• cümə, 29 Mart, 18:35
  • Baku Bakı 14°C

“Azərbaycan bütün dünyaya gücünü və İslam həmrəyliyinə sədaqətini nümayiş etdirir”

16.05.17 09:30 1723
“Azərbaycan bütün dünyaya gücünü və İslam həmrəyliyinə sədaqətini nümayiş etdirir”
Ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirin təntənəli açılış mərasiminə ev sahibliyi etdi. Mayın 12-də 60 minə yaxın tamaşaçının olduğu Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimində Azərbaycan İslam aləmini qürurla salamladı. Bütün dünya mavi ekranlardan Xəzər dənizindən başlayan maraqlı səyahəti izləməklə yanaşı, Azərbaycanın təbii gözəlliyə və böyük potensiala malik olduğunu bir daha müşahidə etdi.

Azərbaycan artıq böyük tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrildiyini yenidən sübut etdi. Oyunların açılış mərasimi təkrarolunmazlığı və yaratdığı ümumi atmosferə görə böyük alqış və diqqətlə qarşılandı. Belə ki, Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkdi. Bu dəfə də dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu.

IV İslam Həmrəyliyi Oyunlarının başlamasından 4 gün keçməsinə baxmayaraq, hələ də o möhtəşəm tədbirin təəssüratları bitib-tükənmir. Bu münasibətlə tanınmış incəsənət nümayəndələrinin də təəssüratlarını öyrəndik.

Xalq artisti Nurəddin Mehdixanlı bildirdi ki, belə bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz adına qürurverici haldır: "Dünyanın 54 müsəlman ölkəsi bu Oyunlarda iştirak edir. Eyni zamanda, bütün dünya bu Oyunları izləyir. Bu sayaq yüksək səviyyəli tədbirlərin keçirilməsi Azərbaycanımızın gücünün və eyni zamanda, dünyada tutduğu yerin göstəricisidir. Buna qədər biz ölkəmizdə «Eurovision», «Formula-1», Birinci Avropa Oyunlarına ev sahibliyi etdik. Bu Oyunların açılışında iştirak mənim üçün sürpriz oldu. Bu, hər insanın taleyinə düşəcək iş deyil. Xoşbəxtlik insanın həyatında yaşadığı belə anlardır. Bu gün özümü həqiqətən xoşbəxt hiss edirəm ki, ölkəmin, millətimin adına olan belə bir böyük tədbirin iştirakçılarından biri oldum. Çox maraqlı bir obraz idi”.

Tədbirin açılışında səhnədə baba rolunu canlandıran xalq artisti zalda beş min tamaşaçının bir nəfər kimi hərəkət etdiyini görəndə çox təəccübləndiyini dilə gətirdi: "Orada gözəl bir komanda var idi. Hamı bir-birinə münasibətdə çox diqqətli idi. Bu, çox çətin işdir. Bizim yaradıcı heyət saat mexanizmi kimi işləyərək bunun öhdəsindən peşəkarcasına gəldi. Orada bütün işlər saniyələrlə qurulur və saniyələrlə ölçülürdü. Hər şey çox gözəl təşkil edilmişdi. İnsan fəxarət hissi keçirirdi ki, biz bu işləri də görməyi bacarırıq. Siz görərdiniz ki, onlar hər bir xalqın öz dilində danışırdılar”.

IV İslam Həmrəylik Oyunlarında Azərbaycan gəncliyinin, könüllülərin aktivliyini görən N.Mehdixanlı bu işdə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirməyi də unutmadı: "Onlar necə həvəslə, sevinclə işləyirdilər. Bütün bu işlər IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri, respublikamızın birinci xanımı Mehriban Əliyevanın nəzarəti altında həyata keçirilirdi. Mən başa düşdüm ki, burada insanların bir-birini anlaması üçün dil bilgiləri o qədər də önəmli deyilmiş. Rejissorlar ingilis idi. Amma hamı bir-birini çox gözəl anlayırdı. İnsanlar yaxşı bir işlə məşğul olurlarsa, vacib deyil ki, onlar dil bilsinlər. İslam Oyunlarının mahiyyəti, dünyaya göndərdiyi mesaj odur ki, dilindən, dinindən, irqindən asılı olmayaraq, insanlar bir yerdə – harmoniya, sülh içərisində yaşaya bilərlər. Bu, mümkündür. Azərbaycan öz timsalında bunu bütün dünyaya göstərdi. Nə xoş bizə ki, bu çağrı dünyaya məhz Azərbaycandan səslənirdi. O ki qaldı mənim süjetimə, bir xalq, millət dünənini anlamalıdır, öyrənməlidir ki, sabahını qura bilsin. Və bunun timsalında o öz nəvəsini çərpələnglə gəzintiyə çıxarır, mənsub olduğu dünyanın dünənini bilmək üçün oranın geyimini, adət-ənənəsi, mədəni-əxlaqi dəyərlərini, elmini öyrənir və yenidən öz vətəninə, Azərbaycana qayıdır. Biz dünyanın harasına getsək də, son nəticədə öz torpağımıza, Azərğbaycanımıza qayıdacağıq. Baba artıq bu bildiklərini nəvəsinə ötürür. Onlar xoşbəxtdirlər. Burada çərpələng simvolik bir rəmz kimi götürülüb. Bir millət, bir xalq var olmaqdan ötrü dünənini bilməli, ona sahib çıxmalıdır. Mən öz ölkəmlə, millətimin övladlarının təşkilatçılıq qabiliyyətləri ilə fəxr etdim. O anları yaşamaq xoşbəxtlikdir. Azərbaycan 25 yaşlı bir ölkə olaraq dünyada yenə də bir tarix yazdı. Allah millətimizi, birliyimizi qorusun. Biz bir olanda, hədəfə doğru bir gedəndə, həll edə bilməyəcəyimiz məsələ yoxdur. Buna görə də bir-birimizi sevməli və dayaq durmağı bacarmalıyıq. Azərbaycan dünyaya göstərdi ki, biz tolerant ölkəyik. İlk Avropa Oyunlarını da keçiririk, İslam Oyunlarını da. İnsanların bu dünyada sülh içərisində yaşamaları üçün din, dil, adət-ənənələr əngəl ola bilməz. Əksinə, bunların hamısını yaradan bir Allahdır”.

Xalq artisti Mənsum İbrahimov mayın 10-da ABŞ-da ulu öndərimiz Heydər Əliyevin doğum günü ilə bağlı tədbirdə iştirak etdiyi üçün Oyunları canlı izləmə şansı əldə edə bilmədiyini dedi: "Təəssüf hissi ilə qeyd edim ki, IV İslam Həmrəyliyi Oyunlarını televiziya vasitəsilə izlədim. Sözün açığı, çox qürur duydum. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirləri görəndə çox sevinirəm. Avropa Oyunlarında özüm şəxsən iştirak edirdim. Bu Oyunların açılış mərasimi də çox möhtəşəm təşkil olunmuşdu. Proqram çox gözəl idi. Milli musiqimiz, tariximiz, adət-ənənələrimiz, xalçalarımız... hər şey möhtəşəm idi. Həm turizmin, həm ölkə mədəniyyətinin təbliği baxımından əvəzsiz bir işdir. Bunun üçün ilk növbədə dövlət başçımız İlham Əliyevə təşəkkür edirəm. Görün, necə gözəl haldır ki, Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Mən yarışları efir vasitəsi ilə izləyirəm. İdmançılarımız artıq xeyli medallar qazanıblar. Mən onlara baxıb qürur hissi keçirirəm. Hər zaman böyük tədbirlərə ev sahibliyi edək. Hər baxımdan bu çox böyük bir işdir. Bu, Azərbaycanın inkişafı üçün bir təkandır. Dünyanın müxtəlif ölkələrindən turistlər gəlib ölkəmizi görür, tanış olurlar. Bu, bizim üçün vacibdir. Azərbaycanın nə qədər tolerant ölkə olduğunu görürlər. Bizim torpağımızın 20 faizi işğal altındadır. Haqq sözünü demək üçün belə tədbirlər çox vacibdir. Təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevadır. Ona da öz təşəkkürümü bildirirəm”.

Əməkdar artisti Aybəniz Haşımova çoxdandır bu günü gözlədiyini bildirdi: "20 ilə yaxındır ki, tələbələrimlə beynəlxalq festivallarda iştirak edirəm. Digər ölkələrdə belə tədbirlər keçiriləndə hər zaman içimdə bir xiffət olurdu ki, bu yarışlar nə üçün bizim ölkədə keçirilmir. Dəfələrlə bu arzumu bildirirdim ki, kaş, bizim ölkəmizdə də belə festivallar, oyunlar keçiriləydi. Nəhayət, ulu öndər Heydər Əliyevin böyük siyasəti nəticəsində, möhtərəm İlham Əliyev və onun ömür-gün yoldaşı Mehriban xanım Əliyevanın səyləri sayəsində biz artıq bu oyunlara ev sahibliyi edirik. Bu, Azərbaycan xalqının yüksək mədəni inkişafının göstəricisidir. Biz buna görə dövlətimizə təşəkkür edirik. Mən açılış mərasimini izlədikdə, inanılmaz dərəcədə duyğulandım və çox böyük fərəh hissi keçirdim. Səhnədə Azərbaycan muğamını, mədəniyyətini, Qarabağ atlarını görəndə, çox təsirləndim. Dünya müsabiqələrində iştirak edəndə, belə möhtəşəm açılışın şahidi olmamışam. Mən bunu görəndə çox sevindim ki, nəhayət mənim də ölkəm belə tədbirlərin ev sahibliyini edir”.

Səhnədəki dekorasiyalara heyran olduğunu bildirən əməkdar artist dedi ki, səhnədə Günəş, Yer kürəsi, Ay və Günəş sisteminin böyük modelinin yaradılması böyük anlam kəsb edir: "Səhnədə uçan çərpələng, orada əyləşmiş Minanın Ay mənasını daşıyan topu ilanın ağzına atması və fil saatının işə düşməsi, ilanın aşağı əyilərək, mexanizmi hərəkətə gətirməsi və"Bilik” mərasiminin bununla da bitməsinə işarə etməsinin ibrətamiz mənası var idi. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərir, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdiririk”.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov da IV İslam Həmrəyliyi Oyanlarının ölkəmizdə keçirilməsini çox gözəl təşəbbüs kimi qiymətləndirdi: "Biz İslam ölkəsiyik. İslam sülhdür, mərhəmətdir. İslam gözəl bir elmdir. Biz İslama, Qurana ibadət edirik. Bütün dünyaya göstəririk ki, İslam müharibənin əleyhinədir. Bu Oyunlarla biz dünyanı sülhə səsləyirik. İdmanın bütün növləri Azərbaycanda sevilir. Müsəlman ölkələrinin, xüsusən də idmançılarının ölkəmizdə cəm olması sevindiricidir. Biz bir Azərbaycan vətəndaşı olaraq buna sevinirik. Mən beynəlxalq festivallarda, müsabiqələrdə çox iştirak etmişəm. Ancaq belə açılış mərasimi görməmişəm. Çox şükür, bu gün bütün dünya Azərbaycanı tanıyır. Ölkəmizdə «Eurovision» və Avropa Oyunları keçirilmişdi. Biz bunlarla dünyaya sübut etdik ki, heç də inkişaf etmiş Avropa ölkələrindən geri qalmırıq. Bu dəfə isə İslam Oyunları ilə dünyaya əsil İslam olduğumuzu car çəkmiş olduq. Bu o deməkdir ki, Azərbaycan sülhsevər dövlətdir. Mən qalib gələn idmançılarımızı təbrik edir, onlara uğurlar arzulayıram”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər