• çərşənbə, 24 Aprel, 15:46
  • Baku Bakı 27°C

Azərbaycan beynəlxalq reytinqdə 3-cü pilləyə yüksəldi

23.01.18 10:30 1169
Azərbaycan beynəlxalq reytinqdə 3-cü pilləyə yüksəldi
Azərbaycanın son illər iqtisadi və sosial sahədə apardığı uğurlu islahatlar, həyata keçirilən layihələr dünyanın nüfuzlu təşkilatlarının diqqətindən kənarda qalmır. Ölkəmiz ard-arda müxtəlif hesabatlarda, reytinq siyahılarında yerini yeniləyir və qabaqcıl sıraları tutur. Elə ötən gün Dünya İqtisadi Forumunun növbəti indeksi üzrə Azərbaycanın ilk üçlükdə yer alması bunun bariz nümunəsidir.Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub. Ümumi daxili məhsula alternativ qismində hazırlanmış "İnklüziv inkişaf indeksi” insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Bu hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.
Qeyd edək ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Həmçinin "Siyasətçilərə ictimai etimad" kateqoriyasında isə ölkəmiz dünyada 20-ci yerdə dayanır.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Tahir Mirkişili bildirdi ki, iqtisadi inkişafın inklüzivliyi bu gün dünyada iqtisadi konsepsiyalarda ən son istiqamət sayılır: "Çünki belə yanaşmalar var ki, dövlətlərin ümumi daxili məhsullarının artım tempi daha çox ola bilər, amma onların əhali arasında bölgüsü əhatəli olduqda, bu, inklüziv iqtisadi inkişaf adlanır. Bu daha ədalətli və sosial cəhətdən daha inkişaf etmiş dayanıqlı bir sistem sayılır. Məhz inklüziv inkişaf indeksi üzrə Azərbaycanın inkişaf etməkdə olan ölkələr arasında üçüncü yer tutması kifayət qədər böyük uğur olmaqla yanaşı, bunun iqtisadi və sosial əsasları var. İnklüziv iqtisadi inkişaf 2016-cı ilin dekabrında ölkə prezidenti tərəfindən təsdiq olunmuş "Strateji Yol Xəritələri”ndə inkişaf istiqamətlərindən biri kimi göstərilib. Bundan başqa, Azərbaycanda dövlət büdcəsi xərclərinin 33 faizindən çoxunun sosial xərclərə ayrılması insanlar arasında milli gəlirin daha ədalətli və əhatəli formada paylanmasını təmin edir. Bu da inklüziv iqtisadi inkişafın xüsusi istiqamətlərindən biridir. Həmçinin Azərbaycanda internet istifadəçilərinin 80 faizdən yuxarı olması, insanların daha çox istehsal, eyni zamanda xidmət sektorunda çalışması, ölkədə işsizliyin cəmi 5 faiz həddində olması onu deməyə əsas verir ki, əslində insanlar milli gəlirin formalaşmasında iştirak etdiyi kimi, həmin gəlirlərin paylanmasında da iştirak edirlər. Dövlət siyasətinin sosial yönümlü olması, digər tərəfdən aparılan iqtisadi islahatlar nəticəsində insanların sosial qayğı ilə əhatə olunması, istehsaldan və ixracdan gələn gəlirlərin daha çox insanlar arasında sosial siyasət vasitəsilə paylanması onu göstərir ki, Azərbaycanda inklüziv iqtisadi inkişaf yönündə xeyli işlər görülür. Bunun da Dünya İqtisadi Forumu tərəfindən qeyd edilməsi Azərbaycanın uğurudur”.

T.Mirkişili vurğuladı ki, dərc edilən reytinqlər ümumilikdə ölkənin iqtisadi cəlbediciliyini artırır: "Çünki iqtisadi cəlbediciliyin artırılması ölkəyə investisiya texnologiyalarının gəlməsi, son nəticədə iqtisadi inkişaf və təbii ki, vətəndaşların həyat səviyyəsinin daha da yüksəlməsinə imkan verir. Dünyada bir neçə mötəbər reytinq hesabatları var. Bunların biri hər il Davosda Dünya İqtisadi Forumu tərəfindən dərc edilən "Rəqabət qabiliyyəti indeksi”dir. Bundan başqa, Dünya Bankının "Doing Business” hesabatı, həmçinin ölkədə İKT-nin tətbiqi, insan kapitalının inkişafı ilə bağlı BMT-nin tərtib etdiyi indekslər var. 2016-cı ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla dünya reytinq cədvəllərində ölkənin göstəricilərinin daha da yaxşılaşdırılması üçün konkret tədbirlər planı müəyyən olunmuşdur. Artıq bu tədbirlər planının yerinə yetirilməsi nəticəsində Azərbaycan həm "Rəqabət qabiliyyəti indeksi”ndə, həm "Doing Business”, həm də yeni dərc edilən "İnklüziv inkişaf indeksi - 2018” hesabatında öz göstəricilərini yaxşılaşdırıb”.
Bəxtiyar

banner

Oxşar Xəbərlər