• cümə axşamı, 28 mart, 20:15
  • Baku Bakı 13°C

“Azərbaycan azad mətbuat istəyir”

17.11.16 10:32 1773
“Azərbaycan azad mətbuat istəyir”
Azərbaycanda fikir, söz, məlumat azadlığının təmin edilməsi, müstəqil medianın formalaşdırılması daim dövlətin diqqət mərkəzində olub. Hələ 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və referendumla qəbul edilən ilk Konstitusiyamızda fikir, söz, məlumat azadlığının təmin edilməsi üçün müvafiq normalar müəyyənləşdirilib. Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb. 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv olunub. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilib. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən, kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, məhdudlaşdırıla bilməz. 2000-ci ildə Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyulub. Dahi şəxsiyyətin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayıb.
Bu gün ulu öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Prezident İlham Əliyev redaksiyaların və jurnalistlərin maddi durumunu yaxşılaşdırmaq məqsədilə də mühüm addımlar atıb. Ölkə başçısının 31 iyul 2008-ci ildə imzaladığı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam bu baxımdan əhəmiyyətli sənəddir. Konsepsiyaya müvafiq olaraq 3 aprel 2009-cu ildə dövlət başçısı tərəfindən imzalanan digər sənəd - "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncam ölkəmizdə müstəqil mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub. Ölkə başçısının sərəncamı ilə dövlət orqanları, kütləvi inflormasiya vasitələri və jurnalist təşkilatlarının hər birindən 3 nəfər olmaqla 9 nəfər müəyyənləşdirilərək KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası yaradılıb. Fond səmərəli fəaliyyəti ilə KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına kömək göstərməkdədir.
Bütün bu imkanların yaradılması nəticəsində hazırda Azərbaycanda 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet və jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım firmaları sərbəst fəaliyyət göstərir. Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Bununla yanaşı, Azərbaycanda internetdən istifadəçilərin sayı da hər il artmaqdadır. Sadalanan bütün bu faktlar Azərbaycanda söz-mətbuat azadlığının təmin olunmasının, insanların tam məhdudiyyətsiz, azad şəkildə internetdən istifadə etməsinin əyani göstəricisidir.
Heydər Əliyev Fondunun vəAZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev sadalanan faktları mühüm amil kimi qeyd edib. Belə mühüm, qlobal miqyaslı tədbirin Bakıda keçirilməsinin olduqca qürurverici hadisə olduğunu diqqətə çatdıran dövlət başçısı, sözügedən tədbiri media tərəfindən Azərbaycanın nailiyyətlərinə verilən qiymət kimi də xarakterizə edib. Qeyd edib ki, müstəqilliyimizin 25 ili Azərbaycanda mətbuat azadlığının, eyni zamanda bir çox azadlıqların təmin olunduğunu nümayiş etdirir.
Azərbaycan prezidenti bildirib ki, müxtəlif media orqanları bəzi hallarda eyni hadisəni tamamilə fərqli şəkildə təqdim edir. Onun sözlərinə görə, bu, siyasi maraqdan irəli gəlir. Dövlət başçısı deyib ki, Azərbaycan azad mətbuat istəyir və Bakıda keçirilən Konqresin bu baxımdan irəliyə doğru bir addım olacağına inanır: "Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub. İlk demokratik respublika 2 il yaşasa da, demokratik ənənələrin əsasını qoydu. O vaxt qadınlara da səsvermə hüququ verilmişdi. Halbuki, həmin vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi iləBMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir”.
Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan yazlnız öz gücünə arxalanaraq, milli və dövlətçilik maraqlarına söykənən müstəqil siyasət yürüdür, xarici siyasətdə qarşılıqlı maraqlara söykənən, bərabərhüquqlu münasibətlərə üstünlük verir. Azərbaycanda daxili siyasət də xalqın maraqlarına tam cavab verir. İctimai-siyasi sabitlik davamlı xarakter alıb, iqtisadi inkişaf tempi qorunub saxlanılıb. Bu kontekstdə ölkədə söz və mətbuat azadlığı təmin olunub. Bu gün də Azərbaycanda azad mətbuat inkişaf edir və onun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu, sosial sifarişə, ən əsası isə, Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər