• cümə, 29 Mart, 09:47
  • Baku Bakı 5°C

Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilir

24.09.19 20:32 1840
Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilir
"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Razılaşma göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra 21 may 2002-ci il tarixdən qüvvəyə minib. Razılaşma bütün nəqliyyat növlərinə, yəni, dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Təkcə Hindistan istisna təşkil edir ki, onun yalnız dəniz marşrutları ilə daşımalarda iştirakı nəzərdə tutulur. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub” BND Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Bir qədər ətraflı izah etsək, "Şimal-Cənub” BND layihəsi vasitəsi ilə yüklər gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətiriləcək. Oradan qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürüləcək. Beləliklə də daşınacaq yüklər birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan isə Şimali Avropa ölkələrinə çatdırılacaq. Önəmli məqam budur ki, hazırkı marşrut (Süveyş kanalı) üzrə malların çatdırılma vaxtı 45-60 gündür. Lakin "Şimal-Cənub” BND vasitəsilə yüklər 14-20 gün ərzində ünvanına çatdırılacaq.

Strateji baxımdan mühüm şəraitdə, Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan sözügedən layihənin reallaşmasında bir növ körpü rolunu oynayır. Ulu öndər Heydər Əliyevin razılığı ilə ölkəmiz "Şimal-Cənub” BND-yə qoşulub. Məhz bu vaxtdan başlayaraq Azərbaycan Nəqliyyat Nazirliyinin rəhbərliyi İran və Rusiya nəqliyyat nazirlikləri və aidiyyəti qurumların rəhbərləri çoxsaylı görüşlər keçirib, qeyd edilən məsələ ətrafında ətraflı müzakirələr aparılıb. 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhədinə qədər dəmir yolu infrastrukturu tamamilə yenilənib. İran prezidenti Həsən Ruhaninin ölkəmizə rəsmi səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb. Rəsmi Bakı Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlıdır. Yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kredit ayrılması nəzərdə tutulur.

Amma hal-hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər "Şimal-Cənub” BND-nin reallaşmasını gecikdirir. İlk növbədə qeyd edilməlidir ki, bu problem ölkəmizdən qaynaqlanmır. Azərbaycan indiyə qədər iştirakçı olduğu, təşəbbüsünü irəli sürdüyü bütün infrastruktur layihələrdə öz üzərinə düşən vəzifəni, öhdəlikləri daim ən yüksək səviyyədə yerinə yetirib. "Şimal-Cənub” BND-nin keçəcəyi regionda fərqli qütblər arasında geosiyasi rəqabətin kəskinləşməsi fonunda da Azərbaycan stabil və balanslı xarici siyasət yürüdür, yeni siyasi və iqtisadi dividentlər əldə etməyi hədəfləyir. Azərbaycanın "Şimal-Cənub” BND ilə bağlı layihənin ciddiliyini nəzərə alaraq investisiya yatırması, ölkəmizə beynəlxalq arenada etibarlı tərəfdaş imicini qazandırıb. Ona görə də Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt qəsəbəsində Beynəlxalq Limanın tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycanın Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) Şimalla birləşdirən nəqliyyat qovşağına çevirəcəyi heç kimdə şübhə doğurmur.

Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu"Kaspi” qəzetinə açıqlamasında Azərbaycanın "Şimal-Cənub” BND-nin reallaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi olduqca strateji bir layihədir. Millət vəkilinin fikrincə, layihə Azərbaycanı bu istiqamətdə mühüm nəqliyyat qovşağına çevirir. Politoloq deyib ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir: "Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına qədər gələn yolun davamı kimi Qəzvin-Rəşt-Astara yolu ilə daşınan yüklərin Rusiya Federasiyasına, oradan Avropanın şimalındakı ölkələrə qədər ötürülməsi heç şübhəsiz ki, nəqliyyat kommunikasiya tarixində yeni bir hadisə kimi qiymətləndiriləcək. Bu dəhliz sadəcə müddət baxımından deyil, həm də onun ətrafında olan siyasi-inzibati coğrafiyada ümumi təhlükəsizliyinin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır”.

H.Babaoğlu Azərbaycanın 2005-ci ildən bu layihəyə qoşulmasını, Qəzvin-Rəşt-Astara avtomobil yolunun çəkilməsi ilə bağlı kreditin ayrılmasını xatırladaraq qeyd edib ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərindən sonra bir daha Azərbaycan və İran prezidentləri arasında bu məsələnin müzakirə olunaraq təqdir edilməsi "Şimal-Cənub” BND-nin təkcə nəqliyyat kommunikasiya layihəsi olmadığını, həm də qonşu dövlətlə ikitərəfli münasibətlərin inkişafına yeni impulslar verəcəyini nümayiş etdirir.


YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə isə hesab edir ki, zəngin neft və qaz yataqlarına malik olan Azərbaycan bu resursları beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmələrinin reallaşmasında təşəbbüsçü və iştirakçı kimi çıxış edib, onların uğurlu sonluqla başa çatmasına nail olub. Onun sözlərinə görə, bütün bu kimi çoxsaylı tədbirlərin həyata keçirilməsində başlıca hədəf iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişafın dayanıqlılığını təmin etməkdir. V.Rəhimzadə "Şimal-Cənub” BND-nin Şərqi Asiya ölkələri ilə Avropanı əlaqələndirən irihəcmli layihə olduğunu xatırladaraq, ölkəmizin ona xüsusi diqqət ayırmasının əsasında dayanan amillərdən birinin məhz Azərbaycanı logistika və tranzit mərkəzə çevirmək olduğunu söyləyib. Bildirib ki, bu amil dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması ilə yanaşı, iş adamlarının fəaliyyətini stimullaşdıracaq, ölkənin ixrac potensialını artıracaq.

V.Rəhimzadə diqqəti hazırda dünyanın 150 ölkəsi tərəfindən böyük dəstək qazanan Çinin "Bir kəmər, bir yol” layihəsinin reallaşmasına Azərbaycanın verdiyi töhfələrə yönəldib. Bildirib ki, bu ilin aprelində Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu Azərbaycanın tranzit imkanlarının təqdimatında əhəmiyyətli rol oynayıb: "Həmin Forumda bir daha qeyd olundu ki, əlverişli coğrafi məkana, zəngin təbii resurslara malik olan Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olması ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına, bu əlaqələrin mühüm əhəmiyyət kəsb edən layihələrin gerçəkləşdirilməsi ilə möhkəmləndirilməsinə geniş imkanlar açır. Son 16 ilə yaxın dövr ərzində ölkə iqtisadiyyatına 260 milyard dollara yaxın investisiyanın qoyulması da bunun bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev daim infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırılması ilə Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini, əsas sərmayənin yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldildiyini, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçdiyini önə çəkərək bildirir ki, infrastrukturun inkişafına çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir. Azərbaycan həm Şərq-Qərb və həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər