• cümə axşamı, 25 aprel, 10:38
  • Baku Bakı 14°C

“Azərbaycan beş-on belə adamın vətəni deyil”

05.04.18 11:00 1085
“Azərbaycan beş-on belə adamın vətəni deyil”
Telli Pənahqızı: "Ölkəmiz həm də multikultural dəyərlərə qiymət vermək bacarığı, tolerantlığı ilə çoxlarına örnəkdir”
Əliqismət Lalayev: "Bu siyasi proses ölkə əhalisindən, hər bir seçicidən böyük məsuliyyət və həssaslıq tələb edir”
Bu söhbət-müsahibə iki ziyalımızın - tanınmış jurnalist, şair –publisist Telli Pənahqızı ilə Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevin ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri öncəsi düşüncələridir.
- Əliqismət müəllim, bu gün sizinlə söhbətimiz rəhbərlik etdiyiniz Azərbaycan Dövlət Musiqili Teatrında yaradılmış seçki qərargahında gerçəkləşir və bayaqdan bəri hər ikimiz seçicilərin, ən çox da ilk dəfə səs verəcək gənclərin müxtəlif suallarla qərargaha müraciət etdiklərinin şahidi oluruq. Açığı, mən çox sevinirəm ki, bir neçə gündən sonra ölkəmizdə keçiriləcək seçkiyə belə böyük maraq var və məncə bu, təsadüfi deyil. Seçicilərin siyasi aktivliyi artdıqca hər bir sakinin Vətənimizin gələcək taleyinə cavabdehlik hissi, məsuliyyəti də artır.
- Başqa cür də ola bilməz və məncə, olmamalıdır da! Çünki insan, vətəndaşı olduğu ölkənin, təmsil etdiyi cəmiyyətin və bütövlükdə, dünyanın gələcəyi üçün hər zaman cavabdehlik daşıyır. Hər bir fərd özünü başa düşəndən çalışır ki, firavan həyatı olsun, arzularını reallaşdıra biləcəyi bir dövlətdə yaşasın, övladlarının rahat sabahını təmin etsin, qocalığının qarantı ola biləcək maddi durumu olsun.
- Əslində, normal insanın bundan artıq bir umacağı da yoxdur. İqtisadi sahədə ədalət, bərabərlik, normal və planlı tənzimləmə bərqərar olandan sonra insanların sosioloji və psixoloji vəziyyəti də yaxşılaşır. Heç kim özünün, övladlarının taleyi, sabahı üçün narahatlıq keçirmir.
- Biz indi dünyada sabitliyin pozulduğu, güvənin və inamın azaldığı bir dönəmdən keçirik. Özlərini indiyədək fövqəldövlət kimi təqdim edən və öz daxilindəki bir çox narahatlıq yaradan problemləri məharətlə gizlədib (məsələn, ABŞ kimi super dövlətdə hər kəsin silah gəzdirmək hüququ var və bunun nəticəsidir ki, son illər bu ölkədə qətllərin, orta məktəblərdə törədilən qətliamların sayı artıb, polis onun əmrinə tabe olmayan qaradərilini küçənin ortasında, hər kəsin gözü qarşısında güllələyə bilir və bunun üçün heç bir məsuliyyət daşımır), digər dövlətlərdən haqq, ədalət tələb edə, maddi resurslarının çatışmazlığı ucbatından hələ ki, zəif və inkişafdan geri qalmış dövlətlərə istədiyi tələbləri irəli sürə bilər. Və bunları haqq, ədalət, demokratiya, insan azadlığı ilə pərdələmək, insanları inandırmaq, qandırmaq istər.
- Haqlısınız, indi bu qloballaşan, sosiallaşan dünyada yaşamaq və onun hər gün yenilənən və bir az da gərginləşən qanunları ilə ayaqlaşmaq çox böyük güc, ağıl, siyasi hazırlıq, dünyanın nəbzini tutmaq bacarığı tələb edir və inanırıq ki, xalqımız özünün düzgün seçimini edəcək, həyatının və gələcəyinin təminatçısı olan siyasi liderə səs verəcək.
- Mən məşhur atalar sözümüzü xatırlatmaq istəyirəm: görünən dağa nə bələdçi?! Əslində, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bir vaxtda ölkəmizdə növbədənkənar Prezident seçkilərinin keçirilməsinin özü də böyük bir rəmzi məna daşıyır. Bir əsr əvvəl Azərbaycanda qurulan müstəqil dövlətin ömrü cəmi 23 ay olsa da, bu millət 70 illik imperiya boyunduruğundan xilas olmağı bacardı və dövlətinin müstəqilliyini bərpa etdi. Biz indi öz sərhədləri, öz bayrağı, gerbi, himni, ordusu, Azadlığı olan bir ölkənin vətəndaşıyıq və məncə, bunun nə qədər böyük nemət və qazanc olduğunu 20 Yanvar, Xocalı qırğılarından keçən, Qarabağ savaşında minlərlə şəhid verən bir xalq kimi biz daha gözəl anlamalı, onu qorumalı və yaşatmağı bacarmalıyıq. Yenidən öz baxımsızlığını bərpa edən Azərbaycanın memarı və qurucusu təbii ki, ümummilli liderimiz Heydər Əliyev oldu və onun əməlləri, arzuları dünyanın siyasi arenasında ölkənin maraqlarını bacarıqla müdafiə edən İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi və cəsarətlə reallaşdırdığı strateji, iqtisadi, sosial, humanitar əhəmiyyətli məsələlərin, taleyüklü problemlərin həlli ilə davam etdirilir. Artıq 27 illik yeni müstəqillik tarixini yaşayan Azərbaycanda kimin ölkəyə rəhbər seçiləcəyi, bu millətin maraqlarının nəhəng və güclü dövlətlərin yüksək toplantılarında hansı siyasi liderin təmsil və müdafiə edəcəyi indi daha vacib, daha aktualdır. Bu siyasi proses ölkə əhalisindən, hər bir seçicidən böyük məsuliyyət və həssaslıq tələb edir. Sabah bu məmləkətin müstəqilliyini qoruyub saxlayacaq, onun xarici və daxili siyasətini uğurla yönəldəcək olan yeganə şəxs İlham Əliyev cənablarıdır ki, yalnız o, yaraları sızlayan, torpaqlarının 20 faizindən çoxu şərəfsiz qonşunun işğalı altında olan bu müstəqil və gənc ölkənin taleyini yazmalıdır, onu hər cür təhdidlərlə gücdən salmağa çalışan qüvvələrə qarşı inamla mübarizə aparmalıdır. Mən ömrünü teatr sənətinin inkişafına xidmətə həsr edən bir fədaiyəm. Şəxsi müşahidələrimə istinadən inamla deyə bilərəm ki, cənab İlham Əliyev üçün işin böyük və ya kiçiyi, vacibi, yaxud ikinci dərəcəlisi yoxdur! O ölkə əhəmiyyətli və beynəlxalq səviyyəli hər bir layihəni şəxsi nəzarətində saxlayır, işin gedişi ilə mütəmadi maraqlanır, tövsiyələr verir, iradlarını bildirir. Məsələn, indi gözəlliyindən və memarlıq baxımından hər kəsin məmnun qaldığı Azərbaycan Dövlət Musiqili Teatrının binası yenidən bərpa ediləndə mən ölkə başçısının bu tikintiyə necə böyük diqqət və həssaslıqla yanaşdığının şahidi oldum. O açılış öncəsi də teatra gəlib mütəxəssislərlə söhbət etdi, bir arxitektor və memar səriştəsi ilə hər kiçik detalla maraqlandı, tamaşa salonuna, məşq və qrim otaqlarına baxdı, məsləhətlərini verdi, kollektivə uğurlar arzuladı.
- Bu diqqət və qayğı təkcə milli mədəniyyətimizə və incəsənətimizə göstərilmir. Ölkəmiz həm də multikultural dəyərlərə qiymət vermək bacarığı, tolerantlığı ilə çoxlarına örnəkdir. Məhz Azərbaycanın yardımı və bilavasitə köməyi ilə çox xarici ölkələrdə dini ocaqlar, tarixi abidələr bərpa edilir, məktəblər açılır, xəstə uşaqlara, ehtiyacı olan ölkələrin əhalisinə humanitar yardım göstərilir, mənəvi dəyərlərimizin qorumasına və inkişafına böyük diqqət yetirilir. Mən əmin deyiləm ki, prezidentliyə namizəd olanlardan hər hansı birinin bu qədər böyük nüfuzu, təsir arealı, beynəlxalq arenada sözünün və siyasətinin kəsəri, fövqəladə bacarığı, tükənməz enerjisi və böyük humanizmi, xalqa məhəbbəti və inamı olsun!
- Çox təəssüf ki, bəzi adamlar ölkənin bu inkişafını, tərəqqisini, nəhəng dövlətlər sırasında dayanmağımızı, böyük siyasi savaşlarda duruş gətirmək qabiliyyətimizi görməzdən gəlməyə cəhd edirlər. Hər dəfə də cəhdləri fiaskoya uğrayır, ancaq yenə şakərlərindən əl çəkmirlər. Onlar bu Vətəni sevməyən, yalnız ağalarının əmri ilə idarə olunanlardır.
- Əliqismət müəllim, siz də vaxtaşırı xarici ölkələrdə işgüzar səfərdə olursunuz və çox güman ki, belə bir ciddi nüansa diqqət yetiribsiniz ki, bizim xalqı bir çox xarici dövlətlərin vətəndaşlarından fərqləndirən bir maqam var; biz daha çox siyasiləşməyə can atırıq, xüsusilə orta nəsli təmsil edən insanlarımız: burada hər kəsin siyasi yanaşması, öncədən fikir söyləmək həvəsi var, hər kəs özünü, ömrünün çoxunu siyasət elminə sərf edən, dünyanın siyasi nəbzini tutmağa qadir olan və düzgün proqnoz verən mütəxəssislərdən daha ağıllı sayır, daha çox danışır, dükanda, bazarda, ümumi nəqliyyatda, qonaqlıqda, toyda, yasda. Ancaq xaricdə yaşayan vətəndaşın belə bir məcazı və marağı yoxdur, orada hər kəs öz bildiyi, bacardığı, xeyir verə biləcəyi və gəlir əldə edəcəyi işlə məşğuldur. Hərdən düşünürəm ki, bu, bəlkə də bizim insanlarımızın bu gözəlim məmləkətdə həddindən çox rahat və sərbəst yaşaması ilə bağlıdır. Bizim insanımız, hər hansı bir problemini həll edə bilmədiyi idarənin işindən narazı qalanda, hansısa bir məmurdan " küsüb” ölkəni tərk edəndən sonra orada bu dövlətin, bu xalqın ünvanına hədyanlar yağdırır. Məncə, onların bu "cəsarəti”, "mən də siyasətdən anlayıram” düşüncəsi ilə özünü təsdiqetmə xülyası da məhz bundan qaynaqlanır.
- Telli xanım, mən düşünürəm ki, Azərbaycan beş-on belə adamın vətəni deyil! Fərdlərin miqrasiya problemi hər zaman olub. Hətta dünyada heç sərhədlər indiki qədər dəqiq cızılmadığı bir vaxtda da adamlar, tayfalar, nəsillər haralarasa köç edib. Əminəm ki, onların heç biri doğma yurd yerindən küsməyiblər, göz açdıqları torpaqlardan imtina etməyiblər, keçmişlərindən, uşaqlıq, gənclik xatirələrindən üz çevirməyiblər.
- Bu müasir dövrün bizim üçün ən ağrılı problemlərindən biridir. İndi bəzi adamlar, xüsusilə də gənclər, xarici ölkələrin reklam xarakterli TV verilişlərində, müxtəlif saytların yaydığı video-materiallarda izlədikləri başgicəlləndirən, ağıl qamaşdıran "sərbəst həyat”ın parıltısına uyub qürbətdə səadət, var-dövlət, rahatlıq axtarmağa tələsirlər. Biz heç kəsə "getmə, qal!” deyə bilmərik. Kimlərsə bu seçimi edirsə, yolu açıq olsun! Lakin gələcək taleyi heç özünə də o qədər bəlli olmayan bir adam, yad yerdə doğmalarına, qan yaddaşında müqəddəs bildiyi nələrəsə çirkab atırsa, bu artıq bağışlanılmaz günahdır və belələrinə qarşı bir millət kimi hər birimiz öz etirazımızı bildirməliyik!
- Düzdür, indi dövlətimiz maksimum çalışır ki, yeni açılan iş yerlərinə daha çox mütəxəssis cəlb edilsin, ali təhsilli gənclərə öz bacarıq və biliklərini nümayiş etdirmək şansı qazandırsan. Amma ürək ağrısı ilə etiraf edək ki, bu gün gənclərin böyük əksəriyyətinin savad səviyyəsi iş təklif edənin-yəni sahibkarın tələblərini ödəmir. Yüksək texnologiyalarla təchiz olunmuş müasir tipli müəssisələrdəki avadanlıq və modern sistemli qurğularla işləməyi bacaran mütəxəssislərə böyük ehtiyac duyulsa da, 4-5 il ali məktəb yollarına ayaq döyən və çantası, dəftər-kitabı, mühazirə qeydləri yalnız əlindəki telefon və qarşısındakı kompüter olan gənc, bu iş yerləri üçün elan edilən müsabiqələrə sənəd göndərməyə ya cəsarət etmir və ya da elə ilk söhbətdəncə anlayır ki, 4-5 il, necə deyərlər "papağını günə yandırıb!”
- Haqlısınız, amma görün, kimsə günahı özündə axtarırmı? Xarici ölkələrdə məskunlaşıb oranın vətəndaşlığını almağa can atanlar bu torpağa nifrət edənlər, söyüş yağdıranlar var ha, onların bir çoxu məhz belə "bəxtigətirməyənlər, diqqətdən kənarda qalanlar , iş tapmayanlar, hüquqları tapdananlar” zümrəsinə aiddir. Əslində, təkcə Bakının timsalında ölkədə gedən nəhəng dəyişiklik və quruculuq işlərini görməzdən gəlmək ən azından nankorluqdur. Düşünürəm ki, qaçıb sığındıqları yerlərdə ən çirkli və ağır işlərdə çalışmağa razı olan, ancaq doğma şəhərində, rayonunda "maaş az verirlər, iş tapa bilmirəm” deyənləri bizə qarşı bir təbliğat aləti kimi istifadə edənlər, bu satqınların "nə mal olduqlarını” yaxşı bilirlər və belələrinin "söyüş limiti" tükənəndə, onlar da gərəksizləşəcəklər. Bizim bu siyasiləşən toplumda populist çıxışları ilə özünə xal yığmaq istəyənlər hər zaman olub, indi də var. Bu adamlar üçün qaradan başqa rəng, şərdən, böhtandan, haqsızlıqdan o yana söz yoxdur. Onlar dövlət başçısının da, ölkənin birinci xanımı, Azərbaycanın vitse-prezidenti Mehriban xanım Əliyevanın da həm ölkə daxilində, həm də xaricdə gördükləri işləri mütləq hədəfə alırlar, onları öz prizmalarından şərh edirlər, camaatın fikrini əsas məsələdən yayındırmağa çalışırlar. Təsəvvür edin ki, Prezident humanistlik edir, jurnalistlər üçün ev tikdirir və ya mədəniyyət işçilərinə fəxri adlar, təqaüdlər verir, yaradıcılıq təşkilatlarının üzvlərinə qayğı göstərir, qəzetlərin dövlətə olan borcunu sildirir, bir çox mətbuat orqanları üçün öz fondundun vəsait ayırır. O dəqiqə bir qrup "hüquq müdafiəçisi” özünü atır meydana ki, bəs dövlətdən, onun liderindən qayğı , dəstək görən bu adamların azadlığı boğuldu, qələmi əlindən alındı, nə bilim, nələr, nələr... Təbii ki, bu belə deyil! Məncə, hər kəs öz xislətini ortaya qoyur, öz daxili aləmini sərgiləyir, bu Vətən, millət qarşısında övladlıq, insanlıq borcunu yerinə yetirir.
- Amma inanın ki, yel qayadan heç nə aparmır. Bu günlərdə xalqımız Aprel döyüşlərinin iki illiyini qeyd etdi, millətin ruhunu yenidən dirçəldən, onun inamını bərpa edən, öz döyüş rəşadətləri, igidlik və hünərləri ilə gənclərin qəhrəmanlıq örnəyinə çevrilən şəhidlərimizi ehtiramla andıq. Bu torpağı sevən hər kəs bir daha əmin oldu ki, rəhbər və xalq birliyi sarsılmazdır. Elə bilirəm ki, Prezident seçkilərində bu mübariz və yetkin xalq yenə öz sözünü deyəcək, inandığı, güvəndiyi Liderini yenidən Prezident kürsüsündə görəcək. Biz öz Rəhbərimizlə yanaşı inamla gələcəyə addımlayacaq, Ali Baş komandanla çiyin-çiyinə düşmən üstə gedəcək və "Qarabağ bizimdir, bizim olacaq!” sədası ilə erməni işğalında olan əzəli və əbədi torpaqlarımıza Zəfər bayrağı sancacağıq! Bu gün uzaqda deyil!
Söhbəti qələmə aldı:Telli Pənahqızı
banner

Oxşar Xəbərlər