AZE | RUS | ENG |

Azərbaycan dili - azərbaycanşılığın mənəvi əsası kimi

Azərbaycan dili - azərbaycanşılığın mənəvi əsası kimi
Ana dilimizə sevgi həm də insanların içində olmalıdır

"Sən ancaq rus dilində danış, yoxsa yoldaşlarından geri qalacaqsan”- deyə küçədə bir valideynin azyaşlı qızına tövsiyəsini eşidəndən sonra ”niyə öz dilimizdə danışa-danışa böyüməyək” sualından çox "Görən başqa xalqlar da özgə xalqların dilinə belə sevgi göstərirlərmi” sualına cavab axtardım. Xarici ölkələrdə səfərdə olarkən öncə xalqların öz dillərinə münasibətinə diqqət yetirirəm. Fransızların dillərinə sonsuz sevgilərini müşahidə etmişəm. Onlara dünyada beynəlxalq dil hesab edilən ingilis dilində müraciət edəndə dili bilsələr belə, yenə də fransızca cavab vermələrini eşitmişəm. Polşada nə ingilis dilində reklamlara rast gəlmək olur, nə də restoran, kafe və s. adlara. Hətta Varşavada hava limanında təyyarədən enib şəhərə getmək üçün nəqliyyata bilet almaq istəyərkən aparatın qarşısında dəqiqələrlə dayanıb polyak dilindən baş çıxarmağa çalışırsan. Almanlar da "başqa dilləri sevmək ünsiyyətin inkişafı üçün gözəl məqamdır, ancaq öz dilini sevəndən sonra”- deyə dillərinə sevgini nümayiş etdirirlər. 

Bizdə isə vəziyyət fərqlidir. Belə ki, başqa dillərdə danışmağa, ingilis və ya s. dilləri öyrənməyi kütləviləşdirməyə təkcə özünüinkişaf, zamanla ayaqlaşmaq və ya ünsiyyətin zənginləşməsi kimi yox, daha çox dəb, "qonşudan qalma dala” prinsipi kimi yanaşılır. Xüsusən son illərin tendensiyası bunu deməyə əsas verir. Universitetlərin auditoriyasından, AMEA-nın institutlarının dəhlizlərindən tutmuş, klinikalara, idarə və təşkilatlara qədər hər yerdə dilimizə etinasızlığa rast gəlmək olur. Dilimizin normaları efirdə, mətbuatda, sosial mediada, cəmiyyətdə və s. kobudcasına pozulur.

Bu, zəngin dildir

Ötən illər ərzində Azərbaycan dilinin rəsmi statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsinə dair müxtəlif qanun, fərman və sərəncamlar təsdiq edilib. Dövlət dilinin həyatın hər bir sahəsində qeyd-şərtsiz işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutan bu sənədlər ölkədə dövlət dilinin tətbiqinin normativ hüquqi əsaslarını və icra mexanizmini tam müəyyən edib. Bütün bunlar Azərbaycan dilinə məhz dövlətçiliyin əsas atributlarından biri kimi yanaşmanın bariz nümunəsi, dövlətin yüksək diqqət və qayğısının aydın təzahürüdür. Atılan addımlar ədəbi dilin daha da zənginləşməsi və tətbiq dairəsinin genişlənməsi baxımından son dərəcə əhəmiyyətli olub.

Ulu öndər Heydər Əliyev dövlət quruculuğu siyasətində Ana dili məsələsinə xüsusi yer ayırıb. "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”- deyən ümummilli lider Azərbaycan dilini azərbaycançılığın mənəvi əsası kimi dəyərləndirirdi. Azərbaycançılıq ideologiyasını mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevirən ulu öndər "Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə - Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir” - deyirdi. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti ilə yanaşı, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar da ulu öndərin hakimiyyətdə olduğu illərdə imzalanıb. Həmçinin "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun və dil siyasəti sahəsində normativ hüquqi aktlar və digər tədbirlər ölkəmizdə dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib. 

Prezident İlham Əliyevin ulu öndərin dilimizlə bağlı siyasətini davam etdirərək "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları da latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli olub. Bu addım, həmçinin dilçiliyin əsaslı inkişafına təkan verib. Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması dövrün tələbinə çevrilib. Ölkə başçısının "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı da bu zərurətdən irəli gəlib.

2018-ci il noyabrın 1-də imzalanan son sərəncam – "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” fərmanda qeyd edilən Monitorinq Mərkəzinin yaradılması bu istiqamətdə problemlərin açarı kimi görünür. Hesab edilir ki,  Monitorinq Mərkəzi hüquqi publik şəxs kimi fəaliyyətə başlayandan sonra ədəbi dil normaları ilə bağlı məsələlər öz həllini tapacaq.
 
AMEA üzərinə düşən vəzifələri yerinə yetirib

AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli "Kaspi”yə açıqlamasında ölkədə dil siyasətinin uğurla həyata keçirildiyini bildirdi: «Ölkə başçısının sərəncamı ilə Monitorinq Mərkəzinin yaradılması ilə bağlı AMEA öz üzərinə düşən vəzifələri yerinə yetirib. Monitorinq Mərkəzinin əsasnaməsi hazırlanıb və inzibati təşkilati məsələlərə dair müvafiq qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabineti qərarı təsdiqləyəndən sonra həmin qurum fəaliyyətə başlayacaq. Dil və Monitorinq Mərkəzi müstəqil qurum olacaq və AMEA ilə əlaqəli şəkildə işləyəcək”. Akademik qeyd etdi ki, yeni orfoqrafiya qaydalarının hazırlanması ilə bağlı geniş müzakirələr də keçirilib: "Yeni orfoqrafiya qaydaları müstəqillik dövrünün ilk orfoqrafiya qaydaları olacaq. Geniş ictimaiyyətin iştirakı ilə keçirilən müzakirələr artıq başa çatıb. Bir neçə vaxtdır ki, orfoqrafiya qaydaları təsdiq olunmaq üçün Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabineti uyğun qurumlara aid rəyini aldıqdan sonra qaydalar təsdiq olunacaq və onun əsasında yeni lüğət hazırlanacaq. Bizdə olan məlumata görə yaxın vaxtlarda bu qaydalar Nazirlər Kabinetində təsdiq olunacaq. Paralel olaraq orfoqrafiya lüğəti üzərində iş gedir. Mübahisə doğurmayan, yeni qaydalara uyğun olmayan çoxsaylı sözlər var ki, onları lüğətdən ayırmaq mümkündür. Bu istiqamətdə Nəsimi adına Dilçilik İnstitutu öz fəaliyyətini davam etdirir”. İ.Həbibbəylinin sözlərinə görə, Monitorinq qrupu da efirdə yol verilən qüsurlarla bağlı monitorinqləri davam etdirir. Qrup təkliflərini aidiyyatı qurumlara göndərir. 

Əgər biz azərbaycanlıyıqsa...

AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bizimlə söhbətində bildirdi ki, Monitorinq Mərkəzinin yaradılması istiqamətində institut öz təkliflərini verib: «Ümid edirəm ki, Monitorinq Mərkəzi geniş istiqamətdə fəaliyyət göstərəcək. Ancaq mərkəzin fəaliyyətinin nə vaxt başlayacağı ilə bağlı məlumatım yoxdur. Bizim təkliflərimiz sırasında Azərbaycan ədəbi dilinin tətbiqi, Monitorinq qrupunun fəaliyyəti nəticəsində üzə çıxan qüsurların aradan qaldırılması öz əksini tapıb. O cümlədən, reklamlarda, televiziya aparıcılarının nitqlərindəki qüsurlar və s. sahələrdə dillə bağlı boşluqların aradan qaldırılması üçün təkliflər verilib. Hətta, cərimələrin tətbiq olunması ilə bağlı təkliflər də yer alıb. Ümid edirəm ki, o təkliflər təsdiq olunsa, dil normalarının pozulması ilə bağlı qüsurlar tezliklə aradan qaldırılacaq”. Azərbaycan dilinin azərbaycançılıq ideyasının tərkib hissəsi kimi dəyərləndirilməsinə gəlincə, S.Əliyeva bildirir ki, buna bütün cəmiyyət olaraq çalışmaq lazımdır: ”Dilimiz azərbaycançılıq ideologiyasının mühüm elementidir. Azərbaycançılıq ideyası hər yerdə prioritet olmalıdır. Dünyanın harasında oluruqsa olaq, əgər biz azərbaycanlıyıqsa, Azərbaycan vətəndaşı olaraq bütün fəaliyyətimizdə bunu nəzərə almalıyıq. Öz yaşadığımız məkanda isə Azərbaycan dilini mükəmməl bilməliyik. Bu, bizim vətəndaş olaraq borcumuzdur. Ailədə doğulan körpə dil açdığı gündən bu, onun yaşamına sızmalıdır. Dilə sevgi, diqqət bizim ruhumuza hopmalıdır. Azərbaycançılıq hər bir yerdə öz millətini təmsil etmək, öz dilinə, adət-ənənəsinə mükəmməl bələd olmaqdır. Azərbaycan dilinin gözəlliyini dərk edərək biz bu qaydalara riayət etməliyik. Biz öz dilimizdə danışmaqla fəxr edək. Həqiqətən də Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir. Biz öz klassiklərimizi oxusaq, folklorumuza dərindən bələd olsaq, övladlarımıza bu yöndə tərbiyə versək, təhsillərinə də diqqət yetirsək, bu sahədə irəliləyişə nail olarıq. Xarici dildə danışmaq yaxşıdır, ancaq Xalq şairi Bəxtiyar Vahabzadənin dediyi kimi: «Heç bir dil duruş gətirməyib mənim öz dilimə çevriləcək, mən öz dilimdə dərk edəcəyəm» sözlərindən gözəl heç nə ola bilməz”.  

Hər kəs üzərinə düşən vəzifəni icra etsə...

Təbii ki, dilin qorunması istiqamətində vətəndaş cəmiyyətinin də üzərinə böyük məsuliyyət düşür. Elə bu yaxınlarda Facebook-da "İstanbuldan Bakıya uçan rus təyyarəsi” adlı status paylaşaraq vətəndaşlıq mövqeyini nümayiş etdirən Azərbaycan Dil Qurumunun sədri Sabir Rüstəmxanlınındilimizə ögey münasibət göstərilməsi ilə bağı kəskin narazılığı yer alıb: "Dövlət dilindən imtina da elə dövlətin torpağından imtina kimi bir şeydir; bu da satqınlıqdır. Xarici dilləri öyrənmək vacibdir, lakin bu, ana dilini bilməmək, ana dilində oxumamaq, ana dilindən imtina səviyyəsindədirsə, mənə görə, bu, dövləti cinayətdir” - deyə o qeyd edib. Dil Komissiyasının üzvü qəzetimizə açıqlamasında bu sahədəki problemləri birgə həll etməyin mümkünlüyünü bildirdi: "Ana dilimizin terminoloji cəhətdən zənginləşməsi, türk dilləri ilə əlaqəsi, elmi, fəlsəfi, tarixi üslublarının inkişafı, beynəlxalq imicinin güclənməsi, rusdilli məktəblərdə ana dilinin yüksək səviyyədə tədrisi, reklam məsələləri, xarici ölkələrdən gələn brend adların işlənmə mexanizmi və s. məsələlərdə problemlər var”. S.Rüstəmxanlı həmçinin KİV-də ədəbi dil normalarının pozulduğunu bildirir: "Bu problemlərin həlli üçün hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu baxımdan, QHT-lərin, dillə bağlı akademiyadan kənar müəssisələrin öhdəsinə daha ciddi vəzifələr düşür”.  

Təbii ki, ölkə başçısı tərəfindən imzalanan sənədlər  dilimizin saflığının qorunması və zənginləşməsi istiqamətindəki problemləri qabardacaq və həlli yolları üçün addımlar atmağa imkan verəcək. Ancaq dilə sevgi həm də insanların içində olmalıdır. Azərbaycançılıq ideologiyası və qayəsi kimi bu da hər kəsin vətəndaşlıq mövqeyi olmalıdır. Bu sevgi olandan sonra bütün qaydalara əməl olunacağı istisnasızdır.
 
Təranə Məhərrəmova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892