• şənbə, 20 Aprel, 10:40
  • Baku Bakı 14°C

Azərbaycan Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır

12.04.19 14:53 373
Azərbaycan Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır
Azərbaycan Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov "Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
R.Həsənov bildirib ki, bu kitab Azərbaycan-Böyük Britaniya əlaqələrini, bu əlaqələri şərtləndirən amilləri öyrənmək üçün bir pəncərədir.
Nazir müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Böyük Britaniya ilə əlaqələr genişlənməkdə davam edir: "Bu gün siyasi baxımdan Azərbaycan Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır. Azərbaycan və Böyük Britaniya həm ikitərəfli şəkildə, həm də beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq təhlükəsizliyin qorunmasına mühüm töhfə verir".
O vurğulayıb ki, enerji sektoru iki ölkə arasında aparıcı əməkdaşlıq sahəsi hesab olunur: "Buna baxmayaraq əlaqələrimiz diversifikasiya prosesindədir. Azərbaycanda 500-ə yaxın Böyük Britaniya sərmayəli şirkət var və onların arasında qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin sayı çoxluq təşkil edir".
R.Həsənov əlavə edib ki, hər il yüzlərlə azərbaycanlı tələbə Böyük Britaniya universitetlərində təhsil almağa gedir: "Mədəni sahədə də mühüm əməkdaşlıq mövcuddur və bu istiqamətdə hər iki ölkədə müntəzəm tədbirlər keçirilir. Bir sözlə, bu kitab Böyük Britaniya cəmiyyətinin Azərbaycanı daha yaxından tanımasına böyük töhfə verəcək".

banner

Oxşar Xəbərlər