Azərbaycan cəmiyyətində vətənpərvərlik hissləri yüksək səviyyədədir
Ağalar
Vəliyev: "Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı
işğaldan azad etməyə hazırdır və buna qadirdir”
"Azərbaycan
- Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı
qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın
qarşısı qətiyyətlə alınıb. Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat
xarakterli əks tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə
və hərbi texnikasına ciddi zərər yetirilib”
Bu
fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Millət vəkili söyləyib
ki, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi,
Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb və Azərbaycan öz dövlət sərhədini
qoruyub. Onun sözlərinə görə, təmas xəttində atəşkəs rejiminin pozulmasına yönələn
bu kimi təxribatçı hərəkətlər Ermənistanın çirkin, məkrli və təcavüzkar siyasətinin
təzahürüdür və bunun məsuliyyəti işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə
düşür.
Deputat
A.Vəliyev deyib ki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinin
nəticəsində belə hadisələr baş verir: "Bir tərəfdən Ermənistanda daxili vəziyyətin
böhranlı həddə çatması, digər tərəfdən Azərbaycanın son zamanlar əldə etdiyi
beynəlxalq uğurlar mənfur qonşumuzu çox narahat edir. Təbiidir ki, Azərbaycanın
beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik nailiyyətləri,
dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin dünya birliyi tərəfindən dəstəklənməsi
onlarda paxıllıq və qısqanclıq hissləri doğurur.
Dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi Ermənistan hakimiyyətini
ciddi problemlər qarşısında qoyub. Azərbaycanın təşəbbüsü ilə BMT
Baş Assambleyasının xüsusi iclasının
keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanın rəhbərliyi ilə yanaşı erməni
lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən qüvvələri ciddi şəkildə
təlaşa salıb”.
Deputat
bildirib ki, Ermənistan hərbi bölmələrinin növbəti təxribatı Paşinyan hakimiyyətinin
həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli
istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi
azaltmaq məqsədi güdür: "Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının
itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər,
korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan
hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı
repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma
salıb. Azərbaycanla sərhəddə növbəti təxribat Paşinyan hakimiyyətinə xarici
düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri
gündəmdən çıxartmağa hesablanıb. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan
hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq
və yerli ictimaiyyəti çaşdırmağa çalışır”.
Milli
Məclisin üzvü bildirib ki, Ermənistanın sərhəd xəttində növbəti təxribatı Azərbaycan
ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb: "Sosial şəbəkələrdə hərbi əməliyyatlara
başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha
sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənib. Bu, Azərbaycan
cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Lakin unutmaq olmaz
ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar
öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Arzuolunmaz
xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz
haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də
bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək
çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri
yolverilməzdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan
istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə
hazırdır və buna qadirdir”.