AZE | RUS | ENG |

Azərbaycan cəbbəxanaya çevrilmişdi...

Azərbaycan cəbbəxanaya çevrilmişdi...
Yaxud Qələbə naminə verdiklərimiz və aldıqlarımız


İkinci Dünya Müharibəsinin əsas baiskarı olan faşist rejimi üzərində qazanılan ümumbəşəri Qələbənin gerçəkləşməsində dünyanın əksər xalqları və millətləri bu və digər formada iştirak ediblər. Lakin Qələbə naminə Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlər sayagəlməzdir...

Çətin olsa da etiraf etməliyik ki, keçmiş SSRİ məkanında “Böyük Vətən Müharibəsi” adı ilə məşhurlaşan bu qovğada Azərbaycanın və azərbaycanlıların verdiyi itkilər lazımi qiymətini almayıb. Yumşaq desək, bu sahədə müəyyən ədalətsizliklərlə qarşılaşmışıq. Çünki biz müharibəyə təkcə canımızı verməmişik. Həm də ağzımızın çörəyini, sandığımızın “yatarını”, boynumuzun “babaxanını”, son qramınadək qara və ağ “qızılımızı”, döşəyimizin yununu, əynimizin qalınçasını (hansını deyim?!), nəhayət, saçlarımızın qarasını, qəlbimizin sevincini vermişik. Amma qiymətimiz nə olub? Bakı nefti ilə faşizmin belini sındıran, düşmən
üzərində qələbəni təmin edənlər Bakının döşündən hansı ordeni asıblar? Mənası məzmunundan çox-çox yüksəkdə dayanan bu mövzunu çözələdikcə çözələmək olar...

Tədqiqatçıların araşdırmalarına görə adıçəkilən müharibədə 600 mindən çox Azərbaycan vətəndaşı döyüşüb, Onların yarıdan çoxu bir daha geriyə dönməyib. Qayıdanlar isə yaralı və yarımcan qayıdıblar...

Azərbaycanın Böyük müharibədə iştirakı çoxşaxəlidir. Mən isə bu yazıda yalnız aviatorlarımızın hünərindən danışmaq istəyirəm. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə döyüşən azərbaycanlıların cərgəsində hərbi təyyarəçilərimizin, aviatorlarımızın, hərbi və mülki aviasiya sənayesində çalışan mütəxəssislərimizin xüsusi yeri olub

Müharibə dövründə Azərbaycan əsl cəbbəxanaya çevrilmişdi. Amansız müharibə qanunları Azərbaycan aviasiya sənayesi müəssisələri qarşısında çətin və təxirəsalınmaz vəzifələr qoymuşdu. Əvvəla, həmin illərdə Azərbaycan Sovet İttifaqının əsas neft bazası hesab olunurdu. Cəbhəyə lazım olan neftin və neft məhsullarının dörddə üç hissəsi burada istehsal edilirdi. Yüksək oktanlı aviasiya yanacağının 75 faizini Bakı zavodları verirdi. Bununla yanaşı, Azərbaycan “acgöz” müharibənin təkcə neft-benzin təminatçısı deyildi...

Ölkə rəhbərliyinin təkidli tələbinə əsasən hərbi təyyarələrin, o cümlədən təyyarələr üçün ehtiyat hissələrinin istehsalına və təmirinə ciddi fikir verilirdi. İşğal zonalarından “ucqarlara” köçürülən aviamüəssisələrin təcili bərpası ilə yanaşı, yenilərinin də tikilib, istifadəyə verilməsi gündəlikdə duran əsas tələblərdən idi. Bakı aviatorları bu çətin vəzifəni şərəflə yerinə yetirirdilər.

Bakının Keşlə qəsəbəsində kodlaşdırılmış adları “168” və “458” olan iki aviazavod fəaliyyət gəstərirdi. Fasiləsiz işləyən bu müəssisələrdə “UTİ-4” və “Ək-3” tipli qırıcı təyyarələr yığılır, habelə hidrotəyyarələr üçün xizəklər istehsal edilirdi. Düşmənin başına od yağışı ələyən və müharibənin sonunadək “sirrini” qoruyub saxlaya bilən əfsanəvi “Katöşa”nın raket-mərmiləri də Bakıda hazırlanırdı.

Bu zaman Azərbaycanın Kirovabad (Gəncə) şəhərində iri tutumlu aviatəmir zavodu fəaliyyət göstərirdi. Müharibə illərində bu müəssisədə ümumi sayı 782 olan müxtəlif tipli təyyarələr, habelə 1550-dən çox təyyarə mühərriki və digər aviahissələr vaxtında təmir edilərək, cəbhəyə göndərilmişdir. Gəncə aviatəmir zavodu indi də fəaliyyətini davam etdirməkdədir...

Müharibə dövründə Bakı aeroportu, o cümlədən Azərbaycanın digər aerodromları beynəlxalq “ötürücü” məkana çevrilmişdi. Lend-liz qanununa əsasən müttəfiq ölkələr tərəfindən göndərilən yüklər -- əsasən hərbi təyyarələr və onlar üçün ehtiyat hissələri burada boşaldılır, lazımi “prosedurdan” keçdikdən sonra cəbhəyə göndərilirdi. Lend-liz adlanan qanun İkinci Dünya müharibəsi zamanı Almaniyaya qarşı müharibə elan etmiş müttəfiq dövlətlərə hərbi sursat, xammal, ərzaq v s. borc verilmsi haqqında 1941- ci ildə ABŞ Konqresi tərfindn qəbul edilmişdi...

Məlum olduğu kimi, Hitler Almaniyası Bakı neftinə sahib olmaq üçün xüsusi plan hazırlamışdı və bu məqsədlə Bakının işğalını tezləşdirmək üçün hərbi sənayenin bütün imkanlarından istifadə edirdi. Lakin SSRİ-nin əsas cəbbəxanalarından olan Bakının müdafiəsi də etibarlı əllərdə idi. Şəhərin havadan müdafiə “çəpəri” xüsusi təlim keçmiş qırıcı aviadəstələrin hesabına daha da gücləndirilmişdi. Bu dəstələrdə azərbaycanlı təyyarəçilər, hətta cəsur qızlarımız da uçurdular. Onlardan Ziba Dadaşovanın, Zərifə Qasımovanın adlarını çəkmək olar.

Müharibə tarixinin yaddaqalan hadisələrindən olduğu üçün belə bir faktı da xatırlatmaq yerinə düşər : 1942-ci il avqustun 14-də Bakı üzərində ilk faşist təyyarəsi vurulmuşdur.
Azərbaycan övladları müharibə alovunun bürüdüyü müxtəlif cəbhələrdə faşistlərə qarşı igidliklə vuruşurdular. Onların arasında təyyarəçilərimiz də az deyildi. Onlar kəşfiyyat, bombardımançı, qırıcı və hərbi nəqliyyat uçuşlarını yerinə yetirməklə yanaşı, fövqəladə dövlət tapşırıqlarının həyata keçirilməsində də fəal iştirak edirdilər...

Böyük Vətən Müharibəsi illərində rəşadətli döyüş yolu keçmiş Adil Hüseyn oğlu Quliyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı hərbi təyyarəçidir. Bakı aeroklubunun və Stalinqrad hərbi-hava məktəbinin məzunu olan A. Quliyev müharibənin yeddi cəbhəsində 265 döyüş uçuşu keçirmiş, 64 “əlbəyaxa” döyüşdə düşmənin 18 təyyarəsini vurmuşdur. Bu da önəmlidir ki, Adilin məharətlə idarə etdiyi və hər döyüşdən sonra salamat yerə endirdiyi “Ək-9” qırıcı təyyarəsi başqa bir həmyerlimizin, avisiya mühəndisi İbrahim Seyidovun çalışdığı Novosibirsk zavodunda hazırlanmışdı. Tanınmış aviakonstruktor Yakovlev cəbhə xatirələrində yazırdı ki, “ Stalinin xüsusi tapşırığı ilə cəbhəni sürətli və davamlı “Ək”larla təmin etmək üçün İbrahim Seyidovun xidmətləri əvəzsiz idi...”

Züleyxa Həbib qızı Seyidməmmədova azərbaycanlı qadınlar arasında ilk hərbi təyyarəçi kimi adını tarixə yazdırmışdır. O, 1934-1938-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil almaqla yanaşı, Bakı aeroklubunda ilkin uçuş vərdişləri qazanmışdır. 1941-ci ildə isə Jukovski adına Moskva Hərbi-Hava Akademiyasının şturman fakültəsini bitirərək, kiçik leytenant rütbəsi almışdır.

Z.H. Seyidməmmədova Böyük Vətən Müharibəsi illərində əsasən gecələr hücum edən və düşmən tərəfindən “gecə şeytanları” ayaması qazanan qırıcı qadın aviasiya alayının komandir müavini olmuş, 500-ə qədər döyüş əməliyyatında iştirak etmişdir. İkinci dərəcəli “Böyük Vətən Müharibəsi” və “Alman faşizmi üzərində qələbəyə görə” ordenləri ilə təltif edilmişdir.
Ordudan aviasiya kapitanı rütbəsi ilə tərxis olunan Z. Seyidməmmədova ömrünün qalan hissəsini doğma Azərbaycanın inkişafına sərf etmişdir.

Azərbaycanın xalq şairi Məmməd Rahimin hələ məktəb kitablarından oxuduğumuz “Leninqrad göylərində” poemasının qəhrəmanı Hüseynbalanın prototipi kim olmuşdur? Bu gün cavanlarımızın bir çoxu bu sual qarşısında aciz qalır...

Hüseyn Bala oğlu Əliyev Bakı aeroklubunun yetışdirməsi və Yeysk Hərbi Dəniz Aviasiya Məktəbinin məzunu olmuşdur. O, Böyük müharibədə cəmi 27 gün iştirak etmişdir. Bu az müddətdə 49 hərbi uçuş keçirmiş, onlarca düşmən təyyarəsini ya məhv etmiş, ya da “yaralayaraq”, Leninqrad səmasından qovub çıxarmışdır. Döyüşlərin birində düşmənin 3 “Yunkers—88” tipli qırıcı təyyarəsi ilə üzbəüz qalan Hüseyn onlardan ikisini vurmuş, digərini qaçmağa məcbur etmişdir. Lakin bu döyüş Hüseynbalanın özü üçün də sonuncu olmuşdur. Ölümcül yaralanmasına baxmayaraq, təyyarəsini salamat yerə endirə bilmiş, bir neçə dəqiqədən sonra isə dünyasını dəyişmişdir.

“Əziz ata, mən vətənin bu ağır günlərində arxa cəbhədə rahatlıq tapa bilmərəm... Xahiş edirəm mənim ön cəbhəyə göndərilməyimi sürətləndirəsiniz”. Bu cümlələr cəsur təyyarəçi Vladimir-Cahangir Mir Cəfər oğlu Bağırovun öz atasına, Azərbaycanın o vaxtkı rəhbəri Mir Cəfər Abbas oğlu Bağırova yazdığı məktubdandır. Davamlı və inadlı xahişlərdən sonra ön cəbhəyə “vəsiqə” alan Vladimir-Cahangir qırıcı eskadrilyanın tərkibində vuruşmuş, olduqca cəsarətli uçuşlar keçirmişdir. Təyyarəçi dostları onu “taran ustası” adlandırırdılar. Elə özü də belə təhlükəli uçuşların qurbanı olmuşdur. 1943-cü ildə növbəti döyüşlərdən birində təyyarəsini düşmən təyyarəsinə çırparaq onu məhv etmiş, özü də həlak olmuşdur.

Qeyri-adi şücaət sahibi olan hərbi təyyarəçilərimizdən biri də Məzahir Həmid oğlu Abbasov olmuşdur. Qeyri-bərabər hava döyüşündə düşmənin bir təyyarəsini vurmuş, digərini zədələyərək , qaçmağa məcbur etmişdir. Həmin döyüşdə ciddi zədə almış öz təyyarəsini böyük ustalıqla suya endirmişdir. Bununla da Məzahir uçuş heyətini faşistlərin caynağından xilas etməklə yanaşı, başqa bir fədakarlıq göstərmişdir. O, yoldaşları ilə birlikdə 6 gün soyuq dənizdə ac-susuz qalmalı olmuşdur. Digər döyüşlərin birində Məzahirin idarə etdiyi təyyarə vurularaq alovlanmışdır. Özünün də alova büründüyü şəraitdə yanan təyyarəni yerə endirə bimişdir...
Müharibədən sonra Məzahir Abbasov tarixçi alim kimi fəaliyyət göstərmişdir. O, Azərbaycanın müharibə tarixınə işıq saçan qiymətli əsərlər yaratmışdır.

... Bir daha yazımın əvvəlində qeyd etdiyim “giley-güzara” qayıtmaq istəyirəm. Faşizm üzərində qazanılan Qələbə bütün sülhsevər xalqlar, o cümlədn bizim üçün çox əzizdir. Xalqımız və dövlətimiz hər il Mayın 9-nu təntənə ilə qeyd edir. Bununla belə onu da unutmamışıq ki, həmin Qələbə naminə verdyimiz qurbanların, düçar olduğumuz məhrumiyyətlərin müqabilində layiqli mükafatımızı almamışıq. Ən azı “Qəhrəman şəhər” adına layiq olan Bakı şəhəri o zamankı sovet rəhbərlərinin qısqanc mövqei nəticəsində bu mükafatdan kənarda qalmışdır.
Ümumiyyətlə, Moskva siyasətçilərinin Azərbaycana qarşı münasibəti həmişə ikili və məkrli olmuşdur. Bu isə bizi dəfələrlə çətin vəziyyətdə qoymuşdur. Ötən əsrin sonlarınnda SSRİ dağılanda da belə çıxılmz vəziyyətdə qaldıq. Faktiki olaraq, Moskva bizi tərksilah edib, erməni ekstremistlərini üstümüzə qaldırdı...

Fikrimi ulu öndər Heydər Əliyevin sözləri ilə tamamlamaq istəyirəm. Beynəlxalq Aviasiya Təşkilatı (İKAO) Şurasının prezidenti Assad Kotaytı və təşkilatın Avropa və Şimali Atlantika Bürosunun regional direktoru Kristian Ayqlı qəbul edərkən (5 iyul 1999-cu il) Heydər Əliyevin dedklərindən : “...Hesab edirəm ki, müstəqil Azərbaycanda mülki aviasiya bizim istədiyimiz miqyasda deyildir. Sovetlər İttifaqı dağılan zaman və Azərbaycan öz müstəqilliyini əldə edən zaman Sovetlər İttifaqının mülki aviasiyasından Azərbaycanın payına az düşübdür. Şübhəsiz ki, bu bizi həmişə narahat edir. Çünki Azərbaycana qarşı ədalətsizlik edilibdir...”
Düşünürəm ki, bu gün müstəqil Azərbaycan Respublikasının nail olduğu fütuhat xalqımıza qarşı edilən ədalətsizliklərə ən yaxşı cavabdır.

Yusif Kərimov,
əməkdar jurnalist

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779