• cümə axşamı, 28 mart, 22:38
  • Baku Bakı 13°C

“Azərbaycan dili qorunmalı və onun normalarına düzgün əməl edilməlidir”

17.12.18 18:08 1042
“Azərbaycan dili qorunmalı və onun normalarına düzgün əməl edilməlidir”
Azərbaycan Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Azərbaycanın media məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə millət vəkili, MŞ sədri Əflatun Amaşovaçaraq bildirib ki, rəhbərlik etdiyi qurum cari ilin iyun-noyabr aylarında 25 kütləvi informasiya vasitəsinin monitorinqini aparıb. O, bugünkü tədbirin məhz həmin monitorinqin nəticələrinə həsr olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, MŞ yaranan gündən Azərbaycan ədəbi dilinin qorunmasına böyük önəm verib. Deputatın sözlərinə görə, MŞ-in yaratdığı komissiyalardan biri də Dil Komissiyasıdır: "Mətbuat Şurası 2011-ci ildən özünün Monitorinq Mərkəzini yaradıb və dilçi alimlər, peşəkar mütəxəssislərlə birgə mətbuatda monitorinqlər keçirir. Məqsəd mətbuatda Azərbaycan dilinin qorunması və dil normalarına düzgün əməl edilməsidir. İndiyə qədər kütləvi informasiya vasitələrində dil ilə bağlı çoxsaylı monitorinqlər keçirilib. Bu monitorinqlərin nəticəsi ayrı-ayrı vaxtlarda mütəxəssislərlə, media nümayəndələri ilə müzakirə edilib, mövcud çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr verilib. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra təqribən 30-a yaxın qanunda, fərmanda, digər direktiv aktda dilimizin, xüsusən də ədəbi dilimizin qorunması ilə əlaqədar müxtəlif məsələlər öz əksini tapıb. Bütün qəbul olunmuş sənədlərdə Azərbaycan ədəbi dilinin saflığı, işləkliyi, dövlət dili kimi işlədilməsində qarşıya çıxan fəsadların aradan qaldırılması, dilimizə daxil olan alınma sözlərin təmizlənməsi və digər məsələlər mütəmadi olaraq diqqət mərkəzində saxlanılıb. Mətbuat Şurasının cari ilin iyun-noyabr aylarında keçirdiyi monitorinq də dil normalarının leksik, qrammatik və üslub istiqamətləri üzrə 25 kütləvi informasiya vasitəsində yol verilmiş nöqsanlar üzərində qurulub. Əvvəlcədən qeyd etmək istərdim ki, aşkar olunan problemlər sadəcə monitorinqə cəlb olunan media qurumlarının deyil, bizim ümumi problemimizdir və həmin problemlərin aradan qaldırılması üçün tədbirlərin görülməsi vacibdir”.
Tədbirdə Mətbuat Şurasının monitorinq qrupunun rəhbəri İlham Abbasov iyun-noyabr ayları ərzində keçirilmiş monitorinqlə bağlı nəticələri açıqlayıb. O qeyd edib ki, monitorinqə 15 qəzet, 10 informasiya saytı cəlb olunub. İ.Abbasov bildirib ki, son dövrlərdə Azərbaycan mətbuatında dilin leksik normasının pozulması halları xeyli azalıb. O, Azərbaycan dilinin normalarına riayət olunması üçün zəruri tədbirlər görüldüyünü də diqqətə çatdırıb. Eyni zamanda bildirib ki, leksik pozuntular azalsa da, qrammatik və üslub pozuntuları hələ də qalır: "Mətbuatda şifahi nitqdəvə yazıda Azərbaycan dilinin istifadəsi zamanı bir çox anlaşılmaz ifadələr müşahidə olunur. Biz Azərbaycan dilində mövcud olan anlayışların ingilis variantını istifadə edirik. Bəzi qurumların qısaltmaları, abreviaturalarının Azərbaycan variantı deyil, ingilis dilində olan variantı istifadə edilir. Məsələn,SOCAR, UNEC və sair. Son dövrlərdə İqtisadiyyat Universiteti israrla tələb edir ki, mətbuat ali məktəbin adının abreviaturasının məhz ingilis dilində olan formasını yazsın. Bu, doğru deyil. Düzdür, son dövrlərdə Azərbaycan dilinin normalarına riayət olunması üçün zəruri tədbirlər görülür. Lakin təəssüf ki, bu qədər diqqətin yönəldilməsinə baxmayaraq, səhvlər hələ də qalır. Yaxşı cəhət isə odur ki, mətbuatda leksik pozuntular xeyli azalıb. Amma qrammatik və üslubi pozuntular hələ də qalır. Azərbaycanda çıxan istənilən mətbuat orqanında, istənilən yazıçının əsərində durğu işarələri, o cümlədən vergül səhvi var”.
Monitorinq qrupunun üzvü, filologiya üzrə fəlsəfə doktoru Bəhram Məmmədov isə çıxışı zamanı deyib ki, səhvlərin böyük əksəriyyəti xarici KİV-lərdən tərcümə zamanı qeydə alınıb. Bununla yanaşı, o qeyd edib ki, bəzi jurnalistlər şifahi və yazılı nitq arasında fərq qoymurlar. Monitorinqin nəticəsi olaraq o da vurğulanıb ki, səhvlər daha çox mürəkkəb adların düzgün yazılmamasında, miqdar saylarının yerində işlənməməsində özünü göstərir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar İmanov tədbirin əhəmiyyətindən söhbət açıb və Mətbuat Şurasının Azərbaycan ədəbi dilinin qorunması istiqamətində gördüyü işləri, o cümlədən monitorinqlər keçirməsini yüksək qiymətləndirib. Akademik deyib ki, Azərbaycan dilinin üzləşdiyi problemlər bəzi hallarda mediadan, jurnalistlərdən kənar proseslərlə əlaqədardır: "Bu problemlərdən bir neçəsini İlham Abbasov öz məruzəsində vurğuladı. Bunlar bir sıra təşkilatların, qurumlarının adlarının qısaltması, abreviaturalarla bağlıdır. Aidiyyəti qurumlar, təşkilatlar anlamalıdırlar ki, ədəbi dilimiz Azərbaycan dövlətinin dövlət dilidir və buna hər kəs əhəmiyyət verməlidir. Yuxarı təşkilatlar, yəni hansısa qurum hər hansı beynəlxalq və ya yerli təşkilatın adını əvvəlcə öz doğma dilində, daha sonra əcnəbi dildə yazmalıdır. Bu qısaltma problemi ona görə var ki, hansısa məktəb, ali təhsil ocağı, qurum və ya sair öz adının qısaltmasını ingilis dilində yazdırır, təbliğ etdirir. Əslində isə bu, düzgün deyil. Dövlət dilimizin öz qayda-qanunu var. Bu qanuna əməl etmək hamının, o cümlədən mənim, adını çəkdiyimiz və çəkmədiyimiz təşkilatın, jurnalistin də borcudur. Digər bir problem bəzi alınma sözlərin dilimizdə tam oturuşmaması ilə əlaqədardır. Bunu nəzərə almadan jurnalistin yaxasından yapışa, onu dil normalarını pozmaqda günahkar görə bilmərik. Sadəcə, jurnalistlərdən daha həssas və diqqətli olmağı tələb edə bilərik. Çox istərdim ki, jurnalist müstəqilliyin verdiyi imkanlardan səmərəli istifadə etsin, öz üslubunu ortaya qoya bilsin. Üslub ortaya qoymağın yolu da bir çox hallarda dialektlərimizdən keçir. Bununla yanaşı, jurnalist şifahi və yazılı nitq formasını fərqləndirməyi bacarmalı, predmeti bilməlidir. Jurnalist kimlə söhbət edirsə, kimdən müsahibə alırsa, onu az-çox tanımalıdır. Tələm-tələsik qələmi, qeyd dəftərini, mikrofon və ya diktofonu götürüb kimdənsə müsahibə almaq olmaz. Müsahibini tanımadan, yazacağın sahəni bilmədən keyfiyyətli yazı ortaya qoymaq qeyri-mümkündür. Ən əsası da jurnalistikaya gələn gəncin, jurnalistin dil normalarını qoruması üçün dil duyumu olmalı, harada hansı sözü işlətməyi duyub his etməlidir. Bu, kitab-dəftərlə, nəyisə öyrənməklə olmur. Quyuya su tökməklə quyuda su dolmaz. Eyni zamanda tərcümələrdə yol verilən nöqsanlar da göz qabağındadır. Dövlət başçısı İlham Əliyevin sərəncamlarından birində Azərbaycan seriallarının dilinin bərbad vəziyyətdə olması xüsusilə vurğulanır. Bu da ondan qaynaqlanır ki, tərcüməçi naşıdır, əcnəbi dildə olan mətni, sözü hərfi mənada tərcümə edir, tamaşaçıya çatdırır. Təbii ki, bu da yolverilməzdir. Ümumilikdə isə bizim nəinki jurnalistlərimiz, hətta dilçi alimlərimiz, ədəbiyyatşünaslarımız bəzi hallarda dil normalarını pozurlar”.
Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib ki, rəhbərlik etdiyi institutda Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə cəzaların icrası üçün tədbirlər planı hazırlanır. Onun sözlərinə görə, bununla bağlı Dilçilik İnstitutuna məktub daxil olub. Direktor qeyd edib ki, bir çox ölkələrdə ədəbi dil normalarının pozulmasına görə inzibati cəza tədbirlərinin tətbiq edilməsi təcrübəsi var. M.Nağısoylu jurnalistləri son dərəcə məsuliyyətli olmağa, dili sevməyə səsləyib və bildirib ki, xüsusən də yazılı nitqdə çox diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, materiallar yazılandan sonra yeri gələrsə 20 dəfə oxunmalı, buraxılan səhvlər aradan qaldırılmalıdır.
AMEA-nın müxbir üzvü, deputat Nizami Cəfərov deyib ki, dil normalarının pozulmasının qarşısını almaq üçün monitorinqlər daha da artırılmalıdır. O bildirib ki, aparılan monitorinqlərin nəticəsində dil normalarının düzgün işlənməsinə diqqətin artdığı, səhvlərin azaldığı göz qabağındadır. Millət vəkili qeyd edib ki, bu gün dillə bağlı ən böyük narahatlıq mətbuatdandır. Onun sözlərinə görə, Azərbaycan mətbuatında üslub axtarışı getmir, publisistik üslub çökür, fərdi üslub sıradan çıxır.
Tədbirdə digər çıxış edənlər də bu cür monitorinqlərin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndiriblər. Natiqlər media nümayəndələrini dillə bağlı normalara düzgün riayət olunmasına və Azərbaycan dilinin saflığının qorunması istiqamətində birgə fəaliyyətə çağırıblar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər