• çərşənbə axşamı, 23 aprel, 18:43
  • Baku Bakı 20°C

“Azərbaycan daha gözəldir”

06.02.15 07:32 1322
“Azərbaycan daha gözəldir”
Qəzetimizin ötən sayında əməkdar incəsənət xadimi, rejissor, aktrisa Məlahət Abbasovanın qızı Sudə ilə “Kaspi” ailəsinin qonağı olduğunu sizə xəbər vermişdik. Bu gün sizə Məlahət xanımın özündən az tanınmayan 9 yaşlı qızı Sudənin mətbuata ilk müsahibəsini eksklüziv olaraq təqdim edirik.
Qeyd etdiyimiz kimi, Sudə məşhurluqda anasını keçib. Yaşının 9 olmasına baxmayaraq, bir sıra uğurlu serial və filmlərdə rol alıb, bu yaşında böyük uğurlara imza atıb. Belə ki, balaca Sudə “Huzur sokağı”, “Babam için”, “Kız annesi”, “İslam bülbülleri”, “Ak kırlangıç” kimi seriallarda baş rollarda çəkilib.
Söhbətimizə Məlahət Abbasova ilə başladıq:
- Qızım gələcəkdə aktrisa olmaq istəsə, ona mane olmaram. Aktrisalıq peşəsi çox keşməkeşlidir. Bunun üçün Sudənin aktrisa olmasını istəmirəm. Azərbaycanlı olduğum üçün o mənim tərbiyəmlə böyüyür. Mənim özünəməxsus sənət yolum var. Sudə də ancaq o yol ilə gedə bilər. Onun üçün şöhrət heç zaman önəmli deyil, əsas sənətdir. Mən bu sənətdə çox yorulduğum üçün istəmirəm uşaqlarım da yorulsun. Bu, analıq duyğusundan irəli gəlir.
Sudə:
- 9 yaşım var. 3-cü sinifdə oxuyuram. Az da olsa, Azərbaycan dilini bilirəm. Dərslərimi mükəmməl oxuyuram. Çəkildiyim seriallar və filmlər mənim dərslərimə heç bir maneçilik törətmir.
- Böyüyəndə nə olmaq istəyirsən?

- Hazırda iki sənət seçmişəm. Onlardan biri aktrisalıq, digəri diş həkimidir. Aktrisa olmaq üçün anam mənə kömək edir. Əslində mən onun kimi aktrisa olmaq istəyirəm. Ancaq anam diş həkimi olmağımı istəyir (gülür). Mən ikimizin də arzusunu həyata keçirəcəyəm.
- Azərbaycan gözəldir, yoxsa Türkiyə?

- Hər iki ölkənin qəlbimdə öz yeri var. Ancaq Azərbaycan daha gözəldir. Anamdan xahiş edirəm ki, biz Azərbaycana köçüb burada yaşayaq. Valideynlərim Türkiyədə işlədiyi üçün Azərbaycana çox az-az gəlirəm. Ancaq buna baxmayaraq, ikinci vətənimi çox sevirəm.
- Azərbaycan filmlərində oynamaq istəyirsənmi?

- Əlbəttə istəyirəm.
- Daha çox dram janrlı seriallara çəkilirsən. Komediya filmlərində necə, oynayarsan?

- Çox istəyirəm. Komediya mənim üçün də çox maraqlı sahədir. Gələcəkdə yəqin ki, komediya filmlərində də rol alaram.
- Ananla səhnəyə çıxıb, aktrisalıq etmək istəyirsənmi?

- Anamı çox sevirəm. Bir dəfə onunla eyni səhnəni bölüşmüşük. O, “Hıdırelles” tamaşasında qaraçı qadın obrazını canlandırırdı. Həmin tamaşada anam qaraçı rəqsi oynayırdı. Mən də uşaq yaşlarımdan anamın yanında olduğum üçün onun teatrdakı bütün hərəkətlərini öyrənmişəm. O, qaraçı rəqsini məşq edəndə mən də yerimdə oynayırdım. Rejissor məni kənardan görüb bildirdi ki, Sudəni də səhnəyə çıxarın. Anam bir də gördü ki, mən onun yanında qaraçı rəqsi oynayıram. O, çox təəccüb etdi. Ümumiyyətlə, rəqs etməyi çox sevirəm. Tamaşa bitdikdən sonra bütün aktyorlar məni təbrik etdilər. Söylədilər ki, tamaşa zamanı gözümüz ancaq səndə idi.
Məlahət Abbasova:

- Sudə səhnədə çox rahatdır. Uşaqlıqdan mənimlə teatra gəldiyi üçün hamının hərəkətlərinə diqqət edib. Onun daxilində sanki bir sənət duyğusu var. Ancaq oğlumda Sudə kimi incəsənətə maraq yoxdur.
- Sinif yoldaşların çəkildiyin filmləri izləyirmi?

- Əlbəttə izləyirlər. Dostlarım mənə deyir ki, səni televizordan izləyirik, hərdən dram səhnələrində görəndə çox qorxuruq. Onlar mənim oynadığım filmlər haqqında gözəl sözlər deyirlər və bu da mənim xoşuma gəlir.
- Böyüyəndə necə obrazlar canlandırmaq istəyirsən?

- Komediya filmlərində baş rollarda oynamaq istəyərəm.
- Məlahət xanım, Sudəyə Azərbaycan filmlərində hər hansı obrazla bağlı təklif gəlibmi?

- Açığını desəm, elə bir təklif gəlməyib. Gəlsə, mən buna etiraz etmərəm. TRT kanalı yeni bir seriala başlayır və onlar bildirdilər ki, Sudəni seriala çəkmək istəyirlər. Ancaq mənim bir tələbim var ki, onun çəkildiyi seriallar təhsilinə mane olmamalıdır. Həftə içi çəkilən seriallarda Sudənin oynamağını istəmirəm. Çünki bu onun dərslərinə mane olur. Yalnız həftə sonu çəkiliş aparan seriallara razı oluram. Mən şirkətlərin qarşısına şərt qoyuram ki, həftə sonları günorta saat 3-dən sonra Sudə çəkilə bilər. Həftə içi saat 5-ə kimi olan çəkilişlərə razılıq vermirəm. İstəmirəm ki, onun təhsili ikinci plana keçsin. Əgər təhsili güclü olarsa, gələcəkdə yaxşı aktrisa da ola bilər. Ümumiyyətlə, mən ona heç bir qadağa qoymuram, seçimini özü edəcək.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər