• cümə, 29 Mart, 03:55
  • Baku Bakı 7°C

Azərbaycan beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrilir - Fotolar

31.10.17 12:00 2616
Azərbaycan beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrilir - Fotolar
Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan müstəqil Azərbaycan bir çox beynəlxalq layihələrə, o cümlədən iqtisadi layihələrə imza atıb. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə təməli qoyulan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin ardınca Bakı-Tbilisi-Ərzurum qaz xətti, sonrakı mərhələdə Prezident İlham Əliyevin böyük uzaqgörənliklə reallaşdırmağa çalışdığı Cənubi Qafqaz Boru Kəməri ölkəmizi dünyada etibarlı tərəfdaş, enerji mərkəzi kimi tanıtmağa başlayıb.

Bununla yanaşı, həyata vəsiqə alan yeni layihələr sayəsində Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edə bilib. Beləliklə, əlverişli coğrafi mövqeyə və zəngin enerji ehtiyatına malik Azərbaycan həm də beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilib. Təbii ki, bütün bunlar Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafına da müsbət təsir göstərib.

Dünən isə müsəlman Şərqinin ilk demokratik Respublikası daha bir beynəlxalq iqtisadi layihəyə imzasını atıb. Söhbət Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsindən gedir. Bu tarixi hadisə yalnız Azərbaycan və region dövlətləri üçün deyil, qlobal baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan, Gürcüstan və Özbəkistan baş nazirləri Bakıtjan Saqintayev, Giorgi Kvirikaşvili, Abdulla Aripovun, həmçinin Tacikistan və Türkmənistan nümayəndə heyətlərinin iştirak etdiyi açılış mərasimi bütün dünya mediasının diqqət mərkəzində olub. Bu layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi səviyyəsində mümkün olub.

Məlumat üçün qeyd edək ki, BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün olub. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər etmiş Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bəyan edib. 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 2007-ci ilnoyabrın21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ tikintisinin təməli qoyulub. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib. BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir.

Layihənin iqtisadi və siyasi əhəmiyyətinə gəlincə, BTQ bu baxımdan Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər. Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən də dəstəklənir. Bu layihə Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır. İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və tədricən 50 mln. tona çatdırılacaq. Sərnişin sayı isə 2 milyon nəfər olacaq. Bakıdan Türkiyənin Qars şəhərinə qədər yolun müddəti 16-17 saat təşkil edəcək. Sonra yol Ankara, İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək. Bu dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. BTQ Azərbaycanın iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 mln. dollar təşkil edəcək. Onu da qeyd edək ki, bu layihənin istifadəyə verilməsi həm də Ermənistanın nəqliyyat izolyasiyasını gücləndirir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə də hesab edir ki, BTQ dəmir yolu xəttinin işə salınması tək regionda deyil, dünyada tarixi bir hadisədir. Onun sözlərinə görə, bu xəttin açılışı ilə regiondakı vəziyyət kökündən dəyişir: "Ölkələr arasında daha sıx əlaqələr yaranır. 100 minlərlə iş yeri açılır. Çindən tutmuş, Avropaya qədər mallar çox qısa zamanda və sürətlə çatdırılır. Eyni zamanda bu layihə sülhü və təhlükəsizliyi gücləndirir. Bu xətt Ermənistandan da keçə bilərdi, ancaq Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi onu bu perspektivli layihədən kənarda qoydu. Dəmir yolu xətti Ermənistandan keçsəydi, onun büdcəsi heç nə etmədən hər il böyük həcmdə valyuta qazanardı, yeni iş yerləri açılardı, Ermənistan iqtisadiyyatı dirçələrdi. Amma göründüyü kimi, aqressiv, düşünülməmiş siyasəti Ermənistan üçün öz acı nəticəsini göstərir. Ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin strateji müttəfiqliyi, qardaşlıq münasibətlərini real işdə göstərmələri artıq bəhrəsini verir və bu dəmir yolu xəttinin açılışı bir daha göstərir ki, ölkələr bir-biriləri ilə ilk növbədə ümumi maraqları ortaya qoymaqla, dostluq, əməkdaşlıq etməklə və ən əsası isə, müasir dünyanın tələblərinə uyğun münasibətlər qurmaqla çox böyük işlər görə bilirlər. BTQ dəmir yolunun açılışı ilə Azərbaycanın regionda nüfuzu daha da yüksəlir. Azərbaycan bu cür böyük layihələrin təşəbbüskarı və dəstəkvericisi kimi arzuolunan bir müttəfiqə çevrilir”.

Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, professor Fikrət Yusifov da qəzetimizə açıqlamasında bildirib ki, BTQ dəmir yolu Azərbaycana kifayət qədər iqtisadi və siyasi dvidentlər gətirəcək. Sabiq maliyyə naziri qeyd edib ki, bu yolun istifadəyə verilməsi eyni zamanda qədim ipək yolunun orta xəttinin bərpa olunması deməkdir: "Yeni yol Şərqdən və Cənubdan Azərbaycan üzərindən Qərbə və əksinə yüz milyonlarla ton yükün daşınmasına imkan verəcək. Bu isə öz növbəsində ölkəmizə böyük həcmdə möhkəm valyutanın daxil olmasına gətirib çıxaracaq. BTQ dəmir yolu kimi transmilli layihənin imkanlarından yararlana bilməyəcək tək ölkə Ermənistan olacaq. Məkrli torpaq iddaları ilə erməni xalqını bölgədə reallaşdırılan növbəti transmilli layihənin verə biləcəyi dvidentlərdən məhrum edən siyasi hakimiyyətin iyrənc işğalçı siyasəti Ermənistanı növbəti dəfə pis vəziyyətə saldı. Azərbaycan bu layihəni reallaşdırmaqla öz siyasi çəkisini kifayət qədər artıra bildi. Həm də yeni dəmir yolu xəttinin istifadəyə verilməsi yaxın gələcəkdə Naxçıvanın blokadadan çıxması demək olacaq”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər