməni deputatının yazıb qarşısına qoyduğu mənşəcə erməni olan Leyla Yunus və o cür ünsürlər haqqında idi. Axı niyə 1 milyondan çox qaçqın və məcburi köçkünlər haqqında və ya 20 faizdən çox torpaqlarımızın işğalı barədə suallar vermirlər? Bu da orada olan insanların simasını ortaya qoyur”.
YAP İcra katibinin digər müavini, deputat Mübariz Qurbanlı isə diqqəti Prezident İlham Əliyevin AŞPA-da çıxışı zaman təxribata əl atanlara yönəldib. Bildirib ki, onların davranışı fitnəkarlıqdır və belə adamların milli hissi, milli marağı yoxdur. Millət vəkilinin sözlərinə görə, onlar Azərbaycanın maraqlarını həmişə ayaqlar altına atmağa hazır olan adamlardır.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin AŞ PA sessiyasında çıxışına münasibət bildirərək deyib ki, o, güclənən, öz maraqlarını bilən və qoruyan, demokratiyaya bağlı olan bir ölkənin lideri kimi Azərbaycanın bir sıra məsələlərə dair mövqeyini ortaya qoyub. Eyni zamanda, ölkə başçısı AŞ PA Nazirlər Şurasına yarım il rəhbərlik edəcək bir ölkə kimi Azərbaycanda demokratik cəmiyyət quruculuğundakı uğurlarımızdan söhbət açıb. Deputatın sözlərinə görə, cənab Prezident qeyd edib ki, Azərbaycanın bu gün əsas problemi qonşu Ermənistan tərəfindən ərazimizin bir hissəsinin işğal edilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır: “Cənab Prezident növbəti dəfə yüksək tribunadan Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməkdən imtina edən və sivil qaydaları qəbul etməyən bir ölkə olduğunu bir daha göstərdi və ikili standartlardan əl çəkərək Ermənistana qarşı müvafiq tədbirlər görülməsinə çağırış etdi. Çünki belə bir əməli digər ölkə etsəydi, çoxdan beynəlxalq aləmdən təcrid olunmuşdu, artıq sanksiyalara məruz qalmışdı. Ancaq Ermənistana qarşı yumşaqlıq edilir. ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən birinin Ermənistana qarşı sanksiyalar tətbiq etməsi kifayətdir ki, Ermənistan qısa müddət ərzində Azərbaycanın ərazi bütövlüyünü tanıyaydı. Azərbaycan Prezidenti bu qətiyyətli çıxışında növbəti dəfə Ermənistanı tənqid atəşinə tutdu və Ermənistanın artıq öz mövqeyini müdafiə etməkdə ciddi çətinliklər çəkməsi hiss edildi. Azərbaycan Prezidentinin qlobal düşüncə tərzi, Azərbaycanda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, prinsipiallığı, qətiyyəti AŞ PA deputatları, ekspertlər, şərhçilər, yerli və xarici KİV-lər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib”.
Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı Prezident İlham Əliyevin AŞPA-dakı nitqini müstəqil Azərbaycan dövlətinin diplomatiya tarixinin şərəfli səhifələrindən biri kimi qiymətləndirib. Parlamentari deyib ki, Prezident öz nitqi ilə müasir dövrün görkəmli dövlət xadimlərindən biri olduğunu təsdiqləyib: “Bu tək dövlət başçısının nitqi deyil, eyni zamanda Azərbaycan Respublikasının, dövlətinin bir daha təqdimatı idi. Avropa Şurasına üzv olan ölkələr, eləcə də cənab Prezidentin nitqi haqqında məlumatı yayan digər ölkələrin kütləvi informasiya vasitələri Azərbaycan haqqında tam dolğun məlumata malik oldular. Ölkə rəhbərinin nitqi ilə mən bir Azərbaycanlı olaraq qürur duydum. Bu AŞPA-dakı nitqdən və Fransaya səfərdən sonra Azərbaycan Prezidentinin hərbi təlimlərdə iştirakı etməsi bir daha göstərdi ki, diplomatiya gücə arxalanmalıdır. Bu gün Azərbaycan dövləti güclü bir dövlətdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər