Azərbaycan bölgədə trend yaradır - Fotolar
2018-ci il Azərbaycan üçün
uğurlu il olub, ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edib. Yola
saldığımız ildə Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə xalqımıza təbrikində vurğulandığı kimi desək, 2018-ci ildə Azərbaycanın
beynəlxalq mövqeləri daha da güclənib, ölkəmizin qonşu dövlətlərlə birgə
apardığı işlər bölgədə sabitliyi möhkəmləndirib. Eyni zamanda, 2018-ci ildə
Azərbaycan xalqı əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Bu sabitliyin əsas
səbəbi və mənbəyi xalq-iqtidar birliyidir. Ötən ilin əsas hadisələri, əldə
edilən nailiyyətlər, qarşıda duran vəzifələr, 2019-cu ildə Azərbaycan üçün
gözləntilər və sair məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili cavablandırıb.
-
Tahir müəllim, 2018-ci ilin sosial-iqtisadi yekunlarını necə
qiymətləndirirsiniz?
- Yola saldığımız 2018-ci
ili qiymətləndirən zaman ilk növbədə bu il üçün qarşıya qoyulan hədəflər, bu
hədəflərə çatmaq üçün atılan addımlar, görülən işlər, bundan irəli gələn
vəzifələri dəyərləndirmək lazımdır. 2017-ci ilin yekunlarına dair keçirilən
müşavirədə Prezident İlham Əliyev qarşıdan gələn il üçün hədəflər müəyyən edib.
Bu hədəflər kifayət qədər geniş və əhatəli olub. Məhz bu kontekstdən baxdığımız
zaman 2018-ci ili kifayət qədər uğurlu il kimi xarakterizə etmək mümkündür.
Çünki ötən il Azərbaycanda makroiqtisadi sabitlik daha da artıb, yeni istehsal
müəssisələri, iş yerləri açılıb, qeyri-neft sektoru inkişaf edərək ümumi daxili
məhsulda 64 faiz paya sahib olub. Ötən il ölkəmizə 20 mindən artıq minik
avtomobili idxal olunub. Qeyri-neft sənayesi 9, əhalinin banklarda olan
əmanətləri 11, ixrac 40 faizdən çox artıb, iqtisadiyyata 10 milyard dollar
sərmayə qoyulub və sair. Bu kimi çoxsaylı iqtisadi göstəriciləri sadalamaq
mümkündür. Bütün bunları ümumiləşdirəndə iqtisadiyyatın böyüməsi, əhalinin
maddi rifah halının bir qədər də yaxşılaşması barədə obyektiv fikir bildirmək
mümkün olur. Eyni zamanda bunlar onu göstərir ki, Azərbaycanda aparılan ciddi
iqtisadi islahatlar ötən il də öz nəticəsini verib. Deyilənlərə əlavə olaraq,
orta aylıq əməkhaqqının, pensiyaların artmasını da göstərə bilərik. Bütün
bunlar iqtisadi baxımdan qarşıya qoyulan hədəflərə çatmağın nümunəsidir.
2018-ci ildə siyasi sabitliyin hökm sürməsi, təhlükəsizliyimizin daha da
möhkəmlənməsi, digər ölkələrdən fərqli olaraq Azərbaycanda sərmayəçilər üçün
daha rahat şəraitin yaradılması da ötən ilin uğurları kimi qeyd edilə bilər.
Fikrimcə,
ötən ilin ən böyük ictimai-siyasi hadisəsi cənab İlham Əliyevin 2018-ci ilin
aprel ayında növbəti dəfə Azərbaycan xalqının etimadını qazanaraq yenidən
prezident seçilməsidir. Səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının
böyük əksəriyyətinin cənab İlham Əliyevə yenidən səs verməsi dövlət başçısının
indiyə qədər həyata keçirdiyi siyasi kursa dəstək nümayiş etdirməsi kimi
qiymətləndirilməlidir. Konkret sosial sahəyə gəlincə, yeni iş yerlərinin
açılması, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə
veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial
problemlərinin həlli istiqamətində də ötən il kifayət qədər işlər görülüb. Belə
ki, ötən dövr ərzində 6 mindən çox məcburi köçkünün yeni mənzillə təmin
olunması, özünüməşğulluq proqramının tətbiq edilməsi, şəhid ailələrinin, Qarabağ
müharibəsi veteranlarının sosial qayğılarının həllini tapması günümüzün
reallıqlarıdır.
-
Siz ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyəti rəhbərinin
müavini, eyni zamanda Avropa Şurası PA-dakı Azərbaycan nümayəndə heyətin
üzvüsünüz və qeyd edilən qurumların sessiyalarında iştirak edirsiniz.
Azərbaycanın mötəbər beynəlxalq təşkilatlarla əlaqələrinin inkişaf etdirilməsi,
ötən il bu istiqamətdə atılan addımlar barədə nə deyə bilərsiniz?
- Ötən il beynəlxalq aləmdə
Azərbaycanın nüfuzu bir qədər də artıb və möhkəmlənib. TANAP layihəsinin, STAR
neft emalı zavodunun açılışlarının olması, Azərbaycanın beynəlxalq aləmdə
tərəfdaşlarının sayının getdikcə artması deyilənlərə əyani sübutdur. 2018-ci
ildə Avropa İttifaqı-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması,
Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanması əlaqələrimizin yüksək səviyyədə
olmasının təzahürüdür. Ötən ilin sonunda ABŞ və Rusiya hərbi rəhbərliyinin
dialoq məkanı kimi yenidən Azərbaycanı seçməsi, Bakıda növbəti dəfə görüşməsi
də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına nümunədir. Bundan başqa, hər
il olduğu kimi ötən il də Azərbaycan xarici siyasətində beynəlxalq
təşkilatlarla işləmək, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, milli maraqlarımızın, dövlət mənafeyinin qorunması üçün hüquqi
çərçivənin yaradılması istiqamətində iş aparılması əsas vəzifələrdən biri olub.
Misal üçün, ötən il Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində
qəbul edilən bəyanatda Azərbaycanın ərazi bütövlüyü termini daha da
dəqiqləşdirilib. Yəni, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi
bütövlüyü ilə paralel olaraq, qəbul edilən həmin sənəddə ilk dəfə olaraq
sərhədlərimizin toxunulmazlığı kimi termindən istifadə olunub.
Bu, hüquqi
baxımdan olduqca əhəmiyyətli hadisədir. Sərhəd toxunulmazlığı, ərazi bütövlüyü
deyilərkən Azərbaycanın BMT tərəfindən təsdiqlənən ərazisinin başa düşülməsi,
Ermənistanın işğal etdiyi digər 7 rayonumuzla yanaşı, Dağlıq Qarabağın da məhz
bu ərazi bütövlüyünə daxil edilməsi ötən il xarici siyasətimizdə əldə edilən
uğurlardan biri kimi dəyərləndirilə bilər. Azərbaycanın milli və dövlət maraqlarının
qorunması baxımından ATƏT, AŞPA və digər beynəlxalq qurumlarda zaman-zaman
qəbul edilən sənədlər də diqqətdən kənarda qalmamalıdır. Ümumilikdə
Azərbaycanın beynəlxalq təşkilatlarda nüfuzu kifayət qədər yüksəkdir.
Azərbaycan müstəqil xarici siyasət yürüdür, bu siyasətdən irəli gələrək
beynəlxalq təşkilatlarda da obyektiv münasibət sərgiləyir. Bu münasibət, bu
mövqe daha çox yaradıcı, qurucu, inkişafa xidmət edən, hər kəs üçün faydalıdır.
Bunu da həm insanlar, həm də beynəlxalq qurumlar qəbul edir, ölkəmizlə
hesablaşırlar.
-
2018-ci ildə Cənub Qaz Dəhlizinin, Ələt Ticarət Limanının, TANAP layihəsinin
açılışları olub, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi
öz həllini tapıb. Bütün bu hadisələrin baş verməsi Azərbaycana və regiona nə
vəd edir?
- Bir faktı xatırladım ki,
Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar 20 ildən artıq
bir müddətdə davam etdirilib. Bu danışıqlarda Xəzəryanı dövlətlərin müxtəlif
təklifləri irəli sürülüb. Lakin yekun olaraq məhz Azərbaycanın təklifi qəbul
olunub. Bu, Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə qəbul edilməsinə növbəti
misaldır. Azərbaycanın mövqeyinin daha ədalətli olmasına, beynəlxalq hüquq
normalarına tam cavab verməsinə əyani sübutdur. Xəzərin hüququ statusunun
müəyyən edilməsinin Azərbaycanın təklifi əsasında baş tutması çox böyük
uğurdur. Bu, Azərbaycanın uğuru sayılmaqla bərabər, Xəzəryanı ölkələrin, region
dövlətlərin ümumi razılığa gəlməsi, Xəzər dənizində yeni-yeni layihələrin
reallaşdırılması, birgə əməkdaşlıq üçün uyğun variantdır. Xəzərin
bioresurslarının xarici bazarlara çıxarılması üçün müxtəlif marşrutların olması
isə regionda rəqabət mühiti formalaşdırır, Xəzəryanı ölkələrin bu resurslardan
daha çox fayda əldə etməsinə şərait yaradır.
Məhz bu yeni istiqamətlərdən biri
də TANAP layihəsinin açılışının olmasıdır. Bütünlükdə regiondan qaz
ehtiyatlarının Avropa İttifaqı kimi iri alıcıya birbaşa çatdırılması çox böyük
üstünlükdür, layihənin iştirakçısı olan dövlətlərin bundan faydalanması
deməkdir. Gələcəkdə digər dövlətlər də öz təbii ehtiyatlarını bu boru
vasitəsilə Avropa bazarına çıxara biləcəklər. Bu da ümumilikdə regionun
inkişafı, xalqların, insanların maddi rifah halının yaxşılaşdırılması,
ölkələrin və dövlətlərin güclənməsi deməkdir. Prezident İlham Əliyevin uğurla
reallaşan ideyaları yalnız Azərbaycan üçün deyil, bütünlükdə regionun
iqtisadi-siyasi maraqlarının qorunması, bölgədə yaşayan xalqların
təhlükəsizliyinin təmin olunması, onların maddi-rifah halının yaxşılaşması
baxımından əhəmiyyətlidir. TANAP da bu layihələrdən, ideyalardan biridir. Dövlət
başçısı haqlı olaraq qeyd edir ki, Azərbaycan xalqı onilliklər ərzində Cənub
Qaz Dəhlizi layihəsinin faydasını görəcək. Biz Şimal-Cənub, Şərq-Qərb
dəhlizlərinin Azərbaycan ərazisindən keçməsini də qeyd edə bilərik. Prezident
İlham Əliyevin söylədiyi kimi, bu dəhlizlər ölkəmizi nəinki regionun, eləcə də
Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevirir. Çox güclü nəqliyyat
infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə
ilə istifadə edə bilək.
-
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü,
beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində Prezident İlham
Əliyevin rəhbərliyi ilə düşünülmüş, məqsədyönlü və prinsipial siyasət həyata
keçirilir. Ötən il bu siyasət hansı uğurlarla yadda qalıb?
- Azərbaycan ötən il Dünya
Bankı tərəfindən ən çox islahat aparan ölkə elan olunub. Bu islahatlar bütün
sahələri əhatə edib. Nəticədə iqtisadiyyatımız güclənib. İqtisadiyyatımız gücləndikcə
Ordu quruculuğu istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Azərbaycan
Silahlı Qüvvələrinin peşəkarlığının daha da artırılması, maddi-texniki
bazasının möhkəmləndirilməsi, ən müasir silah-sursatla təmin olunması
istiqamətində də böyük işlər görülüb. Görülən işlərin nəticəsidir ki,
Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan
hərbçilərinin peşəkarlığı yüksək səviyyədədir və onlar Ali Baş Komandanın
istənilən tapşırığını yerinə yetirmək əzmindədirlər. Təbii ki, Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, sülh yolu ilə həll olunmasına
tərəfdardır. Bunun üçün də sülh danışıqlarında iştirak edir. Beynəlxalq
təşkilatların dəstəyi ilə işğalçı Ermənistanın silahlı qüvvələrinin
ərazilərimizdən çıxarılmasına cəhd edir. Bütün bu cəhdlər heç bir nəticə
verməyəcəyi halda Azərbaycan ikinci yolu seçəcək. Bu yol müharibə yoludur. Azərbaycan
Ordusu müharibə yolu ilə işğal olunmuş ərazilərimizi azad edəcək, ərazi
bütövlüyümüzü, suverenliyimizi təmin edəcək. Silahlı Qüvvələrimiz buna tam
qadirdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın güclü
hərbi potensialı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir.
Bütün
bunlarla yanaşı, biz bölgədə gedən prosesləri də yaxından izləyirik və görürük
ki, Ermənistan həyata keçirdiyi işğalçılıq siyasətinin girovuna çevrilib. Ağır
iqtisadi böhran yaşayan Ermənistanda əhali ölkəni birdəfəlik tərk etmək
məcburiyyətində qalır, hər il on minlərlə insan xaricə üz tutur. Hərbi
cinayətkar, kriminal bir xuntanın Ermənistanda hakimiyyəti illərdir zəbt
etməsi, ölkəni bu cür fəlakətə sürükləməsinin nəticəsi olaraq, insanlar
küçələrə çıxdılar, inqilab yolu ilə hakimiyyəti devirdilər. Dövlət başçısı
İlham Əliyevin bildirdiyi kimi, Ermənistanda kriminal, xunta rejiminin çökməsi
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır.
Hazırda orada yeni hakimiyyət formalaşıb, vətəndaşlara yeni vədlər verilib,
müəyyən işlər görülməkdədir. Bu da Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni
vəziyyət yaradır. Ermənistanın yeni hakimiyyəti vətəndaşların yaxşı yaşayışını
təmin etmək, iqtisadiyyatı gücləndirmək üçün söz verir. Lakin onlar başa
düşməlidirlər ki, verilən vədlərin reallığa çevrilməsi üçün Azərbaycanla
münasibətlər qaydasına salınmalı, işğalçılıq siyasətinə son qoyulmalı, Dağlıq
Qarabağ problemi ərazi bütövlüyü çərçivəsində, ədalətli şəkildə həllini
tapmalıdır. Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi halda bu ölkənin
inkişaf etməsi sıfıra bərabərdir. İşğalçılıq siyasətini davam etdirdiyi halda
Ermənistan bir qədər də fəlakətə sürüklənməyə, daim dağılmağa, hakimiyyət
dəyişiklikləri, vətəndaşların kütləvi köçü ilə üzləşməyə məhkumdur. Ermənistan
hakimiyyəti bu reallığı nə qədər tez dərk edəcəksə, bu, həmin ölkənin xeyrinə
olacaqdır. Əks təqdirdə hər keçən gün, ay, il Azərbaycana xidmət edir.
-
Ötən il Azərbaycanın üçüncü peykinin orbitə buraxılması da böyük hadisə kimi
tarixə düşüb. Ümumiyyətlə, ölkəmizdə müasir texnologiyalara böyük əhəmiyyət
verilməsi, bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirilməsi Sizdə hansı
təəssüratı yaradır?
- Müasir dünyada müasir
texnologiya olmadan inkişaf etmək qeyri-mümkündür. Gələcəyə baxan istənilən
dövlət mütləq şəkildə bu texnologiyalara hazırlıq, bu texnologiyalarla
silahlanmaq istiqamətində addımlar atmaq məcburiyyətindədir. Hazırda Azərbaycan
bölgənin inkişafını öz üzərinə götürüb irəli aparan dövlətdir. Azərbaycan
bölgədə trend yaradır.
Region dövlətlər, xalqlar Azərbaycanın atdığı müstəqil addımları
izləyir, hansı istiqamətdə inkişaf etdiyimizə baxırlar. Bu baxımdan, Azərbaycan
bölgədə istiqamətverici ölkədir. Bu aspketdən yanaşsaq, Azərbaycan müasir
texnologiyalarla silahlanması ümumilikdə bölgənin inkişafı üçün çox önəmlidir. Bizim
müasir texnologiyalara sahib olmağımız Azərbaycanın rəqabət qabiliyyətini daha da
artıracaq. Bu, inkişaf etmək üçün yeganə yoldur. Məhz bu səbəbdən də Prezident
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əsas inkişaf
hədəflərində müasir texnologiya və insan kapitalı dayanır.
Rufik
İSMAYILOV