Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulur

Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulur

İqtisadiyyat
22 Noyabr 2019, 20:07 444
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) donor ölkələr icmasına qoşulur.
AYİB-dən Trend-ə verilən məlumata görə, bankın prezidenti Suma Çakrabarti və Azərbaycanın baş naziri Əli Əsədov AYIB-in Londondakı baş qərargahında keçirilən ilk Şərq Tərəfdaşlıq İnvestisiya Sammitində vəsaitin ayrılması üçün müvafiq saziş bağlayıblar.
İqtisadiyyat Nazirliyinin 2 milyon dollar dəyərində qrantı ölkə iqtisadiyyatını diversifikasiya etməyə kömək etmək, qeyri-neft sektorunda özəl bizneslərin inkişafını təşviq etmək, innovasiya imkanlarını genişləndirmək və ixrac potensialını artırmaq üçün müxtəlif sektorlarda AYİB-in layihələrinə dəstək təmin edəcək.
AYİB Azərbaycanda qabaqcıl institusional investorların biri olmaqla iqtisadiyyatın diversifikasiyası və özəl sektorun inkişafı istiqamətində edilən səyləri dəstəkləməyi diqqət mərkəzində saxlayır.
Azərbaycanın öhdəliyinə götürdüyü yeni vəsait innovasiya və yeni texnologiyaların, regionların inkişafının, eləcə də enerji səmərəliliyini artıran layihələrdə dayanıqlı və bərpa olunan enerjinin təşviq edilməsi məqsədilə xüsusilə kənd təsərrüfatı sektorunda olmaqla, Kiçik və Orta Sahibkarlıq Subyektlərinə (KOSS) və qadınların təsis etdiyi bizneslərə kömək etmək üçün istifadə olunacaq.
Qrantlar nəqliyyat və bərk tullantıların idarə edilməsi kimi şəhər infrastrukturu sahəsində konsaltinq layihələri və investisiyalara dəstək təmin edəcək. Onlar həmçinin Azərbaycan iqtisadiyyatını daha da möhkəmləndirmək üçün strateji göstərişlər təmin etmək istiqamətində siyasət islahatlarına dəstək təmin edəcək.
Vəsait investisiya qrantları, təşviqedici ödənişlər və risklərin bölüşdürülməsi vasitələri formasında ayrıla bilər.
Bu günə qədər AYİB Azərbaycanda 168 layihəyə 3,3 milyard avro vəsait yatırıb.