• çərşənbə axşamı, 19 mart, 07:46
  • Baku Bakı 8°C

Azərbaycan birinciliyə layiq idi

21.05.13 08:34 2125
Azərbaycan birinciliyə layiq idi
Mayın 18-i bütün Avropanın və eləcə də digər ölkələrin diqqəti “Eurovision-2013” yarışmasına yönəlmişdi. Azərbaycan təmsilçisi Fərid Məmmədov iyirminci nömrə altında çıxış edərək Avropa tamaşaçılarına möhtəşəm şou göstərdi. İştirakçımızın yaratdığı gözəl və dərin mənalı performansdan sonra mahnımız Avropanın favoritinə çevrildi. Fərid Məmmədov dünyaca məşhur “William Hill Online Betting” bukmeker kontorunun “stavka”larında 13-cü yerdən ilk üçlüyə qalxdı. Fəridin səhnə çıxışı adi elementlərin sintezi idi. İki rəqqas, kub formasında şüşə konstruksiya və 20 metrlik şleyfi olan uzun paltar istedadlı müğənni ilə onun emosional mahnısı üçün möhtəşəm şou yaratdı.
İdmançı bədən quruluşu isə Fəridə müsabiqənin finalı başlanmazdan əvvəl “Eurovision” Next Male Top Model yarışında qələbə qazandırmışdı. Avropa mediası Fəridin istedadını və onun səhnə kompoziyasını bəyənib, onun haqqında öz proqnozlarını irəli sürmüşdü. Bundan başqa, “Eurovision-2013”ün finalına bir neçə dəqiqə qalmış Fərid Məmmədov “Müsabiqənin ən yaxşı artisti” nominasiyasında nüfuzlu “Marcel Bezencon” mükafatına layiq görüldü.
26 ölkənin birincilik uğrunda mübarizə apardığı 58-ci “Eurovision” final mərhələsində Danimarka təmsilçisi Emili de Forest 281 səslə birinci oldu. Bu, Danimarkanın “Eurovision” yarışması tarixində sayca 3-cü qələbəsidir. Azərbaycan təmsilçisi Fərid Məmmədov 234 səslə ikinci yeri qazandı. Sonrakı yerləri Ukrayna, Norveç və Rusiya bölüşdürdü.
Emili de Forestin qələbəsi bir çox insanlarda artıq şübhə yaratmağa başlayıb. İnternetdə danimarkalı iştirakçının mahnısının plagiat olduğu qeyd olunur. İnternet istifadəçiləri “Only Teadrops” mahnısının müğənni K-Otic-in “İ Surrender” mahnısına çox bənzədiyini iddia edirlər. Mahnılarda bənzərlik var, lakin Forestin qələbəsinin ləğv olunacağı inandırıcı səslənmir.
Yarışma barədə yerli mütəxəssislərimiz də öz fikirlərini bildirərək Fəridin ifasını bəyəndiklərini söylədilər.
Əməkdar artist Tünzalə Ağayeva bizimlə söhbətində təmsilçimiz Fərid Məmmədovun çıxışını çox bəyəndiyini və 2-ci yeri qazanmağımızı sevindirici hal kimi qiymətləndirdi: “Mənim üçün 2-ci yer çox yaxşı və layiqli bir yerdir. Fəridi Eurovision yarışması üçün çox layiqli qalib hesab edirəm. Eurovision tarixində Malmödə daha bir qalibiyyət yazdıq. Favoritim Fərid idi. Ondan əlavə, Ukrayna təmsilçisini çox bəyəndim. Danimarkanın da çıxışı maraqlı idi və Fərid üçün onlar ən yaxşı rəqib idilər. Yenə də Azərbaycan birincilər sırasındadır. Bu mənim üçün çox qürurverici haldır”.
Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov ikinci yerin məsuliyyətliliyini və Fərid Məmmədovun birinci yerə layiq potensialı olduğunu qeyd etdi: “Azərbaycan Eurovision yarışmasına qatıldığı gündən etibarən burada keçirilən seçim mərhələsinin münsiflər heyətinin sədri kimi iştirak edirəm. Fəridin ifası ilə bağlı onu deyə bilərəm ki, o, birinci yerə layiq idi. Yarışmada ən gözəl çıxış edən də elə bizim təmsilçimiz idi. Ukrayna iştirakçısının da səsini bəyəndim. Fərid Malmöyə getməmişdən öncə onun çıxışını ilk üçlükdə gördüyümü söyləmişdim. Fəridin səsi və mahnısı çox yüksək səviyyədə idi. Eurovisiona gedən iştirakçılarımızın hamısı - Eldar Qasımov, Səfura Əlizadə və digərləri gözəl səs diapazonuna malikdirlər. Onları itirsək, uduzarıq”.
Bəstəkar ikinci yerə layiq görülməyimizdən sonra xəbər portallarında bu yeri guya hansısa saxta yollarla əldə etdiyimizi söyləyərək qurama videoroliklər paylaşan insanları təxribatçı adlandırdı: “Həmin videoları yayan insanlar çox savadsız və məntiqsiz insanlardır. Mən peşəkar olaraq deyə bilərəm ki, o ifadəni işlədən insanlar təxribatçıdırlar. Hər kəsin gözü qarşısında Fərid öz performansını nümayiş etdirdi. Bizim səhnə tərtibatımız və ümumiyyətlə, hər şey çox gözəl təşkil olunmuşdu. Danimarkalı iştirakçının plagiat məsələsinə qaldıqda isə, mahnılar bir-birinə oxşaya bilər. Ümumiyyətlə Avropa mahnıları bir-birinə çox bənzəyir. Plagiat da ola bilər. Ancaq orada finala keçməzdən öncə münsiflər heyəti mahnılara diqqət edir, onlar boşuna oturmayıb ki, kürsüdə. Mahnıların seçilməsinə də ciddi yanaşmaq lazımdır”.
Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə Eurovision yarışmasında musiqi sənətindən başqa digər amillərin də önəm daşıdığını və Azərbaycanın ən azı ikinci yerə həqiqətən layiq olduğunu bildirdi: “Mən bu layihədə iştirak etmişəm və bilirəm ki, təkcə sənət mübarizəsi deyil. Azərbaycanın bu yarışmaya qatıldığı gündən, yəni 2008-dən sonra bizim ən uğurlu seçimimiz idi. Fəridin mahnısı çox gözəl seçilmişdi. İştirakçımızın geyimi, səhnə performansı bir-birini tamamlayırdı. Fərid səhnədə əsl azərbaycanlı kişisi təsiri bağışlayırdı. Azərbaycan öz layiqli yerini tutdu. Mənim favoritlərimə gəlincə isə, Gürcüstan və İsrailin, Ukraynanın, San Marinonun, Bolqarıstanın iştirakçılarını bəyəndim. Peşəkar baxımdan yanaşdıqda, yarışmada güclü səslər var idi. Amma Azərbaycan ən azından ikinci yerdə olmalı idi və orda da oldu. Halallıqla ikinci yer bizim idi. Fərid birinci yerə də çıxa bilərdi. Çıxışına görə, o, birinci yerin formatlarına cavab verirdi. Biz ötən il ev sahibliyi etdik, böyük məsuliyyətdən çıxdıq. Digər ölkələrə də bu, qismət olsun. Belə ifa gözləmirdim. Fəridə halal olsun. İnanıram ki, xalqımız bundan sonra Fəridə böyük dəstək olacaq. Ümid edirəm ki, o, digər iştirakçılarımız kimi unudulmaz. Əfsuslar olsun ki, iştirakçılarımıza xaricdə bir-iki klip çəkirlər və bunun da Azərbaycanda onların inkişafı üçün heç bir təsiri olmur. İstəyərdim burda da həmin iştirakçılarımıza şərait yaradılsın və düşünürəm ki, bu, Fəridə qismət olacaq.
Tanınmış estrada müğənnisi Natavan Şeyxova bizimlə söhbətində Fərid Məmmədovun birinci yerə layiq olduğunu və gözəl səs diapazonu ilə hər kəsi valeh etdiyini söylədi: “Fərid birinci yerə layiq görülməli idi, ikinci yer onun performansı üçün aşağı göstəricidir. Birinci yerə layiq görülən danimarkalı ifaçının mahnısı plagiatdır. Mən də mahnını dinlədikdə eyni olduğunu gördüm, sadəcə, bir az mahnıya dəyişiklik olunub və yarışmaya təqdim edilib. Plagiat olan mahnı birinci yeri tuta bilməz. Eurovision mahnı müsabiqəsi üçün yeni mahnı yazılmalıdır. Fəridin mahnısı da, performansı da çox yaxşı idi. O özünü Avropaya çox yaxşı göstərə bildi. Elə ölkələr var idi ki, Fəridə yaxşı bal verdilər, yəni bizim o ölkələrlə elə də yaxın münasibətimiz yox idi. Bu da onun göstəricidir ki, sənətə hər yerdə qiymət verirlər. Gürcüstan və Ukrayna, Moldova mənim favoritlərim sırasında idilər. San-Marino ifaçısının mahnısı melodik idi, ancaq finala keçə bilmədi. Rusiyalı iştirakçının da səsi çox yaxşı idi, ancaq səhnə performansı yox idi. Yunanıstan iştirakçısının səsi elə də güclü deyildi, ancaq yaxşı performansı var idi deyə, gözəl nəticə əldə etdi. Müsabiqədə performans çox önəmlidir. Yarışmada diqqəti cəlb etmək də əsas nüanslardandır”.
Qeyd etdiyimiz kimi, Azərbaycan təmsilçisinin çıxışını Avropa ictimaiyyəti daha çox bəyənib. Fəridin "Hold me" mahnısı "Eurovision" müsabiqəsinin rəsmi Youtube səhifəsinə də yüklənib, həmin videonun altında avropalı musiqisevərlər öz rəylərini yazaraq, onun çıxışını çox bəyəndiklərini qeyd ediblər. Fəridin çıxışına ən çox səs verənlər isə rusiyalı İnternet istifadəçiləri olublar. Bu şərhlər arasında ermənilərin riyakarlıq və paxıllıq kimi hisslərindən hali olmayan şəxslərin şərhləri olsa da, hətta bəzi ermənilər öz soydaşlarına tövsiyə ediblər ki, Azərbaycan təmsilçisinin gözəl çıxışına paxıllıqla münasibət bildirməsinlər. Həmin şərhçilər "Hold me" mahnısının və səhnə performansının möhtəşəm olduğunu etiraf ediblər. Ermənilərdən biri yazır: “Doğrudan da utancvericidir! Ona görə yox ki, Dorians (erməni təmsilçi – red.) şərəfli yer tutmadı (düşünürəm ki, az adam onun ilk beşliyə düşəcəyi barədə illüziyalara qapılıb). Hətta ona görə də yox ki, Azərbaycan bizdən çox irəlidədir. Bizə toxunana başqa şeydir. Belə qeyri-ciddi dövlətimizin olması bizə toxunur”.
Vaqan adlı başqa bir erməni Azərbaycana qibtə etdiyini "VKontake" sosial şəbəkəsindəki profilində yazıb. O, "Eurovision"u misal gətirərək, əgər Ermənistan bu müsabiqədə qalib olsaydı belə, onu keçirməyə gücü olmazdı kimi fikirlər səsləndirib: “Dövlətimizin bu tədbiri keçirmək üçün gücü yoxdur. Hətta belə əhəmiyyətli tədbiri keçirməyə yerimiz də yoxdur. Azərbaycanlılara isə halal olsun. Artıq neçənci ildir ki, müsabiqədə mötəbər yerlər tuturlar. Yaxşı səsləri olan gözəl qızlar, oğlanlar gəlirlər və ölkələrini yaxşı tərəfdən Avropaya, hətta dünyaya təqdim edirlər. Məgər bizdə belə gözəl və yaxşı müğənnilər yoxdurmu? Düşünürəm ki, kifayət qədərdir, hətta onlardan da yaxşıları var. Amma lazımlı adamlar başa düşürlər ki, onsuz da Ermənistanın "Eurovision"a ev sahibliyi etməyə imkanı yoxdur. Azərbaycan isə hətta hər il keçirə bilər”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər