• çərşənbə axşamı, 23 aprel, 21:03
  • Baku Bakı 20°C

Azərbaycana dəstək, dünyaya mesaj

29.07.20 19:49 780
Azərbaycana dəstək, dünyaya mesaj
Ekspertlərin fikrincə, Türkiyə Prezidentinin Azərbaycana qardaş dəstəyi başqa dövlətlərin ölkəmiz baxışına müəyyən dərəcədə təsir göstərir

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatı ilə bağlı gedən döyüşlər ərəfəsində və ondan sonra Türkiyə dövləti və onun siyasi-hərbi rəhbərliyi dəfələrlə Azərbaycana dəstək olduqlarını bəyan ediblər. Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatında növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Azərbaycanın yanında olduğunu ifadə edib.
O bildirib ki, Suriyada məzlumların fəryadlarına biganə qalmadıq və Liviyada ölkənin qanuni idarəçiliyinin əməkdaşlıq dəvətini cavabsız qoymadıq: "Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərinə də eyni anlayışla dəstək veririk. Hər mübarizə arzu olunduğu nəticəni verməyə bilər, amma mübarizə aparmayan bəri başdan məğlubdur”.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına cavab verir: "Eyni zamanda nəzərə almaq lazımdır ki, Türkiyə tərəfi həmişə həm regional, həm də beynəlxalq müstəvidə münaqişə vəziyyətində olan Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Təbii ki, eyni sözləri Azərbaycan haqqında da qeyd etmək lazımdır. Azərbaycan da bütün müstəvilərdə həmişə Türkiyənin yanında olduğunu nümayiş etdirib. Azərbaycan Prezidenti İlham Əliyev də qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında səmimi, ən yüksək səviyyədə inkişaf etmiş münasibət dünyanın başqa ölkələri arasında müşahidə olunmur. Yəni, Türkiyə ilə Azərbaycanın münasibətinin bugünkü səviyyəsi başqa dövlətlər arasında müşahidə olunmayan bir nümunədir. Bu baxımdan hesab edirəm ki, həm Türkiyə prezidentinin, həm də bu ölkənin digər rəsmilərinin Azərbaycana açıq dəstək verməsi, ölkəmizin yanında olduqlarını bildirməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasının vacibliyini səsləndirməsi iki ölkə arasındakı münasibətlərin strateji xüsusiyyətlərini göstərir”.

Azərbaycan və Türkiyə hərbçilərinin genişmiqyaslı hərbi təlimlərinin başlandığını qeyd edən Elşad Mirbəşir dedi ki, bu tədbir əvvəlcədən planlaşdırılsa da, indiki halda bunun kifayət siyasi təsiri olacaq: "Ermənistan rəhbərliyinin Azərbaycan və Türkiyə birgə hərbi təlimlərindən keçirdiyi narahatlıq və bunu aşkar büruzə verməsi də bir daha sübut edir. Bu baxımdan hesab edirəm ki, Türkiyə-Azərbaycan münasibəti, konkret olaraq Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycana qardaş dəstəyinin göstərilməsi, bizim yanımızda olduğunu bildirməsi başqa ölkələrin Azərbaycana baxışına bu və ya digər dərəcədə təsir göstərir. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək gücünə malikdir. Amma bununla yanaşı, Azərbaycana siyasi, diplomatik dəstəyin olması da çox vacib və təsirli amil rolunda çıxış edir. Bunu da işğalçı Ermənistanla yanaşı, ona dəstək olan digər subyektlər də görürlər. Belə olan halda, Azərbaycana münasibətdə Ermənistanı dəstəkləməkdən bu və ya digər dərəcədə çəkinmək haqqında düşünə bilərlər. Çünki Türkiyə regionda kifayət qədər ciddi rola malik olan bir dövlətdir. Eləcə də dünya miqyasında Türkiyənin həm iqtisadi, həm siyasi baxımdan potensialı, düşünürəm ki, Azərbaycanla Türkiyə münasibətləri kontekstində də ölkəmizə ciddi dəstək faktoru rolunda çıxış edir. Prezident Ərdoğanın Azərbaycana açıq, səmimi dəstək olması ölkəmizin siyasi mövqelərini daha da gücləndirir və potensialının artmasına təsir göstərir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyə və Rusiya prezidentləri iyulun 27-də telefonla danışdılar: "İki ölkənin prezidentləri il ərzində bir neçə dəfə telefonla danışır, söhbətlərində əsasən Suriya və Liviyadakı vəziyyəti müzakirə edirlər. Bu dəfə belə olmadı. Türkiyə və Rusiya prezidentləri ilk dəfə idi ki, Azərbaycan-Ermənistan qarşıdurmasını detallı şəkildə müzakirə etdilər. Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə heç vaxt maraq göstərməyib. Buna dair misallar göstərmək olar.
Ancaq indi durum fərqlidir. Moskva istəməsə belə, Türkiyə Cənubi Qafqazda əsas oyunçulardan birinə çevrilib. Bunun bir səbəbi Azərbaycanla Türkiyə arasındakı strateji münasibətlərin inkişafıdırsa, ikinci səbəbi Azərbaycanın iştirakçısı olduğu böyük enerji və nəqliyyat layihələrinin Türkiyəyə uzanmasıdır. Yəni, Azərbaycana qarşı istənilən həmlə Türkiyənin təhlükəsizlik maraqlarına toxunur və Ankara baş verənlərə seyrçi qala bilməz. Türkiyə bundan sonra Azərbaycanın milli və təhlükəsizlik maraqlarına toxunacaq proseslərdən kənarda qala bilməz və qalmayacaq. Bu səbəbdən Tovuz istiqamətindəki döyüşlərə ən sərt reaksiya verən dövlət məhz Türkiyə oldu. Türkiyənin rəsmiləri sərhəddəki döyüşlər fonunda açıq şəkildə dedilər ki, Azərbaycana istənilən hərbi dəstəyi verməyə hazırdırlar. Bu mesaj işğalçı Ermənistanla yanaşı, həm də Rusiyaya ciddi mesaj idi. Bundan başqa, Türkiyə Azərbaycanla birgə ölkə boyu geniş hərbi təlimlərə başlayır. Türkiyə bir sıra ölkələrdə olduğu kimi, bir anda Cənubi Qafqazda da oyun qurucusuna çevrildi. Bu vəziyyətdə Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan qarşıdurmasını geniş şəkildə müzakirə etməyə bilməzdi”.

E.Şahinoğlu vurğuladı ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qətiyyətli siyasətçidir: "Türkiyədə cümhuriyyət qurulduqdan bu yana qardaş ölkə bölgədə hələ bu qədər aktiv olmamışdı. Türkiyə hərbçiləri 10-dan çox ölkədə müxtəlif vəzifələr yerinə yetirirlər. Türkiyə cümhuriyyət tarixində ilk dəfə olaraq eyni zamanda 3 ölkədə - Liviyada, Suriyada və İraqda hərbi əməliyyatlarda iştirak edir. Bu, Türkiyənin artan gücünü göstərir və zamanın tələbidir. Türkiyə bölgədə aktiv olmasa, bu boşluğu onun rəqibləri və düşmənləri dolduracaqlar. Ərdoğan rəqiblərinə və düşmənlərinə Türkiyə əleyhinə fürsət vermir. O, Azərbaycana istənilən dəstəyi verməyə hazırdır. Bu yalnız söz deyil, əməldir. Türkiyə ordusu Naxçıvana daxil olmaqla Ermənistana və onun arxasındakı güclərə güclü mesaj vermiş oldu. Ərdoğanın qərarın verildiyi gün açıqlamasını xatırlatmaq yerinə düşər. O dedi ki, Türkiyə Suriyada məzlumların fəryadlarına biganə qalmadı və Liviyada ölkənin qanuni idarəçiliyinin əməkdaşlıq dəvətini cavabsız qoymadı. Onun bu açıqlamasının Azərbaycana aid olan hissəsi belə idi: "Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərinə də eyni anlayışla dəstək veririk. Hər mübarizə arzu olunduğu nəticəni verməyə bilər, amma mübarizə aparmayan bəri başdan məğlubdur”.
Ərdoğanın bu iki cümləsinin xüsusi əhəmiyyəti var və o, bununla demək istəyib ki, Türkiyə Azərbaycan ordusunun işğal altındakı torpaqları azad etməsi üçün hərbi əməliyyata başlamasının tərəfdardır və bunun üçün istənilən dəstəyi verəcək. Türkiyə prezidenti Azərbaycanla bağlı iki addım atmağa da hazırdır. Birincisi, Ərdoğan Azərbaycanla hərbi-strateji müttəfiqliyin gücləndirilməsi məqsədilə yeni saziş imzalamağa hazırdır. İkincisi, şübhə etmirəm ki, Bakının istəyi əsasında Ərdoğan Türkiyənin Azərbaycanda hərbi bazalarını yaratmağa da hazırdır. Fikrimcə, haqqında danışdığım bu iki proses artıq başlayıb. Ərdoğanı Türkiyənin Azərbaycanda hərbi varlığına Kremlin mümkün kəskin reaksiyası maraqlandırmır. Ərdoğan üçün önəmli olan Azərbaycanın təhlükəsizliyinin təminatıdır.
Ermənistan Ərdoğanın Azərbaycanla bağlı qərarlarından qorxu içindədir. Ancaq bu, o demək deyil ki, Türkiyə bizim əvəzimizə işğal altındakı torpaqları azad etməlidir. Bu işi Azərbaycan ordusu görməlidir. Türkiyə ordusunun Azərbaycanda varlığı isə bizim üçün ona görə vacibdir ki, savaş başlayarsa, Naxçıvan və Azərbaycanın tamamı güvənlik altında olacaq. Türkiyə ordusunun var olduğu Azərbaycanda kimsə bizə arxadan zərbə vura bilməyəcək, xain planlar reallaşmayacaq. İkincisi, Rusiya açıq şəkildə işğalçıya dəstək verərsə, Türkiyə də Azərbaycanla bağlı eyni qərarı verəcək”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər