“Azərbaycan dilinin saflığının qorunması” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı
ilə "Azərbaycan dilinin saflığının qorunması” mövzusunda dəyirmi masa
keçirilib.
Açılış
nitqi ilə çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil
Babayev hər hansı xalqın böyüklüyünün onun say tərkibindən yox, beynəlxalq
nüfuzu, fəaliyyəti, təbliğ etdiyi dəyərlərdən asılı olduğunu bildirib. O, əlavə
edib ki, bu baxımdan Azərbaycan xalqı böyük xalqdır. "Dil millət varlığının
yeganə amilidir” -deyən A.Babayev dəyirmi masanın dilin saflığının qorunmasına
həsr edildiyini qeyd edərək tədbirin siyasi, mənəvi-ictimai və tədris məsələlərinə
xidmət etdiyini bildirib. A.Babayevin sözlərinə görə, Ümummilli lider Heydər Əliyev
hakimiyyətə gələndən sonra ana dilimizin qorunmasına xüsusi önəm verib. Ulu öndərin
dilimizin zamanın tələblərinə uyğunlaşması və təkmilləşdirilməsinə xidmət edən fərman və sərəncamlarından söz
açan professor bu ənənənin ölkə prezidenti İlham Əliyevin siyasətində də öz əksini
tapdığını sözlərinə əlavə edib.
AMEA-nın
Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, dosent Sevinc Əliyeva
mövzunun aktuallığını ön plana çəkərək məsələnin respublika rəhbərliyi səviyyəsində
həll olunduğunu qeyd edib. Dili xalqın etnomədəni göstəricisi, onun tarixini, mədəniyyətini
özündə əks etdirən bir vasitə kimi xarakterizə edən S.Əliyeva qloballaşma
dövründə dilə yad elementlərin daxil olduğunu söyləyib və bu inteqrasiya
prosesində ana dilimizin daxili saflığı, müstəqilliyi və milliliyinin
qorunmasının zəruriliyini vurğulayıb. Daha sonra S.Əliyeva dilin qorunmasında
önəmli olan faktorlardan, dilin zənginləşməsi prosesindən, KİV-də ədəbi dilin
normalarının pozulması və s.-dən söz açıb.
Azərbaycanşünaslıq
ETL-in elmi işçisi Elçin İbrahimov Azərbaycan ədəbi dilinin saflığının
qorunmasında dövlətin apardığı dil siyasəti və dillə bağlı qəbul edilmiş sərəncamlar
haqqında, Azərbaycan
dilçiliyi kafedrasının dosenti Yeganə Hacıyeva, həmin kafedranın müəllimi Aynur
Səfərli təhsil müəssisələrində şagird və tələbələrə ədəbi dil normalarının
düzgün formada öyrədilməsinin zəruriliyi, dil haqqında qanunlar, dil siyasətinin
hökumətin prioritet məsələlərindən olmasından danışıblar.
AMEA-nın
Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu dili xalqın ən böyük sərvəti
kimi qiymətləndirib və onu qorumağın hər bir vətəndaşın mənəvi borcu olduğunu
söyləyib. Ana dilinə sevginin beşikdən başladığını qeyd edən akademik bu işdə
valideynlərin mühüm rol oynadığını vurğulayıb. M.Nağısoylu daha sonra ana
dilinin saflığının qorunmasını və ədəbi dil normalarına əməl etməyi tövsiyə
edib. O, ADU ilə Dilçilik İnstitutunun müştərək layihələr həyata keçirməsi,
eyni zamanda lüğətlər, danışıq kitabları, əcnəbilər üçün dərsliklər
hazırlanması istiqamətində təkliflər səsləndirib.
Sonda
çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal
Abdulla dilin qorunmasının onun inkişafını şərtləndirdiyini bildirib və
qorumaqla inkişafı bir-birini tamamlayan anlayışlar kimi xarakterizə edib. Onun
sözlərinə görə, dilin qorunması ilə bağlı bir çox məsələlərdə dəqiq meyarlar
tapılmalıdır. Dilin qorunması onun qrammatikasını öyrənməklə yanaşı, qanun və qaydalarının yeni nəsilə ötürülməsi ilə
bağlıdır və eyni zamanda onun tədqiq kontekstinin genişlənməsi ilə əlaqədardır.
Bu mənada dilçilərlə birlikdə ali məktəb strukturunun müxtəlif sahələrinin
nümayəndələrinin görüşlərinə böyük ehtiyac var. Rektor bədii ədəbiyyatın mütaliə
olunmasının da dilin saflığının qorunması məsələsində vacib olduğunu
vurğulayıb. "Hər hansı bir dəyişmə inkişaf etməkdir”-deyən K.Abdulla bildirib
ki, dilin inkişafının mahiyyətini düzgün anlamaq lazımdır.
Rektor
çıxışının sonunda bu tip tədbirlərin mütəmadi olmasının zəruriliyini diqqətə
çatdıraraq kafedraların müştərək tədbirlər təşkil etməsini tövsiyə edib.
Dəyirmi
masa müzakirələrlə yekunlaşıb.