• cümə axşamı, 28 mart, 17:35
  • Baku Bakı 16°C

Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib

16.05.14 08:49 1397
Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “The Business Year” nəşrinə müsahibə verib. Jurnalistin sualına cavab olaraq İlham Əliyev bildirib ki, 2013-cü il prezident seçkilərində Azərbaycan xalqı öz seçimi ilə həm bu günədək həyata keçirilən siyasətə, həm də gələcək fəaliyyətimizə öz dəstəyini ifadə etmişdir.
Prezident qeyd edib ki, son 10 ildə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artıb, strateji valyuta ehtiyatlarının həcmi 50 milyard dolları keçib. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170 milyard dolları ötüb. Bu dövrdə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Yoxsulluğun səviyyəsinin 49 faizdən 5,3 faizə düşməsi, habelə işsizliyin iki dəfə azalaraq cəmi 5 faiz təşkil etməsi bizim ölkənin mühüm uğuru hesab oluna bilər. 10 ildə respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilib, şəhər, qəsəbə və kəndlərimiz müasirləşib, bütün sahələrdə ən müasir standartlar və qabaqcıl texnologiyalar tətbiq olunub.
Dövlət başçısı müsahibədə bildirib ki, gələcək planlarımız Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlərin bundan sonra da ardıcıl şəkildə davam etdirilməsindən ibarətdir.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir. Son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artıb. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin əsasının qoyulması ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən hadisə olub. Bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. İnnovasiyalara, yüksək texnologiyalara əsaslanan güclü iqtisadiyyatın formalaşdırılması bizim əsas hədəflərimizdən biridir və bu məqsədə doğru ardıcıl şəkildə irəliləyirik.
“ASAN xidmət”in dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modeli olduğunu vurğulayan prezident hazırda bu xidmətin 25 növ hüquqi xidmət həyata keçirdiyini, cəmi bir il ərzində xidmətə bir milyondan çox müraciət edildiyini vurğulayıb: “Qarşıdakı dövrdə “ASAN xidmət”in funksiyalarını daha da genişləndirməyi nəzərdə tuturuq”.
Son 10 ildə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunub. Milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının həcmini 2,7 dəfə artırıb. Hazırda qarşımızda duran əsas vəzifələrdən biri mövcud potensiala əsaslanaraq Azərbaycanı güclü sənaye dövlətinə çevirməkdir.
Regional inkişaf dövlət proqramları haqda danışan dövlət başçısı deyib ki, onların həyata keçirilməsi nəticəsində bölgələrdə böyük dönüş yaranıb, regionların sosial-iqtisadi mənzərəsi tamamilə dəyişib. Minlərlə yeni müəssisə fəaliyyətə başlayıb, 900 mini daimi olmaqla 1,2 milyondan çox iş yeri yaradılıb. Son 10 il ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye istehsalı 3,1 dəfə artıb. Azərbaycanın bölgələri, bütün yaşayış məntəqələri abadlaşıb və müasirləşib.
“Bizim qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Buna görə, müasir dövrün çağırışları da nəzərə alınmaqla, regionlarımızın dinamik inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir. Dünyada mövqelərimiz möhkəmlənmiş, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanmışdır. Ölkəmiz artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi qəbul edilir” - deyə prezident müsahibədə bildirib.
İlham Əliyev söyləyib ki, BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə, xüsusilə quruma sədrliyi müddətində Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini verərək, xüsusi fəallığı ilə seçilib. “Şahdəniz-2” layihəsi isə dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə “XXI əsrin kontraktı” kimi düşəcək.
“Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində imzalanmış saziş bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin göstəricisidir. Əminəm ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı strateji tərəfdaşlığın ən səmərəli formatını yaratmağa nail olacağıq. Biz region ölkələri, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərimizi inkişaf etdirməklə yanaşı, xarici siyasətimizin yeni vektorlarına uyğun olaraq, həm də qeyri-ənənəvi istiqamətlər üzrə fəal diplomatiya nümayiş etdirdik” – prezident əlavə edib.
Xarici siyasətimizin təməlində Azərbaycanın milli maraqlarının qorunmasının dayandığını qeyd edən dövlət başçısı, artıq dünyanın 10 ölkəsinin 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Xocalıda törədilmiş qətliamı soyqırımı aktı kimi tanıdıqlarını, həmin dövlətlərin parlamentlərinin müvafiq qərarlar qəbul etdiyini xatırladıb: “Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Münaqişə davam etdikcə Ermənistan dövləti bölgənin bütün transmilli və regional inkişaf layihələrindən kənarda qalacaq, erməni xalqının vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalan sosial-iqtisadi potensialı tükənəcəkdir”.
l Avropa Oyunlarına hazırlıq işləri barədə suala cavabında prezident bildirib ki, bu il hazırlığın həlledici mərhələsinə qədəm qoyduq: “Nəzərə alsaq ki, Azərbaycanın artıq güclü potensialı, oturuşmuş idman infrastrukturu mövcuddur və bizim böyük beynəlxalq tədbirləri təşkil etməkdə yaxşı təcrübəmiz vardır, əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirə biləcəyik. Azərbaycanda tətbiq olunan standartlar bundan sonrakı Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcəkdir”.
banner

Oxşar Xəbərlər