• cümə axşamı, 28 mart, 21:21
  • Baku Bakı 13°C

Azərbaycan bölgədə trend yaradır - Fotolar

04.01.19 20:06 2579
Azərbaycan bölgədə trend yaradır - Fotolar
2018-ci il Azərbaycan üçün uğurlu il olub, ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edib. Yola saldığımız ildə Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza təbrikində vurğulandığı kimi desək, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənib, ölkəmizin qonşu dövlətlərlə birgə apardığı işlər bölgədə sabitliyi möhkəmləndirib. Eyni zamanda, 2018-ci ildə Azərbaycan xalqı əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Bu sabitliyin əsas səbəbi və mənbəyi xalq-iqtidar birliyidir. Ötən ilin əsas hadisələri, əldə edilən nailiyyətlər, qarşıda duran vəzifələr, 2019-cu ildə Azərbaycan üçün gözləntilər və sair məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili cavablandırıb.
- Tahir müəllim, 2018-ci ilin sosial-iqtisadi yekunlarını necə qiymətləndirirsiniz?

- Yola saldığımız 2018-ci ili qiymətləndirən zaman ilk növbədə bu il üçün qarşıya qoyulan hədəflər, bu hədəflərə çatmaq üçün atılan addımlar, görülən işlər, bundan irəli gələn vəzifələri dəyərləndirmək lazımdır. 2017-ci ilin yekunlarına dair keçirilən müşavirədə Prezident İlham Əliyev qarşıdan gələn il üçün hədəflər müəyyən edib. Bu hədəflər kifayət qədər geniş və əhatəli olub. Məhz bu kontekstdən baxdığımız zaman 2018-ci ili kifayət qədər uğurlu il kimi xarakterizə etmək mümkündür. Çünki ötən il Azərbaycanda makroiqtisadi sabitlik daha da artıb, yeni istehsal müəssisələri, iş yerləri açılıb, qeyri-neft sektoru inkişaf edərək ümumi daxili məhsulda 64 faiz paya sahib olub. Ötən il ölkəmizə 20 mindən artıq minik avtomobili idxal olunub. Qeyri-neft sənayesi 9, əhalinin banklarda olan əmanətləri 11, ixrac 40 faizdən çox artıb, iqtisadiyyata 10 milyard dollar sərmayə qoyulub və sair. Bu kimi çoxsaylı iqtisadi göstəriciləri sadalamaq mümkündür. Bütün bunları ümumiləşdirəndə iqtisadiyyatın böyüməsi, əhalinin maddi rifah halının bir qədər də yaxşılaşması barədə obyektiv fikir bildirmək mümkün olur. Eyni zamanda bunlar onu göstərir ki, Azərbaycanda aparılan ciddi iqtisadi islahatlar ötən il də öz nəticəsini verib. Deyilənlərə əlavə olaraq, orta aylıq əməkhaqqının, pensiyaların artmasını da göstərə bilərik. Bütün bunlar iqtisadi baxımdan qarşıya qoyulan hədəflərə çatmağın nümunəsidir. 2018-ci ildə siyasi sabitliyin hökm sürməsi, təhlükəsizliyimizin daha da möhkəmlənməsi, digər ölkələrdən fərqli olaraq Azərbaycanda sərmayəçilər üçün daha rahat şəraitin yaradılması da ötən ilin uğurları kimi qeyd edilə bilər.
Fikrimcə, ötən ilin ən böyük ictimai-siyasi hadisəsi cənab İlham Əliyevin 2018-ci ilin aprel ayında növbəti dəfə Azərbaycan xalqının etimadını qazanaraq yenidən prezident seçilməsidir. Səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin cənab İlham Əliyevə yenidən səs verməsi dövlət başçısının indiyə qədər həyata keçirdiyi siyasi kursa dəstək nümayiş etdirməsi kimi qiymətləndirilməlidir. Konkret sosial sahəyə gəlincə, yeni iş yerlərinin açılması, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli istiqamətində də ötən il kifayət qədər işlər görülüb. Belə ki, ötən dövr ərzində 6 mindən çox məcburi köçkünün yeni mənzillə təmin olunması, özünüməşğulluq proqramının tətbiq edilməsi, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının sosial qayğılarının həllini tapması günümüzün reallıqlarıdır.

- Siz ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, eyni zamanda Avropa Şurası PA-dakı Azərbaycan nümayəndə heyətin üzvüsünüz və qeyd edilən qurumların sessiyalarında iştirak edirsiniz. Azərbaycanın mötəbər beynəlxalq təşkilatlarla əlaqələrinin inkişaf etdirilməsi, ötən il bu istiqamətdə atılan addımlar barədə nə deyə bilərsiniz?

- Ötən il beynəlxalq aləmdə Azərbaycanın nüfuzu bir qədər də artıb və möhkəmlənib. TANAP layihəsinin, STAR neft emalı zavodunun açılışlarının olması, Azərbaycanın beynəlxalq aləmdə tərəfdaşlarının sayının getdikcə artması deyilənlərə əyani sübutdur. 2018-ci ildə Avropa İttifaqı-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması, Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanması əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Ötən ilin sonunda ABŞ və Rusiya hərbi rəhbərliyinin dialoq məkanı kimi yenidən Azərbaycanı seçməsi, Bakıda növbəti dəfə görüşməsi də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına nümunədir. Bundan başqa, hər il olduğu kimi ötən il də Azərbaycan xarici siyasətində beynəlxalq təşkilatlarla işləmək, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli maraqlarımızın, dövlət mənafeyinin qorunması üçün hüquqi çərçivənin yaradılması istiqamətində iş aparılması əsas vəzifələrdən biri olub. Misal üçün, ötən il Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində qəbul edilən bəyanatda Azərbaycanın ərazi bütövlüyü termini daha da dəqiqləşdirilib. Yəni, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü ilə paralel olaraq, qəbul edilən həmin sənəddə ilk dəfə olaraq sərhədlərimizin toxunulmazlığı kimi termindən istifadə olunub.
Bu, hüquqi baxımdan olduqca əhəmiyyətli hadisədir. Sərhəd toxunulmazlığı, ərazi bütövlüyü deyilərkən Azərbaycanın BMT tərəfindən təsdiqlənən ərazisinin başa düşülməsi, Ermənistanın işğal etdiyi digər 7 rayonumuzla yanaşı, Dağlıq Qarabağın da məhz bu ərazi bütövlüyünə daxil edilməsi ötən il xarici siyasətimizdə əldə edilən uğurlardan biri kimi dəyərləndirilə bilər. Azərbaycanın milli və dövlət maraqlarının qorunması baxımından ATƏT, AŞPA və digər beynəlxalq qurumlarda zaman-zaman qəbul edilən sənədlər də diqqətdən kənarda qalmamalıdır. Ümumilikdə Azərbaycanın beynəlxalq təşkilatlarda nüfuzu kifayət qədər yüksəkdir. Azərbaycan müstəqil xarici siyasət yürüdür, bu siyasətdən irəli gələrək beynəlxalq təşkilatlarda da obyektiv münasibət sərgiləyir. Bu münasibət, bu mövqe daha çox yaradıcı, qurucu, inkişafa xidmət edən, hər kəs üçün faydalıdır. Bunu da həm insanlar, həm də beynəlxalq qurumlar qəbul edir, ölkəmizlə hesablaşırlar.

- 2018-ci ildə Cənub Qaz Dəhlizinin, Ələt Ticarət Limanının, TANAP layihəsinin açılışları olub, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi öz həllini tapıb. Bütün bu hadisələrin baş verməsi Azərbaycana və regiona nə vəd edir?

- Bir faktı xatırladım ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar 20 ildən artıq bir müddətdə davam etdirilib. Bu danışıqlarda Xəzəryanı dövlətlərin müxtəlif təklifləri irəli sürülüb. Lakin yekun olaraq məhz Azərbaycanın təklifi qəbul olunub. Bu, Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə qəbul edilməsinə növbəti misaldır. Azərbaycanın mövqeyinin daha ədalətli olmasına, beynəlxalq hüquq normalarına tam cavab verməsinə əyani sübutdur. Xəzərin hüququ statusunun müəyyən edilməsinin Azərbaycanın təklifi əsasında baş tutması çox böyük uğurdur. Bu, Azərbaycanın uğuru sayılmaqla bərabər, Xəzəryanı ölkələrin, region dövlətlərin ümumi razılığa gəlməsi, Xəzər dənizində yeni-yeni layihələrin reallaşdırılması, birgə əməkdaşlıq üçün uyğun variantdır. Xəzərin bioresurslarının xarici bazarlara çıxarılması üçün müxtəlif marşrutların olması isə regionda rəqabət mühiti formalaşdırır, Xəzəryanı ölkələrin bu resurslardan daha çox fayda əldə etməsinə şərait yaradır.
Məhz bu yeni istiqamətlərdən biri də TANAP layihəsinin açılışının olmasıdır. Bütünlükdə regiondan qaz ehtiyatlarının Avropa İttifaqı kimi iri alıcıya birbaşa çatdırılması çox böyük üstünlükdür, layihənin iştirakçısı olan dövlətlərin bundan faydalanması deməkdir. Gələcəkdə digər dövlətlər də öz təbii ehtiyatlarını bu boru vasitəsilə Avropa bazarına çıxara biləcəklər. Bu da ümumilikdə regionun inkişafı, xalqların, insanların maddi rifah halının yaxşılaşdırılması, ölkələrin və dövlətlərin güclənməsi deməkdir. Prezident İlham Əliyevin uğurla reallaşan ideyaları yalnız Azərbaycan üçün deyil, bütünlükdə regionun iqtisadi-siyasi maraqlarının qorunması, bölgədə yaşayan xalqların təhlükəsizliyinin təmin olunması, onların maddi-rifah halının yaxşılaşması baxımından əhəmiyyətlidir. TANAP da bu layihələrdən, ideyalardan biridir. Dövlət başçısı haqlı olaraq qeyd edir ki, Azərbaycan xalqı onilliklər ərzində Cənub Qaz Dəhlizi layihəsinin faydasını görəcək. Biz Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin Azərbaycan ərazisindən keçməsini də qeyd edə bilərik. Prezident İlham Əliyevin söylədiyi kimi, bu dəhlizlər ölkəmizi nəinki regionun, eləcə də Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevirir. Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş, məqsədyönlü və prinsipial siyasət həyata keçirilir. Ötən il bu siyasət hansı uğurlarla yadda qalıb?

- Azərbaycan ötən il Dünya Bankı tərəfindən ən çox islahat aparan ölkə elan olunub. Bu islahatlar bütün sahələri əhatə edib. Nəticədə iqtisadiyyatımız güclənib. İqtisadiyyatımız gücləndikcə Ordu quruculuğu istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının daha da artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir silah-sursatla təmin olunması istiqamətində də böyük işlər görülüb. Görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan hərbçilərinin peşəkarlığı yüksək səviyyədədir və onlar Ali Baş Komandanın istənilən tapşırığını yerinə yetirmək əzmindədirlər. Təbii ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, sülh yolu ilə həll olunmasına tərəfdardır. Bunun üçün də sülh danışıqlarında iştirak edir. Beynəlxalq təşkilatların dəstəyi ilə işğalçı Ermənistanın silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasına cəhd edir. Bütün bu cəhdlər heç bir nəticə verməyəcəyi halda Azərbaycan ikinci yolu seçəcək. Bu yol müharibə yoludur. Azərbaycan Ordusu müharibə yolu ilə işğal olunmuş ərazilərimizi azad edəcək, ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edəcək. Silahlı Qüvvələrimiz buna tam qadirdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın güclü hərbi potensialı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir.
Bütün bunlarla yanaşı, biz bölgədə gedən prosesləri də yaxından izləyirik və görürük ki, Ermənistan həyata keçirdiyi işğalçılıq siyasətinin girovuna çevrilib. Ağır iqtisadi böhran yaşayan Ermənistanda əhali ölkəni birdəfəlik tərk etmək məcburiyyətində qalır, hər il on minlərlə insan xaricə üz tutur. Hərbi cinayətkar, kriminal bir xuntanın Ermənistanda hakimiyyəti illərdir zəbt etməsi, ölkəni bu cür fəlakətə sürükləməsinin nəticəsi olaraq, insanlar küçələrə çıxdılar, inqilab yolu ilə hakimiyyəti devirdilər. Dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, Ermənistanda kriminal, xunta rejiminin çökməsi Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Hazırda orada yeni hakimiyyət formalaşıb, vətəndaşlara yeni vədlər verilib, müəyyən işlər görülməkdədir. Bu da Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vəziyyət yaradır. Ermənistanın yeni hakimiyyəti vətəndaşların yaxşı yaşayışını təmin etmək, iqtisadiyyatı gücləndirmək üçün söz verir. Lakin onlar başa düşməlidirlər ki, verilən vədlərin reallığa çevrilməsi üçün Azərbaycanla münasibətlər qaydasına salınmalı, işğalçılıq siyasətinə son qoyulmalı, Dağlıq Qarabağ problemi ərazi bütövlüyü çərçivəsində, ədalətli şəkildə həllini tapmalıdır. Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi halda bu ölkənin inkişaf etməsi sıfıra bərabərdir. İşğalçılıq siyasətini davam etdirdiyi halda Ermənistan bir qədər də fəlakətə sürüklənməyə, daim dağılmağa, hakimiyyət dəyişiklikləri, vətəndaşların kütləvi köçü ilə üzləşməyə məhkumdur. Ermənistan hakimiyyəti bu reallığı nə qədər tez dərk edəcəksə, bu, həmin ölkənin xeyrinə olacaqdır. Əks təqdirdə hər keçən gün, ay, il Azərbaycana xidmət edir.

- Ötən il Azərbaycanın üçüncü peykinin orbitə buraxılması da böyük hadisə kimi tarixə düşüb. Ümumiyyətlə, ölkəmizdə müasir texnologiyalara böyük əhəmiyyət verilməsi, bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirilməsi Sizdə hansı təəssüratı yaradır?

- Müasir dünyada müasir texnologiya olmadan inkişaf etmək qeyri-mümkündür. Gələcəyə baxan istənilən dövlət mütləq şəkildə bu texnologiyalara hazırlıq, bu texnologiyalarla silahlanmaq istiqamətində addımlar atmaq məcburiyyətindədir. Hazırda Azərbaycan bölgənin inkişafını öz üzərinə götürüb irəli aparan dövlətdir. Azərbaycan bölgədə trend yaradır.
Region dövlətlər, xalqlar Azərbaycanın atdığı müstəqil addımları izləyir, hansı istiqamətdə inkişaf etdiyimizə baxırlar. Bu baxımdan, Azərbaycan bölgədə istiqamətverici ölkədir. Bu aspketdən yanaşsaq, Azərbaycan müasir texnologiyalarla silahlanması ümumilikdə bölgənin inkişafı üçün çox önəmlidir. Bizim müasir texnologiyalara sahib olmağımız Azərbaycanın rəqabət qabiliyyətini daha da artıracaq. Bu, inkişaf etmək üçün yeganə yoldur. Məhz bu səbəbdən də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əsas inkişaf hədəflərində müasir texnologiya və insan kapitalı dayanır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər