• şənbə, 20 Aprel, 09:11
  • Baku Bakı 14°C

Azərbaycan beynəlxalq hesabatlarda daha da irəliləyə bilər

31.10.13 09:56 1533
Azərbaycan beynəlxalq hesabatlarda daha da irəliləyə bilər
Azərbaycan daha bir hesabatda öndədir. Xəbər verildiyi kimi ölkəmiz Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2014” hesabatında bir pillə irəliləyərək 189 ölkə arasında 70-ci yerə yüksəlib və bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr sırasındadır. Hesabatda Azərbaycan iqtisadiyyatı 2005-ci ildən bəri biznes mühitinin yaxşılaşdırılması sahəsində 18 məqsədyönlü tənzimləyici islahat həyata keçirərək və qanunvericiliyini təkmilləşdirərək dünya üzrə ilk 15 ölkə sırasına daxil olub. Belə ki, Azərbaycan “Doing Business 2014” hesabatında 2012-2013-cü illərdə 3 islahat (“biznesə başlama”, “tikinti üçün icazələrin alınması” və “beynəlxalq ticarət” sahələrində) həyata keçirən 29 islahatçı ölkə sırasına daxil edilib.
Biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi nəticəsində “biznesə başlama” göstəricisi üzrə Azərbaycan ilk dəfə olaraq dünya ölkələrinin ilk onluğuna daxil edilib və Sinqapur, Yeni Zelandiya, Honq Konqla yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi vurğulanıb. Bununla yanaşı, Tikinti Məcəlləsinin tətbiqinin nəticəsi olaraq, Azərbaycan “tikinti üçün icazələrin alınması” göstəricisi üzrə islahatçı ölkələrdən biri kimi tanınıb, bu sahədə Fransa, Çin, Tayvan və Estoniya kimi dünyada nümunə olaraq göstərilib.
Gömrük prosedurlarının daha da sürətləndirilməsi ilə Azərbaycan hesabatda “beynəlxalq ticarət” göstəricisi üzrə islahatçı ölkə kimi qeyd edilib. Beynəlxalq ticarətin aparılması sahəsində “bir pəncərə” prinsipini tətbiq edən Azərbaycan Sinqapur kimi inkişaf etmiş olkələrlə bir sırada olmaqla, dünyada nümunə göstərilən ölkələr siyahısındadır. Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycanın gömrük sistemində “bir pəncərə” prinsipi ən yaxşı dünya təcrübəsi nəzərə alınmaqla tətbiq olunub. Belə ki, gömrük-keçid məntəqələrində əvvəllər gömrük rəsmiləşdirilməsi zamanı 2-3 saat tələb olunurdursa, bu sahədə islahatların aparılmasından sonra vaxt sərfiyyatı 15-20 dəqiqəyədək azaldılıb.
Sənəd müəllifləri əmlakın qeydiyyatı göstəricisi üzrə Azərbaycana 13-cü, investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsi sahəsində müvafiq olaraq 22-ci və 28-ci yeri veriblər.
Ötənilki hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 118 iqtisadiyyatını geridə qoyurdusa, "Doing Business 2014" hesabatında belə ölkələrin sayı 119-dur. Azərbaycanın daha da irəli getmək üçün imkanlar mövcuddurmu? Hesabatın əhatə etdiyi biznes mühiti ölkəmizdə necədir?
İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, Azərbaycan biznesə başlamaq prosesində dünya təcrübəsində ən optimal üsullardan birini – “bir pəncərə” sistemini tətbiq edir: “Bu sistem tək biznesə başlamaqda yox bir çox sahələrdə tətbiq edilir, o cümlədən də biznesə başlamaqda. Bu isə həmin hesabatda meyar kimi götürülən biznesə başlama mühiti göstəricisinin yaxşılaşmasına səbəb olur. Bu sistem yeni tətbiq olunanda Azərbaycan bu göstərici üzrə ən çox irəliləmiş ölkə statusunu almışdı”. A.Nəsirli bildirdi ki, məsələ hər hansı sistemi tətbiq etməklə bitməməlidir. Eksperin sözlərinə görə, bu sistem ilk tətbiq ediləndə ölkəmiz sıçrayışla irəliləsə də, sonradan eyni temp müşahidə olunmadı: “Yəni biri var qanunun qəbulu, biri də var onun səmərəli tətbiqi. Əgər daha səmərəli tətbiq olsaydı Azərbaycan bir pillə deyil, bir neçə pillə irəliləmiş olardı hesabatda. Azərbaycanda bütün qanunlar çox gözəl işlənir, qəbul edilir. Amma onların bir çoxunun tətbiqində problemlər var. “Bir pəncərə” sisteminin tətbiqindən sonra da biznesə başlamaqda xeyli irəliləyişlər var, amma bir sıra qüsurlar da var. Ümumilikdə ölkədə biznes mühiti mənim fikrimcə, Asiya ilə Avropanın arasındadır. Yəni biznes mühitinə görə biz Asiyadan öndə, Avropadan geridəyik hələlik. Hesabatdan da bu, aydın görünür. Avropa ölkələrini çıxmaq şərtilə Azərbaycan MDB ölkələrindən öndədir. Bu isə yaxşı göstəricidir. irəliləyişlərin olması, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması hesabata təsir edən ciddi amillərdəndir”.
Həmsöhbətimiz bildirdi ki, bir sıra tədbirləri reallaşdırmaqla bu hesabatda yerimizi daha da önə çəkə bilərik. Məsələn, digər bir sıra ölkələrin təcrübəsində olduğu kimi, iqtisadiyyatın neçə faizinin monopoliyada olduğu üzrə göstəriciləri açıqlamaqla: “Bu, hesabata birbaşa təsir edir. Başqa ölkələrdə bu göstərici rəsmən açıqlanır və istinad nöqtəsi kimi götürülür. Biz bunu təyin etmirik, Dünya Bankı isə öz müşahidələri və s. kimi arqumentlərlə müəyyənləşdirir həmin rəqəmi. Ola bilər ki, qurum bu göstəricini 90 faiz də götürə bilər, 20 faiz də. Bu baxımdan iqtisadiyyatın monopoliyada olma faizi, dərəcəsi mütləq açıqlanmalıdır”. A.Nəsirli bildirdi ki, 1 pillə irəliləyiş maksimum hədd deyil: “Azərbaycanın kifayət qədər potensialı, imkanı var da, bu və digər bu cür hesabatlarda daha öncül mövqelərə sahiblənsin”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər