AZE | RUS | ENG |

Azərbaycan dilinin saflığının keşiyində

Azərbaycan dilinin saflığının keşiyində
Prezident İlham Əliyevin imzaladığı fərman dövlət dilindən istifadənin təkmilləşdirilməsi, ədəbi dil normalarının qorunmasını istiqamətində atılan mühüm addımdır

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya, Azərbaycan Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib. Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, həmçinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb. 
 
 

Cari il noyabr ayının 1-də Prezident İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” yeni Fərman imzalayıb. Fərmanda indiyə qədər Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində görülən işlər vurğulanmaqla yanaşı, bu sahədə qarşıda duran vəzifələr də diqqətə çatdırılıb. Qeyd olunub ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Fərmanda bildirilib ki, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir. 
 
 

Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə, dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması fərmanda qeyd olunub. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın hazırlanıb bir ay müddətində təsdiq edilməsi də fərmanda əksini tapıb. Bununla yanaşı, Monitorinq Mərkəzinin nizamnaməsinin, Mərkəzin strukturunun, işçilərinin say həddinin və əməkhaqqı fondunun iki ay müddətində təsdiq edilməsi, həmçinin mərkəzin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yer ayrılması və zəruri maddi-texniki təminat məsələlərinin həll edilməsi də qarşıya qoyulan vəzifələrdəndir. Son olaraq isə fərmanda bildirilib ki, kütləvi informasiya vasitələrində (KİV), internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflər hazırlanıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim edilsin.
 
 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə sözügedən fərmanın zərurətdən yarandığını diqqətə çatdıraraq qeyd edib ki, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi təlaş doğurmaya bilməzdi. Millət vəkili bildirib ki, bugünkü qəzet bolluğu şəraitində mətbu orqanlarda istənilən qədər orfoqrafik, qrammatik, üslubi, elmi və məntiqi qüsurlara rast gəlmək olar: "Xüsusilə özəl televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə mətnin, məzmunun dolaşıqlığı, söz yığını, ədəbi dildən qeyri-peşəkarcasına istifadə edilməsi, xüsusi ilə aparıcıların orfoepik qaydalara riayət etməməsi hallarına tez-tez rast gəlinir. Əlbəttə ki, bütün bunlar hər kəsi narahat edirdi. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman bu sahədəki mövcud problemlərin kökündən həll edilməsinə zəmin yaradacaq. Fərmanda verilən konkret təkliflər, vəzifə və hədəflər ana dilimizin saflığının qorunmasında, gələcək nəsillərə ötürülməsində yeni bir səhifə açacaq. Unutmamalıyıq ki, ana dilimiz - ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir. Milli sərvətimizi qorumaq, onun keşiyində ayıq-sayıq durmaq hamımızın müqəddəs borcu və gündəlik vəzifəsidir”.
 
 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu qeyd edib ki, sözügedən sənəd dilimizin saflığı, dövlət dilindən istifadə ilə əlaqədar mövcud olan nöqsanların, pozuntuların aradan qaldırılması yolunda atılmış əhəmiyyətli addımdır. Professor bildirib ki, KİV-də, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dilin saflığının pozulması halları adi hal alıb: "Yerli-yersiz əcnəbi sözlər işlədilir. Xüsusən də televiziya kanallarında aparıcıların danışıqlarında fonetik normalar pozulur, sözlər düzgün tələffüz edilmir. Eyni zamanda leksik və qrammatik normalara da əməl edilmir. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyevin imzaladığı fərmanı əhəmiyyətli hadisə hesab edirəm. Şübhə etmirəm ki, fərmandan irəli gələn məsələlərin həllini tapması, icrası müsbət nəticələrin əldə edilməsinə səbəb olacaq”.
 
 

Dövlət Dil Komissiyasının üzvü, "Azərbaycan Dil Qurumu” İctimai Birliyinin rəhbəri, Xalq şairi Sabir Rüstəmxanlı da Prezident İlham Əliyevin imzaladığı fərmanı son dərəcə zəruri və yerində qəbul edilən qərar kimi dəyərləndirib. Bildirib ki, Azərbaycan Prezidenti dövlət dilinin saflığının qorunması və daha da inkişaf etdirilməsi üçün bundan əvvəl də müxtəlif fərman və sərəncamlar imzalayıb: "Həmin sənədlər içərisində Dövlət Dil Komissiyasının yaradılması haqqında qərarı, Dilin inkişafı ilə bağlı Dövlət Proqramını xüsusilə vurğulamaq istəyirəm. Azərbaycan Prezidentinin bu sahə ilə bağlı son fərmanı da qeyd olunan istiqamətdə növbəti mərhələdir. Hesab edirəm ki, bu fərman zamanında imzalanmış bir sənəddir. Monitorinq Qrupunun yaradılması dilimizdəki sözlərin yazılış qaydasını və işlədilməsi vəziyyətini müqayisəli şəkildə real faktlarla yoxlamağa imkan verəcək. Fikrimcə, bu, son dərəcə vacib məsələdir. Çünki Konstitusiyamızda dövlət dilinin Azərbaycan dili olması təsbit olunub. Dil haqqında qanunumuz və Dövlət Proqramımız var. Amma buna baxmayaraq, müəyyən dairələr yenə də dilimizə sayğısızlıq nümayiş etdirir, televiziya ekranlarında, radio dalğalarında, reklam lövhələrində, bəzi mətbu orqanlarda dilimizin normalarının pozulması müşahidə olunurdu. Ona görə də Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və ondan irəli gələn tədbirlərin görülməsi tam yerinə düşüb”.
 
 

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin dekanı, fəlsəfə doktoru Elçin Məmmədov Azərbaycan Prezidenti tərəfindən tam zamanında olduqca mühüm bir addım atıldığını, dilimizin saflığının qorunması, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fərman imzalandığını dilə gətirib. O bildirib ki, vaxtilə AMEA-da Monitorinq Mərkəzi yaradılsa da, onun fəaliyyəti o qədər də görünməyib, sadəcə təkzib səciyyəli olub. Dekanın sözlərinə görə, adıçəkilən fərmanda konkret vəzifələr və tələblər əks olunub ki, bu da müəyyən işlərin həyata keçirilməsi ilə müşahidə olunacaq: "Əsl reallıqda televiziya ekranlarında edilən təqdimatlarda, aparıcıların danışıqlarında, həmçinin küçə və prospektlərdə qarşılaşdığımız müxtəlif reklam lövhələrində dilin qanunauyğunluqlarının pozulduğunu müşahidə etmək olar. Dilimizin mahiyyəti bu kimi məsələlərdə öz əksini tapmır. Bəzən rəsmi qəzetlərdə çap olunan yazılarda da dilimizin normalarının pozulmasını görmək olar. Elə cümlələr işlədilir ki, onun quruluş baxımından xarici dildən gəldiyini dərhal sezə bilərik. Ona görə də bu məsələlərin nəzarətə götürülməsinə ehtiyac var idi. Hətta biz fakültədə bu kimi məsələləri müzakirə edərkən belə bir təklif irəli sürürdük ki, hər bir qurumda peşəkar hüquqşünasa ehtiyac duyulduğu kimi, mütləq bir dilçi ştatı da yaradılmalıdır. Həmin mütəxəssis təmsil olunduğu idarə və təşkilatda yazı-pozu məsələlərinə, dilimizin normalarının qorunmasına ciddi fikir verməlidir. Ümumilikdə Prezident İlham Əliyevin imzaladığı fərmanı tam zamanında atılan addım kimi qiymətləndirirəm. Hesab edirəm ki, fərmanda göstərilən müddəaların, tələblərin yerinə yetirilməsi müsbət effekt verəcək”.
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9377
GEL 1 1 Gürcüstan larisi 0.6286
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1803
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.6992
KWD 1 1 Küveyt dinarı 5.5919
TRY 1 1 Türkiyə lirəsi 0.3178