• çərşənbə, 24 Aprel, 22:20
  • Baku Bakı 23°C

Azərbaycan dilinin ilk elmi qrammatikası

18.01.18 17:34 6301
Azərbaycan dilinin ilk elmi qrammatikası
Azərbaycan dünya mədəniyyəti xəzinəsinə çox dahilər vermişdir: Əbülhəsən Bəhmənyar Azərbaycani, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, böyük türkoloq Mirzə Kazım bəy...
XIX yüzillikdə Rusiyada şərqşünaslıq elminin yaradıcılarından biri olan Mirzə Məmmədəli Qasım oğlu Kazım bəy Dərbənddə böyümüş, ilk təhsilini ailə içində – dövrünün əsilli-nəsilli məşhur ziyalısı, islam mədəniyyətinin böyük bilicisi, atası Hacı Qasımdan alan gənc Məmmədəli, ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, hətta 17 yaşında "Опыт грамматики арабского языка” аdlı (ərəb dilində) ilk əsərini yazmış, ömrünün son günlərinə qədər çox sevdiyi pedaqoji fəaliyyətindən ayrılmamışdır.
Mirzə Kazım bəyin elmi həyatında və hərtərəfli inkişaf edən ensiklopedik bir alim kimi yetişməsində XIX əsr Rusiya ictimai-siyasi mühitinin böyük rolu olmuşdur. Böyük alim, şərqşünas, filosof, hüquqşünas, tarixçi, pedaqoq, ən başlıcası, türk dillərinin mahir tədqiqatçısı – dünya şöhrətli türkoloq Mirzə Kazımbəy qazandığı uğurlara görə, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, İngiltərə, Fransa, Almaniya, Danimarka, Amerika Birləşmiş Ştatları, eləcə də Yaxın və Orta Şərq ölkələrinin akademik təş­ki­lat­larının, elmi cəmiyyətlərinin üzvü seçildi. Əsərləri İngiltərədə, Fransada, Almaniyada rus, ingilis, alman, fransız, ərəb, fars, türk, Azərbaycan dillərində çap olundu.
M.Kazım bəyin rus və dünya türkoloji mühitində böyük sensasiyaya səbəb olan "Türk-tatar dilinin ümumi qrammatikası” (Kazan, 1839, 1846) kitabı mükəmməl, vacib və fundamental əsər kimi Rusiyada iki dəfə ən böyük ödüllərdən sayılan Demidov mükafatına layiq görülmüşdür. İkinci nəşrindən cəmi iki il sonra alman dilinə tərcümə edilərək Avropanın ali məktəblərində dərslik kimi öyrədilən bu kitab, iki əsrə yaxındır ki, Azərbaycan dilinə çevrilməmişdi.
Sevindirici haldır ki, son dərəcə əhəmiyyətli və ağır məsuliyyət tələb edən bu iş artıq reallaşdı. 178 il sonra tədqiqatçı-alim, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov əsəri, nəhayət, ana dilimizə layiqli şəkildə tərcümə edə bildi. O, kitabı geniş tədqiq və şərhlərlə tərcümə edib. Əsər nəşriyyatda nəfis şəkildə çap olunmuşdur. Tərcümə, tədqiq və şərhdən ibarət irihəcmli monoqrafiya elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Tərcümə yalnız "quru” çevirmə olmadığı üçün, düşünürəm ki, tədqiqatçı-alim əsərə "Mirzə Kazımbəy. Türk-tatar dilinin ümumi qrammatikası. Tərcümə, tədqiq və şərh (Bakı, 2017. 1007 səh.)” adını verməsində haqlıdır, çünki əsər, həqiqətən də, tədqiqat və şərhlərlə zəngindir.
Hər şeydən əvvəl, professor İdris Abbasov Mirzə Kazım bəyin dil məsələlərinin həssaslığını, onun linqvistik üslubunu, hər dil nümunəsinə fərdi yanaşma səriştəsini (əsərdə belə hallar – yerli kiçik xalqların dil materialları ilə müqayisələri çoxdur) mənimsəyə bilmişdir. Bu səbəbdən, əsərdə dil faktlarının izahı, hətta onların canlı danışıq variantlarının tədqiq və şərhləri oxucu-mütəxəssisi qane etdiyi kimi, mütərcimi də keyfiyyətli dilçi kimi səciyyələndirir. Fikrimizcə, bu təbiidir və mütərcimin həssas, dilçi səriştəsindən xəbər verir.
Əsərin digər səciyyəvi cəhətlərindən biri budur ki, tədqiqat Avropa mənşəli zəngin elmi və təcrübi türkoloji mənbələrlə müqayisəli şəkildə aparılmışdır. Demək lazımdır ki, bu istiqamətdə mütərcimin uğuru göz önünə gəlir. Ümumən, onu vurğulamağı vacib hesab edirəm ki, Mirzə Kazım bəyin yaradıcılığına "baş vurmaq” o qədər də asan iş deyil. Bunu mən, hələ 1960-cı ildə "Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası” əsəri və "Müasir Azərbaycan dili” adlı diplom işi yazarkən duyub hiss etmişdim. Amma sağ olsun mənim müəllimlərim, professor Əlövsət Abdullayev, professor Fərhad Zeynalov! Onlar diplom işini yazmaq üçün mənə elə bir plan-prospekt vermişdilər ki, çətinlik çəkmədən diplom işini yazdım və bütün imtahan komissiyasının üzvləri yekdilliklə onu "mini dissertasiya” hesab etdilər. O zaman həmin iş diplom işi səviyyəsində olmalı idi. Bu gün, Allaha şükürlər olsun ki, dövlətimiz elmin inkişafı üçün hər cür şərait yaratmışdır. Bizə qalır şəraiti dəyərləndirib, bu kimi işlərin ağırlığından qorxmadan titanik zəhmətə çiyin vermək! Alqışlanası haldır ki, professor İdris Abbasov belə bir işi öhdəsinə götürmüş və uğurla başa çatdırmışdır. Əhsən!
İdris Abbasov türkologiya ilə əlaqədar dünyanın müxtəlif xalqlarına məxsus alimlərin – latın dilində H.Miqiza, F.Meninski, ərəb dilində Sibaveyhi, Xəlil ibn Əhməd əl-Fərahidi, İbn Malik, Abbas Həsən, Qasim əl-Muradi, Süyuti, fransız dilində İ.Holderman, M.Viqye, A.Jober, Jan-Şarl dö Bess, A.Fayzmayer, L.Dübö, Şarl Vyot, M.Nassif , ingilis dilində A.Davids, italyan dilində K.Komidas və digərlərinin əsərlərinə müraciətlər etmiş, M.Kazım bəylə yanaşı, onların da əsərlərini araşdırmışdır. Qarşıya qoyduğu məqsədə çatmaq üçün İ.Abbasov latın, ərəb, italyan, fransız, türk, ingilis, rus, ispan dili qrammatikalarını müqayisəli tədqiqata cəlb etmişdir. Əsərin ədəbiyyat siyahısında onların dəqiq adları verilmişdir.
Kitabın tərcümə, tədqiq və şərhində terminlərin dəqiqləşdirilməsi üçün İ.Abbasovun tez-tez ən mötəbər mənbələrə müraciət etməsi, araşdırmanın dəqiqliyinə xidmət etməyə yönəlmişdir. Kitabı oxuduqca, müəllifin bir sıra qaranlıq məqamlara ay­dın­­lıq gə­tir­mək üçün müxtə­lif mən­bə­lər­də araş­dırma­la­rını in­ten­siv surətdə da­vam et­dirdiyinin şahidi oluruq. Məsələn, tədqiqatçı-alim qeyd edir ki, M.Kazım bəyin işlətdiyi felin azaltma dərəcəsinə Ural-Al­tay dil­lə­rin­də da­ha çox rast gə­li­nir. Belə ki, o, Yev­ge­ni Sı­pa­nov, Ma­ya Yam­bu­la­to­va, Alek­sandr Po­pov, Vla­di­mir Rad­na­yev və di­gər­lə­ri­nin əsər­lə­ri­ni araş­dır­­dıq­ca, fe­lin növlə­ri haq­qın­da da­ha ma­raq­lı mənzərələr göz önündə canlanır. Bu məqsədlə İ.Abbasov Ural-Altay dillərinin dialekt və şivələrindən gətirdiyi misallarla fikrini əsaslandırır. Göstərilir ki, ko­mi di­lin­də, ona qo­hum olan ud­murt di­lin­dən fərq­li ola­raq, kod (кодь) suf­fik­si­nin əla­və­si ilə hə­rə­kə­tin azalt­ma də­rə­cə­si­ni ifa­də edən for­ma mövcud­dur. Fe­lin neyt­ral də­rə­cə­si for­mal şə­kil­də ifa­də olun­muş di­gər iki də­rə­cə­nin düzəl­dil­mə­si üçün əsas və ori­yen­tir ro­lu­nu oy­na­yır. Hət­ta nitq­də ço­xalt­ma də­rə­cə­si tez-tez si­fə­tin müqa­yi­sə də­rə­cə­si ilə qar­şı­laş­dı­rı­lır. Fin-uqor dil­lə­rin­dən olan müa­sir ma­ri di­lin­də fe­l şə­­kil­­çi­­lə­ri çox­funk­si­ya­lı xa­rak­te­rə ma­lik­dir. Ey­ni şə­kil­­çi­­nin həm söz­düzəl­di­ci, həm də for­ma­də­yiş­di­ri­ci funk­­si­ya da­şı­­dı­­ğı­­na tez-tez rast gəl­mək olur. Yaxud kal­mık dilinin qrammatikasında təkrarlı fellər felin məlum, məchul, orta və qayıdış növlərindən əmr formasına müvafiq şəkilçilərin artı­rıl­ması yolu ilə düzəlir və s.
Professor İ.Abbasovun latın dilinin qrammatikasına müraciət etməsi fel haq­qın­da linq­vis­tik ba­xış bu­ca­ğı­nı bir qədər də ge­niş­lən­di­rir. O qeyd edir ki, isim, ya­xud si­fət­lər­dən düzə­lən fel­lər de­no­mi­na­tiv (de­no­mi­na­ti­ves) ad­la­nır. Di­gər fe­l­lər­dən düzə­lən fe­l­lər ya tək­rar­lı (fre­qu­en­­ta­­ti­ve), ya baş­lan­ğıc (in­cep­ti­ve), ya ar­zu (de­si­de­ra­ti­ve), ya azalt­­ma (di­mi­nu­ti­ve), ya da şid­dət­lən­dir­mə (in­ten­si­ve) fe­l­lə­ri ki­mi təs­nif olu­nur.
İdris Abbasov göstərir ki, M.Kazım bəy "Şərq dilləri qrammatikasının bəzi labüd terminləri” ifadəsini işlədəndə ənənəvi ərəb dili qrammatikasına xas istilahları nə­zərdə tuturdu. O, çox haqlı olaraq belə qənaətə gəlir ki, Avropada Türk-Azərbaycan dilinin qrammatikasına dair M.Kazım bəydən əvvəl yazılan əsərlərdə sintaksisə dərindən təmas edilməmişdir. Məhz ilk dəfə olaraq M.Kazım bəy Azərbaycan dilinin sintaksisini sistemli şəkildə təqdim etməyə nail olmuşdur. Bu zaman o, ərəb, rus və qərb dilçiliyinin elmi nailiyyətlərindən yaradıcı şəkildə faydalanmış, Azərbaycan dili sintaksisinin aydın mənzərəsini yarat­ma­ğa çalışmışdır. İ.Abbasov müasir tədqiqatçı üçün çətin anlaşılan ərəb dili qram­matik terminlərinin, daha doğrusu, M.Kazım bəyin sintaksis bölümündə işlətdiyi, ancaq çox vaxt izahını vermədiyi qrammatik istilahların şərhini vermişdir.
İ.Abbasovun oxuculara təqdim etdiyi M.Kazım bəyin "Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” monoqrafiyasında hər bir dil hadisəsinin araşdırılmasında koqnitiv və kommunikativ təhlillər verilmiş, hər bir dil hadisəsi koqnisiya (idrak prosesilə) və kommunikasiya (nitq aktı ilə) hadisələri ilə əlaqəli şəkildə tədqiqatdan keçirilmişdir. Bu zaman tədqiqatçı-alim qrammatikanın həm də fəlsəfi mahiyyətli olmasını göz önünə gətirərək, xüsusən fransız filoloqlarının (Dyödone Tyebo kimi), filosoflarının (Antuan Destü dö Trasi kimi) düşündürücü mülahizələrinə də istinadlar verməklə, tədqiqatın nəzəri mahiyyətini oxucuya təqdim edə bilmişdir.
Professor İ.Abbasovun M. Kazım bəyin çoxəhatəli və zəngin dil materiallarına verdiyi şərhlər yalnız şərh deyil, sözün həqiqi mənasında dərin təfəkkürlü bir alimin özünəməxsus orijinal aydınlaşdırmaları, elmi-nəzəri nəticələridir. Mən bu fundamental əsəri XXI əsr Azərbaycan dilçiliyində və ümumən türkologiyamızda uğurun başlanğıcı hesab edirəm.
Əsərin elmi redaktoru akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, bu əsər Azərbaycan dilçilik elmində uğurlu bir hadisədir və hər cür mükafata layiqdir. Monoqrafiya XIX əsrin ən böyük poliqlot alimi, işıqlı bir ziyalı, ilk dəfə şərq dillərini Avropa dilləri ilə müqayisəli istiqamətdə tədqiq edən Mirzə Kazım bəyin təkrarsız təcrübəsinin məhsulu olan "Türk-tatar dilinin ümumi qrammatikası” fundamental əsərinin dünyanın çoxsaylı dilləri ilə müqayisəli şəkildə araşdırılmasına həsr edilmiş aktual bir tədqiqatdır. Həcm etibarilə də seçilən (1007 səhifə) bu fundamental əsərdən Türk-Azərbaycan dili tarixinin mütəxəssisləri, dilçi-filoloqlar, türkoloqlar, dil nəzəriyyəçiləri, şərqşünaslar, ərəbşünaslar, ümumən Şərq və Avropa dilləri üzrə müxtəlif profilli dilçi-tədqiqatçılar, tərcüməçilər faydalana bilərlər.

Sevil Mehdiyeva,
AMEA-nın Nəsimi adınaDilçilik İnstitutunun Azərbaycan dili tarixi
şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor
banner

Oxşar Xəbərlər